×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.02.2019
QEYDİYYAT NÖMRƏSİ
1488-VQ
ADI
“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 24-02-2019, Nəşr nömrəsi: 45), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2019, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 190)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.02.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201902121488
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.02.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiya təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 fevral 2019-cu il

№ 1488-VQ

 

 


Xəzər dənizinin hüquqi statusu haqqında

KONVENSİYA

 

Bu Konvensiyanın iştirakçıları – bundan sonra Tərəflər adlandırılacaq, Xəzər dənizinin sahilində yerləşən dövlətlər – Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn prinsip və normalarına əsaslanaraq,

Tərəflər arasında əməkdaşlıq, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitini nəzərə alaraq,

Tərəflər arasında mehriban qonşuluq münasibətlərini dərinləşdirmək və genişləndirmək istəyini rəhbər tutaraq,

Xəzər dənizinin Tərəflər üçün həyati əhəmiyyət kəsb etdiyindən və yalnız onların Xəzər dənizinə və onun resurslarına münasibətdə suveren hüquqlara malik olduqlarından çıxış edərək,

Xəzər dənizi ilə bağlı məsələlərin həllinin Tərəflərin müstəsna səlahiyyətinə aid olduğunu vurğulayaraq,

Xəzər dənizinin siyasi, iqtisadi, sosial və mədəni əhəmiyyətini qəbul edərək,

Xəzər dənizinin qorunub saxlanmasında, regionun davamlı inkişafı üçün indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətlərini dərk edərək,

bu Konvensiyanın Tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yardım edəcəyinə, Xəzər dənizinin dinc məqsədlər üçün istifadə olunmasına, onun resurslarının səmərəli istifadəsinə, təbii ətraf mühitinin tədqiqi, müdafiəsi və qorunub saxlanmasına köməklik göstərəcəyinə əmin olaraq,

Xəzər dənizində qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasına can ataraq,

Xəzər dənizi regionunda geosiyasi və milli səviyyələrdə baş vermiş dəyişiklikləri və prosesləri, Tərəflər arasında mövcud olan razılaşmaları və bununla əlaqədar Xəzər dənizinin hüquqi rejiminin təkmilləşdirilməsi zərurətini nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Bu Konvensiyanın məqsədləri üçün aşağıdakı terminlər:

“Xəzər dənizi” – Tərəflərin quru ərazisi ilə əhatə olunan, sahilləri 1:750 000 miqyaslı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Naviqasiya və okeanoqrafiya Baş idarəsinin, Sankt-Peterburq şəhəri, 31003 nömrəli, 1998-ci ildə nəşr olunmuş 17.01.1997 tarixli arxiv buraxılışı, 31004 nömrəli, 1999-cu ildə nəşr olunmuş 04.07.1998 tarixli arxiv buraxılışı, 31005 nömrəli, 1998-ci ildə nəşr olunmuş 16.11.1996 tarixli arxiv buraxılışı, təsdiq olunmuş surətləri bu Konvensiyaya əlavə olunan və onun ayrılmaz tərkib hissəsi olan dəniz naviqasiya xəritələrində göstərilən su hövzəsi;

“Çıxış xətti” – normal və düz çıxış xətlərindən ibarət olan xətt;

“Normal çıxış xətti” – xəzəryanı dövlət tərəfindən rəsmi tanınmış iri miqyaslı xəritələrdə göstərilən, xəzəryanı dövlətin materik hissəsində və ya onun adalarında yerləşən, Kronştadt futştokunun sıfır göstəricisinə münasibətdə 1977-ci il Baltik yüksəklik sisteminin mənfi 28,0 metr göstəricisində olan Xəzər dənizinin orta çoxillik səviyyə xətti;

“Düz çıxış xətləri” – sahil xəttinin girintili-çıxıntılı olduğu və ya sahilboyunda və onun bilavasitə yaxınlığında adalar sırasının mövcud olduğu yerlərdə sahillərin müvafiq nöqtələrini birləşdirən və çıxış xəttini yaradan düz xətlər.

Düz çıxış xətlərinin çəkilməsi metodikası bütün Tərəflər arasında ayrıca saziş ilə müəyyən edilir.

Əgər sahilyanı dövlət daxili suların müəyyən edilməsi baxımından onu açıq-aşkar əlverişsiz vəziyyətə salan sahil konfiqurasiyasına malikdirsə, bu hal qeyd olunan metodika üzərində iş aparılarkən bütün beş Tərəfin razılığının əldə olunması məqsədilə nəzərə alınacaqdır;

“Daxili sular” – çıxış xətlərindən sahilə doğru istiqamətdə yerləşən sular;

“Ərazi suları” – sahilyanı dövlətin suverenliyinin şamil olunduğu dəniz zolağı;

“Balıqçılıq zonası” – sahilyanı dövlətin su bioloji resurslarının hasilatına müstəsna hüquqlarının olduğu dəniz zolağı;

“Ümumi su məkanı” – balıqçılıq zonasının xarici hüdudları kənarında yerləşən və bütün Tərəflərin istifadəsində olan akvatoriyanın hissəsi;

“Sektor” – dibin və təkin resurslarının mənimsənilməsi ilə əlaqədar təkin istifadəsi və digər qanunauyğun təsərrüfat-iqtisadı fəaliyyət məqsədləri ilə Tərəflər arasında bölünmüş dib və təkin sahələri;

“Su bioloji resursları” – balıqlar, molyusklar, xərçəngkimilər, məməlilər və digər növ su heyvanları və bitkiləri;

“Birgə su bioloji resursları” – idarəetməsini Tərəflərin birgə həyata keçirdiyi su bioloji resursları;

“Hasilat” – məqsədi su bioloji resurslarının təbii yaşayış mühitindən çıxarılması olan istənilən növ fəaliyyət;

“Hərbi gəmi” – Tərəflərdən hər hansı birinin silahlı qüvvələrinə məxsus və belə gəmilərin milli mənsubiyyətini fərqləndirən xarici nişanlara malik olan, həmin Tərəfin hökumətinin xidmətində olan və soyadı hərbi qulluqçuların müvafiq siyahısına və ya ona ekvivalent sənədə daxil edilmiş zabitin komandanlığı altında olan və daimi hərbi intizama tabe olan heyətə malik gəmi,

“Xəzər dənizinin ekoloji sistemi” – Xəzər dənizinin və dənizin təsiri altında olan qurunun hüdudlarında havanın, suyun və insan da daxil olmaqla bioloji orqanizmlərin qarşılıqlı fəaliyyətdə olan komponentləri;

“Çirklənmə” – bioloji resurslara və dənizdə həyata zərər, insan sağlamlığına təhlükə kimi ziyanlı nəticələrə gətirən və ya gətirə bilən, dənizdə fəaliyyətə, o cümlədən su bioloji resursların hasilatı və dənizdən istifadənin digər qanunauyğun növlərinə maneə törədən, istifadə olunan dəniz suyunun keyfiyyətini aşağı salan və istirahət şəraitini pisləşdirən maddə, orqanizm və ya enerjinin qumda yerləşən mənbələrdən də daxil olmaqla, Xəzər dənizinin ekoloji sisteminə insan tərəfindən birbaşa yaxud dolayı yolla daxil edilməsi;

deməkdir.

 

Maddə 2

 

1. Bu Konvensiyaya uyğun olaraq Tərəflər Xəzər dənizində suverenliklərini, suveren və müstəsna hüquqlarını, eləcə də yurisdiksiyalarını həyata keçirir.

2. Bu Konvensiya ilə dənizin suyu, dibi, təki, təbii resursları və onun üzərindəki hava məkanı da daxil olmaqla, Xəzər dənizinin istifadəsinə münasibətdə Tərəflərin hüquq və öhdəlikləri müəyyən olunur və tənzimlənir.

 

Maddə 3

 

Tərəflərin Xəzər dənizindəki fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçiriləcəkdir:

1) dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq;

2) Xəzər dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll edilməsi;

3) Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi;

4) Xəzər dənizində Tərəflərin sabit silahlanma balansının təmin edilməsi, hərbi quruculuğun bütün tərəflərin maraqlarının nəzərə alınması ilə ağlabatan yetərlilik hədlərində həyata keçirilməsi, bir-birinin təhlükəsizliyinə xələl yetirilməməsi;

5) hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üzrə ümumi səylərə, o cümlədən bütün Tərəflər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq öngörənlik və şəffaflıq ruhunda riayət edilməsi;

6) Xəzər dənizində Tərəflərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmaması;

7) Tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir Tərəfin öz ərazisini digər dövlətlərə verməməsi;

8) sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarına və bununla bağlı Tərəflərin müəyyənləşdirdiyi fəaliyyət növlərinə münasibətdə onların qəbul etdikləri qaydalara riayət etməklə, hər bir Tərəfin ərazi sularının hüdudlarından kənarda dəniz üzgüçülüyünün azadlığı;

9) dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi;

10) beynəlxalq ticarətin və iqtisadi inkişafın genişləndirilməsi məqsədilə, tranzit Tərəfin qanuni maraqlarının nəzərə alınması ilə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları və müvafiq Tərəflərin razılaşmaları əsasında Xəzər dənizindən digər dənizlərə, Dünya Okeanına və geriyə azad çıxış hüququ;

11) Xəzər dənizində müstəsna olaraq Tərəflərin hər birinin bayraqları altında üzən gəmilərin üzgüçülüyü, giriş/çıxışının həyata keçirilməsi;

12) birgə su bioloji resursların artırılması və istifadəsinin tənzimlənməsi üzrə razılaşdırılmış norma və qaydaların tətbiqi;

13) Xəzər dənizinin ekoloji sisteminə vurulan zərərə görə, çirklənməyə yol verən Tərəfin məsuliyyəti;

14) Xəzər dənizinin təbii mühitinin qorunması, onun bioloji resurslarının mühafizəsi, bərpası və səmərəli istifadəsi;

15) Xəzər dənizinin ekologiyası, bioloji resurslarının mühafizəsi və istifadəsi sahəsində elmi tədqiqatların aparılmasına yardım göstərilməsi;

16) Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına uyğun olaraq mülki hava gəmilərinin uçuş azadlığı;

17) hər bir Tərəfin ərazi sularının hüdudlarından kənarda dəniz elini tədqiqatların, Tərəflərin razılaşdırdığı hüquqi normalara uyğun olaraq, sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarına, eləcə də bununla bağlı müəyyən tədqiqat növlərinə münasibətdə onların müəyyən etdiyi qaydalara riayət etməklə aparılması.

 

Maddə 4

 

Tərəflər, Xəzər dənizində bu Konvensiya, Tərəflərin ona uyğun ayrıca sazişlərinə və milli qanunvericiliklərinə uyğun olaraq, gəmiçilik, su bioloji resurslarının hasilatı, istifadəsi və qorunması, onun dibinin və təkinin resurslarının kəşfiyyatı və işlənməsi, eləcə də digər növ fəaliyyətlərin həyata keçirilməsi məqsədilə fəaliyyət göstərirlər.

 

Maddə 5

 

Xəzər dənizinin akvatoriyası daxili sular, ərazi suları, balıqçılıq zonaları və ümumi su məkanına bölünür.

 

Maddə 6

 

Hər bir Tərəfin suverenliyi quru ərazisi və daxili sularının hüdudlarından kənarda bitişik olan ərazi suları adlandırılan dəniz zolağına, eyni ilə onun dibi və təkinə, eləcə də üzərində olan hava məkanına şamil olunur.

 

Maddə 7

 

1. Hər bir Tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilən çıxış xətlərindən ölçülən, eni 15 dəniz milindən artıq olmayan ərazi sularını müəyyən edir.

2. Hər nöqtəsi çıxış xəttinin ən yaxın nöqtəsindən ərazi sularının eninə bərabər məsafədə yerləşən xətt ərazi sularının xarici sərhədidir.

Ərazi sularının xarici sərhədinin müəyyən edilməsi məqsədilə, dənizə ən çox uzanan liman sisteminin tərkib hissəsini təşkil edən daimi liman qurğuları sahilin bir hissəsi hesab edilir. Sahilyanı qurğular və süni adalar daimi liman qurğuları hesab olunmur.

Ərazi sularının xarici sərhədi dövlət sərhədidir.

3. Sahilləri yanaşı olan dövlətlər arasında daxili və ərazi sularının bölünməsi, beynəlxalq hüququn prinsip və normaları nəzərə alınmaqla, onlar arasında razılaşmalar yolu ilə həyata keçirilir.

 

Maddə 8

 

1. Xəzər dənizinin dibinin və təkinin sektorlara bölünməsi, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları nəzərə alınmaqla, yanaşı və qarşı-qarşıya yerləşən dövlətlər arasında razılaşmalar yolu ilə, onların dibin təkindən istifadəsinə və dibin və təkin resurslarının mənimsənilməsi ilə bağlı digər qanunauyğun təsərrüfat-iqtisadi fəaliyyətinə olan suveren hüquqlarının həyata keçirilməsi məqsədilə yerinə yetirilir.

2. Sahilyanı dövlət öz sektoru hüdudlarında süni adaların, qurğuların və tikililərin qurulması üzrə, eləcə də yaradılması, istismarı və istifadəsinə icazə vermək və tənzimləmək üzrə müstəsna hüquqa malikdir. Sahilyanı dövlət süni adaların, qurğuların və tikililərin ətrafında, zəruri tanındığı halda, həm gəmiçiliyin, həm də süni ada, qurğu və tikililərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zonalar müəyyən edə bilər. Təhlükəsizlik zonalarının eni belə süni ada, qurğu və tikilinin xarici kənarının hər bir nöqtəsindən ölçülməklə 500 metrdən çox olmamalıdır.

Belə qurğuların coğrafi koordinatları və təhlükəsizlik zonalarının konturları bütün Tərəflərə bildirilməlidir.

3. Bütün gəmilər bu təhlükəsizlik zonalarına hörmət etməlidirlər.

4. Bu maddənin 1-ci bəndinə uyğun olaraq sahilyanı dövlətin suveren hüquqlarının həyata keçirilməsi digər Tərəflərin bu Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarının pozulmasına və ya onların həyata keçirilməsinə əsassız maneələrə gətirib çıxarmamalıdır.

 

Maddə 9

 

1. Hər bir Tərəf ərazi sularına bitişik eni 10 dəniz mili olan balıqçılıq zonası müəyyən edir.

Yanaşı sahilləri olan dövlətlər arasında balıqçılıq zonalarının bölünməsi beynəlxalq hüququn prinsip və normaları nəzərə alınmaqla onlar arasındakı razılaşmalar yolu ilə həyata keçirilir.

2. Hər bir Tərəf özünün balıqçılıq zonasında bu Konvensiyaya, onun əsasında Tərəflərin qəbul etdiyi ayrıca sazişlərə və öz milli qanunvericiliyinə uyğun olaraq su bioloji resursların hasilatının həyata keçirilməsində müstəsna hüquqa malikdir.

3. Tərəflər bu Konvensiya və beynəlxalq mexanizmlər əsasında Xəzər dənizində birgə su bioloji resursların ümumi icazə verilən ovunu birgə müəyyən edir və onu milli kvotalara bölürlər.

4. Tərəflərdən biri ümumi icazə verilən ovda öz kvotasını mənimsəyə bilmədikdə, milli qanunvericiliyə uyğun olaraq ikitərəfli müqavilələrin bağlanması və başqa razılaşmalar yolu ilə digər Tərəflərə ümumi icazə verilən ovdakı kvotasının qalıqlarına çıxış verə bilər.

5. Xəzər dənizinin birgə su bioloji resurslarının hasilatı qaydaları və şərtləri bütün Tərəflər arasındakı ayrıca sazişə uyğun olaraq müəyyən edilir.

 

Maddə 10

 

1. Tərəflərin bayrağı altında üzən gəmilər Tərəflərin ərazi sularının hüdudlarından kənarda dəniz üzgüçülüyünün azadlığından istifadə edir. Dəniz üzgüçülüyünün azadlığı bu Konvensiyanın müddəalarına və Tərəflər arasında digər uyğun gələn sazişlərə müvafiq olaraq onların bu Konvensiya ilə müəyyən edilmiş suveren və müstəsna hüquqlarına zərər yetirmədən həyata keçirilir.

2. Hər bir Tərəf yüklərin, baqajın və sərnişinlərin daşınmasını, yedəkləmə, həmçinin xilasetmə əməliyyatlarını həyata keçirən digər Tərəfin bayrağı altında üzən gəmilərə Xəzər dənizindəki limanlarına azad giriş-çıxış, onlardan yüklərin boşaldılması və yüklənməsi, sərnişinlərin mindirilib düşürülməsi üçün istifadə, gəmi və digər liman yığımlarının ödənilməsi, habelə gəmiçilik və adi kommersiya əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulan xidmətlərdən istifadə ilə əlaqədar milli gəmilərinə göstərdiyi eyni münasibəti göstərir.

3. Bu maddənin 2-ci bəndində göstərilən rejim Xəzər dənizində Tərəflərin bayrağı altında üzən gəmilər üçün açıq olan limanlara tətbiq olunur.

4. Tərəflər Xəzər dənizindən digər dənizlərə, Dünya Okeanına və geriyə sərbəst çıxış hüququna malikdir. Bu məqsədlə Tərəflər tranzit Tərəflərin ərazilərindən bütün nəqliyyat vasitələrilə sərbəst tranzit hüququndan istifadə edir.

Belə çıxışın həyata keçirilməsi qaydası və şərtləri maraqlı Tərəflər və tranzit Tərəflər arasında ikitərəfli sazişlər vasitəsi ilə, bu cür sazişlər olmadıqda isə tranzit Tərəfin qanunvericiliyi əsasında razılaşdırılır.

Tranzit Tərəflər öz əraziləri üzərində tam suverenliyin həyata keçirilməsi məqsədilə, Tərəflər üçün bu bənddə nəzərdə tutulan hüquq və imkanların tranzit Tərəflərin qanuni maraqlarına heç bir yolla xələl gətirməməsini təmin etmək üçün bütün tədbirləri görmək hüququna malikdir.

 

Maddə 11

 

1. Tərəflərin bayrağı altında üzən gəmilər aşağıdakı məqsədlərlə ərazi sularından keçid həyata keçirə bilərlər:

a) daxili sulara girmədən və ya daxili sulardan kənarda olan reyddə və ya liman qurğusunun yanında durmadan ərazi sularından keçmək;

və ya

b) daxili sulara girmək və ya oranı tərk etmək, yaxud belə bir reyddə və ya liman qurğusunun yanında durmaq.

2. Hərbi gəmilərin, sualtı qayıqların və digər sualtı nəqliyyat vasitələrinin ərazi sularından keçid qaydası və şərtləri bayraq dövləti və sahilyanı dövlət arasında sazişlər əsasında, belə sazişlər olmadıqda isə sahilyanı dövlətin qanunvericiliyi əsasında müəyyən edilir.

Hərbi gəminin ərazi sularına daxil olması qarşısıalınmaz qüvvə və ya fəlakət nəticəsində və ya fəlakətə uğrayan şəxs, gəmi və hava gəmilərinə yardım göstərmək üçün zəruri olduqda, hərbi gəminin komandiri ərazi sularına yaxınlaşarkən sahilyanı dövlətə müvafiq bildiriş verir, daxil olma isə sahilyanı dövlətlə razılaşdırmaqla gəminin komandiri tərəfindən müəyyən edilən marşrut üzrə həyata keçirilir. Qeyd edilən hallar bitdikdən sonra hərbi gəmi dərhal müvafiq ərazi sularını tərk edir.

Hərbi gəmilərin daxili sulara qarşısıalınmaz qüvvə və ya fəlakət nəticəsində və ya fəlakətə uğrayan şəxs, gəmi və hava gəmilərinə yardım göstərmək üçün daxil olmaq qaydası və şərtləri bayraq dövləti və sahilyanı dövlət arasında sazişlər əsasında, belə sazişlər olmadıqda isə sahilyanı dövlətin qanunvericiliyi əsasında həyata keçirilir.

3. Ərazi sularından keçid sülhü, sahilyanı dövlətin qayda-qanununu və ya təhlükəsizliyini pozmamalıdır. Ərazi sularından keçid fasiləsiz olmalı və tez başa çatdırılmalıdır. Belə keçid bu Konvensiyaya uyğun olaraq həyata keçirilməlidir.

4. Bu maddənin 2-ci bəndi ilə müəyyən edilmiş şərtlər və qaydaya uyğun olaraq ərazi sularından keçid həyata keçirən bir Tərəfin hərbi gəmiləri, sualtı qayıqları və digər sualtı nəqliyyat vasitələri, müvafiq icazənin olduğu və ya qarşısıalınmaz qüvvə və ya fəlakət nəticəsində və ya fəlakətə uğrayan şəxs, gəmi və hava gəmilərinə yardım göstərmək üçün zəruri hallar istisna olmaqla, digər Tərəfin ərazi sulan hüdudlarında limanlara daxil olma və lövbərdə durma hüququna malik deyildir.

5. Bir Tərəfin ərazi sularında digər Tərəfin sualtı qayıqları və digər sualtı nəqliyyat vasitələri suyun səthi ilə hərəkət etməli və bayraq qaldırmalıdır.

6. Əgər keçid zamanı aşağıdakı fəaliyyətlərdən biri həyata keçirilirsə, ərazi sularından keçid sülhü, sahilyanı dövlətin qayda-qanunu və ya təhlükəsizliyini pozmuş hesab olunur:

a) sahilyanı dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə zor işlətməklə hədələmə, yaxud zor tətbiqetmə və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş beynəlxalq hüququn prinsiplərini pozan hər hansı digər hərəkət;

b) hər hansı silah növü ilə manevr və ya təlimlərin keçirilməsi;

c) sahilyanı dövlətin müdafiə və ya təhlükəsizliyinə ziyan vurmaq məqsədilə məlumatın toplanılmasına yönəlmiş hər hansı hərəkət;

d) sahilyanı dövlətin müdafiə və təhlükəsizliyinə qəsd etmək məqsədilə həyata keçirilən hər hansı təbliğat hərəkəti;

e) hər hansı uçuş aparatının və ya hərbi cihazın havaya qaldırılması, endirilməsi və ya göyərtəyə qəbul edilməsi və onun idarə edilməsi;

f) hər hansı hərbi cihazın suya, suyun altına endirilməsi və ya göyərtəyə qəbul edilməsi və onun idarə edilməsi;

g) sahilyanı dövlətin gömrük, fiskal, immiqrasiya və ya sanitar qanun və qaydalarına zidd olaraq mal və ya valyutanın yüklənməsi və ya boşaldılması və ya istənilən şəxsin gəmiyə mindirilməsi və ya düşürülməsi;

h) bu Konvensiyaya zidd olaraq qəsdən edilən istənilən ciddi çirkləndirmə fəaliyyəti;

i) hər hansı balıqçılıq fəaliyyəti;

j) tədqiqat və ya hidroqrafik fəaliyyətin həyata keçirilməsi;

k) sahilyanı dövlətin hər hansı kommunikasiya sisteminin və ya digər tikililərinin, yaxud qurğularının fəaliyyətinə maneə yaratmağa yönəlmiş hər hansı hərəkət;

l) ərazi sularından keçidə birbaşa aidiyyəti olmayan hər hansı digər fəaliyyət.

7. Hər bir Tərəf öz ərazi sularında bu maddədə qeyd olunmuş şərtlərin pozulması ilə həyata keçirilən keçidin qarşısının alınması üçün zəruri tədbirlər görə bilər.

8. Hər bir Tərəf bu Konvensiyanın müddəalarına və ya beynəlxalq hüququn digər normalarına uyğun olaraq aşağıda göstərilən məsələlərin hamısı və ya bir neçəsi də daxil olmaqla, ərazi sularından keçid ilə bağlı qanun və qaydalar qəbul edə bilər:

a) gəmiçiliyin təhlükəsizliyi və gəmilərin hərəkətinin tənzimlənməsi;

b) naviqasiya vasitələri və avadanlıqlarının, eləcə də digər tikili və ya qurğuların müdafiəsi;

c) kabellərin və boru kəmərlərinin müdafiəsi;

d) dənizin bioloji resurslarının mühafizəsi;

e) sahilyanı dövlətin balıqçılıq qanunlarının və qaydalarının pozulmasının qarşısının alınması;

f) sahilyanı dövlətin ətraf mühitinin qorunub saxlanması və onun çirkləndirilməsinin qarşısının alınması, azaldılması və nəzarət altında saxlanılması;

g) dəniz elmi tədqiqatları və hidroqrafik çəkilişlər;

h) sahilyanı dövlətin gömrük, fiskal, immiqrasiya və ya sanitar qanun və qaydalarının pozulmasının qarşısının alınması;

i) milli təhlükəsizliyin təmin edilməsi.

9. Tərəf ərazi sularından keçid ilə bağlı bütün qanun və qaydaları müvafiq qaydada dərc etdirir.

10. Tərəflərin bayrağı altında üzən gəmilər ərazi sularından keçid həyata keçirərkən sahilyanı dövlətin belə keçidə aid olan bütün qanun və qaydalarına riayət edirlər.

11. Hər bir Tərəf zəruri olduqda və gəmiçiliyin təhlükəsizliyini nəzərə almaqla onun ərazi sularından keçidi həyata keçirən digər Tərəflərin bayrağı altında üzən gəmilərdən onların ərazi sularından keçid qaydasını müəyyən və təyin edə bildiyi dəniz yolları və hərəkətin bölünməsi sxemlərindən istifadə edilməsini tələb edə bilər.

12. Sahilyanı dövlət həmçinin daxili sulara istiqamətlənən və ya daxili suların hüdudlarından kənarda liman qurğularından istifadə edən gəmilərə münasibətdə həmin gəmilərin daxili sulara girişinə və liman qurğularından istifadəsinə icazə verən şərtlərin pozulmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək hüququna malikdir.

13. Hər bir Tərəf öz təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyətli olduğu təqdirdə, digər Tərəflərin bayrağı altında üzən gəmilərə münasibətdə forma və ya mahiyyətcə ayrı-seçkilik etmədən, onların öz ərazi sularının xüsusi bölgələrindən keçidini müvəqqəti olaraq dayandıra bilər.

Belə dayandırma yalnız müvafiq qaydada xəbərdarlıq edildikdən sonra qüvvəyə minir.

14. Hərbi gəmi və ya qeyri-kommersiya məqsədləri üçün istifadə olunan dövlət gəmisi ərazi sularından keçidlə bağlı sahilyanı dövlətin qanun və qaydalarına riayət etmədikdə, qanun və qaydalara əməl etməklə bağlı edilən müraciətə məhəl qoymadıqda, sahilyanı dövlət ondan ərazi sularını dərhal tərk etməsini tələb edə bilər.

15. Bayraq dövləti Tərəfi hərbi gəminin və ya qeyri-kommersiya məqsədləri üçün istifadə olunan digər dövlət gəmisinin sahilyanı dövlətin ərazi sularından keçidi, daxil olması və lövbərdə durması ilə bağlı qanun və qaydalarına və ya bu Konvensiyanın müddəalarına və ya beynəlxalq hüququn digər normalarına riayət etməməsi nəticəsində sahilyanı dövlətə dəymiş istənilən zərər və ya ziyana görə beynəlxalq məsuliyyət daşıyır.

16. Tərəf, onun bu Konvensiya və ya ona uyğun olaraq qəbul edilmiş qanun və qaydalara əsasən hərəkət etdiyi hallar istisna olmaqla, öz ərazi sularından digər Tərəflərin bayrağı altında üzən gəmilərin keçidinə maneə törətməməlidir. O cümlədən Tərəf:

a) digər Tərəflərin bayrağı altında üzən gəmilərə faktiki olaraq onları ərazi sularından keçid hüququndan əsassız məhrum edən və ya bu hüququ pozan heç bir tələb irəli sürməməlidir;

və ya

b) digər Tərəflərin bayrağı altında üzən və ya istənilən dövlətə, o dövlətdən və ya o dövlətin adından yük daşıyan gəmilərə münasibətdə forma və ya mahiyyətcə ayrı-seçkiliyə yol verməməlidir.

Tərəf öz ərazi sularında ona məlum olan gəmiçilik üçün istənilən təhlükə haqqında müvafiq qaydada xəbərdarlıq edir.

 

Maddə 12

 

1. Hər bir Tərəf Xəzər dənizinin akvatoriyasında öz bayrağı altında üzən gəmilərə münasibətdə yurisdiksiyasını həyata keçirir.

2. Hər bir Tərəf öz sektoru hüdudlarında süni adalar, qurğular, tikililər və öz sualtı kabelləri və boru kəmərlərinə münasibətdə yurisdiksiyasını həyata keçirir.

3. Hər bir Tərəf öz balıqçılıq zonasında öz suverenliyinin, dibin təkindən istifadə və dib və təkin resurslarının mənimsənilməsi ilə əlaqədar digər qanuni təsərrüfat-iqtisadi fəaliyyəti ilə bağlı suveren hüquqlarının, su bioloji resurslarının hasilatına müstəsna hüquqlarının həyata keçirilməsi, həmçinin onların mühafizəsi və idarəetməsi məqsədləri ilə öz qanun və qaydalarına riayət edilməsini təmin etmək üçün vacib ola biləcək, gəmiyə baxış, nəzarət yoxlaması, isti izlərlə təqib etmə, saxlama, həbs və məhkəmə baxışı da daxil olmaqla, bütün tədbirləri görə bilər.

Bu bənddə qeyd olunmuş tədbirlərin tətbiqi əsaslı olmalıdır. Belə tədbirlərin əsassız şəkildə tətbiqi halında gəmiyə itki və ziyana görə kompensasiya ödənilməlidir.

Gəmiyə baxış, nəzarət yoxlaması, isti izlərlə təqib etmə, saxlama kimi tədbirlər Tərəflərin hərbi gəmiləri və ya hərbi uçuş aparatları və ya dövlət xidmətində olması aydın və tanınan nişanlarla göstərilən və bu məqsədlər üçün səlahiyyətləndirilmiş digər gəmilər və uçuş aparatlarında olan dövlət orqanlarının səlahiyyətli nümayəndələri tərəfindən həyata keçirilə bilər.

4. Bu Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, bu Konvensiyanın heç bir müddəası hərbi gəmilərin və qeyri-kommersiya məqsədləri üçün istifadə olunan digər dövlət gəmilərinin immunitetlərinə toxunmur.

 

Maddə 13

 

1. Hər bir Tərəf öz suverenliyinin həyata keçirilməsi məqsədilə öz ərazi sularında dəniz elmi tədqiqatlarım tənzimləmək, onlara icazə vermək və həyata keçirmək kimi müstəsna hüquqa malikdir. Tərəflərin bayrağı altında üzən gəmilər digər Tərəfin ərazi sularında yalnız həmin Tərəfin yazılı icazəsi və onun müəyyən etdiyi şərtlər əsasında dəniz elmi tədqiqatları apara bilər.

2. Hər bir Tərəf öz yurisdiksiyasının həyata keçirilməsi məqsədilə öz balıqçılıq zonasında su bioloji resursları ilə bağlı və öz sektorunda dibin və təkin resurslarının kəşfiyyatı və işlənməsi ilə bağlı olan dəniz elmi tədqiqatları tənzimləmək, onlara icazə vermək və həyata keçirmək kimi müstəsna hüquqa malikdir. Tərəflərin bayraqları altında üzən gəmilər digər Tərəfin balıqçılıq zonasında və sektorunda yalnız onun yazılı şəkildə ifadə olunmuş razılığına və onun müəyyən etdiyi şərtlərə əsasən belə tədqiqatlar apara bilər.

3. Hər bir Tərəf icazələrin verilmə qaydası və şərtlərini öz milli qanunvericiliyinə uyğun olaraq müəyyən edir və müvafiq qaydada digər Tərəflərə məlumat verir.

4. Bu maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq dəniz elmi tədqiqatlarının aparılması üçün icazə verilməsi haqqında qərar qəbul edildikdə əsassız gecikdirmə və ya imtina olmamalıdır.

5. Bu maddədə sözügedən dəniz elmi tədqiqatları üzrə fəaliyyət, Tərəflərin bu Konvensiyada nəzərdə tutulmuş suveren və müstəsna hüquqlarını həyata keçirmələri zamanı apardıqları fəaliyyətə əsassız maneə törətmir.

6. Dəniz elmi tədqiqatları aparan Tərəf, bu maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq dəniz elmi tədqiqatların aparılmasına icazə vermiş Tərəfin belə tədqiqatlarda, həmin Tərəfin alimlərinə heç bir mükafat ödənişi etmədən və layihənin xərclərinin çəkilməsində iştirak etmək öhdəliyi olmadan, iştirak etmək və ya təmsil olunmaq, xüsusilə də praktiki mümkün olduqda, tədqiqat gəmilərinin göyərtəsində təmsil olunmaq hüququnu təmin edir.

7. Bu maddənin 1 və 2-ci bəndinə uyğun olaraq dəniz elmi tədqiqatları aparan Tərəf bu tədqiqatların aparılmasına icazə verən Tərəfi dəniz elmi tədqiqatı bitdikdən sonra onun yekun nəticə və məlumatlarını, habelə elmi tədqiqatlar nəticəsində əldə olunmuş məlumat və nümunələrə çıxışı təqdim edir.

8. Tərəf öz ərazi sularında dəniz elmi tədqiqatları ilə bağlı hər hansı fəaliyyətin dayandırılması və ya xitam verilməsini tələb etmək hüququna malikdir.

9. Bu maddənin 2-ci bəndinə uyğun olaraq dəniz elmi tədqiqatların aparılmasına icazə vermiş Tərəf aşağıdakı hallarda həmin tədqiqatın dayandırılması və ya xitam verilməsini tələb etmək hüququna malikdir:

a) tədqiqat fəaliyyəti onun razılıq verdiyi məlumatlara uyğun olmayaraq aparıldıqda;

b) tədqiqat fəaliyyəti onun müəyyən etdiyi şərtləri pozaraq aparıldıqda;

c) tədqiqat layihəsi aparılan zaman bu maddənin müddəalarından hər hansı birinə riayət edilmədikdə;

d) bu cür dayandırılma və ya xitam verilmə onun təhlükəsizliyinin təmin edilməsi üçün xüsusilə vacib olduqda.

10. Tərəflərin bayrağı altında üzən gəmilər bu maddənin 2 və 3-cü bəndlərinə uyğun olaraq ərazi suları hüdudlarından kənarda dəniz elmi tədqiqatlar aparmaq hüququna malikdir.

11. İkitərəfli və çoxtərəfli dəniz elmi tədqiqatları maraqlı Tərəflərin razılaşdırılması ilə aparılır.

 

Maddə 14

 

1. Tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilər.

2. Tərəflər Xəzər dənizinin dibi ilə sualtı magistral boru kəmərlərini onların layihələrinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası və onun müvafiq protokolları da daxil olmaqla, tərəfi olduqları beynəlxalq müqavilələrdə müəyyən edilmiş ekoloji tələb və standartlara uyğun olması şərti ilə çəkə bilər.

3. Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üçün yolun müəyyən edilməsi, sualtı kabelin və ya boru kəmərinin keçəcəyi dibin sektorunun məxsus olduğu Tərəflə razılaşdırmaqla həyata keçirilir.

4. Lövbər salma, dibyanı alətləri ilə balıq ovu, sualtı və dib dərinləşdirmə işləri və boşaldılmış lövbər zənciri ilə üzgüçülüyün qadağan olunduğu sualtı kabellərin və boru kəmərlərinin keçmə yollarının rayonlarının coğrafi koordinatları onların çəkildiyi sektorun məxsus olduğu sahilyanı dövlət tərəfindən bütün Tərəflərə bildirilməlidir.

 

Maddə 15

 

1. Tərəflər Xəzər dənizinin ekoloji sistemini və onun bütün komponentlərini mühafizə etmək və qorumaq öhdəliklərini götürür.

2. Tərəflər müstəqil və ya birgə şəkildə bioloji müxtəlifliyin qorunması, Xəzər dənizinin bioloji resurslarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsi, Xəzər dənizinin istənilən mənbədən çirkləndirilməsinin qarşısının alınması, azaldılması və nəzarətin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər görür və əməkdaşlıq edir.

3. Xəzər dənizinin bioloji müxtəlifliyinə ziyan vuran fəaliyyət qadağan edilir.

4. Tərəflər beynəlxalq hüququn normalarına əsasən Xəzər dənizinin ekoloji sisteminə vurulan zərərə görə məsuliyyət daşıyır.

 

Maddə 16

 

Xəzər dənizində Tərəflərin bu Konvensiyaya tərəf olmayan dövlətlərin fiziki və hüquqi şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığı bu Konvensiyanın müddəalarına uyğun olaraq həyata keçirilir.

 

Maddə 17

 

Tərəflər Xəzər dənizində beynəlxalq terrorçuluq və onun maliyyələşdirməsi, silah, narkotik maddələr, psixotrop vasitələr və onların prekursorlarının qanunsuz dövriyyəsi, brakonyerliklə mübarizə, dənizlə miqrantların qanunsuz gətirilməsinin, eləcə də digər cinayətlərin qarşısının alınması və aradan qaldırılması məqsədilə fəaliyyət göstərir.

 

Maddə 18

 

1. Bu Konvensiyanın müddəalarına bütün Tərəflərin razılığı ilə dəyişikliklər və ya əlavələr edilə bilər.

2. Bu Konvensiyaya dəyişiklik və əlavələr onun ayrılmaz tərkib hissəsidir və qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə beşinci bildirişin Depozitari tərəfindən alındığı tarixdən qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.

 

Maddə 19

 

Tərəflər Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə razılaşdırılmış prosedur qaydalarına əsasən bir qayda olaraq ildə ən azı bir dəfə növbə ilə hər sahilyanı dövlətdə keçirilən xarici işlər nazirliklərinin himayəsi altında yüksək səviyyəli müntəzəm beştərəfli məsləhətləşmə mexanizmini yaradırlar.

 

Maddə 20

 

Bu Konvensiya Tərəflərin onların tərəfi olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 21

 

1. Bu Konvensiyanın təfsiri və tətbiqi ilə bağlı fikir ayrılığı və mübahisələr Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunur.

2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq, bu Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı Tərəflər arasında razılıq əldə oluna bilməyən istənilən mübahisə Tərəflərin seçimi əsasında beynəlxalq hüquqda nəzərdə tutulan mübahisələrin dinc yolla həllinin digər vasitələri ilə tənzimlənməsinə verilə bilər.

 

Maddə 22

 

Bu Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya fərmanları saxlanmaq üçün Depozitari funksiyalarını həyata keçirən Qazaxıstan Respublikasına verilir. Bu Konvensiya beşinci ratifikasiya fərmanının Depozitari tərəfindən alındığı tarixdən qüvvəyə minir.

 

Maddə 23

 

1. Depozitari hər ratifikasiya fərmanının saxlanca verilməsi və Konvensiyanın qüvvəyə minmə tarixi, habelə düzəliş və əlavələrin qüvvəyə minmə tarixi barədə Tərəfləri məlumatlandırır.

2. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq Depozitari tərəfindən qeydiyyata alınır.

 

Maddə 24

 

Bu Konvensiya öz xarakterinə görə müddətsizdir.

Aktau şəhərində 12 avqust 2018-ci il tarixində Azərbaycan, fars, qazax, rus, türkmən və ingilis dillərində bir əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir.

Fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər ingilis dilindəki mətnə müraciət edəcəklər.

Əsl nüsxə saxlanmaq üçün Depozitariyə verilir. Depozitari bütün Tərəflərə bu Konvensiyanın təsdiq edilmiş nüsxələrini göndərir.

 

Azərbaycan Respublikası adından

(imza)

İran islam Respublikası adından

(imza)

Qazaxıstan Respublikası adından

(imza)

Rusiya Federasiyası adından

(imza)

Türkmənistan adından

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status