AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
19.09.2018
QEYDİYYAT NÖMRƏSİ
497
ADI
Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20-09-2018, Nəşr Nömrəsi: 210), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2018, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1882)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.09.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.09.2018
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənmiş, yeni istehsal sahələri yaradılmış, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlmiş, ixrac qabiliyyəti artmışdır.

Qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsədlər olaraq müəyyən edilmişdir.

Ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn tədbirlərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini və normativ hüquqi akt layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

1.1. ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi;

1.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi;

1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi;

1.4. ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi;

1.5. mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsi;

1.6. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”;

1.7. ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası”.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə:

2.1. ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etsin;

2.3. bu Sərəncamın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb etməklə işçi qrup yaratsın; [1]

2.4. “www.azexport.az” və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görsün.

3. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılsın ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 sentyabr 2018-ci il

497


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 4 avqust 2022-ci il tarixli 3411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 912)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 avqust 2022-ci il tarixli 3411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 912) ilə 2.3-cü bəndində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin,” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status