Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 297 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasizadə
Bakı şəhəri, 15 avqust 2000-ci il
№ 141
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 15 oktyabr tarixli 392 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
[1]
|
Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin
SİYAHISI
1. Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi
2. Bütün növ infeksion (yoluxucu) xəstəliklər
3. Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr
4. Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları
5. Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513)
2.
15 oktyabr 2020-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1280)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513) ilə “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nın 7-ci hissəsində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.
15 oktyabr 2020-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2020-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1280) ilə “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı” yeni redaksiyada təsdiq edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin
SİYAHISI
1. Vərəm (aktiv və xroniki) - lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr;
2. Daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri - dekompensasiya mərhələsində olan xəstələr;
3. Bədxassəli onkoloji xəstəliklər - lokalizasiyadan asılı olmayaraq;
4. Narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm;
5. İnfeksion xəstəliklər - dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr;
6. Ruhi xəstəliklər - müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr;
7. Əmək qabiliyyətini itirməklə I və II dərəcə əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər.