×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.12.2018
QEYDİYYAT NÖMRƏSİ
400
ADI
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-12-2018, Nəşr Nömrəsi: 283), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2557)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.080.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201812140400
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.12.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə qərara alıram:

1. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyət “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;

3.2. bu Fərmanın 6-cı hissəsində nəzərdə tutulan müddət ərzində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

3.3. Cəmiyyət ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir; [1]

3.4. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir;

3.5. Cəmiyyətin İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edir.

4. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

4.1.2. Cəmiyyətin icra orqanının yaradılması;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

4.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə:

4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin balansında olan dövlət əmlakının inventarizasiyasını və qiymətləndirilməsini apararaq, həmin dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı iki ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.5. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsini iki ay müddətində təsdiq etsin;

5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.

7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 dekabr 2018-ci il

                       № 400


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 03 sentyabr 2021-ci il tarixli 1438 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 04 sentyabr 2021-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 978)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 03 sentyabr 2021-ci il tarixli 1438 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 04 sentyabr 2021-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 978) ilə 3.3-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.3. Cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir;

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status