Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı
Azərbaycan Respublikası Prezidentinin “Xroniki alkoqoliklərin və narkomanların məcburi müalicəsinin təşkili haqqında” 1997-ci il 27 yanvar tarixli 547 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə” təsdiq edilsin.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 5 dekabr 1997-ci il
№ 135
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 5 dekabr tarixli 135 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında
ƏSASNAMƏ
1. Ümumİ müddəalar
1.1. Bu Əsasnamə xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimini, normativlərini və müalicə qaydalarını müəyyən edir.
1.2. Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş, cəzaçəkmə müəssisələrindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan xroniki alkoqoliklərin və narkomanların, barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, narkomaniyadan məcburi müalicə təyin edilmiş, yaxud cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi üçün Səhiyyə Nazirliyi nəzdində ixtisaslaşdırılmış tibb müəssisələri (İTM) fəaliyyət göstərir.
[1]
2. İTM-də tİbbİ-sanİtar xİdmətİ
2.1. İTM-in tibbi heyəti bütün xüsusi müalicə kompleksini təşkil edir və həyata keçirir. İTM-də saxlanılan şəxslərin əməyindən istifadə olunması məsələlərində məsləhət verir, sanitar-gigiyenik qaydalara və epidemiya əleyhinə tədbirlərə əməl olunmasına nəzarəti təmin edir və sanitariya-maarifi işini həyata keçirir.
2.2. İTM-in tibbi heyəti müalicə-profilaktik və sanitariya əks-epidemik işlərin aparılmasında səhiyyə haqqında qüvvədə olan qanunu, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmr və kollegiya qərarlarını rəhbər tutur.
2.3. Narkoloji tibb müəssisələrinin rəhbərləri həmin müəssisələrdə işləyən tibb heyətin və xəstələrlə əlaqədə olan digər şəxslərin narkoloji xəstələr tərəfindən törədilə biləcək təhlükəli hərəkətlərdən mühafizəsini təmin etməyə borcludurlar. [2]
3. İTM-də əməyİn və təlİmİn təşkİlİ
3.1. İTM-də saxlanılan şəxsin islah və tərbiyə olunması onların mütləq ictimai faydalı əməyə cəlb olunmasına əsaslanır, onlar müdiriyyətin təyinatı ilə işləməyə borcludurlar.
Məcburi müalicədə olan şəxslərin xəstəliyinin spesifikliyini nəzərə alaraq onları əməyə cəlb etmək üçün emalatxanalar və köməkçi təsərrüfatlar bilavasitə İTM-in yaxınlığında yerləşdirilməli və ümumi hasarla əhatə olunmalıdır.
3.2. İTM-də saxlanılan şəxslərin əməyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmaqla təşkil olunur.
3.3. İTM-də saxlanılan şəxslər üçün 8 saatlıq iş günü müəyyən olunur. Onlara həftədə bir istirahət günü verilir. Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada onlar səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işdən azad olunurlar. [3]
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü onların işə cəlb olunmasına ehtiyac olduqda ay ərzində başqa günlərdə onlara istirahət verilir. İTM-də xəstənin işlədiyi müddət onun ümumi əmək stajına daxil olur. [4]
3.4. İTM-də olan şəxslərə müstəsna hallarda, yaxın qohumunun vəfat etməsi və ya həyat üçün təhlükəli olan ağır xəstəliyi, həmin şəxsə və ya onun qohumuna ağır maddi ziyan vurmuş təbii fəlakət zamanı 10 gündən çox olmayaraq İTM-dən çıxmaq üçün qısamüddətli icazə verilə bilər.
Qısamüddətli çıxıb getmə üçün icazə məhkəmə orqanları ilə razılaşdırılmaqla müdriyyət tərəfindən, İTM-də saxlanılan şəxsin şəxsiyyəti və davranışı nəzərə alınmaqla verilir. Həmin şəxsin İTM-dən kənarda olduğu müddət İTM-də olma müddətinə hesablanır. Gediş haqqı onların özləri və ya qohumları tərəfindən ödənilir. İTM-dən kənarda olduğu zaman həmin şəxsə əmək haqqı hesablanmır.
3.5. İTM-də saxlanılan şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi şərt və qaydalara əməl olunmaqla xalq təsərrüfatının müvafiq sahələrinin və peşələrinin işçiləri üçün müəyyən olunmuş normativ tarif üzrə aparılır.
3.6. İTM-də saxlanılan şəxsin əmək haqqından İTM-in saxlanılmasına sərf olunan xərclərin qismən ödənilməsi üçün, həmçinin müəyyən olunmuş digər tutulmalar aparılır. İTM-də saxlanılan şəxsin şəxsi hesabına əmək haqqından tutulan bütün tutulmalardan asılı olmayaraq ona hesablanmış əmək haqqından 10%-dən az olmayaraq əmək haqqı keçirilir.
3.7. İTM-də saxlanılan şəxslər əmək haqqı ödənilmədən yalnız İTM-in və ona bitişik ərazinin abadlaşdırılması, həmçinin mədəni-məişət şəraitinin yaxşılaşdırılması işlərinə cəlb oluna bilər.
İTM-də saxlanılanlar bu işlərə bir qayda olaraq növbətçilik əsasında iş vaxtından kənar vaxtlarda cəlb olunurlar və onların müddəti həftədə iki saatdan çox olmamalıdır.
3.8. İTM-də olan və istehsalat ixtisası olmayan şəxslər üçün müəyyən olunmuş qaydada peşə-texniki təlim təşkil olunur.
4. İTM-də saxlanılan şəxslərİn əsas vəzİfə və hüquqları
4.1. İTM-də saxlanılan şəxslər bu Əsasnamə ilə müəyyən olunan məhdudiyyətlər çərçivəsində Azərbaycan Respublikası vətəndaşları üçün qanunda müəyyən olunmuş vəzifələrə və hüquqlara malikdirlər.
4.2. İTM-də saxlanılan şəxslər:
mövcud qanunvericiliyin tələblərinə, həmçinin müəssisənin daxili nizam-intizam qaydalarına dəqiq və ciddi əməl etməyə;
vicdanla işləməyə və xüsusi müalicə üzrə tibbi heyətin tələblərini yerinə yetirməyə;
əmək intizamına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etməyə;
əmlaka ehtiyatlı yanaşmağa, yaşayış və istehsalat binalarına və İTM-in ərazisində təmizliyi və səliqəni gözləməyə, şəxsi gigiyenaya əməl etməyə;
nəzakətli olmağa borcludurlar.
4.3. İTM-də saxlanılan şəxslərin şikayət, ərizə və təkliflərlə dövlət orqanlarına, ictimai təşkilatlara və vəzifəli şəxslərə müraciət etmək hüquqları var. Onların şikayət, ərizə və təklifləri İTM-in daxili nizam qaydalarına müvafiq olaraq aidiyyəti üzrə göndərilir və qanunda müəyyən olunmuş qaydada həll olunur.
5. İTM-də saxlanılan şəxslərə tətbİq olunan həvəsləndİrmə və tənbeh etmə tədbİrlərİ
5.1. Altı aylıq müalicədən sonra müalicə uğurlu olarsa, həkim-məsləhət komissiyasının rəyinə əsasən müəssisədə olan şəxsin müalicə müddəti yarı müddətdən çox olmayaraq qısaldılır, müdiriyyət tərəfindən lazımi sənədlər məhkəməyə göndərilir və qərar əsasında xəstə evə buraxılır. İTM-ə təkrar göndərilmiş şəxslərə müddətin qısaldılması tətbiq olunmur (müstəsna hallardan başqa). [5]
Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məcburi müalicədən vaxtından əvvəl azad edilirlər.
[6]
Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər mütəmadi olaraq müalicə rejimini pozduqda və bununla əlaqədar həyata keçirilən müalicə tədbirləri müsbət nəticə vermədikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, belə şəxslərin məcburi müalicə müddəti uzadıla bilər. [7]
5.2. İTM-in daxili nizam qaydalarını pozan və ya iş-müalicədən yayınan şəxslərə əmək qanunvericiliyində nəzərdə tutulan cəzalar tətbiq olunur.
5.3. İTM-də və ya ora qəbul olunanadək törədilmiş cinayətə görə müəyyən müddətdə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ya azadlığı məhdudlaşdırılan şəxslər cəzalarını çəkdikdən sonra məcburi müalicənin yarımçıq qalmış müddətini davam etdirmək üçün İTM-ə göndərilməlidirlər.
[8]
6. İTM-İn maddİ-məİşət təmİnatı, rejİmİ və müalİcə növlərİ
6.1. İTM-də saxlanılan şəxslər zəruri mənzil-məişət şəraitləri və sanitariya-gigiyena qaydaları ilə təmin olunurlar.
İTM-də saxlanan hər bir şəxsə düşən yaşayış sahəsi 2 kvadrat metrdən az olmamalıdır. Bir otaqda isə 10 nəfərə qədər xəstə yerləşdirilə bilər.
6.2. İTM-də saxlanan hər bir şəxsə fərdi yataq yeri və geyim ləvazimatı verilir, onlar mövsümə və məişət şəraitinə uyğun geyim, alt paltarları və ayaqqabı ilə təmin olunurlar, müəyyən olunmuş norma üzrə qida alırlar.
6.3. İTM-də imkan daxilində narkomanlar, xroniki alkoqoliklər və yeniyetmələr biri-birindən ayrı saxlanılırlar. Qadınların məcburi müalicəsi qadın şöbəsində aparılır.
6.4. İTM-ə yeni daxil olan xəstələr məcburi müalicə tibbi xarakterli tədbirlərlə və xəstələrin davranışının korreksiya olunmasına onların itirilmiş və ya enmiş sosial funksiyaların bərpa olunmasına (tibbi və sosial readaptasiya) yönəldilmiş tədbirlər kompleksi ilə təmin olunur.
6.5. Alkoqol əleyhinə və ya narkotik əleyhinə xüsusi müalicə ilə yanaşı xəstəliklərin müalicəsi və ümumi möhkəmləndirici müalicə, psixoterapevtik və psixoloqo-pedaqoji (tərbiyəvi) təsirlər və sosial nəzarət (saxlanma rejimi) məcburi müalicənin komponentləridir. Alkoqolizm və ya narkomaniyalı xəstələrin sosial reabilitasiyası prosesinin təmin olunmasında əmək tərbiyəsinin xüsusi əhəmiyyəti olduğuna görə ictimai faydalı əmək (əmək müalicəsi) məcburi müalicənin ən vacib komponentidir.
6.6. Detoksikasion terapiya alkoqoldan və ya narkotik vasitələrdən və psixotrop maddələrdən kəskin fiziki və psixi asılılığın və abstinensiyanın digər əlamətlərinin aradan götürülməsi, ümumi möhkəmləndirici müalicə, qrup psixoterapiyası xəstə İTM-yə daxil olan kimi bağlanır və İTM-də saxlanan digər şəxslərdən izolyasiya olunmaqla stasionar şəraitində aparılır. [9]
6.7. Alkoqol əleyhinə və ya narkotik əleyhinə xüsusi müalicə (sensibilizasiya, şərti-reflektor terapiya) xəstəyə belə müalicənin təyin olunması haqqında xəstənin yazılı ərizəsi olduqda aparılır.
6.8. Alkoqolizm və ya narkomaniyalı xəstələrin psixoterapiyası onun bütün növ və formalarında differensə olunmuş və ardıcıl olaraq xəstələri İTM-in şəraitinə adaptasiya olunmasına anozoqnoziyanın dəf olunmasına, könüllü olaraq müalicəyə və ayıqlığa meylin hasil olunmasına yönəldilir. Müalicənin bütün mərhələlərində əsas forma qrup psixoterapiyasıdır.
Müalicədən yayınan, xüsusilə şəxsiyyətin psixopatoloji dəyişikliyi ilə əlaqədar olan affektiv davranışlı xəstələrə fərdi nəzarət və əlavə psixofarmakorreksiya lazımdır.
6.9. İTM-də gün rejimi müalicənin mərhələsindən asılıdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Xroniki alkoqolizm və ya narkomaniyalı xəstələrin məcburi müalicəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sistemində təşkil və təmin olunması haqqında Təlimat”a əsasən tənzim edilir.
7. İTM-dən evə yazılma
7.1. İTM-də olan şəxs təyin olunmuş məcburi müalicə müddəti qurtardıqdan sonra evə yazıla bilər və bu haqda qəbul olunmuş qaydada məhkəmə orqanlarına sənəd göndərilir.
7.2. İTM-də saxlanan şəxs onun bu idarədə qalmasına mane olan xroniki-ruhi və digər ağır xəstəliklərlə xəstələndikdə müdiriyyət məhkəmə orqanlarının razılığı ilə həmin şəxsin vaxtından əvvəl İTM-dən ayrı xəstəxanaya köçürülməsi məsələsini həll edir.
7.3. İTM-dən xəstəliyə görə vaxtından əvvəl evə yazdıqda müdiriyyət belə şəxslərin dövlət tibb müəssisələri vasitəsilə müalicəsinin təşkil olunması üçün lazım olan tədbirləri görür və ya onları öz qohumlarına təhvil verir, qohumları olmadıqda isə onları ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, habelə sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq xüsusi təhsil müəssisələrində yerləşdirilməsi barədə sosial-təminat idarələri qarşısında məsələ qaldırır. Lakin qulluq tələb olunduğu hallarda müdiriyyət belə şəxsləri müvafiq idarələrə və ya seçilmiş yaşayış yerinə aparılmasını təşkil edir. [10]
Ehtiyac olduğu hallarda müdiriyyət xəstəliyə görə İTM-dən vaxtından əvvəl evə yazılmış şəxslərin işlə təmin olunması üçün tədbirlər görür.
7.4. Xəstənin şəxsiyyət vəsiqəsi olmadıqda müdiriyyət onun evə yazılmasından 2 ay əvvəl şəxsiyyət vəsiqəsi verilməsi üçün lazım olan materialları İTM-in yerləşdiyi ərazi üzrə daxili işlər orqanlarına göndərir.
7.5. Əgər İTM-də olma müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ya ümumxalq hüzn günü qurtarırsa, onda həmin şəxs istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərindən və ya ümumxalq hüzn günündən əvvəlki gün evə yazılır. [11]
Xəstə ilə tam hesablaşma aparılır, şəxsi əşya, sənəd və pulları ona qaytarılır. Əgər İTM-dən evə yazılarkən həmin şəxs əmlakın dəyərini tam ödəmək imkanına malik deyilsə, onda ödənilməmiş məbləğ xüsusi vəsait hesabına silinir.
Evə yazılan şəxsin əmək kitabçası olmadıqda ona İTM-dəki işin müddəti və xarakteri haqqında arayış verilir.
Evə yazılan şəxsə işinə görə xasiyyətnamə verilir.
İTM-dən evə yazılan şəxs yaşayış və yaxud iş yerinə pulsuz gedişlə təmin olunur. Həmçinin müəyyən olunmuş norma üzrə gediş müddətində ərzaq məhsulları və ya pulla təmin olunur.
İTM-dən evə yazılan şəxslər mövsümə uyğun paltar və ayaqqabı ilə təmin olunmalıdırlar. Onları almaq üçün pul olmadıqda isə evə yazılan şəxsə pulsuz paltar və ayaqqabı verilməlidir. İTM-də vəfat edən xəstələr qohumlarına verilir. Qohumları olmadıqda müəssisənin vəsaiti hesabına dəfn edilir.
7.6. İTM-dən evə yazılan şəxslər haqqında müdiriyyət onları işlə təmin olunmasına kömək etmək üçün yaşayış yeri üzrə icra hakimiyyətinin başçısına müraciət edir və dispanser müşahidəsini təmin etmək üçün müvafiq narkoloji dispanserə məlumat verir.
8. Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ixtisaslaşdırılmış tibb müəssisələrindən buraxılmış xroniki alkoqoliklər və narkomanlar yaşayış yerlərində və ya dövlət tibb müəssisələrində uçota götürülür, yerli icra hakimiyyəti ilə birlikdə onların sosial reabilitasiyasına köməklik göstərilir, davranışları və səhhətlərinə nəzarət edilməsi təmin olunur.
[12]
9. Müalicədən boyun qaçıran xroniki alkoqoliklər və narkomanlar barədə Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və ədliyyə orqanları mütəmadi olaraq bir-birlərinə müvafiq məlumatların göndərilməsini və ehtiyac olduğu halda bu məsələlərin həllində qarşılıqlı köməklik göstərilməsini təmin edirlər.
10. İxtisaslaşdırılmış tibb müəssisəsinin mühafizəsi Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin bağladıqları müqavilə əsasında həyata keçirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 70)
2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2001-ci il tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 214)
3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 fevral 2002-ci il tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 2, maddə 100)
4.
6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)
5.
2 avqust 2007-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 847)
6.
13 fevral 2008-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 123)
7.
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
8.
19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)
9.
26 fevral 2015-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 05 mart 2015-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 241)
10.
16 fevral 2016-cı il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 587)
11.
30 avqust 2018-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1814)
12.
7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 512)
13.
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 70) ilə "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"nin 1.2-ci bəndində "Azadlıqdan məhrumetmə" sözlərindən sonra "və azadlığın məhdudlaşdırılması" sözləri əlavə edilmiş, eləcə də "azadlıqdan məhrumetmə yerlərindən" sözləri "penitensiar müəssisələrdən" sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2001-ci il tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 214) ilə "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"nin 1.2.-ci bəndində "Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş, azadlıqdan məhrumetmə yerlərindən" sözləri "Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş, cəzaçəkmə müəssisələrindən" sözləri ilə əvəz edilmişdir.
2 avqust 2007-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 847) ilə 1.2-ci bəndində «xroniki alkoqoliklərin və narkomanların» sözlərindən sonra «, habelə cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin» sözləri əlavə edilmişdir.
16 fevral 2016-cı il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 587) ilə Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 1.2-ci bənddə “, habelə cinayət” sözləri “, barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, narkomaniyadan məcburi müalicə təyin edilmiş, yaxud cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri ilə əvəz edilmişdir.
[2]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 fevral 2002-ci il tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 2, maddə 100) ilə “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”yə 2.3-cü bənd əlavə edilmişdir.
[3]
19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə 3.3-cü bəndin birinci abzasında "bayram günləri" sözləri "səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə, ikinci abzasında "Bazar və iş günü hesab edilməyən bayram günləri" sözləri "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilmişdir.
[4]
6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"nin 3.3-cü bəndinin ikinci abzasında və 7.5-ci bəndinin birinci abzasında "bayram" sözü "iş günü hesab edilməyən bayram" sözləri ilə əvəz edilmişdir.
[5]
30 avqust 2018-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1814) ilə “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 5.1-ci bəndində “tibbi rəyə” sözləri “həkim-məsləhət komissiyasının rəyinə” sözləri ilə əvəz edilmişdir.
[6]
26 fevral 2015-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 05 mart 2015-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 241) ilə “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 5.1-ci bəndinin ikinci abzasında “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilmişdir.
16 fevral 2016-cı il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 587) ilə Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 5.1-ci bəndin ikinci və üçüncü abzaslarına “Məcəlləsinə” sözündən sonra “, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə” sözləri əlavə edilmişdir.
[7]
2 avqust 2007-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 847) ilə 5.1-ci bəndinə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir.
[8]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 70) ilə "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"nin 5.3.-cü bəndində "azadlıqdan məhrum olunan" sözlərindən sonra "və ya azadlığı məhdudlaşdırılan" sözləri əlavə edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2001-ci il tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 214) ilə "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"nin 5.3.-cü bəndində "azadlıqdan məhrum olunan" sözləri "müəyyən müddətdə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş" sözləri ilə əvəz edilmişdir.
16 fevral 2016-cı il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2015-ci il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 587) ilə Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 5.3-cü bənddən “və ya azadlığı məhdudlaşdırılan” sözləri çıxarılmışdır.
[9]
13 fevral 2008-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 123) ilə 6.6-cı bənddə “narkotik” sözündən sonra “vasitələrdən və psixotrop” sözləri əlavə edilmişdir.
[10]
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 7.3-cü bəndinin birinci cümləsində «evlərdə» sözündən sonra «, habelə sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq xüsusi təhsil müəssisələrində» sözləri əlavə edilmişdir.
7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 512) ilə “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 7.3-cü bəndinin birinci cümləsində “əlillər və qocalar üçün internat evlərdə” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilmişdir.
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 7.3-cü bəndin birinci abzasının birinci cümləsində “yerli səhiyyə orqanları” sözləri “dövlət tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir.
[11]
19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə 7.5-ci bəndin birinci abzasında "bazar və ya iş günü hesab edilməyən bayram günü" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ya ümumxalq hüzn günü" sözləri ilə, "şənbə və yaxud bayramdan" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərindən və ya ümumxalq hüzn günündən" sözləri ilə əvəz edilmişdir.
[12]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 70) ilə "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"nin 8-ci bəndində "Azadlıqdan məhrumetmə" sözlərindən sonra "və azadlığın məhdudlaşdırılması" sözləri əlavə edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2001-ci il tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 214) ilə "Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə"nin 8-ci bəndində "Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza almış" sözləri "Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş" sözləri ilə əvəz edilmişdir.
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 8-ci hissədə “səhiyyə orqanlarında” sözləri “dövlət tibb müəssisələrində” sözləri ilə əvəz edilmişdir.