İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft məhsullarının ixracının artırılması, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi, ixracın və investisiyaların təşviqi fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, ixracatçılara və investorlara dəstək mexanizmlərinin formalaşdırılması, göstərilən xidmətlərin səmərəliliyinin artırılması, ixracatçıların və investorların hüquqi təminatının gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” (bundan sonra - Agentlik) ölkədə ixracın və investisiyaların təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
[1]
2.2. Agentliyin tərkibində ixraca dəstək məqsədilə mərkəzlər yaradılır;
[2]
2.3. Agentlikdə Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır;
[3]
2.4. Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının xarici işlər və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlan Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılır;
[4]
2.5. Agentliyin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir;
2.6. Agentliyin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirir;
2.7. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.
3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
[5]
3.1.2. Agentliyin yenidən təşkil və ləğv edilməsi;
3.1.3. Agentliyin strukturunun təsdiqi;
3.1.4. Agentliyin idarəetmə orqanlarının yaradılması və Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
[6]
3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
[7]
5.2. Agentliyin dövlət qeydiyyatına alınmasından sonra bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş funksiyaları yerinə yetirən, təsisçisi olduğu qurumun ləğv edilməsi və onun maddi-texniki bazasının Agentliyin balansına verilməsi ilə bağlı tədbirlər görsün;
5.3. bu Fərmanın 5.2-ci bəndinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün tədbirlər görsün;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
7. Bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulan dövlət orqanları Agentliyin Müşahidə Şurasında təmsil olunacaq nümayəndələri barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il
№ 451
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 iyul 2021-ci il tarixli 1411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 745)
2.
29 dekabr 2021-ci il tarixli 1551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1416)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 dekabr 2021-ci il tarixli 1551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1416) ilə 1-ci hissəyə və 2.1-ci bəndə “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözlərindən sonra “ – AZPROMO” sözü əlavə edilmişdir.
[2]
23 iyul 2021-ci il tarixli 1411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 745) ilə 2.2-ci, 4.4-cü bəndlər və 6-cı hissə ləğv edilmişdir.
[3]
23 iyul 2021-ci il tarixli 1411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 745) ilə 2.3-cü bənddə “rəhbərliyi” sözü “ümumi rəhbərliyi və nəzarəti” sözləri ilə, “9” rəqəmi “7” rəqəmi ilə əvəz olunmuşdur və həmin bəndə “göstərən” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi” sözləri əlavə edilmişdir.
[4]
23 iyul 2021-ci il tarixli 1411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 745) ilə 2.4-cü bənddə “, kənd təsərrüfatı və vergilər” sözləri “və kənd təsərrüfatı” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinindən,” sözləri çıxarılmışdır.
[5]
23 iyul 2021-ci il tarixli 1411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 745) ilə 3.1.1-ci yarımbənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.1.1. Agentliyin nizamnaməsinin və strukturunun təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
[6]
23 iyul 2021-ci il tarixli 1411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 745) ilə yeni məzmunda 3.1.3-cü və 3.1.4-cü yarımbəndlər əlavə edilmişdir.
[7]
23 iyul 2021-ci il tarixli 1411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 745) ilə 5.1-ci bənddə “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin” sözləri “tədbirlər görsün” sözləri ilə əvəz edilmişdir.