Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi və xarici texniki kəşfiyyata qarşı fəaliyyətin effektivliyinin artırılması məqsədilə qərara alıram:
1. Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi yaradılsın.
2. “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur)
[*]
.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində:
3.1. xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili qaydalarını və həmin sistem daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2019-cu il
№ 540