1851100014 - “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə
AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
16.11.2018
QEYDİYYAT NÖMRƏSİ
1851100014
ADI
“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.05.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201811160014
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.11.2018
“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

16.11.2018

Qeydiyyat nömrəsi

1851100014

Adı

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

29.05.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201811160014

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

28.11.2018

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A A L I R:

 

1. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

İbrahim Alışov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1851100014

 

“16” noyabr 2018-ci il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

______________________

İbrahim Alışov

 

Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması

 

Qaydaları

 

1. Ümumi müddəalar

 

Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 34.2.12-ci maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra - banklar) aktivlərin təsnifləşdirilməsi və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydalarını müəyyən edir.

 

2. Anlayışlar

 

2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. aktivlər - bank tərəfindən verilən kreditlər, geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər, bank tərəfindən qabaqcadan ödənilmiş vəsait, bank işində istifadə olunmayan aktivlər, hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları və balansdankənar öhdəliklər;

2.0.2. qalıq məbləğ - kreditin əsas məbləğinin ödənilməmiş hissəsi. Kredit olmayan aktivin qalıq məbləği onun balans dəyəridir;

2.0.3. ümumi məbləğ - aktivin qalıq məbləği və həmin qalıq üzrə hesablanmış faizlər, komisyon haqları, dəbbə pulu və digər ödənilməmiş məbləğlərin cəmi;

2.0.4. bazar qiyməti - malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti;

2.0.5. likvid bazar - yetərli sayda alqı-satqı təkliflərinin mövcud olduğu, habelə satışın məqbul müddət ərzində və bazar qiyməti ilə həyata keçirilməsinin mümkün olduğu bazar;

2.0.6. xalis bazar qiyməti - aktivin bazar qiyməti ilə onun satışı ilə bağlı bütün xərclərin fərqi;

2.0.7. istehlak krediti - sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit;

2.0.8. biznes krediti - hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sahibkarlıq məqsədilə verilən kredit;

2.0.9. restrukturizasiya olunmuş aktiv - borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyi. Müqavilədə borcalanın maliyyə çətinliyinin yarandığı halda fərqli ödəniş qrafiki nəzərdə tutulduqda və bu hal baş verdikdə həmin aktiv restrukturizasiya olunmuş aktiv hesab edilir. Müqavilə şərtlərinin dəyişdirilməsi dedikdə aşağıdakılar nəzərdə tutulur:

2.0.9.1. faiz dərəcəsinin azaldılması;

2.0.9.2. əsas məbləğin və ya ona hesablanmış faizlərin azaldılması;

2.0.9.3. aktivin ödəniş müddətinin uzadılması;

2.0.9.4. yeni və ya əlavə güzəşt müddətinin (müəyyən olunmuş müddətdə ödənişlərin aparılmaması və ya yalnız faiz ödənişlərinin aparılması) verilməsi;

2.0.9.5. əsas məbləğin və faizlərin ödəniş qrafikinin dəyişdirilməsi;

2.0.9.6. təminatın girov öhdəliyindən çıxarılması və ya daha aşağı dəyərdə təminat ilə əvəzlənməsi;

2.0.9.7. bu Qaydaların 2.0.9.1-2.0.9.6-cı yarımbəndlərində göstərilənlərdən başqa bank tərəfindən müştəriyə mövcud müqavilə şərtlərindən daha əlverişli hüquq və üstünlüklərin təqdim edilməsi.

2.0.10. vaxtı keçmiş kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə və ya ödəniş qrafikində göstərilən tarixdən 30 (otuz) təqvim günündən artıq gecikdirilmiş kreditin qalıq məbləği;

2.0.11. təminat – borcalan və ya üçüncü şəxs tərəfindən öhdəliklərin icrasının təmin edilməsi məqsədilə girov, ipoteka və digər təminat növləri kimi yerləşdirilmiş aktiv;

2.0.12. xüsusi ehtiyatlar (bundan sonra - ehtiyatlar) - aktivlər üzrə gözlənilən zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlər;

2.0.13. banklararası tələblər - bank tərəfindən digər bankda yerləşdirilmiş depozitlər, müxbir hesab qalıqları və verilmiş kreditlər;

2.0.14. birgə borcalan qrupu - müqaviləyə əsasən qrupun hər bir üzvünün aldığı kreditin qaytarılmasına qarşılıqlı zamin kimi çıxış etdiyi şəxslər;

2.0.15. borcun gəlirlərə nisbəti (BGN əmsalı) – istehlak kreditləri üzrə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalı (birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbəti);

2.0.16. borc yükü –kredit bürolarının məlumatları əsasında borcalanın kredit təşkilatlarından aldığı kreditlər (o cümlədən, kredit xətləri) üzrə icra olunmamış öhdəlikləri və onun zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər (o cümlədən, kredit xətləri) üzrə qrafiklə müəyyən olunmuş aylıq ödənişlərin ümumi məbləği, habelə onun lizinq müqavilələri və digər borc öhdəlikləri üzrə aylıq ödənişlərin ümumi məbləği;

2.0.17. aylıq ödəniş – kredit müqaviləsində kreditin qaytarılması üzrə ödəniş qrafiki ilə nəzərdə tutulmuş aylıq ödəniş (kredit xətləri və kredit müqaviləsində aylıq ödənişi nəzərdə tutulmayan kreditlər üzrə aylıq ödəniş onun ümumi məbləği və müqavilənin bitməsinə qalan müddət əsasında annuitet qaydası ilə hesablanır);

2.0.18. borcalanın gəlirləri – fiziki şəxs olan borcalanın müvafiq sənədlərlə (əmək haqqı barədə iş yerindən arayış, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə orqanları tərəfindən borcalana pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, borcalanın mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya ölkədaxili sabit gəlirlərini təsdiq edən hesabdan çıxarışlar) təsdiq olunmuş ən azı son 6 (altı) ay üzrə aylıq gəlirləri. Borcalanın gəlirlərini təsdiq edən sənədlərdə aylıq gəlir əvəzinə digər dövrü gəlirlər göstərildikdə həmin gəlirlər dövr ərzindəki ayların sayına bölünməklə aylıq gəlir hesablanır;

2.0.19. hedcləşdirilməmiş borcalan – xarici valyutada hər hansı formada pul öhdəliyindən yaranan və ya yarana biləcək məzənnə riskinə həssas olan (gəliri eyni xarici valyutada olmayan) borcalan;

2.0.20. məqbul təminat – bu Qaydaların məqsədləri üçün aşağıdakı təminat növləri daxil edilir:

2.0.20.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın qarantiyası;

2.0.20.2. banka girov qoyulmuş Azərbaycan Respublikasının milli valyutası, bank metalları və ya beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum investisiya reytinqinə malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (bundan sonra – İƏİT) ölkələrinin valyutası;

2.0.20.3. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızlar;

2.0.20.4. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

2.0.20.5. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik İƏİT ölkələrinin hökumətləri və mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

2.0.20.6. İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan banklar tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

2.0.20.7. İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik maliyyə təşkilatları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar.

2.0.21. çoxtərəfli inkişaf bankları – iki və daha artıq ölkə tərəfindən iqtisadi inkişafın dəstəklənməsi məqsədilə təsis edilmiş beynəlxalq maliyyə təşkilatı;

2.0.22. təminatlı aktiv - təminatı məqbul təminat olduqda onun bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 (yüz) faizindən, təminat məqbul təminat olmadıqda isə 150 (yüz əlli) faizindən az olmayan aktiv;

2.0.23. təminatsız aktiv - təminatı məqbul təminat olduqda onun bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 (yüz) faizindən, təminat məqbul təminat olmadıqda isə 150 (yüz əlli) faizindən az olan və ya təminatı beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik olmayan rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar olan aktiv.

 

3. Aktivlərin təsnifləşdirilməsi

 

3.1. Bankda aktivlərin təsnifləşdirilməsi və onlar üzrə ehtiyatların yaradılması bu Qaydalara və bankın daxili qaydalarına əsasən həyata keçirilir. Daxili qaydalarda aktivlərin təsnifləşdirilməsinin tənzimlənməsi, uçotda əks etdirilməsi, o cümlədən aktivlərin keyfiyyətinin təhlili meyarları və nəzarət prosedurları, həmçinin ümidsiz aktivlərin balansdan silinməsi qaydaları müəyyən olunur.

3.2. Təsnifləşdirilmə maraqlar münaqişəsinə yol verməmək prinsipi əsasında bankın daxili qaydaları ilə müəyyən olunmuş struktur bölmə tərəfindən həyata keçirilir.

3.3. Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.

3.4. Aktivlərin təsnifləşdirilməsi gecikmə müddəti və keyfiyyət meyarları üzrə ayrılıqda həyata keçirilir. İki təsnifləşdirmə nəticəsində aktiv üzrə təsnifat kateqoriyaları biri-birindən fərqli olduqda, aşağı olan təsnifat kateqoriyası əsas götürülür. Qənaətbəxş aktivlər ən yüksək, ümidsiz aktivlər isə ən aşağı təsnifat kateqoriyasıdır.

3.5. Aktivlərin gecikmə günlərinə görə təsnifləşdirilməsi:

3.5.1. bu Qaydalarda ayrı hal nəzərdə tutulmadıqda gecikmə müddətinə görə aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur:

 

Təsnifat

kateqoriyası

 

 Aktivin növü

 

Qənaətbəxş

Nəzarət

altında olan

Qeyri-

qənaətbəxş

Təhlükəli

Ümidsiz

Təminatlı aktiv

 

0-30 gün

31-90 gün

91- 240 gün

241-360 gün

360 gündən artıq

Təminatsız aktiv

 

0-30 gün

31-90 gün

91-180 gün

181-270 gün

270 gündən artıq

 

3.5.2. aktivin təminatının bazar qiyməti təminat məqbul təminat olduqda aktivin ümumi məbləğinin 100 (yüz) faizindən, təminat məqbul təminat olmadıqda isə aktivin ümumi məbləğinin 150 (yüz əlli) faizindən aşağı düşdükdə, təminatlı aktivlər təminatsız aktivlər üzrə müəyyən edilmiş gecikmə günləri üzrə təsnifləşdirilir;

3.5.3. aktivin gecikmə müddəti (əsas məbləği və ya faiz borcları üzrə) müvafiq müqavilədə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır.

3.6. Aktivlərin keyfiyyət meyarlarına görə təsnifləşdirilməsi aşağıda müəyyən edilən meyarlar əsasında həyata keçirilir. Hər bir təsnifat kateqoriyası üçün müəyyən edilmiş meyarlardan (hallardan) biri və ya bir neçəsinin aşkarlanması aktivin həmin təsnifat kateqoriyasına aid edilməsi üçün əsas verir. Eyni aktiv üzrə fərqli təsnifat kateqoriyalarına aid hallar aşkarlandıqda daha aşağı təsnifat kateqoriyası əsas götürülür.

3.6.1. qənaətbəxş aktivlər üzrə meyarlar:

3.6.1.1. əsas məbləğ və faiz ödənişləri borcalanın pul gəlirlərinə və maliyyə vəziyyətinə tam uyğun olduqda.

3.6.2. nəzarət altında olan aktivlər üzrə meyarlar:

3.6.2.1. aktivin yerləşdirilməsindən sonra borcalanın fəaliyyət sahəsində onun maliyyə vəziyyəti ilə bağlı potensial risk yaradan hallar müşahidə edildikdə;

3.6.2.2. müqavilə ilə müəyyən edilən dövri hesabatlar (məsələn, balans hesabatı, gəlir və xərc hesabatı və s.) təqdim olunmadıqda;

3.6.2.3. hedcləşdirilməmiş borcalana xarici valyutada kredit verildikdə.

3.6.3. qeyri-qənaətbəxş aktivlər üzrə meyarlar:

3.6.3.1. iqtisadi şəraitin dəyişməsi (ümumi daxili məhsulun real artım tempinin neqativ zonaya keçməsi, habelə inflyasiyanın Mərkəzi Bankın hədəflənmiş həddindən yüksək olması və ya işsizliyin ötən ilin müvafiq dövrünün göstəricisindən iyirmi faizdən çox artımı) nəticəsində borcalanın ödəmə qabiliyyətində neqativ hallar (son 6 ayda 2 dəfə 30 gündən artıq gecikmə müşahidə edildikdə) müşahidə edildikdə;

3.6.3.2. borcun ödənilməsi ilə bağlı əlavə ödəniş mənbələrinə (məsələn, əlavə təminat, əmlakın satışı, borcalan tərəfindən əlavə vəsaitlərin cəlb olunması və s.) zərurət yarandıqda;

3.6.3.3. kreditin təyinatı üzrə istifadə olunmasını təsdiq edən sənədlər təqdim edilmədikdə;

3.6.3.4. kredit müqaviləsi və ya kredit müqaviləsinin tərkib hissəsi olan biznes planında müəyyən edilmiş işlərin görülməsi qrafikində əhəmiyyətli gecikmələr olduqda;

3.6.3.5. bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun eyni bankda olan digər aktivlərindən biri və ya bir neçəsi qeyri-standart aktiv kimi təsnifləşdirildikdə. Bu meyar bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun qeyri-standart aktivlərinin cəminin onun(ların) ümumi öhdəliklərinin ən azı 20 (iyirmi) faizini təşkil etdikdə tətbiq olunur;

3.6.3.6. borcalanın aid olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupuna daxil olan mühüm iştirak payına malik olan şirkətlərdən biri müflis olduqda;

3.6.3.7. borcalanın zərərlə fəaliyyət göstərməsi 1 (bir) ildən artıq davam etdikdə;

3.6.3.8. müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 gündən çox olduqda (bu Qaydaların 11.2-ci bəndində nəzərdə tutulmuş hal şamil edilmədən bu növ aktivlərə təsnifat dərəcəsinə müvafiq ehtiyat yaradılır).

3.6.4. təhlükəli aktivlər üzrə meyarlar:

3.6.4.1. borcalanın iflas prosesinə başlanıldıqda;

3.6.4.2. kredit dosyelərində kreditin qiymətləndirilməsi ilə bağlı sənədlər mövcud olmadıqda.

3.6.5. ümidsiz aktivlər üzrə meyarlar:

3.6.5.1. borcalan müflis elan olunduqda və ya sahibkarlıq fəaliyyətinə xitam verildikdə;

3.6.5.2. borcalan vəfat etdikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borcalanı tapmaq mümkün olmadıqda (“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda);

3.7. Keyfiyyət meyarlarının təhlili sənədləşdirilir. Bu zaman, bankların Müşahidə Şurası tərəfindən qəbul edilmiş daxili modellərin nəticələri, habelə monitorinq hesabatları üzrə əldə olunmuş nəticələr də təhlilin sənədləşməsinə aid edilir.

3.8. Aşağıdakı şərtlərin hamısı təmin edildikdə qeyri-standart aktivin təsnifat kateqoriyası nəzarət altında olan aktiv kateqoriyasınadək yaxşılaşdırıla bilər:

3.8.1. aktiv üzrə gecikdirilmiş əsas məbləğ və faiz borcları tam ödənildikdə (təminat hesabına ödəmələr istisna olmaqla);

3.8.2. borcalanın eyni bankda olan ümumi öhdəliklərinin 20%-dən çox hissəsini təşkil edən vaxtı keçmiş digər krediti olmadıqda;

3.8.3. borcalan üzrə keyfiyyət meyarları bu Qaydaların 3.6.2-ci yarımbəndində müəyyən edilən hədlərdən aşağı olmadıqda.

3.9. Qeyri-standart aktivin qənaətbəxş aktiv kimi təsnifləşdirilməsi üçün bu Qaydaların 3.8.1-ci və 3.8.2-ci yarımbəndlərində müəyyən edilən tələblərdən əlavə annuitet qrafiki üzrə ən azı 3 (üç) ardıcıl ödəniş tam və vaxtında aparılmalı, habelə bu Qaydaların 3.6.1-ci yarımbəndinin tələbləri təmin olunmalıdır. Bu zaman ödəniş qrafikindən 10 (on) gün müddətinə qədər kənarlaşma ilə aparılan ödənişlər vaxtında aparılan ödəniş kimi qəbul edilir.

 

4. Ehtiyatların yaradılması və ümidsiz aktivlərin silinməsi

 

4.1. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatlar iki kateqoriyaya bölünür:

4.1.1. bankın standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış adi ehtiyatlar;

4.1.2. bankın qeyri-standart aktivləri üzrə müəyyən edilmiş zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar.

4.2. Bu Qaydalarda ayrı hal nəzərdə tutulmadıqda təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri aşağıdakı cədvələ əsasən müəyyən edilir:

 

Təsnifat kateqoriyası

İstehlak kreditləri

Biznes kreditləri

Digər aktivlər (istehlak və biznes kreditləri istisna olmaqla)

Milli valyuta

Xarici valyuta

Milli valyuta

Xarici valyuta

Qənaətbəxş aktivlər

1%

2%

1%

2%

1%

Nəzarət altında olan aktivlər

5%

10%

2%

3%

2%

Qeyri-qənaətbəxş aktivlər

25%

25%

25%

25%

25%

Təhlükəli aktivlər

50%

50%

50%

50%

50%

Ümidsiz aktivlər

100%

100%

100%

100%

100%

 

4.3. Ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri hesabına yaradılır.

4.4. Aktiv üzrə əsas məbləğ və ya faiz borclarının ödənilməsi 90 (doxsan) gündən çox gecikdirildikdə hesablanmış faizlər üzrə 100% həcmində ehtiyat yaradılır.

4.5. Ehtiyatlar hər bir aktiv üzrə və ya aktivlər qrupuna xas olan risklər qiymətləndirilməklə həmin qrup üzrə (kreditlər, banklararası tələblər, qiymətli kağızlar, debitor borclar, digər aktivlər) yaradılır. Yaradılmış ehtiyatlardan həmin qrupa daxil olan bütün aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün istifadə edilir.

4.6. Ümidsiz aktiv, həmin aktiv üzrə yaradılmış ehtiyat məbləğində balansdan silinir.

4.7. Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və ən azı 5 (beş) il ərzində bu hesablarda uçotu aparılır. Ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı bu Qaydaların 11-ci hissəsində müəyyən edilmiş güzəştlər balansdan silinmiş və sonradan balansa geri qaytarılmış aktivlərə şamil edilmir.

4.8. Mərkəzi Bankdakı və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş və İƏİT ölkələrində qeydə alınmış minimum investisiya reytinqinə malik banklardakı müxbir hesablar, habelə Mərkəzi Banka və İƏİT ölkələrində qeydə alınmış minimum “AA-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik banklara qarşı gecikməsi olmayan digər tələblər üzrə ehtiyat yaradılmır.

4.9. Yaradılmış ehtiyatlar aktivlərin keyfiyyətinə adekvat olması baxımından gecikmə günləri üzrə ən azı ayda bir dəfə ayın son iş günündən gec olmayaraq təsnifləşdirilməni həyata keçirən struktur bölmə tərəfindən qiymətləndirilir. Keyfiyyət meyarları üzrə qiymətləndirmə bu Qaydalarda ayrı hal nəzərdə tutulmadıqda eyni bankda ümumi qalıq borcu I dərəcəli kapitalın 3 (üç) faizindən yuxarı olan borcalanlar üzrə ən azı 6 (altı) aydan bir, digər borcalanlar üzrə isə ən azı ildə bir dəfə aparılır.

4.10. Prudensial hesabatlıq məqsədləri üçün aşağıdakılar nəzərə alınır:

4.10.1. aylıq qiymətləndirilmə zamanı aktivlərin keyfiyyətinin yaxşılaşması müəyyən edildikdə artıq yaradılmış ehtiyatlar, həmçinin əvvəllər balansdan silinmiş aktivlərin ödənilməsi üçün sonradan banka daxil olan vəsait müvafiq xərc hesabının azaldılmasına yönəldilir, xərc hesabında qalıq olmadıqda isə gəlirlərə aid edilir;

4.10.2. hər hansı aktiv üçün yaradılan məqsədli ehtiyatın məbləği həmin aktivin məbləğindən çıxılır. Aktiv üçün yaradılan adi ehtiyatın məbləği isə hesabatlarda ayrıca maddə kimi “Kapital” hesablarında əks etdirilir;

4.10.3. ehtiyatlar hesabında debet qalığının yaranmasına yol verilmir. Ehtiyatlar hesabına silinəcək aktivlərin məbləği hesabın qalığından çox olduqda tələb olunan məbləğ əməliyyat günü ərzində xərclər hesabına yaradılır. Ehtiyatlar “bölüşdürülməmiş mənfəət”, yaxud kapitala aid olan digər maddələr hesabına yaradıla bilməz.

 

5. İstehlak kreditlərinin təsnifləşdirilməsi

 

5.1. İstehlak kreditlərinin təsnifləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

Təsnifat kateqoriyası

 

Qənaətbəxş

Nəzarət

altında olan

Qeyri-

qənaətbəxş

Təhlükəli

Ümidsiz

Gecikmə günləri

0-30 gün

31-90 gün

91- 120 gün

121 - 150 gün

150 gündən artıq

5.2. Aşağıdakı hallarda istehlak kreditləri yerləşdirildiyi anda qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir:

5.2.1. borcalanın son 6 (altı) ay ərzində vaxtı keçmiş krediti olduqda;

5.2.2. borcalanın və ya birgə borcalanlar qrupu üzvlərinin gəlirlərinin cəmi və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən aşağı olduqda (bu Qaydalara 1 saylı Əlavədə müəyyən edilmiş qaydada hesablanır);

5.2.3. həyatın yığım sığortası əsasında verilmiş kreditlər istisna olmaqla müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 gündən çox olduqda (bu Qaydaların 11.2-ci bəndində nəzərdə tutulmuş hal şamil edilmədən bu növ kreditlərə təsnifat dərəcəsinə müvafiq ehtiyat yaradılır);

5.2.4. aşağıdakı hallar istisna olmaqla, BGN əmsalı 45%-dən artıq olduqda (istehlak kreditləri üzrə BGN əmsalı bu Qaydalara 2 saylı Əlavədə göstərilən qaydada hesablanır):

5.2.4.1. xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə kreditin təminata olan nisbəti (bundan sonra – KTN əmsalı) 90%-dən çox olmadıqda;

5.2.4.2. milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda;

5.2.4.3. milli valyutada istehlak kreditləri üzrə təminat qismində banka girov (saxlanc) qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadıqda.

5.3. Bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun eyni bankda olan digər aktivlərindən biri və ya bir neçəsi qeyri-standart aktiv kimi təsnifləşdirildikdə istehlak krediti qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir. Bu tələb bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun qeyri-standart aktivlərinin cəmi onun(ların) ümumi öhdəliklərinin ən azı 20 (iyirmi) faizini təşkil etdikdə tətbiq olunur.

5.4. Borcalan vəfat etdikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borcalanı tapmaq mümkün olmadıqda (“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda) istehlak krediti ümidsiz aktiv kimi təsnifləşdirilir.

5.5. Eyni bankda ümumi qalıq borcu I dərəcəli kapitalın 1 (bir) faizindən yuxarı olan borcalanlar üzrə bu Qaydaların 3.6.1.1-ci, 3.6.2.1-ci, 3.6.3.1-ci, 3.6.3.2-ci, 3.6.3.4-cü və 3.6.5.1-ci yarımbəndləri ən azı ildə bir dəfə qiymətləndirilir və bu Qaydaların 3-cü hissəsində müəyyən olunmuş qaydada təsnifləşdirilir.

 

6. Restrukturizasiya olunmuş aktivlərin təsnifləşdirilməsi

 

6.1. Aktivin restrukturizasiyası anında onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası yaxşılaşdırıla bilməz.

6.2. Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması aşağıdakı qaydada həyata keçirilir:

6.2.1. müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər – altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda;

6.2.2. İstehlak kreditləri üzrə altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda maksimum qeyri-qənaətbəxş kateqoriyasınadək, on iki ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda maksimum nəzarət altında olan aktiv kateqoriyasınadək yaxşılaşdırıla bilər.

6.2.3. Banklararası tələblər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər – aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda.

6.3. Bu Qaydaların 6.1-ci və 6.2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla 23 fevral 2015-ci il tarixinədək restrukturizasiya olunmuş aktivlərin təsnifat kateqoriyası maksimum qeyri-qənaətbəxş təsnifat kateqoriyasınadək, 23 fevral 2015-ci ildən sonra restrukturizasiya olunmuş aktivlərin kateqoriyası isə maksimum nəzarət altında olan təsnifat kateqoriyasınadək yaxşılaşdırıla bilər.

6.4. Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyası müəyyən edilərkən bu Qaydaların 6.2-ci və 6.3-cü bəndlərinin tələbləri ilə yanaşı aktivin keyfiyyət meyarları da nəzərə alınmalıdır.

 

7. Banklararası tələblərin təsnifləşdirilməsi

 

7.1. Banklararası tələblər aşağıdakı qaydada təsnifləşdirilir:

Təsnifat kateqoriyası

 

Qənaətbəxş

Nəzarət

altında olan

Qeyri-

qənaətbəxş

Təhlükəli

Ümidsiz

Gecikmə günləri

gecikməsi olmayan

1-7 gün

8-30 gün

31-60 gün

60 gündən artıq

7.2. Bank lisenziyası məcburi ləğv edildikdə və ya bankın iflası ilə bağlı Qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsinə başlandıqda banklararası tələblər ümidsiz aktivlər kateqoriyasına aid edilir.

 

8. Qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşunun təsnifləşdirilməsi

 

8.1. Qiymətli kağızlar (ödənilməmiş borclar müqabilində balansa götürülmüş qiymətli kağızlar istisna olmaqla) təsnifləşdirmə məqsədləri üçün yüksək, orta və aşağı keyfiyyətli qiymətli kağızlar qruplarına bölünür.

8.2. Bu Qaydaların məqsədləri üçün yüksək keyfiyyətli qiymətli kağızlara Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızlar, habelə İƏİT ölkələrində buraxılmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik qiymətli kağızlar aiddir.

8.3. Yüksək keyfiyyətli qiymətli kağızlara investisiya qoyuluşu aparıldıqda onlar üçün ehtiyat yaradılmır.

8.4. Orta keyfiyyətli qiymətli kağızlara aşağıdakılar aiddir:

8.4.1. Bakı Fond Birjası tərəfindən birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilmiş və ya gündəlik qiyməti müəyyən olunan qiymətli kağızlar;

8.4.2. yüksək keyfiyyətli qiymətli kağızlara aid edilməyən və İƏİT ölkələrində buraxılmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik qiymətli kağızlar;

8.4.3. heç bir reytinq almamış, lakin bankda emitentin maliyyə vəziyyəti barədə kifayət qədər məlumat olan qiymətli kağızları.

8.5. Orta keyfiyyətli qiymətli kağızlara investisiya qoyuluşu aparıldıqda onlar bu Qaydaların 3-cü hissəsində müəyyən olunmuş qaydada təsnifləşdirilir.

8.6. Aşağı keyfiyyətli qiymətli kağızlara beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya reytinqindən aşağı reytinqlə qiymətləndirilmiş qiymətli kağızlar, yaxud heç bir reytinq almamış və bankda emitentin maliyyə vəziyyəti barədə kifayət qədər məlumat olmayan qiymətli kağızlar aid edilir.

8.7. Aşağı keyfiyyətli qiymətli kağızların balans dəyərinin onların bazar qiymətindən çox olmayan hissəsi ən azı qeyri-qənaətbəxş aktivlər kimi, bazar qiymətindən çox olan hissəsi isə ümidsiz aktivlər kimi təsnifləşdirilir.

8.8. Gündəlik əsasda bankın məcmu gəlir haqqında hesabatında (mənfəət və zərərlər haqqında hesabat) nəzərə alınan qiymətli kağızlar üzrə ehtiyat yaradılmır.

8.9. Hüquqi şəxslərin kapitalında iştirak payı bu Qaydaların 3.6-cı bəndində müəyyən edilmiş aidiyyəti keyfiyyət meyarlarına əsasən təsnifləşdirilir. Qənaətbəxş aktiv kimi təsnifləşdirilmiş bu növ aktivlər üzrə ehtiyat yaradılmır. Hüquqi şəxsin fəaliyyəti dayandırıldıqda və ya onun fəaliyyətinə xitam verildikdə iştirak payı ümidsiz aktivlər kateqoriyasına aid edilir.

 

9. Bank işində istifadə olunmayan aktivlərin (əmlakın) təsnifləşdirilməsi

 

9.1. Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş və bank işində istifadə olunmayan daşınmaz əmlak balansa götürüldüyü tarixdən aşağıdakı kimi təsnifləşdirilir və onun üçün müvafiq ehtiyatlar yaradılır:

9.1.1. daşınmaz əmlakın bazar qiyməti onun balans dəyərindən çox olduqda o, balans dəyəri məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir;

9.1.2. daşınmaz əmlakın bazar qiyməti balans dəyərindən az olduqda o, bazar qiyməti məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi, fərq isə ümidsiz aktiv kimi təsnifləşdirilir.

9.2. Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınmaz əmlak, habelə əvvəllər istifadə etdiyi əsas vəsaitlər istifadə olunmadığı andan 2 (iki) ildən artıq balansda saxlanıla bilməz. Müddət başa çatdıqdan sonra həmin daşınmaz əmlak balansdan silinir və balansdankənar hesabda uçota alınır.

9.3. Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınar əmlak, o cümlədən qiymətli kağızlar, habelə bank işində istifadə olunmayan daşınar əmlak balansa götürüldüyü tarixdən aşağıdakı kimi təsnifləşdirilir və onun üçün müvafiq ehtiyatlar yaradılır:

9.3.1. daşınar əmlakın bazar qiyməti balans dəyərindən çox olduqda o, 60 gün ərzində balans dəyəri məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir;

9.3.2. daşınar əmlakın bazar qiyməti balans dəyərindən az olduqda o, 60 gün ərzində bazar qiyməti məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi, fərq isə ümidsiz aktiv kimi təsnifləşdirilir;

9.3.3. 60 günlük müddət başa çatdıqdan sonra daşınar əmlak ən azı təhlükəli aktiv kimi təsnifləşdirilir;

9.3.4. 120 günlük müddət başa çatdıqdan sonra daşınar əmlak ümidsiz aktivlər kimi təsnifləşdirilərək balansdan silinir və balansdankənar hesabda uçota alınır.

 

10. Balansdankənar öhdəliklərin təsnifləşdirilməsi

 

10.1. Balansdankənar öhdəliklər təsnifləşdirilmə məqsədləri üçün iki qrupa bölünür:

10.1.1. birinci qrup - müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verir;

10.1.2. ikinci qrup - öhdəliyin icrası şərtsiz olaraq həyata keçirilir.

10.2. Balansdankənar öhdəliklərin təsnifləşdirilməsi balans aktivləri üzrə bu Qaydalarla müəyyən olunmuş qaydada aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:

10.2.1. birinci qrup balansdankənar öhdəliklər - balansdankənar öhdəliyin balans hesablarına keçirildiyi andan;

10.2.2. ikinci qrup balansdankənar öhdəliklər - balansdankənar öhdəliyin yarandığı tarixdən;

10.2.3. bank tərəfindən verilən qarantiya (zaminlik) və akkreditivlər balans hesablarına keçirildiyi andan ən azı nəzarət altında olan aktivlər kimi təsnifləşdirilir.

 

11. Aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın rolu

 

11.1. Aktivlər üzrə ehtiyatların yaradılmasında nəzərə alınması məqsədilə aktivlər üzrə təminatlar 5 (beş) qrupa bölünür:

11.1.1. birinci qrup təminatlar:

11.1.1.1. borcalanın depozit hesabındakı milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri aktivə bərabər hissədə bank tərəfindən bloklaşdırıldıqda və müqaviləyə görə bankın bu vəsaitin hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə hüququ olduqda (borcalanın aktiv üzrə ödənişi 30 (otuz) gündən çox gecikdirildikdə depozit hesabına kreditin ödənişi aparılmırsa həmin aktiv bu Qaydaların müvafiq bəndlərinə uyğun qaydada təsnifləşdirilir və ehtiyat yaradılır);

11.1.1.2. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın qarantiyası (zaminliyi);

11.1.1.3. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızları və zəmanəti;

11.1.1.4. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

11.1.1.5. banka girov qoyulmuş (saxlanc) bank metalları;

11.1.1.6. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

11.1.1.7. İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik banklar tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar.

11.1.2. ikinci qrup təminatlar:

11.1.2.1. banka girov qoyulmuş (saxlanc) qiymətli metallar (bank metalları istisna olmaqla);

11.1.2.2. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən verilmiş qarantiyalar (zaminlik);

11.1.2.3. birinci qrup təminatlara aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

11.1.2.4. birinci qrup təminatlara aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

11.1.2.5. birinci qrup təminatlara aid edilməyən və İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar;

11.1.2.6. Bakı Fond Birjasında alınıb-satılan və ya İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik şirkətlərin buraxdığı qiymətli kağızlar;

11.1.3. üçüncü qrup təminatlar:

11.1.3.1. daşınmaz əmlak.

11.1.4. dördüncü qrup təminatlar:

11.1.4.1. avtomobil nəqliyyatı vasitələri.

11.1.5. beşinci qrup təminatlar:

11.1.5.1. əvvəlki qruplara daxil olmayan digər təminatlar.

11.2. Aktivin təminatı qismində birinci qrup təminat növləri çıxış etdikdə aktivin qeyd-şərtsiz təmin olunmuş hissəsi üzrə ehtiyat yaradılmır.

11.3. İkinci, üçüncü və dördüncü qrup təminatlar yalnız ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı nəzərə alınır. Bu zaman təminatın xalis bazar qiyməti aşağıdakı şərtlər daxilində nəzərə alır:

11.3.1. hesablamada nəzərə alınan xalis bazar qiyməti aktivin ümumi məbləğindən artıq olmamalıdır;

11.3.2. bankın təminat üzərində hüquqları qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməlidir;

11.3.3. təminatın müddəti təmin etdiyi öhdəliyin müddətindən az olmamalıdır;

11.3.4. təminatın satışı üçün likvid bazar olmalıdır;

11.3.5. təminatın dəyəri yenidən qiymətləndirilməlidir;

11.3.6. təminatın bazar qiyməti müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilməlidir.

11.4. Bu Qaydaların 11.3-cü bəndində müəyyən edilmiş şərtlər təmin edildikdə ümidsiz aktivlər üzrə ehtiyatlar aşağıdakı qaydada hesablanır:

 

E = A –Lx i

 

burada: E - ehtiyatın məbləği, A - aktivin ümumi məbləği, L - təminatın nəzərə alınan xalis bazar qiyməti, i – təminatın likvid dəyərinin hesablanması üçün təminat qrupuna uyğun əmsaldır.

11.5. Təminatın likvid dəyərinin hesablanması üçün təminat qrupları üzrə əmsallar aşağıdakı kimidir:

11.5.1. ikinci qrup üzrə - xalis bazar qiymətinin 40%-i;

11.5.2. üçüncü qrup üzrə - xalis bazar qiymətinin 30%-i;

11.5.3. dördüncü qrup üzrə - xalis bazar qiymətinin 20%-i;

11.5.4. beşinci qrup təminatlar ehtiyatların yaradılmasında nəzərə alınmır.

11.6. Təminatın reallaşdırılması aktiv ümidsiz aktiv kateqoriyasına daxil edildikdən sonrakı 3 (üç) il ərzində tamamlanmadıqda həmin aktivlər üzrə 100% həcmində ehtiyat yaradılır.

 

12. Yekun müddəalar

 

Bu Qaydalar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən altı ay sonra qüvvəyə minir.

 


 

 

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na Əlavə 1

 

Borcalanın və ya birgə borcalanlar qrupu üzvlərinin gəlirləri və borc yükü arasında fərqin hesablanması qaydası

 

 

Burada,

 

– borcalanın vergidən sonra xalis gəliri,

– borcalanın borc yükü,

– yeni kredit üzrə aylıq ödəniş,

 (=1,2,...) – birgə borcalanların sayı,

– müvafiq il üzrə Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilən ölkə üzrə yaşayış minimumu göstəricisi.

 


 

 

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na Əlavə 2

 

BGN əmsalının hesablanma düsturu

 

Burada,

BGN – borcun gəlirlərə nisbəti,

D – borcalanın borc yükü,

PMT – yeni kredit üzrə aylıq ödəniş,

I – borcalanın vergidən sonra xalis gəliri,

n (n=1,2,...) – birgə borcalanlar qrupu üzvlərinin sayı.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status