AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
15.11.2018
QEYDİYYAT NÖMRƏSİ
696
ADI
“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-11-2018, Nəşr Nömrəsi: 258), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2018, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2352)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.11.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
110.080.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201811150696
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.11.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin peyk vasitəsilə məsafədən müşahidə xidmətlərinin ölkədə inkişaf etdirilməsi, peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin və əlaqəli informasiya məhsullarının dövriyyəsinin artırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında dövlət idarəetməsi üçün mütərəqqi imkanlardan aktiv istifadənin təşviq edilməsi, peyk təsvirlərindən faydalanmaqla müxtəlif sahələrdə yeni gərəkli xidmətlər göstərilməsinə şərait yaradılması və yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın resurslarından istifadənin genişləndirilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. həmin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 noyabr 2018-ci il

   № 696

 

 


 

Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün

 

DÖVLƏT PROQRAMI

 

1. Giriş

 

XX əsrin ikinci yarısından etibarən peyk vasitəsilə Yerin məsafədən müşahidəsinə (bundan sonra – peyk müşahidəsi) başlanılması hərbi sahə ilə yanaşı, mülki sahələrdə də (xüsusilə kənd təsərrüfatı, fövqəladə halların və təbii resursların idarə olunması, ətraf mühitin mühafizəsi) geniş imkanlar açmışdır. Son onillikdə müşahidə peyklərinin sayının sürətlə artması sayəsində qabaqcıl və innovativ tətbiqlər vüsət almışdır. Bu baxımdan, elmin ən qabaqcıl nailiyyətlərindən faydalanmaqla, bütün dünya dövlətləri ardıcıl baş verən iqtisadi böhranlar şəraitində belə, daha səmərəli nəticələr əldə etməyə imkan verən kosmik xidmətlərdən, xüsusilə də peyk təsvirlərindən intensiv istifadə etməyə başlamışlar.

2013-cü ildə “Azerspace- 1” telekommunikasiya peykini orbitə çıxarmaqla, dünya kosmik klubunun üzvünə çevrilmiş Azərbaycan Respublikasında optik müşahidə peykinin istismara verilməsi ilk günlərdən əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər konseptual sənədlərdə öz əksini tapmışdır.

Peyk müşahidəsi bazarına Azərbaycanın birbaşa çıxışı 2014-cü ildə milli peyk operatoru “Azərkosmos” ASC ilə Fransanın “Airbus DS” şirkəti arasında imzalanmış strateji əməkdaşlıq sazişinə əsasən yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın satın alınması ilə başlanmışdır. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən elektron kənd təsərrüfatı sisteminin qurulmasında, xəritəçəkmədə, yol infrastrukturunun planlaşdırılmasında və monitorinqində, kadastr məlumatlarının yenilənməsində, dənizdə və quruda neft çirklənmələrinin tədqiqində və digər sahələrdə istifadə edilmişdir. Bununla yanaşı, “Azərkosmos” ASC-nin Abşeron rayonu ərazisində yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində qurulmuş Universal Yerüstü Stansiya vasitəsilə Azərbaycan üzərindən keçən bütün peyklərdən təsvirlərin alınması texniki cəhətdən mümkün olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkə ərazisinin rəqəmsal xəritələrinin hazırlanması mühüm tədbir kimi müəyyən olunmuşdur.

“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) qarşıdakı 4 ildə Azərbaycanda peyk müşahidəsi xidmətlərinin inkişafına xüsusi təkan verəcək, peyk müşahidəsi xidmətləri vasitəsilə dövlət idarəetməsinin effektivliyini artıracaq, ölkədə bu sahə ilə bağlı elmi tədqiqat və ixrac potensialını yüksəldəcəkdir.

 

2. Beynəlxalq təcrübə

 

Peyk müşahidəsi sahəsində qabaqcıl ölkələrin uğurlu təcrübəsindən görünür ki, bu xidmətlərin əsas istifadəçisi olan dövlətlər həmin xidmətlərin daha effektiv olmasını təmin etmək məqsədilə bu sahə üzrə dövlət orqanları (qurumları) qarşısında məqsədlər qoyan, onların fəaliyyətini koordinasiya edən vahid konseptual sənəd – dövlət proqramı hazırlayaraq tətbiq edirlər. Həmin ölkələrdə dövlətin təşviqedici proqramları sayəsində iqtisadiyyatın inkişafı üçün müxtəlif mütərəqqi xidmətlər göstərilir.

Dünya təcrübəsində Yer səthinin peyk vasitəsilə əldə edilən təsvirlərindən istifadə olunmasının faydaları, əsasən, aşağıdakılardan ibarətdir:

1. İqtisadiyyatın və dövlət idarəetməsinin bir çox sahələrində köhnəlmiş, az effektiv metodları yeni, daha effektiv metodlarla əvəzləməklə müxtəlif proseslərin səmərəliliyi artırılır. Dünyada, eləcə də respublikamızda bir çox qurumlarda kağız daşıyıcılarda xəritə, sxem, plan və digər bu kimi materiallardan istifadəyə daha çox üstünlük verilir, halbuki kağız daşıyıcılarda məlumatın tapılması və işlənməsi çox vaxt aparır, onların yenilənməsi üçün çöl işləri xeyli resurs tələb edir. Peyk təsvirlərindən istifadə etməklə yaradılan elektron məlumatlar isə iş prosesini sürətləndirərək funksional effektivliyi, işin səmərəliliyini artırır və məkan məlumatlarında səhvlərin baş verməsi ehtimalını azaldır.

2. Peyk təsvirlərindən istifadə etməklə, əvvəllər mövcud olmayan yeni tətbiq sahələri yaranır. Hazırda peyk təsvirləri, optimallaşdırma proqramları və naviqasiya cihazları ilə təmin edilmiş xüsusi kənd təsərrüfatı texnikası vasitəsilə suvarma və ya gübrələmə məqsədləri üçün əkin sahəsinin hər bir kvadratmetrinə fərdi yanaşma tətbiq etmək mümkün olmuşdur və bu metod məhsuldarlığı xeyli artıra bilir. Belə qabaqcıl tətbiqlərə başqa nümunə kimi, tıxacların aradan qaldırılması məqsədilə peyk təsvirləri ilə optimal şəhər planlaşdırılması kimi “ağıllı şəhər” komponentlərini və radar peyk təsvirləri vasitəsilə faydalı qazıntı yataqlarının aşkarlanması layihələrini göstərmək olar.

3. Peyk təsvirləri vasitəsilə etibarlı, vahid, mərkəzləşmiş Coğrafi İnformasiya Sistemləri (CİS) yaradılır. Peyk təsvirlərindən istifadə edilərək yaradılan, ətraflı məkan məlumatları ilə və metaməlumatlarla təchiz edilən, mütəmadi olaraq yenilənən CİS infrastrukturları sayəsində bir çox fəaliyyət asanlaşır, sürətlənir və təkrarlanma halları aradan qalxır.

Bununla yanaşı, müasir dövrdə məsafədən müşahidə texnologiyalarından elmi tədqiqatlar aparılmasında, o cümlədən geologiya, geofizika, seysmologiya, atmosferin və iqlim dəyişmələrinin öyrənilməsi kimi bir çox qlobal əhəmiyyətli sahələrdə də geniş istifadə olunur.

 

3. Azərbaycan Respublikasında mövcud vəziyyət

 

Hazırda Azərbaycan Respublikasında yüksək ayırdetməli “Azersky” ( 1,5 m ) və “SPOT- 6” ( 1,5 m ), çox yüksək ayırdetməli “Pleiades1A” ( 0,5 m ), “Pleiades1B” ( 0,5 m ), “WorldView- 2” ( 0,46 m ), “WorldView- 3” ( 0,3 m ), “WorldView- 4” ( 0,3 m ) və “EROS-B” ( 0,7 m ) optik peyklərinin, “TerraSAR-X”, “TanDEM-X” və “Radarsat- 2” radar peyklərinin təsvirlərindən sərfəli şərtlərlə geniş istifadə imkanları mövcuddur. “Azersky” peykinin orbitdə 12 illik faydalı ömrü vardır. Bununla yanaşı, tələbat yarandıqca digər məsafədən müşahidəsi peyklərinə də çıxış mümkündür. Lakin peyk müşahidəsi xidmətlərinə respublikanın birbaşa çıxışı olsa da, istər dövlət orqanlarında (qurumlarında), istərsə də özəl qurumlarda bu xidmətlərdən istifadə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə arzuolunan səviyyədə deyildir və bu da imkanlardan lazımınca yararlanmağa maneədir.

Peyk təsvirlərindən dövlət orqanlarının (qurumlarının) arzuolunan səviyyədə istifadə etməməsinin səbəblərindən biri həmin qurumlarda peyk təsvirlərindən istifadə imkanları barədə məlumatlılıq səviyyəsinin aşağı olmasıdır. Bir sıra dövlət orqanları (qurumları) istisna olmaqla, dövlət orqanlarının (qurumlarının) peyk təsvirləri əsasında elektron bazalara çıxışının yoxluğu, həmin qurumların hələ də kağız daşıyıcılarda olan peyk təsvirlərindən istifadə etməsi, çöl işlərinə üstünlük verməsi və yenilənməyən məlumatlardan istifadə halları onların fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir.

Digər bir çətinlik peyk müşahidəsi xidmətlərindən dövlət orqanlarının (qurumlarının) yararlanması üçün müasir maddi-texniki təminat səviyyəsinin kifayət etməməsi ilə bağlıdır (burada maddi-texniki təminat baxımından çətinlik dedikdə, peyk təsvirlərinin emalı üçün nəzərdə tutulan, hazırda respublikada istehsal olunmayan və xarici ölkələrdən satın alınan bahalı xüsusi avadanlığın və ixtisaslaşmış lisenziyalı proqram təminatının çatışmazlığı nəzərdə tutulur).

Peyk müşahidəsi xidmətləri sahəsində başqa bir çətinlik isə ixtisaslı kadr çatışmazlığı ilə bağlıdır. Ölkədə bu sahədə nəzəri biliklərə sahib xeyli mütəxəssisin olmasına baxmayaraq, peyk təsvirlərinin emalı üzrə müasir proqram təminatı ilə çalışmaq üçün təcrübi bacarıqları olan mütəxəssislərin sayı azdır və belə mütəxəssislər, əsasən, ölkə xaricindəki təlim mərkəzlərində hazırlanır. Lakin burada ümidverici məqam odur ki, dövlət orqanlarında (qurumlarında) CİS üzrə çalışan və sayı kifayət qədər olan mütəxəssislərə lazımi təlimlər keçmək yolu ilə onların qabaqcıl metodlarla işləyə bilən zəruri kadr potensialı kimi yetişdirilməsi mümkündür.

Maddi-texniki təminat səviyyəsi və kadr hazırlığı ilə yanaşı, peyk təsvirlərinin hər bir ayrıca tətbiq sahəsində iş üçün faydalı hala gətirilməsi məqsədilə onların müəyyən zəncirvarı emal prosesindən keçməsi də tələb olunur. Bu baxımdan, müxtəlif sahələr üzrə peyk təsvirlərinin imkanlarından daha geniş istifadə üçün nəzərdə tutulan ixtisaslaşmış informasiyanı emal və təhlil edən informasiya sistemlərinin (tematik emal sistemləri, bundan sonra – TES) təşkil olunması əhəmiyyətlidir. TES-lərdə həmin sahəyə aid spesifik məlumatlardan, metodlardan istifadə edilir ki, emalın uğurlu alınması üçün həmin emal proseslərinin bu sahə üzrə bilikli və təcrübəli mütəxəssislər tərəfindən və ya onların iştirakı ilə icra edilməsi tələb olunur. Hazırda Azərbaycan Respublikasının bir çox dövlət orqanlarında (qurumlarında) (Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və s.) fəaliyyət göstərən və ya qurulmağa hazırlanan CİS-in bazasında TES-lərin yaradılması üçün potensial vardır.

TES-lərlə yanaşı, respublikada peyk təsvirləri əsasında məkan məlumatlarının əldə olunması, daha geniş qiymətləndirilməsi və tətbiqi üçün arzuolunan imkanlara malik vahid elektron bazanın formalaşdırılması dövlət büdcəsinin vəsaiti hesabına aparılan layihələrin səmərəliliyini artıracaqdır. Coğrafi məkan məlumatları üzrə vahid bazanın olmaması müxtəlif qurumların oxşar layihələr tətbiq etməsinə gətirib çıxarır, xəritə bazasına vektor məlumatları (yollar, küçələr, ünvanlar, müxtəlif qurumlar və s.) mərkəzləşmiş və nizamlı qaydada daxil edilmədiyi üçün bir çox hallarda səhv və ya aktual olmayan məlumatlardan istifadəyə yol açır, həmçinin eyni ərazidə fərqli qurumların həyata keçirdiyi müxtəlif işlərin görülməsi zamanı onlar arasında koordinasiyanı çətinləşdirir.

Respublikada rəqəmsal coğrafi məlumatlardan istifadəyə tələbat getdikcə artır və bu məlumatların operativ əldə olunmasına ehtiyac vardır. Rəqəmsal coğrafi məlumatların əldə olunmasında təkrarlanma hallarının qarşısının alınmasının vacibliyini və bu məlumatlardan qurumlararası istifadənin genişləndirilməsi üçün yeni imkanların mövcudluğunu nəzərə alaraq, respublikada milli məkan məlumatları infrastrukturunun təkmilləşdirilməsi məqsədəuyğun hesab edilir. Milli məkan məlumatları infrastrukturu dedikdə, peyk təsvirləri və digər məsafədən müşahidə məlumatları əsasında müxtəlif dövlət orqanlarının (qurumlarının) hazırladıqları tematik xəritələrin və məlumatların vahid məlumat bazasında toplanmasını və istifadəçilərin bu məlumatlardan faydalanmasını asanlaşdırmaq üçün “bir pəncərə” prinsipinin tətbiq edilməsini nəzərdə tutan CİS portalı başa düşülür. Bu portal dövlət orqanlarına (qurumlarına), kommersiya və qeyri- kommersiya təşkilatlarına, fiziki şəxslərə, eləcə də elmi tədqiqatla məşğul olan qurumlara məkan məlumatlarının əldə olunması, qiymətləndirilməsi və tətbiqi üçün zəruri şərait yaradır. Qeyd edilməlidir ki, bir sıra dövlət orqanlarında (qurumlarında) geniş İT şəbəkəsi infrastrukturunun və elektron məlumat bazasının mövcudluğu respublikada milli məkan məlumatları infrastrukturunun qurulması üçün böyük üstünlük hesab edilir.

Ölkənin dinamik inkişafı hazırkı mərhələdə peyk müşahidəsi xidmətləri üzrə dövlət səviyyəsində konkret hədəfləri göstərən vahid konseptual sənədin qəbulunu zəruri edir və bu Dövlət Proqramı 2019–2022-ci illərdə peyk müşahidəsi xidmətlərinin inkişafını nəzərdə tutur.

 

4. Dövlət Proqramının məqsədi və əsas vəzifələri

 

4.1. Dövlət Proqramının məqsədi peyk müşahidəsi xidmətlərindən müxtəlif sahələrdə istifadə etməklə ölkədəki sosial-iqtisadi və texnoloji inkişafın dəstəklənməsidir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

4.1.1. “Azersky” və digər yüksək ayırdetməli məsafədən Yerin müşahidəsi peyklərinin resurslarından optimal istifadə edilməsi;

4.1.2. peyk təsvirlərindən istifadə etməklə müxtəlif sahələrdə iqtisadi dəyər yaradılması və kommersiya faydasının əldə edilməsi üçün iqtisadi və texnoloji mühitin formalaşdırılması;

4.1.3. peyk təsvirlərindən istifadə etməklə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəliliyinin artırılmasına dəstək verilməsi;

4.1.4. peyk təsvirlərindən istifadə etməklə elmi tədqiqatların səmərəliliyinin artırılması;

4.1.5. peyk təsvirlərinin emalı və satışı sahəsində ixrac potensialının genişləndirilməsi.

 

5. Dövlət Proqramının əsas istiqamətləri

 

5.1. Peyk müşahidəsi xidmətlərindən dövlət orqanlarında (qurumlarında) aktiv istifadənin təşviq edilməsi:

5.1.1. kənd təsərrüfatında, ətraf mühitin mühafizəsində, fövqəladə halların idarə edilməsində, hasilat sənayesində, meliorasiya və su təsərrüfatı sahələrində, nəqliyyat və yol infrastrukturunun, turizmin inkişafında, xəritəçəkmə və şəhərsalmada, dövlət əmlakının idarə olunmasında, kadastr işlərində və naviqasiyada peyk müşahidəsi xidmətlərindən istifadənin genişləndirilməsi;

5.1.2. Dövlət Proqramının 5.1.1-ci yarımbəndində göstərilən sahələr üzrə tanıdıcı seminarlar və pilot layihələr çərçivəsində peyk müşahidəsi xidmətlərinin tətbiqi barədə dövlət orqanlarında (qurumlarında) məlumatlılıq səviyyəsinin artırılması;

5.1.3. dövlət orqanlarında (qurumlarında) peyk təsvirlərinin emalı və istifadəsi üzrə maddi-texniki təminat səviyyəsinin artırılması (lazımi kompüter və şəbəkə avadanlığının, lisenziyalı proqram təminatının, ixtisaslaşmış və köməkçi texniki avadanlığın alınması);

5.1.4. Dövlət Proqramının 5.1.1-ci yarımbəndində göstərilən sahələrdə peyk təsvirlərinin istifadəsi və emalı üçün proqram təminatının, avadanlığın və tematik stansiyaların ölkəyə gətirilməsinin asanlaşdırılması;

5.1.5. peyk təsvirlərinin emalı üzrə dövlət orqanlarındakı (qurumlarındakı) mövcud potensialı inkişaf etdirərək, müxtəlif müştəri seqmentlərinə fokuslanmış TES-lərin yaradılması.

5.2. Milli məkan məlumatları infrastrukturunun formalaşdırılması:

5.2.1. coğrafi məkan məlumatları infrastrukturları barədə qabaqcıl beynəlxalq təcrübəni öyrənməklə Azərbaycan şəraitinə və ehtiyaclarına uyğun modelin hazırlanması və tətbiqi;

5.2.2. milli məkan məlumatlarının formalaşdırılması, onların mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası.

5.3. Elmi tədqiqatlar aparılmasında peyk təsvirlərindən istifadənin genişləndirilməsi:

5.3.1. Azərbaycan Respublikasının dövlət elm və təhsil qurumlarında peyk təsvirlərinin emalı və istifadəsi ilə bağlı maddi-texniki təminat səviyyəsinin artırılması (lazımi kompüter və şəbəkə avadanlığı ilə, lisenziyalı proqram təminatı ilə, ixtisaslaşmış və köməkçi texniki avadanlıqla təchizat);

5.3.2. Azərbaycan Respublikasının dövlət elm və təhsil qurumlarında elmi tədqiqatların aparılması üçün “Azersky” peykinin təsvirlərinin əlverişli şərtlərlə təqdim edilməsi;

5.3.3. Azərbaycan Respublikasının dövlət elm və təhsil qurumlarında peyk təsvirlərindən istifadə etməklə aparılan elmi tədqiqatların dəstəklənməsi üçün prioritet sahələr üzrə müxtəlif peyklərdən təsvirlərin əldə edilməsi, avadanlıq və proqram təminatı alınması, ölkə daxilində və ölkə xaricində təlimlərin keçirilməsi, təcrübələrin təşkili, yerli, regional və beynəlxalq layihə və yarışlarda iştirak üçün qrantların verilməsi;

5.3.4. peyk təsvirlərindən elmi tədqiqat məqsədləri üçün istifadə sahəsində xarici təşkilatlarla əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi.

5.4. Peyk müşahidəsi sahəsində kadrların hazırlanması:

5.4.1. bakalavriat, magistratura və doktorantura təhsili pillələrində peyk müşahidəsi üzrə ixtisasların yaradılması;

5.4.2. orta ixtisas təhsili pilləsində peyk təsvirlərinin istifadəsi və emalı üzrə mütəxəssislər hazırlanmasının təşkili;

5.4.3. peyk müşahidəsi sahəsini əhatə edən ixtisaslar üzrə təhsilin dəstəklənməsi məqsədilə müvafiq maddi- texniki baza yaradılması və həmin bazanın əlverişli şərtlərlə “Azersky” peyk təsvirləri ilə təmin edilməsi;

5.4.4. peyk müşahidəsi sahəsini əhatə edən ixtisaslar üzrə dövlət sifarişli qəbul yerlərinin sayının artırılması;

5.4.5. Azərbaycan Respublikası vətəndaşı olan və peyk müşahidəsi sahəsini əhatə edən ixtisaslar üzrə xaricdə qabaqcıl təhsil alan və almaq istəyən gənclərin dəstəklənməsi;

5.4.6. dövlət orqanlarında (qurumlarında) peyk təsvirlərinin istifadəsi və emalı üzrə çalışan kadrların təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilməsi.

5.5. Peyk təsvirlərinin emalı nəticəsində yaradılan informasiya məhsullarının ölkə daxilində mülki dövriyyəsinin genişləndirilməsi və ixracının inkişaf etdirilməsi.

 

6. Dövlət Proqramını maliyyələşdirmə mənbələri

 

6.1. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

7. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

 

7.1. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

7.1.1. peyk təsvirlərinin əldə edilməsi və emalı ilə bağlı məsrəflərin optimallaşdırılması, respublikanın peyk resurslarından istifadənin səmərəliliyinin artırılması;

7.1.2. peyk təsvirlərindən istifadə etməklə müxtəlif sahələrdə daha çox iqtisadi dəyər əldə edilməsinə və yeni, faydalı xidmətlərin meydana çıxmasına şərait yaranması;

7.1.3. peyk təsvirləri üzrə ölkədaxili emal və xidmət mərkəzlərinin formalaşması, bu xidmətlərin ixrac potensialının gücləndirilməsi;

7.1.4. ölkədə rəqəmsal coğrafi məlumatların operativ əldə olunması məqsədilə qurumlararası koordinasiya mexanizminin yaradılması;

7.1.5. ölkədə peyk müşahidəsi sahəsində elmi tədqiqatla məşğul olan qurumların səmərəli elmi tədqiqatlar aparması üçün maddi-texniki bazanın və peyk təsvirlərinə çıxış imkanlarının genişləndirilməsi;

7.1.6. peyk müşahidəsi sahəsində kadr potensialının genişlənməsi, ölkədən və elmi tədqiqat müəssisələrindən kənara kadr axınının azaldılması.

 

8. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı

 

Sıra

№-si

Tədbirin adı

İcra müddəti

(illər üzrə)

İcraçı orqanlar

1

2

3

4

1.

Peyk müşahidəsi xidmətlərindən dövlət orqanlarında (qurumlarında) aktiv istifadə edilməsi

 

 

1.1.

Peyk müşahidəsi xidmətlərindən kənd təsərrüfatında aktiv istifadə edilməsi

 

 

1.1.1.

Kənd təsərrüfatı məqsədli torpaqların və əkinəyararlı ərazilərin inventarlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

KTN

1.1.2.

Kənd təsərrüfatı sahələrinin vektorlaşdırılmış faktiki sərhədlərinin və həmin sahələrdə torpaq örtüyü haqqında məlumatların yenilənməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

KTN

1.1.3.

Kənd təsərrüfatı ərazilərində baş verən dəyişikliyin müntəzəm monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

KTN

1.1.4.

Kənd təsərrüfatı bitkilərinin vegetasiya mərhələlərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

KTN

1.1.5.

Əkin sahələrində yayılmış bitki xəstəliklərinin və onların yayılma arealının monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

KTN

1.1.6.

Peyk təsvirlərindən istifadə etməklə gübrələmə qaydalarının düzgün aparılmasına nəzarət (dəqiq əkinçilik imkanlarının tətbiqi)

2019–2022

KTN

1.1.7.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının proqnozlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

KTN

1.1.8.

Sığorta məqsədləri üçün əkin sahələrinin vəziyyətinin ilkin qiymətləndirilməsi və sığorta hadisələri zamanı dəymiş zərərin müəyyənləşdirilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

KTN

1.1.9.

Kənd təsərrüfatı ərazilərinin düzgün istismarı üçün təhlil aparılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

KTN

1.2.

Peyk müşahidəsi xidmətlərindən ətraf mühitin mühafizəsində aktiv istifadə edilməsi

 

 

1.2.1.

Ətraf mühitin və təbii ehtiyatların hazırkı vəziyyətinin əvvəlki illərlə müqayisəli təhlilində və qiymətləndirilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN

1.2.2.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN

1.2.3.

Meşə ərazilərinin və yaşıllıqların inventarlaşdırılmasında və monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN

1.2.4.

Meşə ekosistemlərinin deqradasiyaya uğramış sahələrinin (yanmış, qurumuş, ziyanvericilərin təsirinə məruz qalmış sahələr) aşkarlanmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN

1.2.5.

Yaşıllıq ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi üçün peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN

1.2.6.

Tullantıların idarə edilməsinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN

1.2.7.

Peyk təsvirlərindən istifadə etməklə daşqın və subasma ilə bağlı fövqəladə hallar baş verə biləcək zonaların müəyyənləşdirilməsi

2019–2022

ETSN

1.2.8.

Ekoloji tematik xəritələşdirmədə peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN

1.2.9.

Su ehtiyatlarının monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019-2022

ETSN

1.2.10.

Su ehtiyatlarının ekoloji vəziyyətinin və dəyişmə tendensiyasının qiymətləndirilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019-2022

“Azərsu” ASC, ETSN

1.2.11.

Peyk təsvirlərindən istifadə etməklə, su obyektlərinin hidroloji rejiminin formalaşmasını təmin edən təbii və antropogen amillərin qiymətləndirilməsi

2019-2022

“Azərsu” ASC, ETSN

1.2.12.

Potensial daşqın təhlükəsi olan çayların mənbələrindəki buzlaqların vəziyyətinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN

1.3.

Peyk müşahidəsi xidmətlərindən fövqəladə halların idarə olunmasında aktiv istifadə edilməsi

 

 

1.3.1.

Fövqəladə hallar zamanı mövcud vəziyyətin qiymətləndirilməsində və proqnozların verilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

FHN

1.3.2.

Təbii və texnogen fəlakətlərin vurduğu ziyanın ilkin və operativ qiymətləndirilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

FHN

1.3.3.

Təbii və texnogen fəlakətlərin başvermə ehtimalı yüksək olan ərazilərin daimi monitorinqində və qabaqlayıcı tədbirlər görülməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

FHN

1.3.4.

Peyk məlumatları əsasında xilasetmə işlərinin planlaşdırılması və heyət üzvlərinin təhlükəsiz fəaliyyətinin təşkil olunması

2019–2022

FHN

1.4.

Peyk müşahidəsi xidmətlərindən hasilat sənayesində aktiv istifadə edilməsi

 

 

1.4.1.

Təbii ehtiyatların, faydalı qazıntıların hasilatı sahəsində dəyişikliklərin, o cümlədən neqativ təbii proseslərin (karst, yer səthinin çökməsi, subasmalar, bataqlıqlaşma) dinamikasının öyrənilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN, SOCAR, EN, İN

1.4.2.

Peyk təsvirlərindən istifadə etməklə dəmir filizi, əlvan metal filizi yataqlarının, tikinti materiallarının istehsalı üçün xammal yataqlarının geoloji öyrənilməsi

2019–2022

ETSN

1.4.3.

Radar peyk təsvirlərinin köməyi ilə geoloji öyrənilmə və neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparılması

2019–2022

SOCAR

1.4.4.

Quru ərazidə neft-qaz boru kəmərlərinin optimal marşrutunun planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

SOCAR

1.4.5.

Neft-qaz boru kəmərlərinin CİS-də qeydə alınmasında və məlumat bazasının yaradılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

EN, SOCAR

1.4.6.

Radar peyk təsvirlərinin köməyi ilə neft-qaz boru kəmərlərinin səth hərəkətinin monitorinqi

2019–2022

SOCAR

1.4.7.

Quruda və suda neft və qaz obyektlərinin (kəmərlər, qurğular və platformalar) monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

SOCAR

1.5.

Peyk müşahidəsi xidmətlərindən meliorasiya və su təsərrüfatında aktiv istifadə edilməsi

 

 

1.5.1.

Su təsərrüfatı obyektlərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

AMST

1.5.2.

Hidrotexniki qurğuların inventarlaşdırılmasında və monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

AMST

1.5.3.

Su anbarlarının və suvarma sistemlərinin inventarlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

AMST

1.5.4.

Ölkə üçün mühüm strateji əhəmiyyəti olan magistral su kəmərlərinin və digər hidrotexniki qurğuların peyk vasitəsilə müşahidəsi, təbii və antropogen amillərin təsiri nəticəsində baş verə biləcək qəza halları zamanı mümkün risklərin qiymətləndirilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

“Azərsu” ASC, AMST, ETSN

1.5.5.

Peyk təsvirləri əsasında su mühafizə zonalarının planlaşdırılması üçün informasiya dəstəyi

2019–2022

AMST

1.5.6.

Ölkədaxili çay axınlarının tənzimlənməsi üçün hidroloji şəbəkələrin planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

AMST, ETSN

1.5.7.

Peyk təsvirlərindən istifadə etməklə çay məcralarında, su mənbələrinin, hidrotexniki qurğuların bilavasitə yaxınlığında çay gətirmələrinin çıxarılması ilə məşğul olan karxanaların fəaliyyəti nəticəsində yaranan neqativ proseslərin dinamikasının öyrənilməsi

2019–2022

“Azərsu” ASC, AMST, ETSN

1.5.8.

Suvarılan sahələrin su ilə təminatının yaxşılaşdırılması və genişləndirilməsi tədbirlərinin planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

AMST

1.5.9.

Peyk təsvirləri vasitəsilə mövcud və yeni suvarma kanallarının, kollektorların, su anbarlarının bərpasının, yenidən qurulmasının və tikintisinin planlaşdırılması

2019–2022

AMST

1.5.10.

Suvarılan torpaqların meliorativ vəziyyətinin müəyyən edilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

AMST

1.5.11.

Torpaq resurslarının eroziya və deqradasiya proseslərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

KTN, AMST, ETSN

1.5.12.

Kənd təsərrüfatı istehsalında böyük əhəmiyyəti olan meliorasiya və su təsərrüfatı sahəsinin inkişafının planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

AMST, KTN

1.5.13.

Su təchizatı, kanalizasiya, bərk məişət və sənaye tullantıları layihələrinin planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

“Azərsu” ASC, AMST, İN

1.5.14.

Sel və daşqın təhlükəli çaylarda baş verən məcra proseslərinin və sahil eroziyasının öyrənilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

AMST, ETSN

1.6.

Peyk müşahidəsi xidmətlərindən nəqliyyat və yol infrastrukturunun inkişafında aktiv istifadə edilməsi

 

 

1.6.1.

Nəqliyyat və yol infrastrukturunun planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

NRYTN, AAYDA

1.6.2.

Uzunluğu 100 metrdən çox olan körpülərin, yolötürücülərinin, tunellərin və digər yol qurğularının monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

AAYDA

1.6.3.

Peyk təsvirlərindən istifadə etməklə avtomobil və dəmir yolları şəbəkəsinin inventarlaşdırılması, layihələrin monitorinqi, sürüşmələrinin qeydə alınması və yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsi

2019–2022

BNA, AAYDA, ADY, yerli icra hakimiyyəti orqanları

1.6.4.

Dəmir yolu nəqliyyatı təyinatlı xüsusi mühafizə zonasında, təhkim zolağında və sanitariya- mühafizə zonasında monitorinq aparılmasında və məlumat bazasının yenilənməsində peyk təsvirlərindən istifadə olunması

2019–2022

ADY

1.6.5.

Liman qurğularının inventarlaşdırılmasında və yeni layihələrin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

NRYTN, AXDG

1.6.6.

Yeni hava limanlarının ərazilərinin planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

NRYTN, AZAL

1.6.7.

Peyk təsvirlərindən istifadə etməklə Azərbaycan Respublikası ərazisindəki hava limanlarında və onlara bitişik ərazilərdə aparılan tikintilərə nəzarət olunması

2019–2022

AZAL

1.6.8.

Peyk təsvirlərindən istifadə etməklə hava yollarının elektron xəritələrinin tərtib olunması və yenilənməsi

2019–2022

AZAL

1.7.

Peyk müşahidəsi xidmətlərindən turizmin inkişafında aktiv istifadə edilməsi

 

 

1.7.1.

Turizm xəritələrinin hazırlanmasında və yenilənməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

DTA

1.7.2.

Turist marşrutlarının planlaşdırılmasında və optimallaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

DTA

1.7.3.

Peyk təsvirlərindən istifadə etməklə yeni turizm və rekreasiya zonalarının yaradılması üçün ərazilərin seçilməsinə, artım dinamikasının monitorinqinə, inkişaf və planlaşdırma strategiyasına dəstək

2019–2022

DTA

1.7.4.

Dəniz sahilindəki çimərlik ərazilərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

DTA, yerli icra hakimiyyəti orqanları

1.7.5.

Peyk təsvirlərindən istifadə etməklə, turizm nümayiş obyektlərinin (qoruqlar, mədəni irs obyektləri) qorunmasına dəstək

2019–2022

MN, DTA, yerli icra hakimiyyəti orqanları

1.8.

Peyk müşahidəsi xidmətlərindən xəritəçəkmə və şəhərsalmada aktiv istifadə edilməsi

 

 

1.8.1.

Peyk təsvirlərindən istifadə etməklə, müxtəlif miqyaslı tematik və topoqrafik elektron xəritələrin tərtibi və yenilənməsi

2019–2022

ETSN, DŞAK, ƏMDK

1.8.2.

Peyk təsvirlərinin stereoçəkilişləri əsasında respublika ərazisinin relyef modelinin hazırlanması

2019–2022

ETSN

1.8.3.

Peyk təsvirlərindən istifadə etməklə, tikinti işlərinin aparılması üçün ərazilərin seçilməsinə dair informasiya dəstəyi

2019–2022

DŞAK, ETSN, ƏMDK

1.8.4.

Peyk təsvirlərindən istifadə etməklə, yaşayış məntəqələrinin sayının artım dinamikasının monitorinqi və inkişaf-planlaşdırma strategiyasına dəstək

2019–2022

DŞAK

1.8.5.

Sürüşmə zonalarının monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ETSN, DŞAK

1.8.6.

Peyk təsvirlərindən istifadə etməklə yaşayış məntəqələrinin (şəhər, qəsəbə və kəndlər) layihələndirilməsi, faktiki ərazinin və tikinti dinamikasının müşahidəsi

2019–2022

DŞAK, ƏMDK

1.9.

Peyk müşahidəsi xidmətlərindən dövlət əmlakının idarə olunması və kadastr işlərində aktiv istifadə edilməsi

 

 

1.9.1.

Daşınmaz əmlakın inventarlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ƏMDK

1.9.2.

Peyk təsvirlərindən istifadə etməklə, torpaqlardan təyinatı üzrə istifadəyə nəzarət və ərazi haqqında məlumatın əldə edilməsi də daxil olmaqla, torpaqlardan faktiki istifadənin monitorinqi

2019–2022

ƏMDK, KTN

1.9.3.

Dövlət, xüsusi və bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ƏMDK

1.9.4.

Sənaye obyektlərinin və infrastrukturunun inventarlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

ƏMDK, İN

1.9.5.

Bərpa olunan enerji mənbələri üzrə informasiya bazasının yaradılmasında peyk təsvirlərindən istifadə edilməsi [1]

2019-2022

EN [2]

1.10.

Peyk müşahidəsi xidmətlərindən digər sahələrdə aktiv istifadə edilməsi

 

 

1.10.1.

Peyk təsvirləri əsasında bərpa olunan enerji mənbələri üzrə potensialın müəyyənləşdirilməsi, eləcə də külək elektrik parkları və günəş elektrik stansiyalarının layihələndirilməsi

2019–2022

EN, ABOEMDA, “Azərenerji” ASC, “Azərişıq” ASC [3]

1.10.2.

Azərbaycanın külək və günəş atlaslarının yaradılmasında, külək və günəş enerjisi istehsalının proqnozlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

“Azərişıq” ASC, ABOEMDA, EN

1.10.3.

Elektrik enerjisi obyektlərinin inventarlaşdırılmasında və monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

EN, “Azərenerji” ASC, “Azərişıq” ASC

1.10.4.

Strateji obyektlərin, boru kəmərlərinin, hava və dəniz limanlarının və digər strateji obyektlərin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi

2019–2022

FHN, XDMX, DİN

1.11.

Təşviqedici tədbirlər

 

 

1.11.1.

Dövlət orqanları (qurumları) üçün maarifləndirmə tədbirlərinin və seminarların keçirilməsi

2019–2021

“Azərkosmos” ASC

1.11.2.

Dövlət orqanları (qurumları) ilə pilot layihələrin həyata keçirilməsi, o cümlədən peyk təsvirlərinin əlverişli şərtlərlə tətbiq edilməsi

2019–2021

“Azərkosmos” ASC

1.11.3.

Peyk təsvirlərindən istifadə və emalı üçün proqram təminatı və avadanlığın ölkəyə gətirilməsinin asanlaşdırılması

2019–2021

DGK, NRYTN

2.

Peyk müşahidəsi ilə bağlı elmi tədqiqatlar aparılması

 

 

2.1.

Elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara peyk təsvirlərinin əlverişli şərtlərlə təqdim edilməsi

2019–2022

“Azərkosmos” ASC

2.2.

Elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara prioritet hesab edilən sahələr üzrə peyk təsvirləri və peyk xidmətləri formasında texniki yardım verilməsi

2019–2022

“Azərkosmos” ASC, MaN

2.3.

Peyk təsvirlərindən istifadə olunmasını və yeni informasiya məhsulunun yaradılmasını nəzərdə tutan elmi tədqiqatların həyata keçirilməsi məqsədilə maliyyə vəsaiti şəklində qrant və texniki yardım verilməsi

2019–2022

AMEA, EİF, “Azərkosmos” ASC

2.4.

Peyk müşahidəsi ilə bağlı elmi tədqiqat aparılmasında beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi

2019–2022

“Azərkosmos” ASC, AMEA

3.

Qurumlararası əməkdaşlığın və xidmətlərin ixrac potensialının artırılması

 

 

3.1.

Peyk təsvirlərinin emalı sahəsində ölkə daxilində kommersiya əsaslı əməkdaşlıq şəbəkəsinin qurulması

2019–2020

“Azərkosmos” ASC

3.2.

Peyk müşahidəsi xidmətlərinin ixrac potensialının genişləndirilməsi

2019–2022

“Azərkosmos” ASC

3.3.

Elmi tədqiqat və təhsil müəssisələrində peyk müşahidəsi xidmətləri üzrə kommersiya xarakterli sifarişlərin qəbulu sisteminin yaradılması

2019–2020

AMEA, MSN, “Azərkosmos” ASC

4.

Müasir tipli TES-lərin yaradılması

 

 

4.1.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyində müasir tipli TES-in yaradılması

2019–2021

ETSN

4.2.

Kənd Təsərrüfatı Nazirliyində TES-in yaradılması

2019–2021

KTN

4.3.

“Azərkosmos” ASC-də TES- in yaradılması

2019–2021

“Azərkosmos” ASC

4.4.

Peyk təsvirlərinin emalı bazasında qurulacaq TES-in yaradılmasına dair təşəbbüslərin dəstəklənməsi

2019–2021

İN, “Azərkosmos” ASC

4.5.

Peyk təsvirləri əsasında müxtəlif təyinatlı tətbiqlər hazırlayan startapların dəstəklənməsi

2019–2021

NRYTN, “Azərkosmos” ASC

5.

Milli məkan məlumatları infrastrukturunun yaradılması

 

 

5.1.

Coğrafi məkan məlumatları infrastrukturlarının yaradılması və tətbiqi barədə qabaqcıl beynəlxalq təcrübəni öyrənməklə Azərbaycan şəraitinə və ehtiyaclarına uyğun modelin seçilməsi

2019

VXSİDA, ƏMDK, ETSN, NRYTN, MSN, KTN, FHN, DŞAK, DSK, BNA, “Azərkosmos” ASC

5.2.

Seçilmiş model əsasında Azərbaycanda milli məkan məlumatları infrastrukturunun yaradılması üzrə ayrıca tədbirlər planının hazırlanması

2019–2020

ƏMDK, VXSİDA, “Azərkosmos” ASC

5.3.

Milli məkan məlumatlarının formalaşdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası

2019–2021

VXSİDA, İN, ƏMDK, ETSN, NRYTN, MSN, KTN, FHN, DŞAK, DSK, BNA, “Azərkosmos” ASC

6.

Dövlət orqanlarının (qurumlarının) və elmi tədqiqatla məşğul olan qurumların peyk müşahidəsi xidmətləri üzrə maddi texniki təminat səviyyəsinin yaxşılaşdırılması və modernləşdirilməsi

 

 

6.1.

Dövlət orqanlarında (qurumlarında) və elmi tədqiqatla məşğul olan qurumlarda peyk təsvirlərindən istifadə ilə bağlı ehtiyacların müəyyən edilməsi

2019–2020

DİN, MSN, İN, NRYTN, EN, KTN, ETSN, DTA, MN, TN, SN, FHN, DŞAK, DSK, ƏMDK, ABOEMDA, BNA, DSX, XDMX, ADY, AXDG, AZAL, AMEA, SOCAR, “Azərkosmos” ASC, AAYDA, AMST, “Azərsu” ASC, “Azərenerji” ASC, “Azərişıq” ASC, yerli icra hakimiyyəti orqanları

6.2.

Müəyyən edilmiş ehtiyaclar üzrə maddi-texniki təminat səviyyəsinin artırılması (lazımi kompüter və şəbəkə avadanlığının, proqram təminatının, ixtisaslaşmış və köməkçi texniki avadanlığın alınması)

2019–2020

DİN, MSN, İN, NRYTN, EN, KTN, ETSN, DTA, MN, TN, SN, FHN, DŞAK, DSK, ƏMDK, ABOEMDA, BNA, DSX, XDMX, ADY, AXDG, AZAL, AMEA, SOCAR, “Azərkosmos” ASC, AAYDA, AMST, “Azərsu” ASC, “Azərenerji” ASC, “Azərişıq” ASC, yerli icra hakimiyyəti orqanları

7.

Kadrların hazırlanması

 

 

7.1.

Peyk müşahidəsi xidmətləri sahəsində təhsilin dəstəklənməsi

 

 

7.1.1.

Ali təhsil müəssisələrində peyk müşahidəsi sahəsində kadr hazırlığının gücləndirilməsi

2019–2022

TN, AMEA

7.1.2.

Xaricdə peyk müşahidəsi üzrə qabaqcıl təhsilin dəstəklənməsi

2019–2022

TN, AMEA, GF

7.2.

Peyk müşahidəsi xidmətləri üzrə ixtisasartırma kursları

 

 

7.2.1.

Zərurət olduqda, ixtisaslaşmış CİS proqram təminatı üzrə təlimlərin təşkili

2019–2022

DİN, MSN, EN, KTN, ETSN, NRYTN, DTA, MN, SN, FHN, DŞAK, DSK, ƏMDK, ABOEMDA, BNA, DSX, XDMX, ADY, AXDG, AZAL, AMEA, SOCAR, AAYDA, AMST, “Azərsu” ASC, “Azərenerji” ASC, “Azərişıq” ASC, yerli icra hakimiyyəti orqanlarının təklifləri əsasında “Azərkosmos” ASC

7.2.2.

Tematik təlimlərin keçirilməsi

2019–2022

DİN, MSN, EN, KTN, ETSN, NRYTN, DTA, MN, TN, SN, FHN, DŞAK, DSK, ƏMDK, ABOEMDA, BNA, DSX, XDMX, ADY, AXDG, AZAL, AMEA, SOCAR, AAYDA, AMST, “Azərsu” ASC, “Azərenerji” ASC, “Azərişıq” ASC, rayon və şəhər icra hakimiyyəti orqanlarının təklifləri əsasında “Azərkosmos” ASC

 

Akronimlər

 

DİN – Daxili İşlər Nazirliyi

EN – Energetika Nazirliyi

ETSN – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

FHN – Fövqəladə Hallar Nazirliyi

İN – İqtisadiyyat Nazirliyi

KTN – Kənd Təsərrüfatı Nazirliyi

MaN – Maliyyə Nazirliyi

MSN – Müdafiə Sənayesi Nazirliyi

MN – Mədəniyyət Nazirliyi

NRYTN – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

SN – Səhiyyə Nazirliyi

TN – Təhsil Nazirliyi

DGK – Dövlət Gömrük Komitəsi

DSK – Dövlət Statistika Komitəsi

DŞAK – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

ƏMDK – Əmlak Məsələləri Dövlət Komitəsi

DSX – Dövlət Sərhəd Xidməti

XDMX – Xüsusi Dövlət Mühafizə Xidməti

AMEA – Azərbaycan Milli Elmlər Akademiyası

ABOEMDA – Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi [4]

AAYDA – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

BNA – Bakı Nəqliyyat Agentliyi

DTA – Dövlət Turizm Agentliyi

VXSİDA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

GF – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu

EİF – Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

ADY – “Azərbaycan Dəmir Yolları” QSC

AMST – “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC

AXDG – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

AZAL – “Azərbaycan Hava Yolları” QSC

SOCAR – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

CİS – Coğrafi İnformasiya Sistemləri

 

9. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara qrant və texniki yardımlar verilməsi üçün prioritet hesab edilən sahələrin siyahısı

 

1.

Torpaq və bitki örtüyünün etalon poliqonlar vasitəsilə spektral təsnifatlaşdırılması

2.

Torpaq resurslarının deqradasiya prosesləri (eroziya, şoranlaşma, bataqlıqlaşma, səhralaşma və s.)

3.

Suvarma problemləri

4.

Kənd təsərrüfatı məhsuldarlığının ölçülməsi və proqnozlaşdırılması

5.

Su hövzələrinin dəyişməsi

6.

İşğal olunmuş ərazilər (öyrənilməsi, ziyanların ölçülməsi, resursların talanması, qeyri-qanuni məskunlaşma, risklərin qiymətləndirilməsi)

7.

Hasilat sənayesi, infrastruktur və şəhərsalma baxımından maraq kəsb edən Yer səthinin deformasiyası üzrə tədqiqatlar

8.

Şəhərsalma və planlaşdırma

9.

Əhalinin içməli su problemləri

10.

Şəhərsalmanın ətraf mühitə təsiri

11.

Xəzər dənizinin səviyyəsinin və sahil xəttinin dəyişməsi

12.

Xəzər dənizinin çirklənmə səviyyəsinin öyrənilməsi

13.

Azərbaycan Respublikasında yeni turist marşrutlarının müəyyən edilməsi

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1185)

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1185) ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin  1.9.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “Alternativ və bərpa” sözləri “Bərpa” sözü ilə və 1.10.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1185) ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 1.9.5-ci yarımbəndin “İcraçı orqanlar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə əvəz edilmişdir.

 

[3] 22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1185) ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 1.10.1-ci, 1.10.2-ci yarımbəndlərin, 6.1-ci, 6.2-ci bəndlərin və 7.2.1-ci, 7.2.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütunundan “ABOEMDA,” akronimi çıxarılmışdır.

 

[4] 22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1185) ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin “Akronimlər” hissəsindən “ABOEMDA – Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status