Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 mart tarixli 1296 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1891; 2018, № 4, maddə 836) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.3.1. operator (provayder) hüquqi şəxs olduğu halda, onun nizamnaməsinin surəti;”.
2. 3.14-cü bənd ləğv edilsin.
3. 4.1-ci bəndə birinci halda “dəyişiklik” sözündən sonra “(bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilsin.
4. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.3. Operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciəti Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və müraciət edən şəxsə müraciətin qəbul edilməsi barədə elektron təsdiqetmə bildirişi göndərilir. Həmin müraciətə onun qeydiyyat tarixindən 3 (üç) iş günü müddətində Nazirlik tərəfindən baxılaraq, müvafiq olaraq, Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilmiş uçot məlumatları yenilənir və ya uçot ləğv edilir.”.
5. 5.2-ci bənddə “bu Qaydanın 3.3.1-ci, 4.3.3-cü və 4.3.5-ci” sözləri “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), habelə bu Qaydanın 4.4.3-cü və 4.4.5-ci” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 14 sentyabr 2018-ci il
№ 388