AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.05.2019
QEYDİYYAT NÖMRƏSİ
236
ADI
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24-05-2019, Nəşr Nömrəsi: 113), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2019, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 969)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.05.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201905220236
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.05.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 22 may 2019-cu il

                      № 236

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 22 may tarixli 236 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

“DOST” mərkəzlərinin

 

NÜMUNƏVİ NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Nümunəvi Nizamnamə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 9 avqust tarixli 229 nömrəli Fərmanının 3-cü hissəsinin və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.4-cü bəndinin icrasını təmin etmək, habelə “DOST” mərkəzlərinin fəaliyyətini tənzimlənmə üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədilə hazırlanmışdır.

1.2. Bu Nümunəvi Nizamnamə hər bir “DOST” mərkəzinin (bundan sonra – Mərkəz) fərdi nizamnaməsinin hazırlanmasında əsas hesab olunur.

1.3. Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir.

1.4. Mərkəz “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 8.2-ci bəndinə uyğun olaraq Nazirlik tərəfindən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (bundan sonra – Agentlik) strukturunda yaradılır.

1.5. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanununu və Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, əmr və sərəncamlarını, Agentliyin əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur.

1.6. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.7. Mərkəzin müstəqil balansı, istifadəsində olan əmlakı, bank hesabları, üzərində Nazirliyin, Agentliyin adları və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.8. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Mərkəzin hüquq qabiliyyətinə onun fəaliyyətinin başa çatdığı an xitam verilir. [1]

1.9. Mərkəz “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.10. Mərkəzin qanuna uyğun olaraq, əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və ya həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.11. Mərkəzin Nizamnaməsində onun yerləşdiyi ünvan göstərilir.

 

2. Mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri [2]

 

2.1. Mərkəzin fəaliyyətinin məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə (bundan sonra – müvafiq sahə) xidmətlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir. [3]

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. müvafiq sahədə xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi;

2.2.2. müvafiq sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi və təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi.

 

3. Mərkəzin vəzifələri və hüquqları

 

3.1. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə xidmətləri “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında Nazirlik, Nazirliyin aidiyyəti qurumları, Agentlik və digər mərkəzlərlə əlaqəli şəkildə həyata keçirmək;

3.1.2. fəaliyyətinə dair təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Agentliyə təqdim etmək;

3.1.3. sosial müdafiəyə və sosial təminata ehtiyacı olan şəxslər arasında sorğular keçirmək, onların problemlərini öyrənmək, hüquqlarının qorunması, ehtiyaclarının qarşılanması ilə bağlı Agentliyə təkliflər vermək;

3.1.4. müvafiq sahədə göstərilən xidmətlərin tam elektronlaşmasını təmin etmək məqsədilə Agentliyə təkliflər vermək;

3.1.5. Mərkəzdə göstərilən xidmətlə bağlı müraciət edildiyi vaxt müraciətə baxılması və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi mümkün olduğu hallarda, yerində qərar qəbul etmək;

3.1.6. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmək;

3.1.7. əməkdaşların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi, o cümlədən, Mərkəzdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik qaydalarla bağlı kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı Agentliyə təkliflər vermək;

3.1.8. Mərkəzdə göstərilən xidmətlərin təkmilləşdirilməsi və müvafiq sahədə vətəndaşlara dəstək məqsədilə layihə və proqramların hazırlanmasına dair Agentliyə təkliflər vermək;

3.1.9. Mərkəzdə göstərilən xidmətlərlə əlaqədar aidiyyəti normativ hüquqi aktlar barədə izahedici və məlumatlandırıcı yenilikləri Agentliyin razılığı ilə kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq operativ şəkildə əhaliyə təqdim etmək;

3.1.10. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunmasını təmin etmək;

3.1.11. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək;

3.1.12. Mərkəzə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.13. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.14. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.15. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. Mərkəzin fəaliyyətinin səmərəli təşkili, o cümlədən Mərkəzdə göstərilən xidmətlərin siyahısının təkmilləşdirilməsi ilə bağlı Agentliyə təkliflər vermək;

3.2.2. müvafiq sahədə normativ hüquqi aktların layihəsinin hazırlanmasına dair Agentliyə təkliflər vermək;

3.2.3. müvafiq sahədə təlim, məsləhət, informasiya xidmətləri göstərmək;

3.2.4. Mərkəzdə müvafiq sahədə stimullaşdırıcı tədbirlərin və müsabiqələrin təşkili, qaliblərin mükafatlandırılması ilə bağlı Agentliyə təkliflər vermək;

3.2.5. müvafiq sahədə xidmətlərin göstərilməsində innovasiyaların tətbiqi ilə əlaqədar Agentliyə təkliflər vermək, bu sahədə aidiyyəti dövlət orqanları (qurumları), hüquqi şəxslər, təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarla əməkdaşlıq etmək;

3.2.6. vətəndaşlara (çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında ödənişli xidmətlər, o cümlədən səyyar xidmətlər göstərmək;

3.2.7. göstərilən xidmətlərin monitorinqini aparmaq, onların inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı Agentliyə təkliflər vermək;

3.2.8. Mərkəzin strukturunun təkmilləşdirilməsi, həmçinin fəaliyyətinə könüllülərin (xüsusən də gənc mütəxəssis və tələbələri) cəlb edilməsi və onların həvəsləndirilməsi üçün tədbirlərin görülməsi barədə Agentliyə təkliflər vermək;

3.2.9. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.10. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək barədə Agentliyə təkliflər vermək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar, komissiyalar yaratmaq;

3.2.12. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi, onların həvəsləndirilməsi üçün Agentliyə təkliflər vermək;

3.2.12-1. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək; [4]

3.2.13. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. Mərkəzin idarə olunması

 

4.1. Mərkəz öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzin idarəetmə forması kimi təkbaşçı icra orqanı olan direktor müəyyən edilir.

4.3. Təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyətlərini Mərkəzin nizamnaməsinin təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, icra orqanlarının yaradılmasına və onların səlahiyyətlərinin müəyyənləşdirilməsinə, habelə yenidən təşkilinə və ləğvinə münasibətdə Nazirlik, digər məsələlərə münasibətdə Agentlik həyata keçirir.

4.4. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi direktor həyata keçirir. Mərkəzin direktoru Agentliyin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

4.5. Direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini bu Nümunəvi Nizamnamənin 4.4-cü bəndinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən direktorun müavini həyata keçirir.

4.6. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:

4.6.1. Mərkəzin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə nəzarət edir;

4.6.2. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə bağlı Agentliyə təkliflər verir və sənədlər təqdim edir;

4.6.3. Mərkəzin strateji məqsədlərinin və planlarının icrasına nəzarət edir;

4.6.4. xalis aktivlərinin 25 faizindən artıq olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Agentliyin razılığı ilə, 5 faizinədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında isə müstəqil qərar qəbul edir;

4.6.5. cari və operativ məsələlər barədə Agentliyi məlumatlandırır;

4.6.6. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.6.7. Mərkəzin strukturuna, əməyin ödənişi fonduna, işçilərin say həddinə və onların əməkhaqlarının məbləğinə (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin), o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsinə dair Agentliyə təkliflər verir; [5]

4.6.8. Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.6.9. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.6.10. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.6.11. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərar və göstərişlərini ləğv edir;

4.6.12. Mərkəzin işçiləri barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə Agentliyə təkliflər verir;

4.6.13. Mərkəzin əmlakından Mərkəzin Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.6.14. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.6.14-1. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir; [6]

4.6.15. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir; [7]

4.6.16. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, həmçinin qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.6.17. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.6.18. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.7. Mərkəzin direktoru və onun müavini Agentliyin və Mərkəzin adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti

 

5.1. Mərkəzin nizamnamə fondunun məbləği (məbləq göstərilməklə) manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, büdcədənkənar fondların vəsaitindən, fəaliyyətindən əldə edilmiş gəlirdən, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız Mərkəzin Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

5.4. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.5. Bu Nümunəvi Nizamnamənin 5.4-cü bəndi nəzərə alınmaqla, Mərkəz əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Agentliklə razılaşdırmaqla həyata keçirir.

5.5-1. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər. [8]

5.6. Mərkəz mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Mərkəzin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti Agentlik həyata keçirir.

 

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada Agentlik həyata keçirir.

6.2. Mərkəz fəaliyyətinə dair illik hesabatı Agentliyə təqdim edir.

6.3. Mərkəz öz maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

6.4. Mərkəz Agentliyin razılığı ilə öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

7. Mərkəzdə uçot və hesabat

 

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib edir.

 

8. Mərkəzin yenidən təşkili və ləğvi

 

8.1. Mərkəzin yenidən təşkili və ləğvi Nazirlik tərəfindən həyata keçirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 fevral 2022-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2022-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 182)

2.       16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 fevral 2022-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2022-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 182) ilə “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi”nin 1.8-ci bəndinin birinci cümləsində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsində 2-ci hissənin adından “məqsədi və” sözləri çıxarılmışdır.

 

[3] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsinin 2.1-ci bəndi ləğv edilmişdir.

 

[4] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsinə yeni məzmunda 3.2.12-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsinin 4.6.7-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.6.7. Mərkəzin strukturu, ştat cədvəli və işçilərin say həddi, xərçlər smetası ilə bağlı Agentliyə təkliflər verir;

 

[6] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsinə yeni məzmunda 4.6.14-1-ci yarımbənd əlavə edilmişdir.

 

[7] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsinin 4.6.15-ci yarımbəndində “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 16 avqust 2022-ci il tarixli 306 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsinə yeni məzmunda 5.5-1-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status