010.030.000
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2019-cu il
№ 623
|
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 11 aprel tarixli 623 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında
ƏSASNAMƏ
1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı 3 növdə hazırlanır:
2.1. etalon (bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;
2.2. dublikat (bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;
2.3. kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.
3. Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır.
4. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.
|
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 11 aprel tarixli 623 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının
TƏSVİRİ
1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir.
[1]
2. Bayrağın hər iki üzünün ortasında Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi təsvir edilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli hərflərlə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə “SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılmışdır.
3. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir.
4. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.
|
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nə əlavə
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 dekabr 2019-cu il tarixli 889 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 dekabr 2019-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1932)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
23 dekabr 2019-cu il tarixli 889 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 dekabr 2019-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1932) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının Təsviri”nin 1-ci hissəsində “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun” sözləri ilə əvəz edilmişdir.