×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.07.2019
QEYDİYYAT NÖMRƏSİ
289
ADI
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06-07-2019, Nəşr Nömrəsi: 144), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2019, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1312)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.07.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.080.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201907040289
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.07.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanının 5.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 4 iyul 2019-cu il

     № 289

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarı ilə

təsdiq edilmişdir

 

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanına əsasən yaradılmış, səhmləri dövlətə məxsus olan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

1.2. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni, Nazirliyin normativ hüquqi aktlarını və Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin əmr və sərəncamlarını rəhbər tutur.

1.3. Cəmiyyət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

1.4.1. tam halda - “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti;

1.4.2. qısaldılmış halda - “Aqrar tədarük və təchizat” ASC;

1.4.3. ingilis dilində tam adı - “Agro procurement and supply” Open Joint Stock Company;

1.4.4. ingilis dilində qısaldılmış adı - “Agro procurement and supply” OJSC.

1.5. Cəmiyyətin aparatı, idarə, filial və nümayəndəlikləri, həmçinin törəmə cəmiyyətləri Cəmiyyətin strukturunu təşkil edir.

1.6. Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi 80, Hökumət evi.

 

2. Cəmiyyətin hüquqi statusu

 

2.1. Cəmiyyət ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı (bundan sonra – elektron portal) vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsdir. [1]

2.2. Cəmiyyət müstəqil balansa, sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Nazirliyin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara, blanklara və loqotipə (emblemə) malikdir.

2.3. Cəmiyyət öz öhdəlikləri üçün sərəncamında olan əmlakla cavabdehdir, əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.

2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

2.5. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir.

2.6. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

2.7. Cəmiyyət bu Nizamnamə ilə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsində və bu zaman idarəetmə orqanları tərəfindən qərarların qəbul edilməsində müstəqildir.

2.8. Cəmiyyətin strukturunu, əməkhaqqı fondunu və işçilərinin say həddini Nazirlik müəyyənləşdirir. Cəmiyyətin aparatının struktur bölmələrinin, filial və nümayəndəliklərinin əsasnamələri, müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində Cəmiyyətin aparatının, filial və nümayəndəliklərinin strukturu, ştat cədvəli və xərclər smetası Nazirlik tərəfindən təsdiq edilir.

2.9. Cəmiyyətin aparatının və onun struktur bölmələrinin rəhbərləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

3. Cəmiyyətin vəzifələri və hüquqları

 

3.1. Cəmiyyət aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən kənd təsərrüfatı və ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına elektron portal vasitəsilə satın alınmasını təşkil edir; [2]

3.1.1-1. elektron portalın operatoru funksiyasını həyata keçirir; [3]

3.1.2. satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiyməti, növü, miqdarı və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı hər il avqustun 1-dək elektron portalda yerləşdirilir; [4]

3.1.3. kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin verdiyi sifarişlər üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının məhsul istehsalçılarından birbaşa satın alınmasını və təchizatını həyata keçirir;

3.1.4. yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını, habelə yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin edir, o cümlədən bütün növ satış obyektlərini təşkil və idarə edir;

3.1.5. ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı və ixrac edilməsi üzrə vasitəçilik xidmətləri göstərir;

3.1.6. kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını təşviq etmək məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılarına avanslar verir;

3.1.7. kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, təchizatı, ixracı üzrə maarifləndirmə, informasiya və məsləhət xidmətləri göstərir;

3.1.8. fövqəladə vəziyyət şəraitində əhalinin ərzaq məhsullarının təmin edilməsi ilə bağlı tapşırıqları icra edir;

3.1.9. elektron portalda barəsində məlumat yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqini “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə hər il oktyabrın 1-dək aparır və həmin monitorinqin nəticələrini elektron portala daxil edir; [5]

3.1.10. kənd təsərrüfatı və ərzaq məhsullarının tədarük edilməsini, fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq saxlanılmasını və çatdırılmasını həyata keçirir;

3.1.11. kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, onların təkmilləşdirilməsinə dair təkliflər verir;

3.1.12. satınalan təşkilatların müraciəti və (və ya) monitorinqin nəticələri əsasında satınalma və müqavilə şərtlərinə əməl etməyən ərzaq məhsulları istehsalçılarının və ya satıcılarının təkliflərinin 1 (bir) il ərzində elektron portalda yerləşdirilməsini məhdudlaşdırır, eləcə də bu sahədə yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktların tələbləri pozulduğu hallarda tədbirlərin görülməsi barədə aidiyyəti üzrə məlumat verir; [6]

3.1.13. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görür;

3.1.14. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərini həyata keçirir;

3.1.15. fəaliyyət dairəsinə aid olan sahələrlə bağlı islahatların aparılmasına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;

3.1.16. dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirləri həyata keçirir;

3.1.17. elektron portaldan istifadəyə görə ödənilən vəsaitin məbləğini satınalma dövründə hər bir müqavilə üzrə bir dəfə müəyyən etməklə, elektron portaldan istifadəyə görə satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış müqavilə üzrə satılmış ərzaq məhsullarının dəyərinin 10 faizə qədərini satınalan təşkilatdan alır; [7]

3.1.18. tədarük olunan ərzaq məhsullarının korlanma və məhvolmadan sığortalanmasını həyata keçirir; [8]

3.1.19. Cəmiyyətin fəaliyyəti haqqında əhalini məlumatlandırır və bu məqsədlə Cəmiyyətin internet saytını yaradır, Cəmiyyətin malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet saytında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir.

3.2. Cəmiyyətin aşağıdakı hüquqları vardır:

3.2.1. kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını, emalını, çeşidlənməsini, qablaşdırılmasını və digər lazımi tədbirləri təşkil etmək;

3.2.2. kənd təsərrüfatı və ərzaq məhsullarının satış şəbəkələrini yaratmaq, saxlama və logistika mərkəzlərinin və anbarların yaradılmasını dəstəkləmək;

3.2.3. kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı və ixracı zamanı zəruri olan beynəlxalq və yerli sertifikatların təmin edilməsi üçün tədbirlər həyata keçirmək;

3.2.4. kənd təsərrüfatı və ərzaq məhsullarının intervensiyası tədbirlərinin həyata keçirilməsi üçün müvafiq işlər görmək;

3.2.5. elektron portalda barəsində məlumat yerləşdirilən istehsalçı və satıcıların fəaliyyətinin monitorinqi məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemindən, yerində baxış zamanı isə onlardan zəruri məlumatları əldə etmək; [9]

3.2.6. Cəmiyyətin əqli mülkiyyətinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq idarə olunmasını təmin etmək və onun barəsində sərəncam vermək;

3.2.7. kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində qabaqcıl təcrübəni öyrənmək, bu sahədə kadr hazırlığını və beynəlxalq əməkdaşlığı həyata keçirmək;

3.2.8. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.9. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.10. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.11. konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək.

3.3. Cəmiyyət bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün lisenziya və ya icazə tələb olunan fəaliyyət növü ilə yalnız belə lisenziya və ya icazə aldıqdan sonra məşğul ola bilər.

 

4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

4.1. Cəmiyyətin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən, digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət öz əmlakı üzərində “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 6000000 (altı milyon) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 1 (bir) manat olan 6000000 (altı milyon) ədəd adi səhmdən ibarətdir.

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. investorların ayırdıqları vəsaitlər;

4.5.4. Cəmiyyətin öz fəaliyyət prosesində istehsal və əldə etdiyi əmlak;

4.5.5. qanunla qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyət müstəqil büdcəyə malikdir. Cəmiyyətin büdcəsi maliyyə ilinin başlamasından əvvəl Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tərəfindən təsdiq edilir.

4.7. Cəmiyyət ona verilmiş əmlakdan yalnız “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanında və bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

4.8. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.9. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.10. Cəmiyyət qanunla müəyyən edilən vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş vəsaitdən təyinatı üzrə istifadə edir.

 

5. Cəmiyyətin ali idarəetmə orqanı

 

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır (bundan sonra – Ümumi Yığıncaq).

5.2. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanına uyğun olaraq həll edilir.

 

6. Cəmiyyətin İdarə Heyəti

 

6.1. Cəmiyyətin İdarə Heyəti (bundan sonra – İdarə Heyəti) Cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

6.2. İdarə Heyəti 3 (üç) üzvdən ibarətdir. İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edir.

6.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

6.4. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

6.4.1. Cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təhlil edərək təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Nazirliyə təkliflər vermək;

6.4.2. Cəmiyyətin strateji məqsəd və planlarını, habelə inkişaf istiqamətlərini müəyyən etmək, strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

6.4.3. Cəmiyyətin fəaliyyətinə nəzarət etmək;

6.4.4. Cəmiyyətin strukturu, əməkhaqqı fondu və işçilərin say həddi ilə bağlı Nazirliyə təkliflər vermək;

6.4.5. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

6.4.6. Nazirliyin razılığı ilə Cəmiyyətin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması və ya ləğvi barədə qərar qəbul etmək;

6.4.7. Cəmiyyətin fəaliyyətinə dair daxili qaydaları və idarəetmə prosedurlarını, o cümlədən Cəmiyyətə işə qəbul qaydalarını təsdiq etmək;

6.4.8. Cəmiyyətin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

6.4.9. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul etmək;

6.4.10. Cəmiyyətin daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətinə dair hesabatlar almaq, Nazirliklə razılaşdırmaqla daxili audit xidmətinin əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək, daxili audit xidmətinin, eləcə də kənar auditorun yoxlamalarının nəticələrinə baxmaq və bu yoxlamaların yekunları ilə əlaqədar tədbirlər görmək; [10]

6.4.11. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin (kənar auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərar qəbul edilməsi barədə Nazirliyə təkliflər vermək;

6.4.12. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

6.4.13. Cəmiyyətin Nizamnaməsində, o cümlədən nizamnamə kapitalının miqdarında dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

6.4.14. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulması barədə təkliflər vermək;

6.4.15. fəaliyyət istiqamətləri üzrə yeni texnologiyaların tətbiqi ilə bağlı qərar qəbul etmək;

6.4.16. Cəmiyyətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxmaq;

6.4.17. İdarə Heyətinin öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan şifahi və yazılı hesabatların, eləcə də hər hansı digər sənədin təqdim edilməsini Cəmiyyətin vəzifəli şəxslərindən tələb etmək;

6.4.18. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq etmək;

6.4.19. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlər görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin etmək;

6.4.20. Cəmiyyətin maliyyə planlaşdırmasını həyata keçirmək və büdcəsinə dair Nazirliyə təkliflər vermək;

6.4.21. müstəqil ekspertləri və mütəxəssisləri Cəmiyyətin fəaliyyətinə cəlb etmək;

6.4.22. Bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.5. İdarə Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. Bu cür təklif daxil olduqdan sonra 15 gün müddətində İdarə Heyətinin sədri növbədənkənar iclas çağırmağa borcludur.

6.6. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ daxil edildikdə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir, onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır və qərar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsinə uyğun olaraq qəbul edilir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

6.7. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

6.8. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İclasın protokolu İdarə Heyətinin sədri tərəfindən imzalanır. İdarə Heyətinin üzvləri protokolun məzmunu ilə bağlı 10 gün müddətində öz irad və təkliflərini təqdim edə bilərlər.

6.9. İdarə Heyətinin sədri:

6.9.1. Cəmiyyətin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

6.9.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün İdarə Heyətinə təkliflər verir və sənədlər təqdim edir;

6.9.3. Cəmiyyətin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

6.9.4. Cəmiyyətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

6.9.5. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla Cəmiyyətin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) Nazirliklə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir; [11]

6.9.6. Cəmiyyətin fəaliyyətinə dair hesabatları (illik və yarımillik) və maliyyə hesabatlarını hazırlayır və qeyd olunan sənədləri kənar auditorun rəyi ilə birlikdə İdarə Heyətinə təqdim edir; [12]

6.9.7. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;

6.9.8. bu Nizamnamənin 6.4.11-ci və 6.4.12-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla əqdlər (o cümlədən xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

6.9.9. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarından təyinatı üzrə istifadə edilməsini təmin edir;

6.9.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq, komissiyalar, komitələr və işçi qruplar yaradır;

6.9.11. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, həmçinin törəmə cəmiyyətlərinin işinin təşkilini və onların təsdiq olunmuş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini təmin edir, yaranan mübahisələri həll edir;

6.9.12. Cəmiyyətin fəaliyyəti ilə bağlı qəbul olunmuş hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

6.9.13. fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

6.9.14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Nizamnamə ilə İdarə Heyətinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

6.10. İdarə Heyətinin üzvləri:

6.10.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

6.10.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

6.10.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

6.10.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

6.10.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədləri ilə tanış olurlar.

6.11. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

7. Daxili audit

 

7.1. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit xidməti “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir.

7.2. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən, müstəqil qiymət vermək və nəticə çıxarmaq hüququna malikdirlər.

7.3. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları ali iqtisadi və ya hüquq təhsilinə və ya digər ixtisas üzrə ali təhsilə və audit, yaxud əlaqədar sahələrdə 4 (dörd) il iş stajına malik olmalıdırlar.

7.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

7.5. Cəmiyyətdə daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün İdarə Heyəti tərəfindən Audit Komitəsi yaradılır. Cəmiyyətin fəaliyyətinin daxili auditi Audit Komitəsinin təşəbbüsü əsasında Nazirliyin və ya İdarə Heyətinin qərarı ilə həyata keçirilir. Audit Komitəsinin üzvləri öz fəaliyyətlərində müstəqildir və öz funksiyalarını icra edərkən onların müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququ vardır. Cəmiyyətin İdarə Heyətinin üzvləri və ya cəmiyyətin iştirakçıları Audit Komitəsinin üzvü ola bilməzlər. Audit Komitəsinin üzvlərinin səlahiyyət müddəti 2 (iki) ildir.

7.6. Cəmiyyətin Audit Komitəsinin üzvləri “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.

7.7. Audit Komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:

7.7.1. Cəmiyyətdə daxili audit siyasətini və strategiyasını müəyyən edir, daxili audit planlarını təsdiq edir və daxili audit fəaliyyətinə nəzarət edir;

7.7.2. daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını, proqramlarını, daxili auditin hesabatlarını, nəzarət sisteminin təkmilləşdirilməsinə dair tövsiyələri təsdiq edir;

7.7.3. daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair İdarə Heyətinə təkliflər verir;

7.7.4. kənar auditin təyin edilməsi ilə əlaqədar İdarə Heyətinə təkliflər verir;

7.7.5. Cəmiyyətin İdarə Heyətindən kənar və daxili auditorların daxili nəzarət sisteminə dair verdikləri tövsiyələrin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat əldə edir;

7.7.6. maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirir və Cəmiyyətin İdarə Heyəti tərəfindən onların səmərəli idarə edilməsinə əminlik əldə edir;

7.7.7. kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqları müzakirə edir və onların aradan qaldırılması üçün İdarə Heyətinə təkliflər verir;

7.7.8. maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirir və öz tövsiyələrini verir;

7.7.9. müəssisənin illik və cari maliyyə hesabatlarının hazırlanması prosesinə və nəticələrinə nəzarət edir;

7.7.10. daxili auditorların audit nəticəsində təqdim etdiyi tövsiyələrin müzakirəsini təmin edir;

7.7.11. Cəmiyyətin İdarə Heyətini daxili auditorlar tərəfindən təqdim olunmuş tövsiyələrin icrasına cəlb edir.

 

8. Cəmiyyətin müstəqil (kənar) auditi

 

8.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

9. Cəmiyyətdə uçot və hesabat

 

9.1. Cəmiyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir, illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edir.

9.2. Cəmiyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

9.3. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

9.4. Cəmiyyət idarə, filial, nümayəndəliklərinin, həmçinin törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

9.5. Cəmiyyət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

10. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri

 

10.1. Cəmiyyətin idarə, filial, nümayəndəlik və törəmə cəmiyyətləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, o cümlədən bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə uyğun olaraq tənzimlənir.

10.2. Cəmiyyət törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

10.2.1. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin idarəetmə orqanlarını formalaşdırmaq;

10.2.2. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə razılıq vermək;

10.2.3. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, həmçinin törəmə cəmiyyətlərinin təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, habelə müzakirələrdə iştirak etmək;

10.2.4. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətinin yekunlarına baxılmasını təmin etmək;

10.2.5. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, həmçinin törəmə cəmiyyətlərinin təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

10.2.6. Cəmiyyətin törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək.

 

11. İctimaiyyətin məlumatlandırılması

 

11.1. Cəmiyyət ictimaiyyəti daimi olaraq yenilənən rəsmi internet saytı vasitəsilə aşağıdakılar barədə məlumatlandırır:

11.1.1. Cəmiyyətin struktur bölmələri, inkişaf istiqamətləri və onunla əlaqə vasitələri;

11.1.2. bu Nizamnaməyə uyğun olaraq təqdim edilən hesabatlar;

11.1.3. kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınması ilə bağlı müqavilə nümunəsi;

11.1.4. kənd təsərrüfatı və ərzaq məhsullarını mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına satın alan təşkilatların siyahısı;

11.1.5. Cəmiyyət tərəfindən xüsusi əhəmiyyətli əqdin bağlanılması haqqında qəbul edilmiş qərarlar.

 

12. Cəmiyyətin ləğvi və yenidən təşkili

 

12.1. Cəmiyyətin ləğvi və yenidən təşkili Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 mart 2022-ci il tarixli 70 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 mart 2022-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 257)

2.       15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409)

3.       27 may 2022-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 574)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409) ilə Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1. Cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir.

 

[2] 15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409) ilə Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1.1-ci yarımbəndə “hesabına” sözündən sonra “elektron portal vasitəsilə” sözləri əlavə edilmişdir.

 

[3] 15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409) ilə Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə yeni məzmunda 3.1.1-1-ci yarımbənd əlavə edilmişdir.

 

[4] 15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409) ilə Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.2. büdcə təşkilatlarının verdiyi sifarişlər üzrə Cəmiyyətin elektron portalında göstərilən məhsul istehsalçılarından (satıcılarından) məhsulların birbaşa satın alınmasını həyata keçirir;

 

[5] 15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409) ilə Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1.9-cu bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.9. satın alınması nəzərdə tutulan kənd təsərrüfatı və ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların fəaliyyətinin monitorinqini aparır, monitorinqin nəticələrinə uyğun olaraq Cəmiyyətin elektron portalında yerləşdirilmiş məlumatlarda dəqiqləşdirmələr aparır və bu barədə istehsalçıya məlumat verir;

 

[6] 15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409) ilə Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1.12-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.12. kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına satın alınması prosedurlarında ortaya çıxan mübahisəli məsələləri araşdırır və qanunvericiliyin tələbləri pozulduğu hallarda tədbirlər görülməsi barədə aidiyyəti üzrə təkliflər verir;

 

[7] 15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409) ilə Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1.17-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.17. kənd təsərrüfatı və ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan az olduqda, tələbatın təklifdən artıq olan hissəsinin müvafiq qiymətlər çərçivəsində digər şəxslərdən alınması, bu mümkün olmadıqda isə idxal edilməsini, o cümlədən büdcə təşkilatlarının ərzaq məhsullarına ehtiyacının ödənilməsi məqsədilə ərzaq məhsullarının idxal edilməsini həyata keçirir;

 

[8] 15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409) ilə Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1.18-ci yarımbənd ləğv edilmişdir.

 

[9] 15 aprel 2022-ci il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 409) ilə Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.5-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.2.5. Cəmiyyətin elektron portalında yerləşdirilən istehsalçıların fəaliyyətinin monitorinqi məqsədilə və ya yerində monitorinq zamanı onlardan istehsal imkanları barədə yazılı və şifahi məlumatlar almaq;

 

[10] 5 mart 2022-ci il tarixli 70 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 mart 2022-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 257) ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.4.10-cu yarımbəndinə “hesabatlar almaq,” sözlərindən sonra “Nazirliklə razılaşdırmaqla” sözləri əlavə edilmişdir.

 

[11] 5 mart 2022-ci il tarixli 70 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 mart 2022-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 257) ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.9.5-ci yarımbəndinə “vəzifəyə təyin” sözlərindən əvvəl “Nazirliklə razılaşdırmaqla” sözləri əlavə edilmişdir.

 

[12] 27 may 2022-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 574) ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 6.9.6-cı yarımbəndində “mühasibat balansını” sözləri “maliyyə hesabatlarını” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status