AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.03.2019
QEYDİYYAT NÖMRƏSİ
597
ADI
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20-03-2019, Nəşr Nömrəsi: 64), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2019, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 437)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.03.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201903180597
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.03.2019
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

3. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

5. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. Mərkəzin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

5.1.2. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

5.2. Komitəyə:

5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5.3. Mərkəzin ilkin nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yaşayış sahələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq torpaq sahəsinə bağlılığının təsbit edildiyi qüvvədə olan qanunlarda dəyişikliyi nəzərdə tutan qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Komitənin Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin balansındakı əmlakın Mərkəzin balansına verilməsini təmin etsin;

7.2. bu Fərmanın 2-ci hissəsinə və 7.1-ci bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Mərkəzin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmanın 4-cü hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş xidmətlərə görə ödənilən xidmət haqqı məbləğlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Müəyyən edilsin ki:

8.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə xidmət haqqı ödənilmir;

8.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 7.3-cü bəndinə uyğun olaraq xidmət haqqı müəyyən edənədək həmin xidmət haqqını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Komitə müəyyən edir.

9. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017, № 1, maddə 39) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3-cü hissədən “aparatının” sözü çıxarılsın və həmin hissədə “ 135” rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50” sözləri ilə əvəz edilsin.

9.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”;

9.2.2. aşağıdakı məzmunda 7.1-1-ci və 7.2-1-ci bəndlər əlavə edilsin:

“7.1-1. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir;”;

“7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;”;

9.2.3. 7.4-cü bənddən “dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə” sözləri çıxarılsın və həmin bəndə “respublika üzrə” sözlərindən sonra “qanunvericiliklə” sözü əlavə edilsin;

9.2.4. 7.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.5. bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir;”;

9.2.5. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;”;

9.2.6. 8.9-cu və 8.10-cu bəndlər çıxarılsın;

9.2.7. aşağıdakı məzmunda 8.13-1-ci bənd əlavə edilsin:

“8.13-1. tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görmək;”;

9.2.8. 8.16-cı bənddən “dövlət şəhərsalma kadastrı xidmətinin təşkili üzrə müvafiq normativ-metodiki baza yaratmaq,” sözləri çıxarılsın;

9.2.9. aşağıdakı redaksiyada 8.20-1 – 8.20-6-cı bəndlər əlavə edilsin:

“8.20-1. müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək;

8.20-2. yaşayış məntəqələri ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planlarını təsdiq etmək;

8.20-3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək;

8.20-4. strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək;

8.20-5. tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək;

8.20-6. müəyyən edilmiş ərazilərdə səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını təşkil etmək;”;

9.2.10. 8.27-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.27. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;”;

9.2.11. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;”;

9.2.12. 9.3-cü bəndə “baş memarların” sözlərindən sonra “, habelə digər memarların” sözləri əlavə edilsin;

9.2.13. 9.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“9.10. zəruri məlumatların əldə edilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq;”;

9.2.14. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“13. Komitə sədrinin birinci müavini və üç müavini vardır. Komitə sədrinin müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Komitə sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

9.2.15. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“14.2. Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və Şəhərsalma Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Komitənin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;”;

9.2.16. aşağıdakı redaksiyada 14.2-1-ci bənd əlavə edilsin:

“14.2-1. Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;”;

9.2.17. 14.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“14.5. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;”;

9.2.18. aşağıdakı redaksiyada 17-1-ci bənd əlavə edilsin;

“17-1. Komitənin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

17-1.2. qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Komitəyə tapşırdığı konkret normativ hüquqi aktlar;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

17-1.5. Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

17-1.6. bu Əsasnamənin 17-1.1 – 17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi.”;

9.2.19. 19-cu bənd çıxarılsın;

9.2.20. 20-ci bənddə “çatdıra bilərlər” sözləri “çatdırmaq hüquqları vardır” sözləri ilə əvəz edilsin;

9.2.21. 21-ci bənddən “rəhbərləri” sözü çıxarılsın və həmin bənddə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin;

9.2.22. 22-ci bəndin ikinci cümləsində “Şura haqqında Əsasnamə və onun” sözləri “Şuranın” sözü ilə əvəz edilsin;

9.2.23. 8.2-ci, 8.3-cü, 8.15-ci, 8.19-cu, 8.20-ci, 8.24-cü, 8.29-cu, 9.8-ci və 9.15-ci bəndlərdən ismin müvafiq hallarında “öz səlahiyyəti daxilində” sözləri çıxarılsın.

10. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strukturu”nun mətni 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi.”.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 mart 2019-cu il

                    № 597

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. [1]

1.2. Baş İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Komitənin Əsasnaməsini, bu Əsasnaməni, Komitənin Kollegiyasının qərarlarını, Komitə sədrinin əmr və sərəncamlarını rəhbər tutur.

1.3. Baş İdarənin müstəqil balansı, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Komitənin və Baş İdarənin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, xəzinə və bank hesablarına vardır.

1.4. Baş İdarənin saxlanılması xərcləri və fəaliyyəti Komitənin təsdiq etdiyi xərc smetasına uyğun olaraq ayrılmış büdcə vəsaiti və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.5. Baş İdarə Bakı şəhərində yerləşir.

 

2. Baş İdarənin fəaliyyət istiqamətləri

 

2.1. Baş İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.3. Baş İdarənin fəaliyyət istiqamətləri üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı Komitəyə təkliflər vermək;

2.1.4. dövlət şəhərsalma nəzarətini həyata keçirmək.

 

3. Baş İdarənin vəzifələri

 

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş İdarənin vəzifələri aşağıdakılardır:

3.1.1. dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

3.1.2. müvafiq sahə üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elmi-texniki nailiyyətlərin tətbiqində iştirak etmək;

3.1.3. məskunlaşma sisteminin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlər hazırlanmasında iştirak etmək;

3.1.4. tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək;

3.1.5. müəyyən edilmiş qaydada şəhərsalma kadastrını aparmaq;

3.1.6. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin işinin təmin edilməsində iştirak etmək;

3.1.7. müəyyən edilmiş qaydada respublika səviyyəsində dövlət şəhərsalma nəzarətinin Komitə tərəfindən həyata keçirilməsində iştirak etmək;

3.1.8. müvafiq sahədə Komitənin strukturuna daxil olan digər qurumlara, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına metodiki kömək göstərmək;

3.1.9. müvafiq sahənin inkişafını kompleks təhlil etmək və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlamaq;

3.1.10. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.11. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.13. Baş İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.14. Baş İdarənin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.15. səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy vermək;

3.1.16. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək; [2]

3.1.17. tikinti obyektlərinin sifarişçilərinin sorğuları əsasında tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) obyektin təyinatını göstərməklə təqdim etmək;

3.1.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Baş İdarənin hüquqları

 

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Baş İdarənin aşağıdakı hüquqları vardır:

4.1.1. müvafiq sahədə normativ hüquqi aktların hazırlanması, onlarda dəyişiklik edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı Komitəyə təkliflər vermək;

4.1.2. fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.3. şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görmək;

4.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

4.1.5. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.6. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.1.8. müvafiq sahənin elmi-texniki informasiya təminatını yaxşılaşdırmaq üçün bu məqsədlə nəzərdə tutulmuş vəsait çərçivəsində qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya şəbəkəsi, internet saytı yaratmaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və onlardan istifadə etmək.

 

5. Baş İdarənin fəaliyyətinin təşkili

 

5.1. Baş İdarənin fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Baş İdarənin rəisi Baş İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.2. Baş İdarənin Aparatının strukturunu və ştat cədvəlini, büdcə vəsaiti üzrə xərclər smetasını və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetasını Komitə təsdiq edir.

5.3. Baş İdarə rəisinin Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və bir müavini vardır. Baş İdarə rəisinin birinci müavini vəzifəsinə görə Bakı şəhərinin baş memarıdır.

5.4. Baş İdarə rəisinin müavinləri Baş İdarə rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Baş İdarənin rəisi:

5.5.1. Baş İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. səlahiyyətləri daxilində Baş İdarə Aparatının fəaliyyətinə dair əmrlər, sərəncamlar və göstərişlər verir;

5.5.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Baş İdarə Aparatının ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onun xərclər smetasını təsdiq olunmaq üçün Komitəyə təqdim edir;

5.5.4. Baş İdarə Aparatının işçilərini (struktur bölmələrinin rəhbərlərini və onların müavinlərini Komitə ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.5. Baş İdarədə qəbul edilmiş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.6. Baş İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.7. Baş İdarəni təmsil edir;

5.5.8. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində (bundan sonra – müvafiq sahədə) xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir.

1.2. Mərkəz Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyində fəaliyyət göstərir.

1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Mərkəz ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, Komitənin və özünün adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini təmin etmək, mövcud mexanizmləri təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətini artırmaq, habelə həmin xidmətlərin şəhərsalma və tikinti fəaliyyəti subyektləri üçün əlçatanlığını və əlverişliliyini təmin etməkdir.

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. müvafiq sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

2.2.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.2.3. müvafiq sahədə xidmətlər göstərmək;

2.2.4. müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilini həyata keçirmək.

 

3. Mərkəzin vəzifələri və hüquqları

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Komitənin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə Komitəyə, cinayət əlamətləri olduqda isə, həmçinin aidiyyəti üzrə məlumat vermək;

3.1.4. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.5. müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.6. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbir görmək;

3.1.7. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbir görmək;

3.1.8. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.9. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.10. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbir görmək;

3.1.11. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.12. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbir görmək;

3.1.13. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.14. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.15. yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək;

3.1.16. Bakı şəhərinin və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində yol və mühəndis-kommunikasiya xətləri üçün trasları müəyyən etmək; [3]

3.1.17. Komitənin tapşırığı əsasında, sifarişçinin tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin təyinatı göstərilməklə icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) əks etdirən yazılı məlumat hazırlamaq;

3.1.18. Komitənin tapşırığı əsasında, müəyyən olunmuş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin, onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olub-olmaması barədə rəy hazırlamaq;

3.1.19. Komitənin tapşırığı əsasında, tikinti layihələrinin, o cümlədən Bakı şəhərinin inzibati ərazisində tikintisi, quraşdırılması planlaşdırılan (tikintisinə icazə tələb olunan) reklam qurğularının şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy hazırlamaq;

3.1.20. Komitənin tapşırığı əsasında, tikinti obyektinin istismarına icazə verilməsi, habelə verilmiş tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı qərar verilməsi üçün təqdim olunmuş sənədləri təhlil etmək;

3.1.21. Komitənin tapşırığı əsasında adablaşdırma barədə qərarın təsdiq edilməsi üçün təqdim olunan sənədləri təhlil etmək;

3.1.22. Bakı şəhərinin və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq;

3.1.23. yeraltı kommunikasiyaların yerləşdirilməsi planları və tikinti-şəhərsalma fəaliyyəti ilə bağlı arxiv sənədlərinin arxiv məlumatlarını, həmin sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmək;

3.1.24. bu Nizamnamə ilə Mərkəzə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatları və illik iş planını Komitəyə təqdim etmək;

3.1.25. Azərbaycan Respublikası Prezidentinin və Komitənin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.9. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.10. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı nəzərdə tutulduğu halda təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.11. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.12. sifariş əsasında tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər göstərmək;

3.2.13. tikinti obyektinin sifarişçisinin müraciəti əsasında yaşayış və qeyri-yaşayış binalarının layihə-smeta sənədlərini hazırlamaq;

3.2.14. sifariş əsasında bədii və tərtibat-dizayn işləri görmək;

3.2.15. memarlıq və inşaat sahəsində elmi tədqiqat işləri aparmaq, həmçinin həmin məsələlər üzrə məsləhət və təkliflər vermək;

3.2.16. Komitənin tapşırığı əsasında müvafiq sahə üzrə məsələlərlə əlaqədar mütəxəssis rəyi vermək;

3.2.17. Mərkəzin ehtiyacları üçün işlər görülməsi, xidmətlər göstərilməsi, mal və materiallar alınması, həmçinin müvafiq sahədə ehtiyacların ödənilməsi üçün layihə və elmi tədqiqat işləri aparılması məqsədilə qanunla müəyyən edilmiş qaydada tenderlər (müsabiqələr) keçirmək və müqavilələr bağlamaq;

3.2.18. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Komitəyə təkliflər vermək;

3.2.19. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. Mərkəzin idarə olunması

 

4.1. Mərkəz öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzi İdarə Heyəti idarə edir.

4.3. İdarə Heyəti Mərkəzə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki üzvdən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını sədrin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.5.1. Mərkəzin inkişaf istiqamətlərini müəyyən edir;

4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Komitəyə təkliflər verir və sənədlər təqdim edir;

4.5.3. Mərkəzin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Komitəyə təqdim edir;

4.5.4. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri Komitəyə təqdim edir;

4.5.5. bu Nizamnamənin 3.1.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.5.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin və onun qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını hazırlayaraq təsdiq üçün Komitəyə təqdim edir, Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərin əməkhaqqına əlavənin ödənilməsini nəzərdə tutan həvəsləndirmə sisteminin müəyyənləşdirilməsinə dair Komitəyə təkliflər təqdim edir;

4.5.8. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları, habelə onun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini hazırlayır və təsdiq olunması üçün Komitəyə təqdim edir;

4.5.9. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

4.5.10. Komitənin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.5.11. Komitənin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.12. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.13. Mərkəzin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.5.14. müvafiq sahədə göstərilən xidmətlərin haqlarının məbləği və bu haqların ödənilmə qaydası ilə bağlı Komitəyə təkliflər verir;

4.5.15. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.5.16. cari və operativ məsələlər barədə Komitəni məlumatlandırır.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya digər üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir. İclaslar müvafiq qaydada protokollaşdırılır və müzakirəyə çıxarılmış məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər iştirakçı bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı iştirakçıların bitərəf qalmasına icazə verilmir.

4.7. İdarə Heyətinin sədri:

4.7.1. Mərkəzin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir;

4.7.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.5. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.6. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.7.7. Komitənin razılığı ilə Mərkəzin idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

4.7.8. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.7.9. bu Nizamnamənin 4.7.7-ci və 4.7.8-ci yarımbəndləri nəzərə alınmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir;

4.7.10. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.11. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.12. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.13. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.7.14. Mərkəzin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.7.15. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;

4.7.16. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.7.17. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

4.7.18. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

4.7.19. Komitənin tapşırığı ilə konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;

4.7.20. Mərkəzin fəaliyyəti ilə bağlı illik maliyyə hesabatlarını Komitəyə təqdim edir;

4.7.21. Komitə rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təklif verirlər;

4.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

5.1. Mərkəzin nizamnamə fondu Mərkəzin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur və ilkin olaraq 1 (bir) milyon manat təşkil edir.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəz “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi (hüquqi hərəkətləri həyata keçirdiyi) halda həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edilən hallarda digər ödənişlər tutur.

5.6. Mərkəzin tutduğu dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür. [4]

5.7. Mərkəzin göstərdiyi xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir. Həmin xidmətlərin qiymətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti (siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən xidmətlərə münasibətdə) və Komitə (sifariş əsasında göstərilən və qanunla alınması məcburi xarakter daşımayan digər xidmətlərə münasibətdə) müəyyən edir.

 

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Komitə həyata keçirir.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Komitəyə təqdim edilir.

 

7. Mərkəzdə uçot və hesabat

 

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

8. Mərkəzin ləğvi və yenidən təşkili

 

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin

 

SİYAHISI

 

Xidmətin adı

1.

Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi

2.

Dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi

3.

Bakı şəhərinin və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi [5]

4.

Təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması

5.

Tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması:

5.1.

məlumatlandırma icraatının şamil edilmədiyi fərdi yaşayış evləri layihələrinin

5.2.

çoxmənzilli yaşayış binaları layihələrinin

5.3.

qeyri-yaşayış binaları layihələrinin

5.4.

infrastruktur (yol tikintisi) layihələrinin

5.5.

texniki və mühəndis qurğuları layihələrinin

5.6.

mühəndis-kommunikasiya xətləri layihələrinin

5.7.

digər obyektlərin layihələrinin

6.

Tikilinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi

7.

Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi

8.

Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi

9.

Bakı şəhərinin və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 oktyabr 2019-cu il tarixli 836 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1581)

2.       29 dekabr 2021-ci il tarixli 1540 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1405)

3.       5 aprel 2022-ci il tarixli 1645 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 306)

4.       23 avqust 2022-ci il tarixli 1823 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 883)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 oktyabr 2019-cu il tarixli 836 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1581) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndində “icra hakimiyyəti orqanıdır” sözləri “, Komitənin strukturuna daxil olan qurumdur” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 aprel 2022-ci il tarixli 1645 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 306) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 3.1.16-cı yarımbəndinə “tikinti obyektinin” sözlərindən əvvəl “Bakı şəhərinin inzibati ərazisində” sözləri əlavə edilmişdir.

 

[3] 5 aprel 2022-ci il tarixli 1645 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 306) ilə “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi”nin 3.1.16-cı və 3.1.22-ci yarımbəndlərində “inzibati ərazisində” sözləri “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində” sözləri ilə əvəz edilmişdir.

23 avqust 2022-ci il tarixli 1823 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 883) ilə “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi”nin 3.1.16-cı və 3.1.22-ci yarımbəndlərində “şəhərinin” sözü “şəhərinin və” sözləri ilə əvəz edilmişdir.

 

[4] 29 dekabr 2021-ci il tarixli 1540 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1405) ilə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi”nin 5.6-cı bəndi ləğv edilmişdir.

 

[5] 23 avqust 2022-ci il tarixli 1823 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 883) ilə “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin Siyahısı”nın 3-cü və 9-cu hissələrində “inzibati ərazisində” sözləri “və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status