AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.08.1996
QEYDİYYAT NÖMRƏSİ
482
ADI
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-1997, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 204)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.08.1996
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun

tətbiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.   Torpaq islahatının və bütövlükdə aqrar islahatının müvafiq qanunvericilik aktlarına uyğun həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin, digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən hesab edilsin.

2.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsini, “Kəndli (fermer) təsərrüfatı haqqında”, “Torpaq vergisi haqqında” Azərbaycan Respublikası Qanunlarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bu işlər aparıldıqda vətəndaşların hüquqlarının və qanunvericiliyə ciddi surətdə riayət olunmasını təmin etmək üçün torpaq islahatının keçirilməsi zamanı vətəndaşların hüquqlarının qorunmasının, torpaq islahatı haqqında qanunvericiliyin vəzifəli şəxslər və vətəndaşlar tərəfindən pozulmasına görə məsuliyyətin, torpaqların istifadəsi və qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi zəruriliyi həmçinin nəzərə alınsın;

üç ay müddətində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn “Dövlət torpaqları haqqında”, “Bələdiyyə torpaqları haqqında”, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanun layihələrini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

iki ay müddətində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı olan torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında əsasnaməni, torpaq islahatı ilə əlaqədar yerquruluşu işlərinin aparılması qaydalarını, kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan kənd təsərrüfatı məqsədləri üçün istifadəsində güzəştlər edilməsi haqqında əsasnaməni, yay və qış otlaqlarının bölünməsi və istifadəsi qaydalarını hazırlayıb təsdiq etsin;

iki ay müddətində Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikası Prezidentinə məlumat versin;

torpaq islahatının aparılmasının maliyyə, maddi-texniki vəsaitlər və başqa dövlət təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;

torpaq islahatı haqqında geniş izahat və təbliğat işlərinin aparılmasını təşkil etsin;

öz səlahiyyətləri çərçivəsində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər tədbirləri həyata keçirsin.

3.   Müəyyən edilsin ki:

 “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər həmin Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. [1]

4.   Azərbaycan Respublikasının Dövlət Aqrar İslahatı Komissiyasına tapşırılsın ki, iki ay müddətində aşağıdakı əsasnamələrin və qaydaların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi barədə Əsasnamə;

özəlləşdiriləcək torpaqların keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə;

vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə;

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və 15-ci maddələrinə uyğun olaraq sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə;

torpağın mülkiyyət hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə;

torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə;

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarələr və təşkilatlara verilmiş torpaqların onların istifadəsində saxlanılması, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılması qaydaları;

torpaqların alqı-satqısı qaydaları.

5.   Azərbaycan Respublikasının Dövlət Aqrar İslahatı Komissiyasına tapşırılsın ki, torpaq islahatının gedişi barədə hər rübün yekunlarına görə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6.   Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 13 avqust 1996-cı il

№ 482

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)

25 may  2006-cı il tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 may  2006-cı il tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409) ilə 3-cü bəndinin ikinci abzası çıxarılsın və üçüncü abzas ikinci abzas hesab edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun qeydiyyatı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilir; 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status