AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
27.11.2018
QEYDİYYAT NÖMRƏSİ
1338-VQD
ADI
“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-12-2018, Nəşr nömrəsi: 286), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2482)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.12.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.120.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201811271338
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.12.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1515) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.1-ci maddəsində “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri “bu Qanunun 10.1-1-ci maddəsində” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 10.1-1-ci və 10.3-cü maddələr əlavə edilsin:

“10.1-1. Deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.”;

“10.3. Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və bu Qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.”.

3. 11-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“11.1. Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.

11.2. Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməli və İntizam komissiyasının rəyini öyrənməlidir. Deputat, Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməkdən və ya səsvermədə iştirak etməkdən çəkinməlidir. Deputat maraqlar toqquşmasının həlli zamanı ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Milli Məclisin İntizam komissiyasının maraqlar toqquşması barədə rəyi Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

11.3. Bu Qanunun 11.2-ci maddəsində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müəyyən edilən tələblərdən asılı olmayaraq, deputat Milli Məclisin, onun komitə və komissiyasının iclası və ya ictimai müzakirə zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək marağını açıqlamalı, bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir. Deputatın maraqlar toqquşması ilə bağlı açıqlaması Milli Məclisin iclaslarının stenoqramına daxil edilir və Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

11.4. Deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüşü, həmin görüşün mövzusunu və bununla bağlı onun tərəfindən göstərilən dəstək barədə məlumatları ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanılır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

Qeyd: Bu maddədə “maraqlar toqquşması” dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və ya yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafeyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.”.

4. 12-ci maddədən “şəxsi” sözü çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 noyabr 2018-ci il

№ 1338-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status