Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 157 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 791, № 10, maddə 1735; 2017, № 7, maddə 1473) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.9-1-ci və 3.1.9-2-ci yarımbəndlər əlavə edilsin:
“3.1.9-1. dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq farmakonəzarət üzrə tədbirlər görmək və farmakonəzarət üzrə məsul şəxs müəyyən etmək;
3.1.9-2. dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Nazirliyə təqdim etmək;”.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 25 oktyabr 2018-ci il
№ 465