Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2019−2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2019−2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında 2019-cu il martın 1-də Pekin şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2019-cu il
№ 636
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq), Azərbaycan və Çin xalqları arasındakı dostluğu və iki ölkə arasında mədəni əməkdaşlığı genişləndirmək məqsədilə 1994-cü il 7 mart tarixində Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və Çin Xalq Respublikasının Hökuməti arasında mədəni əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, aşağıdakılar barədə qarşılıqlı şəkildə razılığa gəldilər:
Tərəflər kitabxanalar, muzeylər və ədəbiyyat, teatr, musiqi, təsviri incəsənət, rəqs və sair sahələrdə ixtisaslaşmış olanlar daxil olmaqla, mədəniyyət və incəsənət qurumları arasında məlumat və peşəkar heyətin mübadiləsini dəstəkləyirlər.
Tərəflər iki ölkə artistləri və incəsənət üzrə təhsil müəssisələri arasında birbaşa əlaqələri həvəsləndirir və artistlər və incəsənət işçiləri üçün birgə istehsalları və təlim proqramlarını dəstəkləyirlər.
Tərəflər qarşılıqlı əsasda musiqi və rəqs truppalarının mübadiləsinə imkan yaradır, qarşılıqlı kino günləri keçirir, bir-birinin ölkələrində keçirilən beynəlxalq incəsənət festivallarında, müsabiqələrdə, konfranslarda və digər mədəni tədbirlərdə iştirak edirlər.
Tərəflər mədəni irsin qorunması və mədəni antik nümunələrin bərpası üzrə əməkdaşlığı təşviq edir və sözügedən sahələrdə məlumat və kadr mübadiləsini təşviq edirlər.
Maddə 5
İpək Yolu İqtisadi Kəmərinin yaradılmasına dair ortaq öhdəliklərini nəzərə alaraq, Tərəflər mədəni əməkdaşlıq sahəsindəki potensialdan daha geniş istifadə edir və incəsənət festivalları, kino festivalları, ictimai tədbirlər, sərgilər, müsabiqələr, seminarlar və simpoziumlar da daxil olmaqla, İpək Yolu mövzusunda mədəni tədbirlərin birgə təqdimatını həvəsləndirirlər.
Maddə 6
Tərəflər diplomatik kanallar vasitəsilə müəyyən olunacaq formata, vaxta və digər təfsilatlara uyğun olaraq mədəniyyət günləri, mədəniyyət festivalları və digər tədbirləri qarşılıqlı əsasda keçirirlər.
Maddə 7
Qarşılıqlı fayda və əməkdaşlıq əsasında və Tərəflərin əvvəlcədən razılığı ilə bu Protokolun mahiyyətinə uyğun olan digər mədəni tədbirlər həyata keçirilə bilər.
Maddə 8
Tərəflər qarşılıqlı əsasda aşağıda göstərilən qaydada mədəniyyət üzrə nümayəndə heyətlərinin və truppaların mübadiləsini təşviq edirlər:
a) 5 üzvdən ibarət mədəniyyət üzrə heyətlərini 5 günlük səfər üçün mübadilə etmək;
b) 40 üzvdən çox olmamaqla, incəsənət truppalarını 7 günlük səfər üçün mübadilə etmək;
c) 2 müşayiətçidən artıq olmamaqla, 14 gün müddətinə sərgilər mübadilə etmək.
Maddə 9
Bu Protokolda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar maliyyə şərtləri Tərəflər tərəfindən ayrıca olaraq müəyyən olunacaqdır.
Maddə 10
Bu Protokola Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Protokolun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilir və bu Protokolun 12-ci maddəsinə uyğun olaraq qüvvəyə minir.
Maddə 11
Bu Protokolun tətbiqi və ya təfsiri zamanı yaranan hər hansı fikir ayrılığı Tərəflər arasında qarşılıqlı məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 12
Bu Protokol Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir və 2023-cü il dekabrın 31-dək qüvvədə qalır.
Bu Protokolun 12-ci maddəsinin 1-ci bəndinə baxmayaraq, hər bir Tərəf istənilən vaxt bu Protokolu ləğv etmək niyyətini diplomatik kanallar vasitəsilə digər Tərəfə yazılı şəkildə bildirə bilər. Belə bildirişin alındığı tarixdən 3 (üç) ay sonra Protokol ləğv edilir.
Bu Protokolun ləğvi bu Protokola əsasən həyata keçirilən proqram və/və ya layihələrin etibarlılığına və davametmə müddətinə onlar başa çatanadək təsir etmir.
Pekin şəhərində lmart 2019-cu il tarixində hər biri Azərbaycan, Çin və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının
|
Çin Xalq Respublikasının
|
Mədəniyyət Nazirliyi adından
|
Mədəniyyət və Turizm Nazirliyi adından
|
(imza)
|
(imza)
|