×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
31.05.1996
QEYDİYYAT NÖMRƏSİ
113-IQ
ADI
Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 12-07-1996, Nəşr nömrəsi: 132), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1997, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 140)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.07.1996
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında

Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında [1]

 

Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri sahiblərinin üçüncü şəxs qarşısında mülki məsuliyyətinin sığortası (bundan sonra sığorta adlandırılacaq) sahəsində münasibətləri tənzimləyir, sığorta müqaviləsinin bağlanması, sığorta haqlarının və ödənişlərinin verilməsi qaydasını müəyyən edir.

Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası məcburidir.

Maddə 1.     Sığortanın məqsədi

Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əhalinin sosial müdafiəsinə əlavə təminat verilməsi, mühərrikli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına, habelə vətəndaşların səhhətinə vurulan zərərlərin vaxtında ödənilməsi məqsədilə aparılan sığortadır.

Maddə 2.      Sığortaçılar

Sığortaçı sığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lisenziyaya malik olan, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir. [2]

 

Maddə 3. Sığortalı və sığorta olunan

1. Sığortalı sığorta müqaviləsi üzrə sığorta haqqı ödəyən, həmin müqavilədə göstərilən nəqliyyat vasitəsinin istismarı ilə bağlı mülki məsuliyyətin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.

2. Sığorta olunan müvafiq icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu qanuna uyğun olaraq sığortalanmış nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən, üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış şəxsdir.

3. Bu Qanunun məqsədləri üçün nəqliyyat vasitəsinin sahibi mülkiyyətində nəqliyyat vasitəsi olan, yaxud nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxs hesab olunur. Nəqliyyat vasitəsinin sahibi sığortaçını seçməkdə sərbəstdir. [3]

Maddə 4. Nəqliyyat vasitəsi

Bu Qanuna görə sığorta məqsədilə nəqliyyat vasitələrinə mühərrikin silindrinin həcmi 50 kub sm-dən artıq olan hər hansı minik və yük avtomobilləri, mikroavtobuslar, avtobus, troleybus və tramvaylar, motosiklet və motorollerlər, traktorlar və yol-tikinti maşınları aid edilir.

Maddə 5. Üçüncü şəxslər

1.   Aşağıdakılardan başqa (bu maddənin 2-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla) bu Qanuna görə sığorta və daşıma müqaviləsi üzrə tərəf hesab olunmayan, yol-nəqliyyat hadisəsi nəticəsində bütün zərər çəkən hüquqi və fiziki şəxslər, habelə onların  vərəsələri (hüquqi varisləri) üçüncü şəxslər sayılırlar:

zərər vuran nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü;

öz ailə üzvlərinin (həyat yoldaşı, valideynləri, övladları, nəvələri) səhhətinə və ya əmlakına zərər vuran nəqliyyat vasitəsinin sahibinin, yaxud sürücüsünün həmin ailə üzvləri;

zərər vuran nəqliyyat vasitəsinin sahibinin xidməti vəzifəsini yerinə yetirən işçisi.

2.   Yol hərəkəti zamanı iki və daha artıq nəqliyyat vasitəsinin toqquşması nəticəsində zərər çəkənlərdən hər biri digəri qarşısında üçüncü şəxs sayılır.

Maddə 6.      Nəqliyyat vasitəsi sahibinin vəzifələri

1. Nəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan və ya üzərində faktiki sahibliyi həyata keçirdiyi, həmçinin digər qanuni əsaslarla istismar etdiyi nəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini icbari qaydada sığorta etdirməlidir.

Nəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətin bu Qanunla nəzərdə tutulmuş icbari qaydada sığortalanması təmin edilmişdirsə, həmin icbari sığortanın qüvvədə olduğu müddət ərzində nəqliyyat vasitəsinin sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunun 3-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq nəqliyyat vasitəsini faktiki istifadə edən şəxs sığorta olunan hesab edilir. [4]

Sığortası olan nəqliyyat vasitəsinin sahibi dəyişildiyi halda yeni sahib 15 gün müddətində sığorta müqaviləsini öz adına rəsmiləşdirməlidir. Bu halda sığorta şəhadətnaməsinin yeni sahibin adına rəsmiləşdirilməsi üçün (əvvəlki sığorta şəhadətnaməsində qeyd olunmuş sığorta müddəti üzrə) əlavə sığorta haqqının ödənilməsi tələb olunmur. [5]

2.   Azərbaycan Respublikasında qeydə alınmayan və yol hərəkətində iştirak edən xarici ölkələrin nəqliyyat vasitələrinin sahibləri respublikanın ərazisinə daxil olarkən etibarlı sayılan sığorta şəhadətnaməsini təqdim etmədikdə gömrük məntəqəsində sığorta olunmalıdırlar. Sığorta şəhadətnaməsi müvafiq sığortaçı ilə bağlanmış müqaviləyə uyğun olaraq və onun adından gömrük orqanları tərəfindən rəsmiləşdirilir. [6]

Maddə 7.     Sığorta hadisəsi

1.   Yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir.

2.   Paslanmadan çürümə, təbii fəlakətlər, hərbi əməliyyat, yaxud hərbi təlim, oğurlanma, müəssisə, idarə və təşkilatların daxili ərazisində hərəkət, yüklənmə və boşaltma, habelə yol-nəqliyyat hadisəsi ilə bağlı olmayan hər hansı digər hallar nəticəsində nəqliyyat vasitəsinə vurulan zərər bu Qanuna görə sığorta hadisəsi sayılmır.

Maddə 8.     Zərərin ödənilməsi

1.   Üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. [7]

2. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı sığorta hadisəsinin baş verməsində sürücünün təqsirinin dərəcəsindən asılı olmayaraq hər bir halda üçüncü şəxsə dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. [8]

Sığorta hadisəsi ilə əlaqədar itirilən gəlir bu Qanuna görə sığortaçı tərəfindən ödənilmir.

Sığortaçı eyni nəqliyyat vasitəsilə təkrar yol-nəqliyyat hadisələrinə görə sığorta məbləğinin ödənilməmiş hissəsi həddində məsuliyyət daşıyır.

Sığorta məbləği tam ödənildikdə sığorta müqaviləsi xitam olunmuş sayılır və nəqliyyat vasitəsinin sahibi sığorta haqqını ödəməklə yenidən sığorta müqaviləsi bağlamalıdır.

3.   Naməlum nəqliyyat vasitəsi ilə zərər vurulduqda Mərkəzi Sığorta Ehtiyatından yalnız səhhətə vurulan zərərə görə sığorta ödənişi verilir. [9]

4.   Faktiki zərərin məbləği sığorta ödənişindən artıq olduqda fərq yol-nəqliyyat hadisəsi iştirakçılarının təqsiri dərəcəsindən asılı olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsi sahibinin hesabına ödənilir. Bu halda üçüncü şəxsin nəqliyyat vasitəsinin sahibinə iddiası, sığorta ödənişinin verilməsinə baxmayaraq, fərq məbləği həddində təmin edilməmiş sayılır.

5.   Nəqliyyat vasitəsi sahibinin cinayət törətmək qəsdi ilə, habelə sığorta müqaviləsinin şərtlərini pozmaqla üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərər sığortaçı tərəfindən ödənildikdə o, sığorta ödənişinin məbləğini həmin nəqliyyat vasitəsinin sahibindən subroqasiya qaydasında alır. [10]

6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. [11]

7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.

8. Sığorta ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta şəhadətnaməsi sığortaçı tərəfindən geri alınır və sığortalının sığorta məbləğini qanunvericiliklə tələb olunan miqdarda bərpa etmək üçün, sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq əlavə sığorta haqqı ödəməsi şərti ilə ona əvvəlki sığorta şəhadətnaməsinin son qüvvədə olma tarixinədək müddətə qüvvədə olan yeni sığorta şəhadətnaməsi verilir. [12]

Maddə 9.     Sığorta ödənişi verməkdən imtina edilən əsaslar

1. Bu Qanunla müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı aşağıdakı hallarda da sığorta ödənişi verilmir:

sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;

sığorta tələbi sığortalının və ya sığorta olunanın sahibliyində, istifadəsində və ya sərəncamında olan əmlaka dəymiş zərərlə bağlı olduqda;

sığorta tələbi mənəvi zərər, yaxud gəlir itkisi ilə, habelə sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, penya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda. [13]

2.   Sığortaçı aşağıdakı hallarda üçüncü şəxsin əmlakına və səhhətinə vurulan zərəri ona ödəməkdən imtina edir:

üçüncü şəxs özünün qəsdən edilmiş hərəkəti nəticəsində zərər çəkdikdə;

üçüncü şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduqda (bu hal yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə şamil edilir);

üçüncü şəxs yol hərəkəti qaydalarını pozmaqla yol təmiri işləri gördükdə, mal-qaranı və ev quşlarını sürdükdə, yaxud onları yolda baxımsız qoyduqda;

üçüncü şəxsin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdikdə.

3. Sığorta hadisəsi nəticəsində zədələnmiş əmlak sığortaçının nümayəndəsi tərəfindən baxış keçirilmədən bərpa edildikdə, sığortaçı sığorta olunana və ya üçüncü şəxsə sığorta ödənişi verməkdən imtina edə bilər.   [14]

Maddə 10.  Müqavilə şərtlərinin pozulması [15]

Müqavilə şərtlərinin pozulması aşağıdakı deməkdir:

nəqliyyat vasitəsinin onu sürücülük hüququ olmayan şəxsə verilməsi;

sürücünün sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;

sürücünün yol-nəqliyyat hadisəsi yerindən qaçıb getməsi;

nəqliyyat vasitəsindən öz təyinatı üzrə istifadə edilmədikdə.

Maddə 11.  Səhhətə vurulan zərər

1.   Üçüncü şəxsin səhhətinə vurulan zərər aşağıdakı hallardır:

xəsarət alma; [16]

əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu); [17]

üçüncü şəxsin ölümü.

2.   Üçüncü şəxsin səhhətinə vurulan zərərə həm də onun hadisə yerindən tibb müəssisəsinə aparılması üçün çəkilən xərclər daxildir.

Üçüncü şəxsin ölümünün yol-nəqliyyat hadisəsi nəticəsində baş verdiiyi məhkəmə-tibb eksperti, yaxud ölümün səbəbini müəyyən edən tibb müəssisəsi tərəfindən  təsdiq edilməlidir.

Maddə 12.  Əmlaka vurulan zərər

1.   Üçüncü şəxsin əmlakına vurulan zərər aşağıdakı hallardır:

nəqliyyat vasitəsinin zədələnməsi və ya məhv edilməsi;

yolun və yol qurğularının zədələnməsi və ya məhv edilməsi;

hər hansı digər maddi sərvətlərin və əşyaların zədələnməsi və ya məhv edilməsi. [18]

2.   Nəqliyyat vasitəsinin məhv edilməsi nəticəsində vurulan zərər həmin nəqliyyat vasitəsinin dəyərindən və onun hadisə yerindən daşınması xərclərindən ibarətdir.

Nəqliyyat vasitəsinin təmiri texniki səbəblərə görə mümkün olmadıqda o, məhv edilmiş sayılır.

Nəqliyyat vasitəsinin dəyəri ekspertiza yolu ilə hadisə olan günü bazar qiyməti üzrə müəyyənləşdirilir.

3.   Əmlakın zədələnməsi və ya məhv edilməsi ilə bağlı zərər onun dəyərindən, yaxud bərpası üçün bir başa çəkilən xərclərdən (o cümlədən hadisə yerindən daşınması xərclərindən), habelə zərər çəkənin xilas edilməsi ilə bağlı olan zərərdən ibarətdir. [19]

4.   Əmlaka vurulan zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən ümumi sığorta ödənişi məbləği ödənilən faktiki zərərin məbləğindən artıq ola bilməz.

Maddə 13.  Sığorta ərazisi

1.   Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti sığortası Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

2.   Azərbaycan Respublikasının hüdudlarından kənarda yol-nəqliyyat hadisəsi baş verdikdə  nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti sığortası üzrə sığorta ödənişinin verilməsi yerli sığortaçının müvafiq xarici ölkənin sığortaçısı ilə bağladığı müqavilə, yaxud Azərbaycan Respublikasının beynəlxalq sazişləri əsasında tənzimlənir.

3. Bu maddənin 2-ci bəndində göstərilən müqavilə və sazişə uyğun olaraq xarici ölkələrin nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta şəhadətnamələri qarşılıqlı surətdə etibarlı sayıla bilər. [20]

Maddə 14.  Mərkəzi sığorta ehtiyatı

1.   Mərkəzi sığorta ehtiyatı aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə müvafiq dövlət sığorta orqanında yaradılır:

naməlum və ya sahibinin mülki məsuliyyəti sığortalanmamış nəqliyyat vasitəsi ilə üçüncü şəxsin səhhətinə zərər vurulduqda, habelə sığortaçı müflisləşməsi ilə əlaqədar sığorta ödənişi vermək iqtidarında olmadıqda üçüncü şəxsin səhhətinə vurulan zərərin ödənilməsi üçün sığorta ödənişinin verilməsi; [21]

sığorta hadisələrinin müəyyənləşdirilməsi üçün ekspertizanın təyin edilməsi.

2.   Mərkəzi sığorta ehtiyatı sığortaçıların nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən sığorta haqlarının 5 faizi miqdarında ayırmaları hesabına yaradılır.

Maddə 15.  Sığorta müqaviləsi və şəhadətnaməsi

1. Bu Qanunun məqsədləri üçün sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində üçüncü şəxslərin sağlamlığına və ya əmlakına zərər vurulması nəticəsində sığorta olunanın mülki məsuliyyətinin yaranması riskləri ilə bağlı itkilərin əvəzinin ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərini təsbit edən razılaşmadır. [22]

2.   Müvafiq icbari sığorta müqaviləsinin olduğunu təsdiq edən sənəd sığorta şəhadətnaməsidir. [23]

Nağd şəkildə sığorta haqqının ödənilməsi barədə qəbz şəhadətnamənin ayrılmaz hissəsidir. [24]

3.   Sığorta şəhadətnaməsi ilk sığorta haqqı ödənilən gün verilir.

4.   Sığortalı hüquqi şəxs olduqda onunla bir neçə nəqliyyat vasitəsi üçün bir kompleks sığorta müqaviləsi bağlana bilər. Bu müqavilə üzrə hər nəqliyyat vasitəsinin sürücüsünə sığorta şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin sürücüsü dəyişildikdə onun adına yenidən sığorta şəhadətnaməsi verilməlidir. [25]

Maddə 16.  Sığorta müddəti

1. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır. Sığorta məbləği sığortaçı tərəfindən tam ödənildikdən sonra müqavilə üzrə sığortaçının öhdəlikləri başa çatmış hesab olunmaqla müqaviləyə xitam verilir. Bu halda sığortalı sığorta haqqını ödəməklə yeni müddətə sığorta müqaviləsi bağlamalıdır. Azərbaycan Respublikasının ərazisinə müvəqqəti daxil olan nəqliyyat vasitələrinin sahibləri sığorta müqaviləsini bir aydan on bir ayadək bağlaya bilərlər. [26]

2.   Sığorta şəhadətnaməsi verildiyi andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti sığorta müddətinin son ayının axırıncı günündə qurtarır. [27]

Maddə 17.  Sığorta haqqı və sığorta məbləği

1.   Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə illik sığorta haqları və sığorta ödənişlərinin məbləğləri nəqliyyat vasitəsinin və zərərin növündən asılı olaraq aşağıdakı cədvələ uyğun olaraq müəyyən edilir. [28]

 

min manatla

Nəqliyyat vasitələrinin növləri

Sığorta ödənişlərinin məbləğləri

Sığorta haqqı
(illik)

Əmlaka vurulan zərərə görə

Səhhətə və ölümə görə

Adambaşına

Cəmi məsuliyyət məbləği

1.

Şəxsi minik avtomobilləri

5000,0

5000,0

25000,0

50,0

2.

Hüquqi şəxslərə məxsus minik avtomobilləri

5000,0

5000,0

25000,0

60,0

3.

Taksilər

5000,0

5000,0

25000,0

100,0

4.

Yük maşınları

5000,0

5000,0

25000,0

80,0

5.

Oturacaq yerləri 8-14-ə qədər olan avtobuslar

5000,0

5000,0

50000,0

120,0

6.

Oturacaq yerləri 15-26-ya qədər olan avtobsular

5000,0

5000,0

100000,0

180,0

7.

Oturacaq yerləri 26-dan artıq olan avtobuslar

5000,0

5000,0

300000,0

250,0

8.

Traktorlar və yol tikinti maşınları

5000,0

5000,0

10000,0

30,0

9.

Tramvay və troleybuslar

5000,0

5000,0

50000,0

80,0

10.

Motoroller və motosikletlər

5000,0

5000,0

8000,0

25,0

 

 

2.   Sığorta olunanlar öz mülki məsuliyyətini bu Qanunla müəyyənləşdirilmiş sığorta məbləğlərindən artıq sığortalamaq hüququna malikdirlər. Bu halda sığorta haqlarının və sığorta məbləğlərinin miqdarı sığortaçı ilə sığorta olunan arasında bağlanan müqavilədə müəyyənləşdirilir. [29]

3.   Ölüm halında və səhhətə vurulan zərərə görə hər bir nəfərə sığorta ödənişi sığorta məbləğindən aşağıdakı faizlərlə verilir: [30]

 

ölüm

—100%

I qrup əlillik , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu

—80%

II qrup əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu

—60%

III qrup əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu

—40%

ağır xəsarət

—30%

yüngül xəsarət

—20%.

 

4.   İki  və daha artıq şəxsin əmlakına vurulan faktiki zərər bu maddənin 1-ci bəndində verilən sığorta məbləğinin həddində mütənasib surətdə ödənilir. [31]

5.   Bir ildən az olan müddətə bağlanmış müqavilələr üzrə sığorta haqları illik haqqın aşağıdakı miqdarında ödənilir:

 

Sığorta müddəti

Sığorta haqqı, illik haqdan faizlə

Bir ay

25

İki ay

35

Üç ay

40

Dörd ay

50

Beş ay

60

Altı ay

70

Yeddi ay

75

Səkkiz ay

80

Doqquz ay

85

On ay

90

On bir ay

95

 

6.   Sığorta müddətinin tam olmayan ayı üçün sığorta haqqı tam ayın haqqı kimi ödənilir.

7. Sığorta haqqı bir dəfəyə ödənilir. [32]

8.   Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığorta olunanın təqsiri üzündən bir sığorta hadisəsi baş verdikdə yeni dövr üçün müqavilə bağlanarkən Qanunla müəyyənləşdirilmiş sığorta haqqı 10 faiz, iki və daha artıq hadisə baş verdikdə isə — 20 faiz artırılır.

Sığorta olunan bir il müddətində nəqliyyat vasitəsini qəzasız idarə etdikdə yeni dövr üçün müqavilə bağlanarkən Qanunla müəyyənləşdirilmiş sığorta haqqı 10 faiz, iki və daha artıq il qəzasız idarə edildikdə isə — 20 faiz azaldılır.

9.   (Çıxarılıb) [33]

10. Bu Qanuna görə hüquqi şəxslər tərəfindən ödənilən sığorta haqları onların istehsalat xərclərinə aid edilir.

Maddə 18.  Sığorta ödənişinin verilməsi qaydası [34]

1.   Sığorta ödənişi vəsatət edənin ərizəsi və müvafiq daxili işlər orqanının hadisənin baş verməsi haqqında arayışı əsasında verilir.

Ərizəyə aşağıdakılar əlavə edilməlidir:

səhhətə vurulan zərərlə əlaqədar — müvafiq tibb sənədləri, ölüm halında isə ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti və vərəsəlik hüququnu təsdiq edən sənəd;

əmlaka vurulan zərərin həcmi (məhv olunmuş əmlakın dəyəri) və zərərlə əlaqədar birbaşa xərclər barədə sənədlər.

2.   Sığorta ödənişinin miqdarı bu maddənin 1-ci bəndində göstərilən sənədlərin və ekspert rəyinin əsasında sığorta tələbini irəli sürən şəxslə birlikdə sığortaçı tərəfindən müəyyən edilir.

3.   Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra 7 gün ərzində sığorta ödənişini verməli, yaxud yazılı şəkildə əsaslandırmaqla ödənişi verməkdən imtina etməlidir. Gecikdirilmiş hər gün üçün sığortaçı sığorta olunana sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. [35]

Maddə 19.  Sığorta hadisəsi haqqında məlumatın verilməsi

Yol-nəqliyyat hadisəsi baş verdikdə onun iştirakçıları (bu, mümkün olmadıqda polis əməkdaşları) 3 (üç) iş günü müddətində müvafiq sığortaçıya xəbər verməlidirlər. [36]

Sığortaçı zədələnmiş əmlaka baxmaq üçün məlumat aldıqdan sonra 24 saat ərzində öz nümayəndəsini göndərir.

2.   Zərər vuran nəqliyyat vasitəsinin sığortaçısına dərhal xəbər vermək mümkün olmadıqda hadisənin iştirakçıları yıxınlıqdakı dövlət sığorta orqanına xəbər verirlər. Bu halda dövlət sığorta orqanı təcili olaraq müvafiq sığortaçıya hadisə haqqında  məlumat verir və zərər çəkənə həmin sığortaçının adını və ünvanını bildirir.

Maddə 20.  Sığorta haqları məbləğinin bölüşdürülməsi

1. Daxil olan sığorta haqlarının 75 faizi miqdarında sığorta qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sığorta ehtiyatları formalaşdırılır. [37]

Sığorta haqlarının sığorta ehtiyatlarının formalaşdırılmasından sonra qalan hissəsi aşağıdakı qaydada bölüşdürülür:

sığortaçının işlərinin aparılması xərclərinə - 14,7 faiz;

mərkəzi sığorta ehtiyatına - 5 faiz;

sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə - 0,3 faiz;

yol-nəqliyyat hadisələrinin qarşısının alınması tədbirlərinə - 5 faiz.

2. (Çıxarılıb) [38]

3.   Sığortaçılar yol-nəqliyyat hadisələri qarşısının alınması tədbirlərinə ayırdıqları vəsaiti müvafiq daxili işlər orqanının hesabına köçürürlər.

 

Maddə 21.   Risklərin bölüşdürülməsi

 

Maliyyə sabitliyini təmin etmək məqsədilə sığortaçılar nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə riskləri və sığorta haqlarını təkrar sığorta yolu ilə bölüşdürməlidirlər.

Təkrar sığortaya verilən risklər onların Azərbaycan Respublikasının sığortaçılarında 50 faizindən az olmamaqla, o cümlədən müvafiq dövlət sığorta orqanında 25 faizindən az olmamaqla sığortalanmalıdır.

 

Maddə 22. Sığorta müqaviləsinə xitam verilməsi [39]

 

Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;

sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə;

sığorta müqaviləsi məhkəmənin qərarı ilə etibarsız hesab edildikdə;

Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan digər hallarda.

 

Maddə 23. Subroqasiya hüququnun yaranmasının əsasları

 

1. Sığortaçının bu Qanuna uyğun olaraq verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:

sığorta hadisəsi zəruri müdafiə və ya son zərurət vəziyyətində edilmiş hərəkətlər istisna olmaqla sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən edilən qanunazidd hərəkətlərin nəticəsi olduqda;

sığorta hadisəsi baş verərkən sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsini idarə edən şəxs həmin nəqliyyat vasitəsini alkoqol, narkotik və ya toksikoloji vəziyyətdə idarə etdikdə;

sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsi onu qanuni əsaslarla idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edildikdə;

sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsini idarə edən şəxs hadisə yerindən yayınmış olduqda.

2. Subroqasiya hüququ öz işçisi tərəfindən törədilmiş əmələ görə mülki qanunvericiliklə müəyyən edilmiş şərtlər olduqda sığortalıya qarşı, digər hallarda isə sığorta hadisəsinin baş verməsində təqsiri olan sığorta olunana və ya sığorta olunanın nəqliyyat vasitəsini idarə edən digər şəxsə qarşı yaranır. [40]

 

Maddə 24. Qanunun pozulmasına görə məsuliyyət [41]

Nəqliyyat vasitəsinin sahibləri bu qanunun tələblərinin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Cərimə məbləğinin 85 faizi mərkəzi sığorta ehtiyatına, 15 faizi isə müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür.

 

Maddə 25. Mübahisələrin həlli [42]

Bu qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.

Maddə 26.  Qanunun qüvvəyə minməsi

Bu Qanun (22-ci maddə istisna olmaqla) dərc edildiyi gündən, 22-ci maddə isə Qanunun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 31 may 1996-cı il

№ 113-IQ

 

 

 

“Azərbaycan Respublikasında nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa

 

ƏLAVƏ 

(Çıxarılıb) [43]

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16)

2.       25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255)

3.       24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692)

4.       13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

5.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)

6.       24 iyun 2011-ci il tarixli 165-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 788)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 iyun 2011-ci il tarixli 165-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 788) ilə ləğv edilmişdir.

[2] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 2-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Sığortaçılar mülkiyyət formasından asılı olmayaraq nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının aparılması üçün lisenziya almış Azərbaycan Respublikasının sığorta təşkilatlarıdır.

 

[3] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 3-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 3.      Sığorta olunanlar

Sığorta olunanlar öz mülki məsuliyyətini sığortalamış nəqliyyat vasitələrinin sahibləridir.

Nəqliyyat vasitəsinin sahibi mülkiyyətində nəqliyyat vasitəsi olan (yaxud icarəyə götürülən) və onu istismar edən hüquqi və fiziki şəxslər hesab olunurlar.

Nəqliyyat vasitəsinin sahibi sığortaçını seçməkdə sərbəstdir.

 

[4] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 6-cı maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. Nəqliyyat vasitəsi satın alındığı gündən (xaricdə satın alındıqda Azərbaycan Respublikasının sərhədini keçdiyi gündən) onun sahibinin mülki məsuliyyəti sığortalanmış hesab olunur və sığorta olunan 15 gün müddətində sığortaçı ilə müqavilə bağlamaqla sığorta haqqını ödəməlidir.

 

[5] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 1-ci bəndin ikinci abzasına ikinci cümlə əlavə edilmişdir.

 

[6] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 2-ci bənddə "xarici nəqliyyat vasitələrinin" sözləri "xarici ölkələrin nəqliyyat vasitələrinin" sözləri ilə, "dövlət sığorta orqanı" sözləri "sığortaçı" sözü ilə əvəz edilmişdir.

 

[7] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 8-ci maddənin 1-ci bəndində "yaxud" sözündən sonra "bu qanunla müəyyən edilmiş sığorta məbləği həddində" sözləri əlavə edilmişdir.

 

[8] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 8 -ci maddənin 2-ci bəndinin üçüncü və dördüncü abzasları çıxarılmışdır, ikinci abzası isə aşağıdakı redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Sığortaçı bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş sığorta məbləği həddində şəxsi sığortanın növləri üzrə verilən ödənişindən asılı olmayaraq hər hadisə üçün faktiki zərəri ödəyir.

 

[9] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 8-ci maddənin 3-cü bəndində "sığortaçı" sözü "Mərkəzi Sığorta Ehtiyatından" sözləri ilə, "ödənişini verir" sözləri "ödənişi verilir" sözləri ilə əvəz edilmişdir.

 

[10] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 5-ci bəndində "iddia (reqress)" sözləri "subroqasiya" sözü ilə əvəz edilmişdir.

 

[11] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 6-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

6. Yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxsə vurulan zərər nəqliyyat vasitəsinin sahibi tərəfindən ödənildikdə sığortaçı  bu Qanunla nəzərdə tutulmuş qaydada həmin nəqliyyat vasitəsinin sahibinə sığorta ödənişi verir.

Nəqliyyat vasitəsinin sahibi tərəfindən zərərin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

 

 

[12] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə yeni məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilmişdir.

[13] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. Aşağıdakı hallarda sığorta olunana sığorta ödənişi verilmir:

sığorta olunan Qanunun 6-cı maddəsində müəyyənləşdirilmiş qaydada sığorta haqqını ödəmədikdə;

sığorta olunan üçüncü şəxsin əmlakına və səhhətinə qəsdən və ya cinayət törətmək qəsdi ilə zərər vurduqda;

sığorta olunan sığorta müqaviləsinin şərtlərini pozduqda.

 

[14] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 2-ci və 3-cü bəndləri çıxarılmışdır.

 

[15] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 10-cu maddə çıxarılmışdır.

 

[16] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 11-ci maddənin 1-ci bəndinin ikinci abzasında "əmək qabiliyyətinin müvəqqəti itirilməsi" sözləri "xəsarət alma" sözləri ilə əvəz edilmişdir.

 

[17] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 11-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında “əlillik” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.

 

 

[18] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 12-ci maddənin 1-ci bəndinin üçüncü və dördüncü abzaslarında "zədələnməsi" sözündən sonra "və ya məhv edilməsi" sözləri əlavə edilmişdir.

[19] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 12-ci maddənin 3-cü bəndində "zədələnməsi" sözündən sonra "və ya məhv edilməsi" sözləri əlavə edilmişdir.

 

[20] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 13-cü maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

3. Göstərilən müqavilə və sazişlərə uyğun olaraq xarici nəqliyyat vasitələri sahiblərinin sığorta şəhadətnamələri qarşılıqlı surətdə etibarlı sayıla bilər.

 

[21] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 14-cü maddənin 1-ci bəndinin ikinci abzasında "zərər vurulduqda" sözlərindən sonra "habelə sığortaçı müflisləşməsi ilə əlaqədar sığorta ödənişi vermək iqtidarında olmadıqda üçüncü şəxsin səhhətinə vurulan zərərin ödənilməsi üçün" sözləri əlavə edilmişdir.

 

[22] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. Sığorta müqaviləsi sığortaçının və sığorta olunanın qarşılıqlı hüquq və vəzifələrini tənzimləyir.

 

[23] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 2-ci bəndində "Sığortaçı ilə sığorta olunan arasında" sözləri "Müvafiq icbari" sözləri ilə əvəz edilmişdir.

 

[24] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 15-ci maddənin 2-ci bəndinin ikinci abzasında "Axırıncı" sözü "Nağd şəkildə" sözləri ilə əvəz edilmişdir.

 

[25] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 15-ci maddənin 4-cü bəndinin birinci cümləsində "kompleks" sözündən sonra "sığorta" sözü əlavə edilmişdir.

2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 4-cü bəndində "Sığorta olunan" sözləri "Sığortalı" sözü ilə əvəz edilmişdir.

 

[26] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 16-cı maddənin 1-ci bəndinin üçüncü cümləsində "sığorta etdirən" sözləri "sığortalı" sözü ilə əvəz edilmişdir.

 

[27] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 16-cı maddənin birinci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1. Sığorta müqaviləsi bir il müddətinə bağlanır. Azərbaycan Respublikasının ərazisinə müvəqqəti daxil olan nəqliyyat vasitəsinin sahibləri sığorta müqaviləsini bir aydan on ayadək müddətə bağlaya bilərlər.

 

[28] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 17-ci maddənin 1-ci bəndində "bu qanuna əlavədə" sözləri "aşağıdakı cədvələ uyğun olaraq" sözləri ilə əvəz edilmiş və həmin bəndə cədvəl əlavə edilmişdir.

[29] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 17-ci maddənin 2-ci bəndi çıxarılmışdır.

 

[30] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 17-ci maddəsinin üçüncü hissəsinin üçüncü abzasında “I qrup əlillik” sözlərindən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.

 

 

[31] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 17-ci maddənin 4-cü bəndində "əlavədə göstərilən" sözləri "bu maddənin 1-ci bəndində verilən" sözləri ilə əvəz edilmişdir.

[32] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 17-ci maddənin 7-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

7. Sığorta müqaviləsi altı ay və daha artıq müddətə bağlandıqda sığorta haqqı iki bərabər hissələrlə ödənilir.

Sığorta haqqının ikinci hissəsi müqavilənin qüvvəyə mindiyi gündən sonra üç aydan gec olmayaraq ödənilir.

 

[33] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 17-ci maddənin 9-cu bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

9. Sosial təminatı orqanlarından nəqliyyat vasitələrini almış vətəndaşlar sığorta haqqını 50 faiz miqdarında ödəyirlər.

 

[34] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 18-ci maddənin 2-ci bəndində "vəsatət edənlə" sözləri "sığorta tələbini irəli sürən şəxslə" sözləri ilə, 3-cü bəndinin ikinci cümləsində "Sığorta haqqında qanunun 21-ci maddəsinə uyğun olaraq sığorta olunana cərimə" sözləri "sığorta olunana sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu" sözləri ilə əvəz edilmişdir.

 

[35] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 18-ci maddənin 3-cü bəndinin birinci cümləsi yeni redaksiyada verilmişdir. Birinci cümlənin əvvəlki redaksiyasında deyilirdi:

Sığorta ödənişi sənədlər sığortaçıya təqdim edildikdən sonra 7 gün ərzində ödənilməlidir.

 

[36] 25 mart 2003-cü il tarixli 425-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 255) ilə 19-cu maddənin 1-ci bəndində "təcili olaraq" sözləri "3 (üç) iş günü müddətində" sözləri ilə əvəz edilmişdir.

 

[37] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 20-ci maddənin 1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. Sığorta olunanlar tərəfindən ödənilən sığorta haqlarının məbləği bu Qanunun 21-ci maddəsinə müvafiq surətdə təkrar sığortaya hesablanmış sığorta haqlarının məbləği çıxmaqla aşağıdakı qaydada bölüşdürülür:

 

sığorta ödənişi fonduna

—70 faiz;

ehtiyat fonduna

—10 faiz;

yol-nəqliyyat hadisələri qarşısının alınması tədbirlərinə


—5 faiz;

komisyon mükafatlar üçün

—10 faiz;

mərkəzi sığorta ehtiyatına

—5 faiz.

 

 

[38] 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16) ilə 20-ci maddənin ikinci hissəsi çıxarılmışdır.  Əvvəlki redaksiyada deyilirdi:

2. Bu sığorta növü üzrə vergi tutulan mənfəət sığorta ödənişi fonduna daxil olan olunan sığorta haqlarının məbləğ