AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.06.1997
QEYDİYYAT NÖMRƏSİ
326-IQ
ADI
Müflisləşmə və iflas haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-1997, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 460)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Müflisləşmə və iflas haqqında

Müflisləşmə və iflas haqqında

 

Azərbaycan Respublikasının Qanunu

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:

Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması;

Ərizəçi – məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxs;

Borclu müəssisə – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxs; [1]

Fərdi borclu – öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar – fiziki şəxs;

Barışıq sazişi – kreditorların payına düşən ödənişlərin təxirə salınması, hissə-hissə ödənilməsi, borcların müəyyən hissəsinin güzəşt edilməsi, borclu müəssisənin yenidən təşkil olunması barədə borclu ilə kreditorlar arasında əldə edilən razılıq;

Müəssisənin aktivi – müəssisənin əsas vəsaitindən, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak;

Müəssisənin passivi – müəssisənin kreditor borcu da daxil olmaqla borc və cəlb edilmiş vəsaitdən (subvensiyalar, dotasiyalar və s. istisna olunmaqla) ibarət öhdəlik;

Sağlamlaşdırma – borclunun ləğv edilməsinin qarşısını almaq məqsədilə onun mülkiyyətçisi, kreditorlar və digər hüquqi və fiziki şəxslər tərəfindən maliyyə yardımı göstərilməsi yolu ilə borclunun ödəmə qabiliyyətinin bərpası üsulu; [2]

Sağlamlaşdırma planı – borclunun ödəniş qabiliyyətinin bərpası və iş yerlərinin saxlanması məqsədilə kreditorun (kreditorların) tələblərinin ödənilməsi cədvəli, həmçinin əldə olunan nəticələr, istifadə olunan resurslar və mümkün risklər göstərilməklə sağlamlaşdırma prosesinin tətbiqi zamanı borclunun sağlamlaşdırılmasına yönələn və borclu ilə kreditor (kreditorlar) arasında qarşılıqlı razılıq əsasında həyata keçirilən tədbirlər kompleksini özündə əks etdirən sənəd; [3]

Borclunun əmlakı – iflas prosesinə başlanma məqamı dövründə borclunun mülkiyyətində olan və ya onun sahibliyinə verilmiş bütün əmlak və iflas prosesinə başlanma məqamından ona xitam verilənədək əmlak inzibatçısının və (və ya) müvəqqəti əmlak inzibatçısının, habelə borclunun əldə etdiyi bütün əmlakdır. (Fərdi borcluya aid halda qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tələb yönəldilə bilməyən əmlak istisna təşkil edir);

İflas prosesinə başlanma məqamı – bu Qanunun 2-ci maddəsində müəyyənləşdirilmiş məqam;

Müflisolma məqamı – bu Qanunun 18-ci maddəsində müəyyənləşdirilmiş məqam;

Əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxs;

Müvəqqəti əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun VI fəslində səciyyələndirilmiş vəzifəli şəxs;

Müdir – borclunun təsis sənədlərinə uyğun olaraq onun təsərrüfat fəaliyyəti barəsində məcburi qüvvəyə malik olan qərarlar qəbul etmək səlahiyyəti verilmiş şəxs, o cümlədən prezident, direktor, bunların müavinləri və baş mühasib, habelə müntəzəm sərəncamlar vermək və ya hər hansı başqa yolla borclunun fəaliyyətini faktiki idarə edən digər şəxs;

Təminatlı kreditor girov (ipoteka) saxlayan kreditor; [4]

Təminatsız kreditor – təminatlı kreditor olmayan, bu Qanuna müvafiq surətdə tələbləri beşinci növbədə ödənilən kreditor;

Kredit təşkilatı – qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında bank fəaliyyəti göstərən, yaxud göstərmiş hüquqi şəxsdir;

Rezidentlər – Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti yaşayan fiziki şəxslər; Azərbaycan Respublikasının hüquqi şəxsləri və onların xaricdəki filialları və nümayəndəlikləri;  Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik və digər rəsmi nümayəndəlikləri;

Qeyri-rezidentlər – Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşayan fiziki şəxslər; xaricdə yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar, onların Azərbaycan Respublikasında yerləşən filialları və nümayəndəlikləri;  Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, o cümlədən onların filialları və nümayəndəlikləri.

Maddə 2. İflas prosesinə başlanmasının ümumi qaydaları

1.   İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.

2. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. [5]

Bu Qanun publik hüquqi şəxslərə şamil edilmir. [6]

Ələt azad iqtisadi zonasında müflisləşmə və iflas sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [7]

Bu Qanunda istifadə edilən “borclu” anlayışı borclu müəssisəyə və fərdi borcluya aiddir. [8]

Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir.

3.   Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir.

4. Bu Qanun “Azərbaycan Respublikasında 19951998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nda özəlləşdirmə üçün nəzərdə tutulan dövlət müəssisələrinə şamil edilmir. [9]

5.   İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.

Dövlətin vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən də məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilər. Borclu fərdi borclu olan halda ərizəni onun özü və ya nümayəndəsi  verir.

6.   Müstəsna hallarda borclu müəssisələrin iflas prosesinə bu Qanunda göstərilmiş qaydada məhkəmənin iştirakı olmadan da başlana bilər.

7. Müflisləşmə (iflas) haqqında işarə borclunun yaşadığı və ya olduğu yerdə baxılır. [10]

Maddə 3.    Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu

Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki:

a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; [11]

b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir;

c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

II fəsil

İflas prosesİnə məhkəmə vasİtəsİlə başlanması

Maddə 4.    Borclunun iflas prosesinə başlaması

1.   Borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Borclunun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.

2.   İflas haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir:

a)   ərizənin verildiyi məhkəmənin adı;

b)  borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı;

c)   bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri;

ç)   borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra  bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat;

d)  bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması;

e)   borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı;

ə)   borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.

Maddə 5.    Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər

1.   Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir:

a)   iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd;

b)  ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı;

c)   bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.

2.   Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir:

a)   iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti;

b)  borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti;

c)   sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. [12]

Maddə 6.    Kreditorların iflas prosesinə başlaması

1.   Kreditorun iflas haqqında iddia ərizəsi  qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Kreditorun  nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.

2.   İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir:

a)   ərizənin (iddia ərizəsinin) verildiyi məhkəmənin adı;

b)  borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı;

c)   ərizəçinin (kreditorun) adı (adı, atasının adı, soyadı) və ünvanı;

ç)   ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları;

d)  ərizəçinin borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun ərizəçi qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti;

e)   bu Qanunun tələblərinə uyğun olaraq borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi;

ə)   borclunun aktivləri barəsində ərizəçidə olan məlumat;

f)   iflas haqqında iddia ərizəsinə qoşulan sənədlərin siyahısı;

g)  kreditorun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, habelə qanunvericiliklə nəzərədə tutulmuş digər məlumatlar.

3.   İflas haqqında ərizənin məhkəməyə verildiyi tarixdə borclunun vaxtı çatmış, lakin ödənilməmiş tələblərinin ümumi məbləği Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən  müəyyən olunmuş qaydaya uyğun olaraq müəyyənləşdirilir.

Maddə 7.    Kreditorun iflas haqqında iddia ərizəsinə  əlavə edilən sənədlər

Qanunvericiliklə nəzərdə tutulmuş sənədlərdən başqa, kreditorun iflas haqqında iddia ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir:

a)   məhkəmə rüsumunun ödənilməsini;

b)  iflas haqqında iddia ərizəsinin və ərizəyə əlavə edilmiş bütün sənədlərin surətlərinin borcluya verildiyini;

c)   dövlət müəssisəsidirsə – iflas haqqında iddia ərizəsinin surətinin müvafiq icra hakimiyyəti orqanına göndərildiyini.

Maddə 8.    Tələblərə əməl olunmamasının nəticəsi

İflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər.

Maddə 9.    İflas haqqında iş üzrə məhkəmə baxışı barədə elan

1.   İflas haqqında iş üzrə məhkəmə baxışı təyin edildikdə, bu barədə kreditorlara xəbər verilməsi üçün ərizəçi məhkəmə baxışının tarixinə ən geci yeddi gün qalanadək həmin məhkəmə baxışı haqqında rəsmi dövri mətbu nəşrdə iki dəfə elan dərc etdirməlidir. İflas haqqında iş üzrə məhkəmə baxışı barədə elanda aşağıdakılar göstərilməlidir: [13]

a)   borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı;

b)  ərizəçinin (borclunun ərizəçi olmadığı hallarda) adı (adı, atasının adı, soyadı) və ünvanı;

c)   məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı;

ç)   məhkəmə baxışının təyin edilmiş tarixi.

2.   İflas haqqında elan bu maddənin 1-ci bəndinə və bu Qanunun 10-1-ci maddəsinə müvafiq surətdə dərc olunmadıqda, bu, qanunvericilikdə nəzərdə tutulmuş prosessual nəticələrə (məhkəmənin işə baxılmanın təxirə salmasına, dayandırmasına, işi baxmadan saxlamasına) səbəb ola bilər. [14]

3.   Məhkəmə kreditorlara xəbər verilməsinin başqa üsullarını nəzərdə tuta bilər, habelə müvafiq hallarda dərcetmə tələbini ləğv edə bilər. [15]

4.   İflas haqqında ərizənin və ona əlavə olunmalı sənədlərin surətləri borcluya bu maddənin 1-ci bəndində və bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada elanın dərc edilməsindən əvvəl təqdim olunmalıdır. Ərizənin və sənədlərin surətləri əlbəəl və ya sifarişli poçtla təqdim edilə bilər. [16]

Maddə 10. İflas haqqında iddia ərizəsi verildikdən sonra borclu tərəfindən borcların ödənilməsi

1.   İflas haqqında ərizə məhkəmə tərəfindən baxılmaq üçün qəbul edildikdən sonra və bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada qərar elan edilənədək borclu öz kreditorları ilə hesablaşmaq (onların tələblərini ödəmək) niyyəti barədə müvafiq vəsatətlə məhkəməyə müraciət edə bilər. Həmin vəsatətin ödənilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının müvafiq mərhələlərində vəsatətin baxılması qaydaları və bu baxılmanın prosessual nəticələrinə uyğun olaraq məhkəmə tərəfindən həll olunur. [17]

2.   Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iddiaçının (və ya cavabdehin) razılığı və ya təşəbbüsü, habelə öz təşəbbüsü ilə iflas haqqında işdə iştirak edən tərəfləri əsl iddiaçı və ya cavabdeh ilə, onların hüquqi varisləri ilə əvəz edilməsinə, işə başqa iddiaçı və ya cavabdehin cəlb olunmasına yol verə bilər.

3.   Ərizəçi tərəfindən iflas haqqında iddia ərizəsinin geri götürülməsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual nəticələrinin əmələ gəlməsinə səbəb ola bilər.

Maddə 10-1. İflas haqqında iş üzrə məhkəmə baxışı [18]

İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.

Maddə 11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri

1.   İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır:

a)   borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə;

b)  müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə;

c)   borclunu müflis elan etməkdən imtina barədə.

2.   Məhkəmə iclasında baxılan iflas haqqında iş mahiyyətcə həll olunmadıqda məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar haqqında müvafiq qərar çıxarır:

a)   işə baxılmanın təxirə salınması barədə;

b)  iş üzrə icraatın dayandırılması barədə;

c)   işə xitam verilməsi barədə;

ç)   iddianın baxılmadan saxlanması barədə.

Məhkəmə qəbul etdiyi qərarlarda borcların ödənilməsi tədbirlərinin, o cümlədən borclunun əmlakını təşkil edən aktivlərin müsadirəsinin dayandırılmasını (əgər bu təminatlı kreditorun hüquqlarını pozmursa) nəzərdə tuta bilər.

3.   Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər:

a)   borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə;

b)  ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.

Belə hallarda məhkəmə özünün müvafiq qərarında iflas haqqında əsassız ərizə verilməsi nəticəsində borcluya və ya kreditora (kreditorlara) dəymiş ziyanın əvəzinin ödənilməsinə dair göstəriş verə bilər.

Maddə 12. Məhkəmə qərarlarından şikayət verilməsi

Bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada iflas haqqında iş üzrə məhkəmənin müvafiq qərarından şikayətin verilməsi borclunun əmlakının satışının və kreditorlara ödənişlərin dayandırılmasına səbəb olur. [19]

Maddə 13. Borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra kreditorların ilkin yığıncağı

1.   Borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra əmlak inzibatçısı kreditorların ilkin yığıncağını bütün məlum kreditorlara və əgər borclu dövlət müəssisəsidirsə müvafiq icra hakimiyyəti orqanına yığıncaq barəsində bildiriş göndərmək yolu ilə çağırır. Həmin yığıncaq borclunu müflis elan etmək barəsində müvafiq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci 15 gün ərzində keçirilməlidir. [20]

2.   Bildiriş ilkin yığıncağın tarixi, dəqiq vaxtı və yeri göstərilməklə:

a)   yığıncağın keçirilməsi tarixinə ən geci 7 gün qalmış poçtla bütün məlum kreditorlara göndərilməlidir; [21]

b)  rəsmi dövri mətbu nəşrdə iki dəfə dərc olunmalı, həm də ikinci dəfə yığıncağın keçirilməsi tarixinə ən geci 3 gün qalmış dərc olunmalıdır.

3.   Kreditorların ilkin yığıncağı bu Qanunda müəyyən edilən qaydada keçirilir.

III fəsil

İflas prosesİnə məhkəmənİn İştİrakı olmadan borclu müəssİsə tərəfİndən başlanması

Maddə 14. İflas prosesinə məhkəmənin iştirakı  olmadan başlanması

Məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisə (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanı) tərəfindən qəbul olunmuş müvafiq qərara əsasən başlanıla bilər. Bu qərar qəbul olunduğu zaman ehtimal olunan əmlak inzibatçısı da təyin edilir. Həmin qərarın qəbul edildiyi tarix iflas prosesinə məhkəmənin iştirakı olmadan başlanmasının məqamıdır. [22]

Yuxarıda nəzərdə tutulanlar borclu müəssisə tərəfindən məhkəmə qaydasında iflas prosesinə başlanılmasını istisna etmir.

Maddə 15. Ehtimal olunan iflas barəsində kreditorlara bildiriş

1.   Borclu müəssisə kreditorların yığıncağı barəsində kreditorlara  (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanına) bildiriş göndərir. Kreditorların yığıncağı borclu müəssisə tərəfindən iflas prosesinə başlamaq qərarının qəbul edildiyi gündən ən geci 21 gün ərzində keçirilməlidir.

2.   Bildiriş:

a)   yığıncağın keçirilməsi tarixinə ən geci 14 gün qalmış poçt vasitəsilə (sifarişli məktubla) bütün məlum kreditorlara göndərilməli;

b)  rəsmi dövri mətbu nəşrdə iki dəfə dərc olunmalı, həm də ikinci dəfə yığıncağın keçirilməsi tarixinə ən geci 7 gün qalmış dərc olunmalıdır. [23]

3.   Bildirişdə aşağıdakılar göstərilməlidir:

a)   ehtimal olunan əmlak inzibatçısının adı (adı, atasının adı, soyadı) və ünvanı;

b)  ehtimal olunan əmlak inzibatçısının borclunun təsərrüfat fəaliyyətinə dair kreditorlara lazım gələ biləcək əsaslı məlumatı onlara pulsuz verəcəyi barədə bəyanatı.

Maddə 16. Məhkəmənin iştirakı olmadan borclu müəssisə tərəfindən iflas prosesi başlanarkən kreditorların ilkin yığıncağı

1.   Kreditorların ilkin yığıncağında borclunun müdiri kreditorlara aşağıdakı məlumatları təqdim etməlidir:

a)   bütün məlum kreditorların adı (adı, atasının adı, soyadı) və ünvanı, onlara məxsus hər hansı təminat barəsində məlumat;

b)  borclunun əmlakı və passivləri haqqında məlumat;

c)   borclunun maliyyə vəziyyətinin aydınlaşdırılması üçün kreditorlara lazım gələ biləcək əlavə məlumat.

2.   Kreditorların ilkin yığıncağında kreditorlar:

a)   iflas prosesinə başlamaq barəsində borclunun qərarını təsdiq etməli və borclunun müflis elan olunmasına dair səsvermə keçirməlidirlər;

b)  ehtimal olunan əmlak inzibatçısının təyinatını təsdiq etməli və ya yeni əmlak inzibatçısını seçməlidirlər;

c)   bu Qanuna  uyğun olaraq kreditorlar komitəsini seçə bilərlər.

3.   Əgər borclu dövlət müəssisəsidirsə, əmlak inzibatçısı təsdiq edilərkən və ya seçilərkən bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmalıdır.

4.   Məhkəmənin iştirakı olmadan iflas prosesində kreditorların ilkin yığıncağında seçilən əmlak inzibatçısına dair tələblər və onun səlahiyyətləri bu Qanunun müddəalarına uyğun olmalıdır.

5.   Kreditorların sonrakı yığıncaqları bu Qanuna müvafiq surətdə çağırılır və keçirilir.

6.   Əmlak inzibatçısı və ya iflas prosesində maraqlı olan şəxslər bu fəslin müddəalarından irəli gələn hər hansı məsələnin həlli üçün müvafiq məhkəməyə müraciət edə bilər.

IV fəsil

Borclunun İflası  prosesİnə başlanmasının və müflİs elan olunmasının nətİcələrİ

Maddə 17. İflas prosesinə başlanmasının nəticələri

1.   Bu Qanunun tələblərinə uyğun olaraq iflas prosesinə başlanması məqamından etibarən borclu öz təsərrüfat fəaliyyətini həyata keçirmək və ya öhdəliklərini yerinə yetirmək məqsədi ilə, yaxud digər məqsədlərlə öz əmlakının hər hansı hissəsi barədə sərəncam verə bilməz. Bu cür sərəncamları borclu yalnız məhkəmənin, əmlak inzibatçısının və ya müvəqqəti əmlak inzibatçısının müvafiq icazəsi ilə qəbul edə bilər.

2.   Müvəqqəti əmlak inzibatçısının təyin edilmədiyi hallarda borclu bu maddənin 1-ci bəndində göstərilmiş icazəni almadan:

a)   iflas prosesinə başlanması məqamına qədər qüvvədə olmuş dərəcələr üzrə əmək haqqının ödənilməsini davam etdirə bilər;

b)  əvvəllər göndərilmiş malların və ya göstərilmiş xidmətlərin haqqının ödənilməsi istisna olmaqla, mallarla və xidmətlərlə fasiləsiz təminat üçün zəruri olan cari xərclərinin ödənilməsini davam etdirə bilər;

c)   tez xarab olan aktivlər barəsində sərəncam verə bilər və əmlakının dəyərini qoruyub saxlamaq üçün zəruri olan başqa tədbirləri görə bilər.

Maddə 18. Borclunun müflis elan olunmasının nəticələri

1.   Borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır:

a)   borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya;

b)  bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi.

2.   Borclunun müflis elan olunması məqamından etibarən:

a)   bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur;

b)  borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər;

c)   qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır;

ç)   əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir;

d)  borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir.

V fəsil

Əmlak İnzİbatçısı

Maddə 19. Əmlak inzibatçısının təyin  edilməsi şərtləri

1.   Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən  müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident  əmlak inzibatçısı  təyin edilə bilər.

2.   Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir.

3.   Əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar.

Törətdiyi  cinayətlər ilə əlaqədar müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olma cəzasına məhkum olunmuş şəxslər (əgər bu cəzanın çəkilməsi müddəti müəyyən edilmiş qaydada bitməmişdirsə), eləcə də barəsində iflas prosesinə başlanmış şəxslər əmlak inzibatçısı təyin edilə bilməzlər.

4.   Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Aşağıdakılar əmlak inzibatçısı seçilə bilməzlər:

a)   borclunun müdiri və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və ya kreditorları;

b)  bu Qanunun 54-cü maddəsinə uyğun olaraq borcluya aidiyyəti olan şəxslər. [24]

Maddə 20. Əmlak inzibatçısının hüquqları

1.   Əmlak inzibatçısı təyin edilmiş şəxs borclunun yeganə qanuni nümayəndəsi olur və bunula əlaqədar borclunun müdiri bu Qanunun 17-ci maddəsinə uyğun olaraq əmlak inzibatçısının ona verdiyi konkret səlahiyyətlər istisna olmaqla, öz səlahiyyətlərini həyata keçirə bilməzlər.

2.   Bu Qanunun müvafiq müddəalarına uyğun olaraq məhkəmə tərəfindən təyin edilmiş əmlak inzibatçısının və kreditorlar tərəfindən təyin edilmiş əmlak inzibatçısının səlahiyyətləri eynidir.

3.   Əmlak inzibatçısının səlahiyyətlərinə, onların şərhinə dair yaranmış mübahisələr əmlak inzibatçısının və ya mübahisədə iştirak edən digər tərəfin müraciəti ilə qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Mübahisəni həll edən məhkəmə əmlak inzibatçısı tərəfindən borclu və ya borclunun əmlakı barəsində hər hansı konkret tədbirlər görülməsinə icazə verə və ya bunları qadağan edə bilər.

4.   Əmlak inzibatçısının aşağıdakı hüquqları vardır:

a)   borclunun cari təsərrüfat fəaliyyətini idarə etmək və bu məqsədlə borclunun adından əqdlər, o cümlədən müqavilələr, razılaşmalar və güzəştli sazişlər, habelə borc (kredit) müqavilələri bağlamaq və ya bağlanılmış əqdlərin icrasını davam etdirmək; [25]

b)  borclunun rentabelli olmayan, borc öhdəliklərinin yaranmasına və ya artmasına səbəb ola bilən hər hansı əqdini, o cümlədən icra olunmamış müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv etmək;

c)   borclunun əmlakını təşkil edən aktivlərə sahiblik hüquqlarını borclunun adından əldə etmək və bu məqsədlə qanunvericilikdə müəyyən edilmiş qaydada tələb oluna bilən hər hansı hərəkətləri həyata keçirmək;

ç)   qanunvericilikdə, o cümlədən bu Qanunda müəyyən edilmiş qaydalara və satış planına uyğun olaraq borclunun əmlakını tamamilə və ya qismən satmaq, habelə bu cür aktivlərin satışı üçün nəzərdə tutulmuş bütün hərəkətləri etmək; [26]

d)  bu Qanunun XII fəslində müəyyən edilmiş növbəlilik qaydasında borcluya olan tələblərin aralıq ödənişlərini həyata keçirmək; [27]

e)   qanunvericilikdə müəyyən edilmiş qaydada borclunun əmlakının sığortalanmasına dair müvafiq tədbirlər görmək;

ə)   borclunun təsərrüfat fəaliyyəti üçün zəruri olan su, enerji, istilik və sair təchizatının davam etdirilməsi üçün zəruri olan tədbirlər görmək;

f)   qanunvericilikdə müəyyən edilmiş qaydada borclunun işçilərini işə götürmək (vəzifəyə təyin etmək) və işdən çıxarmaq (vəzifədən azad etmək);

g)  zəruri hallarda özünün ayrı-ayrı funksiyalarının icrasının təmin edilməsi məqsədi ilə müqavilə əsasında digər mütəxəssislərin xidmətlərindən istifadə etmək;

ğ)  zəruri hallarda öz səlahiyyətlərinin bir hissəsini yazılı şəkildə borclunun müdirinə vermək;

h)  borclunun fəaliyyətinə dair hər hansı mühasibat kitablarını, habelə digər hesabatları və sənədləri tələb edib almaq;

x)   borclunun təsərrüfat fəaliyyəti barəsində məlumatlara malik olan şəxslərdən müvafiq məlumatlar almaq;

ı)   kreditorların və ya kreditorlar komitəsinin yığıncaqlarını çağırmaq;

i)   kreditorlarla mübahisələrin həlli üçün, habelə bu Qanunla nəzərdə tutulmuş digər hallarda məhkəməyə müraciət etmək;

j)    qanunvericilikdə müəyyən edilmiş qaydada borclu və onun əmlakına dair hər hansı məhkəmə işlərində iştirak etmək;

k)  öz təyinatına xitam vermək və bu barədə ərizə ilə onu təyin edənlərə müraciət etmək;

q)  yuxarıda göstərilən səlahiyyətləri həyata keçirmək üçün qanunvericiliyə zidd olmayan hər hansı digər hərəkətləri etmək.

Maddə 21. Əmlak inzibatçısının vəzifələri

Əmlak inzibatçısı:

a)   təyin edildikdən sonra dərhal bu barədə borcluya bildiriş göndərməli və borclunun iflası və özünün təyin edilməsi barədə rəsmi dövri mətbu nəşrdə azı 7 günlük fasilə ilə iki dəfə elan dərc etdirməlidir;

b)  təyin edildikdən sonra ən qısa müddətdə borclunun əmlakının mühafizəsi və onun fəaliyyətinə nəzarət edilməsi üçün tədbirlər görməlidir;

c)   borclunun maliyyə vəziyyətini təhlil etməli, belə təhlil nəticəsində aşkar olunmuş yalandan və ya qəsdən müflis elan olunmanın əlamətlərinin mövcudluğu barəsində öz rəyini müvafiq məhkəməyə təqdim etməlidir;

ç)   köməyindən istifadə etməyi lazım bildiyi istənilən ekspertləri cəlb etməklə borclunun aktivlərinin inventarizasiyasını aparmalı və onları qiymətləndirməlidir; [28]

d)  bu Qanunun müvafiq müddəalarına əsasən fəaliyyət göstərərək borclunun əmlakının (əmlakın bir hissəsinin), o cümlədən bu Qanunun tələblərinə müvafiq surətdə təminatlı kreditora məxsus təminatın satışı zamanı kreditorların kommersiya mənafelərini qorumaqla mümkün olan ən yaxşı satış qiymətinə nail olmalıdır;

e)   borclu tərəfindən göndərilən sənədlərin (məktub, hesabfaktura və maliyyə sənədləri) məzmununda onun iflas prosesində olduğunu göstərən konkret məlumatın hər dəfə əks olunmasını, o cümlədən belə sənədlərdə borclunun adının yanında mötərizədə “iflas prosesində olan” ifadəsinin yazılmasını təmin etməlidir;

ə)   bu Qanunun VII fəslinə əsasən borclu ilə kreditorlar arasında saziş bağlanmasının məqsədəuyğunluğunu qiymətləndirməli və bu cür sazişin kreditorların mənafelərinə uyğun gəlib-gəlmədiyi barədə kreditorlara və məhkəməyə məlumat verməlidir;

f)   əgər iflas prosesinin bu və ya digər məqamında əmlak inzibatçısı bu Qanunun XII fəslinin müddəalarına uyğun olaraq borclunun əmlakının satılmasını və satış pulunun müvafiq olaraq bölünməsini kreditorların mənafelərinə daha uyğun olduğunu hesab edərsə və əgər həmin məqamda bu Qanunun VII fəslinə müvafiq surətdə kreditorlarla hər hansı saziş qüvvədə deyilsə və belə sazişin bağlanacağı barədə əsaslı ehtimallar yoxdursa, o, borclunun əmlakını satmaq və satış pulunu bölüşdürmək üçün  satış planını hazırlamalı, onun təsdiqi üçün kreditorların yığıncağını çağırmalı və təsdiq edilmiş satış planına uyğun olaraq tədbirlər görməlidir; [29]

g)  kreditorların tələblərinin məbləği göstərilməklə onların siyahısını tərtib etməli və bu Qanunun IX fəslinə uyğun olaraq kreditorların tələblərinin reyestrini hazırlamalıdır;

ğ)  tam əsaslı olmayan hər hansı tələbə və ya onun məbləğinə etiraz etməlidir;

h)  borcluya qaytarılmalı borcların alınması üçün tədbirlər görməlidir;

x)   kreditorlarla bağlanmış hər hansı sazişi müvafiq məhkəmənin təsdiqinə verməlidir;

ı)   bu Qanunun XIII-XV fəsillərinə uyğun olaraq borclu tərəfindən bağlanılmış əqdləri, borclunun müdir və rəhbər işçilərinin fəaliyyətini (aktlarını) yoxlamalı, bu yoxlamaların nəticələri ilə əlaqədar məhkəməyə və digər səlahiyyətli dövlət orqanlarına müvafiq müraciətlər etməlidir;

i)   zərurət olduqda qüvvədə olan qanunvericiliyə zidd olmayan hallarda və orada müəyyən edilmiş qaydada işçiləri işdən çıxarmalıdır;

j)    bu Qanunun tələblərinə uyğun olaraq  öz fəaliyyəti barəsində kreditorlara və məhkəməyə müvafiq hesabatlar təqdim etməlidir;

k)  təyinat müddəti ərzində borclunun işlərinin vəziyyəti barəsində əldə etdiyi bütün məlumatın məxfiliyini kreditorların mənafeyi üçün qoruyub saxlamalıdır;

m) qanunvericiliyə zidd olmayan və bu Qanunda göstərilmiş hər hansı digər hərəkətləri həyata keçirməlidir.

Maddə 22. Borclunun sahibliyində olan üçüncü şəxslərin aktivləri

Borclunun sahibliyində onun əmlakına aid olmayan aktivlər varsa, əmlak inzibatçısı bu barədə həmin aktivlərin mülkiyyətçisinə bildiriş göndərir. Aktivlərin mülkiyyətçisi bildirişi aldıqdan sonra  ən geci bir ay ərzində həmin aktivləri əmlak inzibatçısından qəbul etməlidir. Bu şərt yerinə yetirilmədikdə aktivlərin saxlanması və qorunması xərclərinin hamısını həmin andan onların mülkiyyətçisi çəkməlidir. Göstərilən xərclər borclu tərəfindən çəkilərsə, onlar borclunun xeyrinə həmin aktivlərdən tutma yolu ilə ödənilir. Əgər əmlak inzibatçısı bu aktivlərin saxlanması və qorunması dəyərinin təxminən onların satış dəyərinə bərabər olduğunu müəyyən etsə, həmin aktivləri istənilən vaxt sata bilər.

Maddə 23. Təhlükə törədən aktivlər

Əgər əmlak inzibatçısı borclunun əmlakının bir hissəsini təşkil edən hər hansı aktivlərin əhali üçün yüksək təhlükə mənbəyi olduğunu müəyyənləşdirərsə, əhalinin bu cür təhlükədən qorunması üçün tələb edilən vəsaitin təxmini məbləğini hesablamalıdır. Bu halda həmin məbləğlərin hamısı əmlak inzibatçısının əmək haqqının və xərclərinin bir hissəsi kimi nəzərdən keçirilir və eyni növbəlik qaydasında ödənilir, həm də bu zaman əmlak inzibatçısı həmin aktivlərin təhlükəsiz vəziyyətə gətirilməsi və ya təhlükənin sovuşdurulması üçün bütün lazımi tədbirləri görür.

Maddə 24. Borclunun müqavilə əsasında digər şəxslərin sahibliyində olan aktivləri barəsində əmlak inzibatçısının hüquqlarının məhdudlaşdırılması

1.   Əmlak inzibatçısı borclunun əmlakının bir hissəsini təşkil edən və hər hansı müqavilənin şərtlərinə əsasən üçüncü şəxsin sahibliyinə verilən əmlakın müqavilədə nəzərdə tutulan müddət bitməmiş borcluya qaytarılmasını tələb edə bilməz. Belə halda əmlak inzibatçısının, yuxarıda göstərilən müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcluya (onun əmlakına) aid mühasibat uçotu sənədləri ilə tanış olmaq və onların surətlərini çıxarmaq hüququ vardır. [30]

2.   Əmlak icarə müqaviləsinə əsasən digər şəxsin sahibliyindədirsə, əmlak inzibatçısı:

a)   əmlakı həmin şəxsə sata bilər;

b)  icarə müqaviləsi müddətinin sonunda əmlakı qaytarmaq hüququnu icarə müddəti ərzində icarə haqlarını almaq hüququ ilə birlikdə hər hansı üçüncü şəxsə sata bilər;

c)   qanunvericilikdə müəyyən edilmiş qaydada icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün məhkəməyə müraciət edə bilər.

 

Maddə 24-1. Borclunun aktivlərinin satılması [31]

 

Dəyəri borclunun aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu Qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və ya bu Qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir. Dəyəri borclunun aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən aktivlərin satış planına daxil edilmədən satılmasına yol verilmir. Dəyəri borclunun aktivlərinin 5 faizindən az hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər. [32]

 

Maddə 25. Borclunun aktivlərinin açıq hərrac yolu ilə satılması

1.   Bu Qanunun V fəslində nəzərdə tutulmuş istisnalarla, əgər məhkəmə hər hansı konkret halda başqa sərəncam verməzsə, borclunun əmlakının bir hissəsini təşkil edən aktivlərin hamısı açıq hərrac yolu ilə satılır. Borclunun aktivlərinin açıq hərrac yolu ilə satılması bu Qanunun 18-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş borclunun müflis elan olunması məqamından 30 gündən gec olmayaraq keçirilir. [33]

2.   Əmlak inzibatçısı hərracı özü təşkil edə bilər və ya bunun üçün lazımi ixtisası olan üçüncü şəxslə müqavilə bağlaya bilər.

3.   Borclunun mülkiyyətinə daxil edilmiş əmlakın başlanğıc qiymətini əmlak inzibatçısı bu Qanuna uyğun olaraq həmin əmlakın qiymətləndirilməsinə müvafiq surətdə müəyyənləşdirir. Əmlak kreditorları kommersiya mənafelərinə daha uyğun qiyməti təklif etmiş alıcıya satılmalıdır.

4.   Əmlak inzibatçısı ilə alıcı arasında başqa qayda haqqında əldə olunmuş razılıq istisna olmaqla, borcluya məxsus əmlakın hamısının və ya bir hissəsinin hər hansı alıcısı əmlakın satış qiymətini hərracın keçirildiyi tarixdən sonra 7 gündən gec olmayaraq ödəməlidir. Satış qiyməti alıcı tərəfindən həmin müddət ərzində ödənilmədikdə, əmlak inzibatçısının əmlakın həmin hissəsini hər hansı üçüncü şəxsə satmağa və öhdəliyini yerinə yetirməmiş alıcıdan aşağıdakılarla bağlı ziyanının əvəzini almağa ixtiyarı vardır: [34]

a)   yenidən təşkil edilən satışın dəyəri; və

b)   hərracda təklif edilmiş qiymətlə sonrakı satış zamanı müəyyən edilmiş qiymət arasındakı fərq.

5.   Borclunun əmlakının hamısı və ya hər hansı bir hissəsi hərracda satılmadıqda, əmlak inzibatçısı həmin əmlakı ən münasib olan yüksək qiymətlə hər hansı şəkildə sata bilər və hər bir belə satış zamanı əmlakın bütün tərkib hissələri əmlak inzibatçısının məhkəməyə təqdim etdiyi hesabatlarda müfəssəl göstərilməlidir.

6.   Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət müəssisələrinin aktivlərinin satışı üçün başqa qayda nəzərdə tuta bilər.

Maddə 26.  Borclunun aktivlərinin digər üsullarla satılması

Əmlak inzibatçısı aşağıdakı hallarda borclunun əmlakından olan aktivləri açıq hərrac yolu ilə deyil, başqa üsulla sata bilər:

a)   aktivlərin dərhal satılmaması onların vəziyyətinin pisləşməsi üçün ciddi təhlükə yaratdıqda;

b)   kreditorların yığıncağının əsaslı qənaətinə görə, aktivlərin dərhal satılmaması, onların bazar dəyərini xeyli azalda bildikdə;

c)   hərrac yolu ilə satışın xərcləri kreditorların tələblərinə mütənasib olmadıqda;

ç)   bu Qanunun VII fəslinə uyğun olaraq məhkəmə tərəfindən təsdiq edilmiş kreditorlarla sazişin şərtlərində bu cür satış nəzərdə tutulduqda;

d)  kreditorların yığıncağının əsaslı qənaətinə görə, bu cür satış kreditorlar üçün daha sərfəli olduqda; [35]

e)   məhkəmə müvafiq qərarı ilə satışın üsulunu  müəyyən etdikdə.

Maddə 27.  Əmlak inzibatçısının kreditorlar qarşısında hesabatı

1. Təyin olunmasından ən azı 14 gün sonra əmlak inzibatçısı hesabat hazırlayıb kreditorlara təqdim edir. Hesabatda müvafiq olaraq aşağıdakılar göstərilir:

a)   borclu müəssisəyə aid halda:

borclunun sonuncu hesabat tarixinə olan maliyyə hesabatları; [36]

mənfəətin və itkilərin hesabı;

kreditorların tələblərini ödəmək üçün mövcud pul vəsaitinin axını barəsində məlumat;

hesabların alınma maddələri üzrə bölgüsü və borclunun etibarsız aktivləri barəsində məlumat;

b)   istər borclu müəssisəyə, istərsə də fərdi borcluya aid halda:

iflas prosesinə başlananadək kreditorlarla aparılmış hesablaşmalar haqqında məlumat.

2. Kreditorun (kreditorların) hesabatla bağlı və ya borclunun hesabatda göstərilməyən əmlakı, habelə əmlak inzibatçısının fəaliyyətinə dair hər hansı məsələ ilə bağlı əmlak inzibatçısına sorğu göndərmək hüququ vardır. Əmlak inzibatçısı sorğunun daxil olduğu müddətdən 3 iş günündən gec olmayaraq onu cavablandırmalıdır. [37]

Maddə 28.  Əmlak inzibatçısının məhkəmə qarşısında hesabatı

1.   Təyin olunmasından ən azı 14 gün sonra əmlak inzibatçısı məhkəməyə öz fəaliyyəti barəsində hesabat təqdim edir. Hesabatda aşağıdakılar göstərilir:

a)   əmlak inzibatçısının fəaliyyətinə dair hesabat;

b)   maliyyə hesabatları, o cümlədən balans dəyəri üzrə aktivlərin siyahısı; [38]

c)   kreditorların tələblərinin ilkin reyestri və əmlak inzibatçısının həmin tələblərə verdiyi dəyərin pulla ifadəsi, habelə ödənilmiş tələblərin məbləğləri;

ç)   əmlak inzibatçısına ödənilən haqq və xərclər barəsində məlumat;

d)  kreditorların bütün tələbləri ödənildikdən sonra qalan vəsaitdən istifadəyə dair hesabat;

e)   borclu müəssisənin müdirinin hər hansı  qanuna zidd hərəkəti və ya bağladıqları əqdlər barəsində müfəssəl məlumat;

ə)   fərdi borcluya dair müəyyən edilməli şərtlər, habelə iflas prosesinin xitamınadək keçməli olan müddət haqqında tövsiyyələr;

f)   əmlak inzibatçısının qənaətinə görə, məhkəməyə lazım ola bilən digər məlumat.

2.   Əmlak inzibatçısının bu maddənin 1-ci bəndinin “e” yarımbəndində nəzərdə tutulmuş tövsiyələri aşağıdakılardan ibarət ola bilər:

a)   borclu öz gəlirinin bir hissəsini əmlak inzibatçısının hesabına köçürməlidir;

b)   borclu müəyyən öhdəliklər (alimentlər və s.) üzrə ödənişi tam həyata keçirməlidir.

3.   Əmlak inzibatçısı sonrakı hesabatlarını məhkəməyə 2 (iki) aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi daha qısa müddətdə təqdim edir. [39]

4.   Əmlak inzibatçısının vəsatətinə əsasən bu Qanunun 27-ci maddəsində və bu maddədə nəzərdə tutulmuş 14 günlük müddət məhkəmə tərəfindən ən çoxu bir ayadək uzadıla bilər.

Maddə 29.  Əmlak inzibatçısına ödənilən  haqq və xərclər

1.   Əmlak inzibatçısının əmək haqqı və xərcləri bu Qanunun XII fəslində müəyyənləşdirilmiş növbəlik siyahısına müvafiq surətdə ödənilir.

2.   Əmlak inzibatçısının saxlanması ilə bağlı xərclər kreditorlar ilə əmlak inzibatçısı arasında sazişlə, bu cür saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyənləşdirilir.

Maddə 30.  Əmlak inzibatçısının istefası, vəzifədən kənarlaşdırılması və dəyişdirilməsi

1.   Bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən hər hansı birinin müraciəti ilə və buna kifayət qədər əsas olduqda məhkəmə müvafiq qərarı ilə bu Qanunda nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməyən əmlak inzibatçısını vəzifədən kənarlaşdıra və onu bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş müvafiq tələblərə uyğun gələn başqa şəxslə əvəz edə bilər.

2.   Əmlak inzibatçısı həmçinin kreditorların bu Qanunun XI fəslinə müvafiq surətdə çağırılan yığıncağında vəzifədən kənarlaşdırıla və dəyişdirilə bilər.

3.   Əmlak inzibatçısı həmçinin istefa ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə həmin ərizəni təmin etdikdə ə