AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
21.12.2018
QEYDİYYAT NÖMRƏSİ
427
ADI
“Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2018, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2584)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.12.2018
“Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında

“Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Prezidentinin “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 4 mart tarixli 1853 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamlarına və digər hüquqi aktlara uyğun olaraq, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə “Yaşıl dəhliz”, eləcə də beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılmasının təmin edilməsi ilə bağlı və digər istiqamətlərdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, həyata keçirilmiş islahatların davamı olaraq, idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaradılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi yolu ilə ölkənin ixrac potensialının gücləndirilməsi, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarının tətbiqi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarətin asanlaşdırılması məqsədilə qərara alıram:

1. “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

4.1. bu Fərmandan irəli gələn məsələlərin operativ həllini təmin edən müvafiq mexanizmlər hazırlasın və 2019-cu il fevralın 1-dən tətbiq etsin;

4.2. bu Fərmandan irəli gələn məsələlərin həlli üçün digər aidiyyəti tədbirlər görsün.

5. Bu Fərmanın 1-ci hissəsi 2019-cu il fevralın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2018-ci il

№ 427

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası

 

QAYDASI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-1.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 1.7-ci bəndinə əsasən hazırlanmışdır və xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası məsələlərini tənzimləyir.

1.2. Bu Qaydanın məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

1.3. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.3.1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi - bu Qaydanın tələblərinə və şərtlərinə uyğun olaraq müəyyən hüquqları əldə etmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (bundan sonra - şəxs);

1.3.2. “Ticarətin Asanlaşdırılması Mərkəzi” - xarici ticarət iştirakçılarına daha yüksək xidmət göstərilməsi üçün asanlaşdırılmış gömrük rəsmiləşdirilməsi, logistika və digər xidmətlərin vahid məkanda, əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün müəyyən olunmuş gömrük nəzarəti zonası.

 

2. “YAŞIL DƏHLİZ” BURAXILIŞ SİSTEMİNDƏN DAİMİ İSTİFADƏ HÜQUQUNUN ƏLDƏ EDİLMƏSİ

 

2.1. Aşağıda göstərilən bütün tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər:

2.1.1. idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 (bir) il ərzində təcrübəsi olan;

2.1.2. gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;

2.1.3. daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;

2.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan (bundan sonra - anbar) istifadə edən;

2.1.5. qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş.

2.2. Bu Qaydanın 2.1.2-ci, 2.1.3-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulan tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər.

2.3. Şəxsin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan tələblərə cavab verib-vermədiyini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) həmin şəxsin elektron formada müraciəti əsasında bir ay müddətində yoxlayır. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən şəxsə idxal-ixrac əməliyyatları üzrə, bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən şəxsə isə yalnız ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir və bu barədə ona müvafiq bildiriş göndərilir.

2.4. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. şəxs bu Qaydanın 2.1-ci və 2.2-ci bəndləri ilə müəyyən edilmiş tələblərə cavab vermədikdə;

2.4.2. təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.

2.5. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən imtina barədə qərar qəbul etdikdə, onun səbəbləri göstərilməklə ərizəçiyə 1 (bir) iş günü ərzində elektron qaydada bildiriş göndərilir.

2.6. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən imtinaya əsas olmuş səbəblər aradan qaldırıldıqdan sonra şəxs bu Qaydaya uyğun olaraq yenidən Komitəyə müraciət edə bilər.

2.7. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi üçün təqdim edilmiş məlumatlarda və sənədlərdə dəyişiklik olduqda, “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə gömrük orqanına dərhal məlumat verməlidir.

2.8. Şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə, həmçinin Komitənin Apellyasiya Şurasına, Komitənin Apellyasiya Şurasının qərarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə bilər. [1]

2.9. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun verilməsi, dayandırılması, ləğvi və ya bərpası barədə qərar qəbul olunduqda, bu barədə aidiyyəti qurumlara məlumat verilir.

 

3. “YAŞIL DƏHLİZ” BURAXILIŞ SİSTEMİNİN DAİMİ İSTİFADƏÇİLƏRİNƏ VERİLƏN ÜSTÜNLÜKLƏR

 

3.1. Bu Qaydaya uyğun olaraq “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş şəxs aşağıdakı üstünlüklərə malik olur:

3.1.1. malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi;

3.1.2. gömrük sərhəd buraxılış məntəqələrində, ticarətin asanlaşdırılması mərkəzlərində və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müəyyən edilmiş digər yerlərdə gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi;

3.1.3. gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi;

3.1.4. malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi;

3.1.5. gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsini gömrük orqanları əməkdaşlarının tərəfindən iş yerindən kənarda və iş vaxtından kənar saatlarda aparması;

3.1.6. gömrük işi sahəsində yeniliklər, ən yaxşı təcrübələr, habelə beynəlxalq təşkilatların tövsiyə və standartları ilə bağlı təşkil edilən təlimlərdə iştirak.

3.1.7. idxal zamanı:

1. idxal olunan malların şəxsin anbarlarına birbaşa aparılması;

2. gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması;

3.1.8. ixrac zamanı:

1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin fəaliyyət zonasını əhatə edən gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərməsi;

2. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrini (plomblar, möhürlər, ştamplar və sair) müstəqil tətbiq etməsi.

3.2. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçilərinə bu Qaydada nəzərdə tutulmuş üstünlüklərin verilməsi şəxsləri gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər məsuliyyət və öhdəliklərdən azad etmir.

 

4. “YAŞIL DƏHLİZ” BURAXILIŞ SİSTEMİNİN DAİMİ İSTİFADƏÇİSİNİN ÜSTÜNLÜKLƏRDƏN İSTİFADƏSİNƏ DAİR TƏLƏBLƏR

 

4.0. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 3-cü hissəsində göstərilən üstünlüklərdən istifadə etmək üçün aşağıdakı tələbləri yerinə yetirməlidir:

4.0.1. idxalı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsini nəqliyyat vasitəsi gömrük sərhədinin buraxılış məntəqəsinə daxil olmazdan ən azı 1 (bir) saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərmək;

4.0.2. idxal olunan malların şəxsin anbarlarına çatması barədə məlumatı əks etdirən elektron bildirişi gömrük orqanlarına dərhal göndərmək;

4.0.3. ixracı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini ixrac olunan malların nəqliyyat vasitəsinə yüklənməsindən ən azı 1 (bir) saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərmək;

4.0.4. idxal və ya ixrac edilən mallar və nəqliyyat vasitələri barədə düzgün məlumatları (çeşidi, sayı, texniki göstəriciləri, təyinatı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodu və dəyəri) gömrük orqanlarına bəyan etmək;

4.0.5. idxal əməliyyatlarında mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatı vermək;

4.0.6. malların daşınmasını kənar müdaxilənin mümkün olmadığı təhlükəsiz nəqliyyat vasitəsilə həyata keçirmək.

 

5. “YAŞIL DƏHLİZ” BURAXILIŞ SİSTEMİNDƏN DAİMİ İSTİFADƏ HÜQUQUNUN DAYANDIRILMASI, LƏĞVİ VƏ BƏRPASI

 

5.1. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda dayandırır:

5.1.1 “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə;

5.1.2. idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.2 – 2.1.4-cü, 4.0.2-ci və 4.0.4-cü yarımbəndlərində, ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.2-ci, 2.1.3-cü və 4.0.4-cü yarımbəndlərində nəzərdə tutulan tələblərə riayət etmədikdə. [2]

5.2 “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ bu Qaydanın 5.1.2-ci yarımbəndində nəzərdə tutulmuş halda 3 (üç) ay, 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş halda isə ərizədə göstərilən müddətə (lakin 12 (on iki) aydan çox olmamaqla) dayandırılır.

5.3 Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti dayandırılması barədə qərar qəbul etdiyi gündən 1 (bir) iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən ən azı 30 (otuz) gün əvvəl şəxsə məlumat verməlidir.

5.4. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar bu Qaydanın 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırıldıqda, şəxsin müraciətinə əsasən, istifadə hüququ bərpa edilir və bu barədə qəbul edildiyi gündən 1 (bir) iş günü müddətində şəxsə və aidiyyəti üzrə digər qurumlara məlumat verilir.

5.5. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda ləğv edir:

5.5.1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə;

5.5.2. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almaq üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatların olduğu aşkar edildikdə;

5.5.3. hüquqi şəxs ləğv olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə; [3]

5.5.4. idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi 12 (on iki) ay ərzində idxal-ixrac əməliyyatı aparmadıqda;

5.5.5. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan cinayəti törətdikdə;

5.5.6. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına əsas olmuş səbəblər bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmadıqda;

5.5.7. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar 12 (on iki) ay ərzində təkrar aşkar edildikdə. [4]

5.6. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi haqqında qərar qəbul etdiyi gündən 1 (bir) iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun ləğv edilməsi halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən əvvəl şəxsə ən azı 30 (otuz) gün əvvəl məlumat verməlidir.

5.7. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilən şəxs bu barədə qərar qəbul edildikdən ən azı 6 (altı) ay sonra (bu Qaydanın 5.5.5-ci yarımbəndində nəzərdə tutulan halda məhkumluq ödənildikdən və ya götürüldükdən sonra) yenidən bu hüququ əldə etmək üçün müraciət edə bilər.

5.8. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilən, dayandırılan, bərpa və ya ləğv edilən şəxslərin elektron qaydada uçotunu aparır və bu məlumatlar Komitənin saytında yerləşdirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 18 dekabr 2021-ci il tarixli 1488 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1353)
  2. 30 iyun 2022-ci il tarixli 1729 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyul 2022-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 613)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 iyun 2022-ci il tarixli 1729 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ı (“Xalq” qəzeti, 1 iyul 2022-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 613) ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.8-ci bəndindən “,Komitənin Apellyasiya Şurasının qərarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına” sözləri çıxarılmışdır.

 

[2] 18 dekabr 2021-ci il tarixli 1488 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1353) ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 5.1.2-ci yarımbəndinə “2.1.2 – 2.1.4-cü” sözlərindən sonra “, 4.0.2-ci və 4.0.4-cü” sözləri əlavə edilmişdir və həmin yarımbənddə “2.1.2-ci və 2.1.3-cü” sözləri “2.1.2-ci, 2.1.3-cü və 4.0.4-cü” sözləri ilə əvəz olunmuşdur.

 

[3] 18 dekabr 2021-ci il tarixli 1488 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1353) ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 5.5.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.5.3. hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya vəfat etdikdə;

 

[4] 18 dekabr 2021-ci il tarixli 1488 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1353) ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 5.5.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 5.5.7-ci yarımbənd əlavə olunmuşdur.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status