![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI |
Qəbul edildiyi tarix |
02.05.2019 |
Qeydiyyat nömrəsi |
1951100023 |
Adı |
“Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
16.05.2019 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201905020023 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
15.05.2019 |
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. “Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
İdarə Heyətinin sədri vəzifəsini icra edən |
İbrahim Alışov |
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qərar № 1951100023 2 may 2019-cu il
İdarə Heyətinin sədri vəzifəsini icra edən ______________________ İbrahim Alışov |
Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin (bundan sonra – nəzarət subyekti) peşəkar fəaliyyətinin səyyar yoxlanılması (bundan sonra – yoxlama) qaydasını müəyyən edir.
1.2. Palata tərəfindən nəzarət subyektlərində aparılan yoxlamanın məqsədi nəzarət subyektlərinin fəaliyyətinin sığorta qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsini, həmçinin nəzarət subyektinin maliyyə sabitliyini yerində araşdırma aparmaqla qiymətləndirməkdir.
1.3. Palata tərəfindən nəzarət subyektində yoxlamalar aparılan zaman “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinin tələbləri nəzərə alınır.
2. Anlayışlar
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. hərtərəfli (kompleks) yoxlama - nəzarət subyektinin ümumi vəziyyətinin, habelə onun fəaliyyətinin sığorta qanunvericiliyinə uyğunluğunu müəyyən etmək üçün sığorta fəaliyyətinin bütün sahələrini əhatə edən yохlаmа;
2.1.2. tematik (məqsədli) yoxlama – nəzarət subyektinin fəaliyyətinin sığorta qanunvericiliyinə uyğunluğunu müəyyən etmək üçün sığorta fəaliyyətinin bir və ya bir neçə sahəsini əhatə edən yохlаmа.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – Qanun) verilən mənaları ifadə edir.
3. Yoxlamaların növləri
3.1. Palata tərəfindən nəzarət subyektlərində dövriliyinə görə növbəti və növbədənkənar, əhatə dairəsinə görə isə tematik və hərtərəfli səyyar yoxlamalar aparılır. Növbəti yoxlama hərtərəfli, növbədənkənar yoxlama isə hərtərəfli və ya tematik olur.
3.2. Palata tərəfindən nəzarət subyektinin növbəti yoxlanılması Palatanın müəyyən etdiyi qrafik üzrə 2 (iki) ildə bir dəfədən az olmayaraq aparılır. Növbəti il üçün növbəti yoxlamaların qrafiki hər il noyabr ayının 30-dək Palatanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.
3.3. Palata tərəfindən növbədənkənar yoxlama aşağıdakı hallarda aparılır:
3.3.1. nəzarət subyektinin maliyyə sabitliyi, o cümlədən ödəmə qabiliyyəti göstəricilərində azalma müşahidə edildikdə;
3.3.2. maliyyə ilinin yekununa görə nəzarət subyektinin balans üzrə zərəri yarandıqda;
3.3.3. təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;
3.3.4. Qanuna əsasən verilmiş təqdimatların və ya sanksiyaların icra vəziyyətinin yoxlanılması məqsədilə (bu halda Palata müvafiq təqdimatın və ya sanksiyanın icrası üçün müəyyən edilmiş son tarixdən etibarən 60 (altmış) iş günündən gec olmayan müddətdə yoxlamaya başlayır);
3.3.5. daxil olan şikayət(lər) və qanunazidd əməliyyatlar haqqında mənbəyi məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;
3.3.6. Qanuna əsasən verilmiş təqdimata və ya sanksiyaya səbəb olmuş hallar, həmin təqdimat və ya sanksiyanın verildiyi tarixdən 2 (iki) il ərzində yenidən aşkar edildikdə;
3.3.7. sığorta qanunvericiliyinin yerinə yetirilməsi və ya hər hansı təcrübənin tətbiqi vəziyyətinin araşdırılması məqsədilə sığorta bazarı üzrə ümumi monitorinq keçirildikdə;
3.3.8. sağlamlaşdırma planı ilə bağlı Qanunun 96-2-ci maddəsindən irəli gələn tələblərin icra vəziyyətinin yoxlanılması məqsədilə.
3.4. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş hallardan biri və ya bir neçəsi baş verdikdə Palatanın sığorta nəzarəti funksiyasını yerinə yetirən struktur bölmənin rəhbərinin müraciəti əsasında Palatanın İdarə Heyətinin sədri tərəfindən növbədənkənar yoxlamaların aparılması barədə qərar qəbul edilir.
3.5. Yoxlamalar Palatanın sığorta nəzarəti funksiyasını yerinə yetirən struktur bölmə tərəfindən həyata keçirilir. Zərurət olduqda, yoxlamaya Palatanın digər struktur bölmələrinin mütəxəssisləri cəlb oluna bilər.
4. Yoxlamaların təşkili
4.1. Yoxlama bu Qaydanın 1 saylı Əlavəsində müəyyən edilmiş formaya uyğun olaraq Palatanın İdarə Heyətinin sədrinin qərarı ilə təyin edilir və həmin qərarda aşağıdakılar göstərilir:
4.1.1. yoxlama təyin edilən nəzarət subyektinin adı;
4.1.2. yoxlamanın növbəti və ya növbədənkənar olması;
4.1.3. yoxlamanın hərtərəfli və ya tematik olması;
4.1.4. yoxlama növbəti olduqda yoxlanılacaq fəaliyyət dövrü;
4.1.5. yoxlama növbədənkənar olduqda onun təyin edilməsinə əsas verən hal;
4.1.6. yoxlamanın başlanma tarixi, müddəti və başa çatdırılma tarixi;
4.1.7. yoxlama qrupunun rəhbərinin və üzvlərinin adı, soyadı, atasının adı və Palatada tutduğu vəzifələri.
4.2. Nəzarət subyektinin yoxlanılması üçün yoxlama qrupu formalaşdırılır və yoxlama haqqında qərar ilə rəsmiləşdirilir. Qrupun tərkibi və qrup üzvlərinin sayı yoxlamanın növü və görüləcək işin həcmindən asılıdır.
4.3. Yoxlama qrupuna daxil olan şəxslərin yoxlanılacaq nəzarət subyektinə aidiyyəti olan şəxslərlə birbaşa və ya dolayı yolla yaxın qohumluq əlaqələri və yoxlanılacaq nəzarət subyektinin fəaliyyətindən gəlir əldə etmək maraqları olmamalıdır. Yaxın qohum dedikdə, valideynlər, babalar, nənələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, ər-arvad, uşaqlar və nəvələr başa düşülür.
4.4. Yoxlamadan öncə və ya yoxlama zamanı belə əlaqələri və maraqları olan şəxslər Palatanın İdarə Heyətinin məsul üzvü və ya sədrinə məlumat verir, yoxlama qrupunun tərkibindən kənarlaşdırılır, habelə yoxlama aktının həmin şəxslərin iştirakı ilə tərtib edilmiş hissəsi etibarsız hesab edilir.
4.5. Yoxlama qrupunun üzvünün dəyişdirilməsi Palatanın İdarə Heyətinin sədrinin yoxlama haqqında qərara əlavələri vasitəsilə rəsmiləşdirilir və dərhal nəzarət subyektinə təqdim edilir.
4.6. Yoxlama qrupuna onun rəhbəri başçılıq edir. Yoxlama qrupunun rəhbəri növbəti yoxlamanın başlanmasına ən azı 15 (on beş) təqvim günü qalmış, növbədənkənar yoxlamalarda isə təxirəsalınmadan təyin edilir.
4.7. Yoxlama qrupunun rəhbəri yoxlama tapşırığını və qrupun iş planını hazırlayır. Yoxlama tapşırığında nəzarət subyektilərinin fəaliyyətinin yoxlanılacaq sahələri müəyyən edilir. Qrupun iş planı hər bir qrup üzvünün vəzifə bölgüsünü və yoxlama zamanı qrupun fəaliyyət proqramını əks etdirir. İş planında bu və ya digər məsələlərin həlli üçün lazım olan vaxt planlaşdırılır və bölüşdürülür.
4.8. Yoxlama tapşırığı və qrupun iş planı Palatanın sığorta nəzarəti funksiyasını yerinə yetirən struktur bölməsinin rəhbəri tərəfindən təsdiqlənir.
4.9. Yoxlama qrupunun rəhbəri və ya onun tərəfindən müvəkkil edilmiş şəxs yoxlama üçün zəruri olan sənədlərin hazırlanması məqsədi ilə nəzarət subyektinin icra orqanının rəhbəri (nəzarət subyekti fiziki şəxs olduqda isə, onun özü) və ya müvafiq sahəyə kuratorluq edən şəxs ilə əlaqə yaradır (xəbərdarlıq edilmədən aparılan yoxlamalar istisna olmaqla).
4.10. Palata tərəfindən növbədənkənar yoxlamanın aparılması nəzarət subyektinə əvvəlcədən yoxlamanın aparılması barədə məlumat verilməklə və ya məlumat verilmədən həyata keçirilə bilər.
Nəzarət subyektinin maliyyə vəziyyətinin pisləşməsi, davamlı kapital tələblərinin pozulması, öhdəliklərin və ödənişlərin icra edilməməsi, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi hallarının araşdırılması məsələləri ilə bağlı yoxlamalar Palata tərəfindən nəzarət subyektinə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilə bilər. Nəzarət subyektinə növbəti yoxlamanın başlanmasından ən azı 10 (on) iş günü əvvəl, növbədənkənar yoxlama zamanı isə (xəbərdarlıq edilmədən aparılan yoxlamalar istisna olmaqla) təxirəsalınmadan Palatanın İdarə Heyətinin sədri və ya üzvü tərəfindən imzalanmış yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlamanın tarixi, növü və əhatə etdiyi dövr göstərilir.
4.11. Yoxlama haqqında qərar və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış nəzarət subyektinin icra orqanının rəhbərinə və ya digər üzvünə (nəzarət subyekti fiziki şəxs olduqda isə, onun özünə) təqdim edilir. Həmin şəxs yoxlama haqqında qərarda onun qəbulunu təsdiqləyən qeyd aparır, onu imzalayır və yoxlama haqqında qərarın surətini yoxlama qrupunun rəhbərinə təqdim edir.
4.12. Yoxlama müddəti bitdikdən sonra yoxlama qrupunun rəhbəri tərəfindən “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”na müvafiq olaraq növbədənkənar yoxlamalar üzrə yığımların alınması üçün nəzarət subyektinə yoxlamanın həyata keçirilməsinə dair 2 nüsxədə bu Qaydanın 2 saylı Əlavəsində müəyyən edilmiş formada akt təqdim edilir. Akt nəzarət subyektinin müvafiq səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmzalanmış aktın bir nüsxəsi yoxlama qrupunun rəhbərinə qaytarılır və qeyd olunan akt əsasında yoxlanılan nəzarət subyektinə Palata tərəfindən hesab-faktura təqdim edilir. Nəzarət subyekti aktı imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən həmin aktda müvafiq qeydlər aparılır .
4.13. Növbəti və növbədənkənar yoxlamanın müddəti yoxlama haqqında qərarın və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın nəzarət subyektinə təqdim edildiyi gündən başlanmış hesab edilir.
4.14. Nəzarət subyektinin yoxlanılması 45 (qırx beş) iş günündən çox olmayan müddətdə həyata keçirilir. Yoxlamanın aparılması üçün müəyyən edilmiş müddət yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə Palatanın İdarə Heyəti sədrinin müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 60 (altmış) iş günü müddətinə qədər uzadıla bilər. Yoxlanılma prosesi yoxlama qrupu tərəfindən imzalanmış yoxlama aktının bu Qaydanın 7.8-ci bəndində nəzərdə tutulmuş qaydada nəzarət subyektinə təqdim olunduğu gün başa çatmış hesab olunur.
4.15. Yoxlama aşağıdakı hallarda yoxlama qrupunun rəhbərinin əsaslandırılmış müraciəti əsasında Palatanın İdarə Heyəti sədrinin müvafiq qərarı ilə dayandırılır:
4.15.1. yoxlamanın davam etdirilməsi bu Qaydanın 5.1.2-5.1.4-cü yarımbəndlərinə əsasən nəzarət subyekti tərəfindən yoxlayıcının sorğusuna və ya müraciətinə cavab verilənədək, habelə nəzarət subyekti tərəfindən müvafiq rəy təqdim olunanadək, yaxud müvafiq mütəxəssislərin xidməti başa çatdırılanadək mümkün olmadıqda;
4.15.2. nəzarət subyekti tərəfindən yoxlama prosesinə şərait yaradılmadıqda;
4.15.3. nəzarət subyektinin ünvanının dəyişməsi ilə əlaqədar fəaliyyət göstərdiyi yeri müəyyən etmək mümkün olmadıqda.
4.16. Yoxlama dayandırıldıqda yoxlama müddətinin axımı dayanır. Yoxlamanın dayandırılmasına əsas verən hallar aradan qaldırıldıqda Palatanın İdarə Heyəti sədrinin müvafiq qərarı ilə yoxlama davam etdirilir. Bu halda yoxlamanın başa çatma tarixi dayandırılma müddəti qədər uzadılır.
4.17. Növbəti yoxlamanın dövriliyi nəzarət subyektində aparılmış son növbəti yoxlamanın başa çatdığı tarixdən növbəti yoxlamaya qədər olan müddət hesab olunur.
4.18. Yoxlamalar iş günü və nəzarət subyektinin iş vaxtı ərzində keçirilir.
4.19. Nəzarət subyekti tərəfindən yoxlama haqqında qərar təqdim olunduğu andan yoxlamanın həyata keçirilməsinə şərait yaradılır. Yoxlamanın ilk günü nəzarət subyektinin icra orqanının rəhbəri və ya digər üzvü (nəzarət subyekti fiziki şəxs olduqda isə, o özü) yoxlama qrupunun üzvlərini qəbul edir, onların səlahiyyətləri ilə tanış olur və onları nəzarət subyektinin rəhbər işçilərinə təqdim edir.
4.20. Yoxlama qrupu yoxlamanın bu Qayda ilə müəyyən olunmuş müddət və səlahiyyətlər daxilində aparılmasını təmin edir.
5. Yoxlama qrupu üzvlərinin hüquq və vəzifələri
5.1. Yoxlama qrupunun üzvləri aşağıdakı hüquqlara malikdir:
5.1.1. nəzarət subyektlərinin fəaliyyəti ilə bağlı sənədləri, mühasibat uçotu sənədlərini, hesablama texnikasında, mühasibat uçotu proqramlarında və başqa məlumat daşıyıcılarında olan məlumatları yoxlamaq;[1]
5.1.2. Palatanın sığorta nəzarəti funksiyasını yerinə yetirən struktur bölməsinin rəhbərinin razılığı ilə və İdarə Heyətinin sədrinin qərarı ilə yoxlamaya aid olan məsələlərlə bağlı sığorta fəaliyyətinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübəyə malik olan ekspert və mütəxəssisləri, o cümlədən tərcüməçiləri müvafiq xidmət göstərmələri üçün cəlb etmək;
5.1.3. nəzarət subyektindən sənədlərin əslinin təqdim edilməsini tələb etmək, müvafiq sənədlərin surətini götürmək;
5.1.4. aşağıda göstərilən şəxslərə yazılı sorğu verməklə yoxlamanın aparılması üçün lazım olan sənədləri, məlumatları, rəyləri, izahatları, arayışları əldə etmək:
5.1.4.1. nəzarət subyektinin rəhbər və digər işçilərinə, nəzarət subyekti fiziki şəxs olduqda isə, onun özünə;
5.1.4.2. nəzarət subyektinin törəmə cəmiyyətlərinə, ona əhəmiyyətli nəzarəti həyata keçirən və ya onun əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslərə, mühüm iştirak payının sahiblərinə, asılı cəmiyyətlərə;
5.1.4.3. nəzarət subyektinə sığorta vasitəçiliyi xidmətləri göstərən və ya göstərmiş sığorta vasitəçilərinə;
5.1.4.4. nəzarət subyektinin auditini aparan və ya aparmış auditorlara.
5.2. Yoxlama qrupunun üzvləri sığorta sirri, yaxud kommersiya sirri hesab edilən məlumatların qorunması rejiminə əməl etməlidir.
6. Nəzarət subyektinin hüquq və vəzifələri
6.1. Fəaliyyətinin yoxlanılması zamanı nəzarət subyekti öz qanuni təmsilçisinin şəxsində aşağıdakı hüquqlara malikdir:
6.1.1. yoxlama qrupunun üzvlərindən yoxlamanın həyata keçirilməsi üçün əsas sayılan sənədi tələb etmək, onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə tanış olmaq;
6.1.2. yoxlamaya aid olmayan şəxsləri yoxlamaya buraxmaqdan imtina etmək;
6.1.3. yoxlamanın nəticələrini yoxlama qrupunun üzvləri ilə müzakirə etmək və onlara dair münasibət bildirmək;
6.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaların nəticələrindən şikayət etmək.
6.2. Nəzarət subyektinin icra orqanının rəhbəri və ya üzvü (nəzarət subyekti fiziki şəxs olduqda isə, onun özü) yoxlamanı həyata keçirmək üçün yoxlama qrupunun üzvlərinə lazım olan bütün material və sənədləri təxirəsalınmadan təqdim edir və yoxlama prosesində aşağıdakı vəzifələri həyata keçirir:
6.2.1. yoxlama qrupunun işinin təmin edilməsi üçün nəzarət subyektinin yoxlama keçirildiyi ünvanında ayrıca yer ayırır və yoxlama sənədlərinin qorunmasını, habelə yoxlamanın aparılması üçün tələb olunan internet şəbəkəsinə çıxışı olan kompüter, surətçıxarma və digər avadanlıqlardan istifadə imkanının yaradılmasını təmin edir;
6.2.2. nəzarət subyektində əməkdaşlardan birini yoxlama qrupu üzrə koordinator təyin edir və yoxlama keçirilən zaman yaranan bütün məsələləri çevik şəkildə həll edir;
6.2.3. yoxlama qrupunun üzvlərinin bu Qayda ilə müəyyən olunmuş hüquqlarını həyata keçirməsi və vəzifələrini yerinə yetirməsi üçün digər zəruri tədbirləri görür.
7. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi
7.1. Yoxlama başa çatdıqdan sonra yoxlama qrupu nəzarət subyektinin icra orqanının rəhbəri (nəzarət subyekti fiziki şəxs olduqda isə, onun özü) və yoxlamanın əhatə etdiyi sahəyə cavabdeh olan əməkdaşları ilə müzakirələr keçirir.
7.2. Müzakirədə yoxlama zamanı aşkar edilmiş risklərin minimallaşdırılması və səmərəli idarə edilməsi, habelə nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı danışıqlar aparılır.
7.3. Nəzarət subyektində həyata keçirilən hər bir yoxlamanın nəticələri yazılı şəkildə iki nüsxədə tərtib olunmuş yoxlama aktında əks olunur. Yoxlama aktı bu Qaydanın 4.14-cü bəndinə əsasən yoxlama başa çatdıqdan sonra 15 (on beş) iş günü ərzində tərtib edilir.
7.4. Yoxlama aktı oxunaqlı və aydın olmalıdır. Nəticələr dəqiq faktlara əsaslanmalıdır.
7.5. Yoxlama aktında yoxlamanın əhatə etdiyi sahələr, yoxlanılan dövr ərzində bu sahələrdə baş vermiş dəyişikliklər, aşkar olunmuş qanun pozuntuları, nöqsan və çatışmazlıqlar haqqında müfəssəl və icmal məlumatlar, nəzarət subyektinin maliyyə və əməliyyat fəaliyyətinin nəticələri və nəzarət subyektinin rəhbərliyinin diqqət yetirməli olduğu sahələr əks olunur.
7.6. Yoxlama aktının bütün vərəqləri nömrələnir və onun bütün səhifələri yoxlama qrupunun bütün üzvləri tərəfindən imzalanır.
7.7. Yoxlama aktı nəzarət subyektinin icra orqanı, o fiziki şəxs olduqda isə, özü ilə müzakirə edilir, yoxlama qrupunun bütün üzvləri və nəzarət subyektinin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq rəsmiləşdirilir.
7.8. Yoxlama aktının bir nüsxəsi yoxlama qrupunun rəhbəri tərəfindən nəzarət subyektinin müvafiq inzibatçısına təqdim edilir və ya poçt vasitəsilə çatdırılır. Yoxlama aktının digər nüsxəsi Palatada saxlanılır.
7.9. Yoxlama aktına aşkar olunmuş qanun pozuntuları, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün nəzarət subyekti tərəfindən görülməli olan tədbirlər, icra müddətləri və görüləcək tədbirlər üzrə məsul şəxslər barədə təkliflər daxil edilə bilər.
7.10. Nəzarət subyekti 3 (üç) iş günü ərzində yoxlama aktı ilə tanış olur və onu imzalayaraq Palataya təqdim edir. Nəzarət subyekti yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan bu müddətdə imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Yoxlama aktının nəzarət subyekti tərəfindən imzalanmaması Palata tərəfindən nəzarət subyekti ilə bağlı Qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini dayandırmır.
7.11. Yoxlama aktının nəzarət subyektinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması nəzarət subyektinin yoxlama aktının məzmunu ilə tanış olması faktını təsdiq edir. Yoxlama aktının nəzarət subyektinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması faktı nəzarət subyektinin yoxlama aktının məzmunu ilə razılığını bildirmir.
7.12. Nəzarət subyekti yoxlama aktının məzmunu ilə razılaşmadığı halda, yoxlama aktını imzalamaqla və müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər.
7.13. Yoxlama qrupu ilə nəzarət subyekti arasında yoxlamanın nəticələri barədə fikir ayrılığı və nəzarət subyektinin etirazı olduqda Palatada bununla bağlı müzakirələr təşkil oluna bilər. Müzakirələrin nəticələrinə müvafiq olaraq yoxlama aktına əlavə və dəyişikliklər edilə bilər.
7.14. Palata yoxlamanın nəticələri ilə bağlı yekun qərarını bu Qaydanın 7.10-cu bəndində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 2 (iki) iş günü müddətində qəbul edir və bu barədə nəzarət subyektinə yazılı məlumat göndərir.
7.15. Yoxlama aktı Palatanın icazəsi olmadan açıqlana bilməz. Yoxlamanın nəticələri üzrə məhkəməyə şikayət verildiyi və məhkəmə qərarları olduğu hallar istisna olmaqla, yoxlama aktı ilə yalnız nəzarət subyektinin inzibatçıları və yoxlanılan struktur bölmənin əməkdaşları tаnış оlа bilər.
|
“Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası”na Əlavə 1 |
|
|
|
|
Yoxlama haqqında qərar |
|
|
|
№ ______ |
“___” ______________20____ il |
|
|
Yoxlama qrupunun rəhbərinə __________________________________________________________________________________ (S.A.A) __________________________________________________________________________________ Yoxlama qrupunun üzvlərinə __________________________________________________________________________________ (S.A.A) __________________________________________________________________________________ __________________________________________________________________________________ __________________________________________________________________________________ |
|
|
|
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 97-ci maddəsinə müvafiq olaraq (nəzarət subyektinin tam adı)_________nəzarət subyektində (növbəti və ya növbədənkənar)_______ (hərtərəfli və ya tematik)_____________ yoxlamanın keçirilməsi tapşırılır. Yoxlama “ ___” _______ 20__-__ ildən “__”_____20__-__ ilədək olan dövrü əhatə edir və bu qərar “__” ________ 20__-__ il tarixinədək etibarlıdır. |
|
|
|
|
|
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri |
_____________________________ |
|
(Adı, soyadı, imzası) M.Y. |
|
“Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası”na Əlavə 2 |
|||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
Növbədənkənar yoxlamanın həyata keçirilməsinə dair AKT |
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
__________________ (ünvan) |
“___” ______________20____ il |
|||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
Biz aşağıda imza edənlər, __________________________________________________________ (yoxlama qrupunun rəhbəri və üzvləri*) və __________________________________________________________________ bu aktı ondan (müvafiq nəzarət subyektinin müvafiq səlahiyyətli şəxsi)
ötrü tərtib etdik ki, həqiqətən də aşağıdakı cədvəldə göstərilən dövr ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ______________________________
nömrəli,__________ tarixli yoxlama haqqında qərarına əsasən __________________________ (nəzarət subyektinin adı) _____________________________ yoxlama aparılmışdır. (hərtərəfli və ya tematik) |
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Müvafiq nəzarət subyektinin müvafiq səlahiyyətli şəxsi ________________________ (soyadı, adı və imzası) M.Y. |
Yoxlama qrupunun rəhbəri və üzvləri ________________________ (soyadı, adı və imzası) |
|||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
* - Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı olan yoxlama qrupunun rəhbəri və üzvləri nəzərdə tutulur. |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 26 iyul 2019-cu il tarixli 1951100031 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260031, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 26 iyul 2019-cu il tarixli 1951100031 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201907260031, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası”nın 5.1.1-ci yarımbəndində “mühasibat sənədlərini, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, kitablarını, jurnallarını” sözləri “mühasibat uçotu sənədlərini” sözləri ilə əvəz edilmişdir.