“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2-ci bəndin ikinci cümləsində “layihə və tələb olunan həcmdə texniki təhvil-təslim sənədlərini” sözləri “bu Qaydaların 3.2-1-ci bəndində göstərilən sənədləri” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:
3.2-1.1. enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;
3.2-1.2. Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;
3.2-1.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;
3.2-1.4. elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;
3.2-1.5. kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;
3.2-1.6. transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;
3.2-1.7. elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;
3.2-1.8. elektrik sayğacının quraşdırılması aktı.”.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 17 oktyabr 2018-ci il
№ 460