AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.07.2019
QEYDİYYAT NÖMRƏSİ
293
ADI
“Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi”nin təsdiq edilməsi və “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 mart tarixli 40 nömrəli Qərarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-07-2019, Nəşr Nömrəsi: 150), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2019, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1316)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.07.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201907090293
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.07.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi”nin təsdiq edilməsi və “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 mart tarixli 40 nömrəli Qərarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 143) ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 9 iyul 2019-cu il

                    № 293

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 9 iyul tarixli 293 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin

 

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri (bundan sonra – əlaqələndirmə komitələri) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən yaradılır.

1.2. Əlaqələndirmə komitələri öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Əlaqələndirmə komitələri öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir, fəaliyyəti barədə yerli icra hakimiyyətlərinin başçılarına və Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına (bundan sonra – Komissiya) məlumat verir.

1.4. Əlaqələndirmə komitələri dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, işəgötürənlərin birlikləri, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Əlaqələndirmə komitələrinin məqsədi və vəzifələri

 

2.1. Əlaqələndirmə komitələrinin əsas məqsədi əhalinin məşğulluğunun təmin edilməsi sahəsində razılaşdırılmış qərarların hazırlanması, təkliflərin verilməsi, habelə, bu sahədə sosial tərəfdaşların qarşılıqlı fəaliyyətinin təmin edilməsidir.

2.2. Əlaqələndirmə komitələrinin vəzifələri aşağıdakılardır:

2.2.1. müvafiq inzibati ərazi vahidi üzrə əmək bazarının inkişafı, layiqli iş imkanlarının genişləndirilməsi və mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində müvafiq tədbirlərdə iştirak edir;

2.2.2. məşğulluğun təmin edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

2.2.3. növbəti il üçün ərazi məşğulluq proqramlarının hazırlanmasında və proqramların yerinə yetirilməsində iştirak edir;

2.2.4. müvafiq inzibati ərazi vahidi üzrə əmək bazarında yaranmış vəziyyəti təhlil edir, yerli xüsusiyyətləri nəzərə almaqla məşğulluq probleminin həlli üçün təkliflər verir;

2.2.5. inklüziv məşğulluğu təmin etmək məqsədilə aktiv əmək bazarı tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin artırılması və sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə təkliflər verir;

2.2.6. müvafiq inzibati ərazi vahidində qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması tədbirlərində iştirak edir;

2.2.7. müvafiq inzibati ərazi vahidində əhalinin məşğulluğu sahəsində əlaqələndirmə komitəsinin üzvlərinin fəaliyyətini əlaqələndirir;

2.2.8. müvafiq inzibati ərazi vahidində əhalinin məşğulluğuna dair problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə əməkdaşlıq qurur.

 

3. Əlaqələndirmə komitələrinin hüquqları

 

3.1. Əlaqələndirmə komitələrinin hüquqları aşağıdakılardır:

3.1.1. ərazi məşğulluq proqramının hazırlanması üçün müvafiq inzibati ərazi vahidinin iqtisadi, sosial və demoqrafik göstəriciləri, əmək bazarının ötən il üzrə mövcud vəziyyəti, növbəti il üçün proqnozlar, yeni iş yerləri, məşğul əhalinin iqtisadi fəaliyyət növləri, işsiz və işaxtaran şəxslər, aktiv məşğulluq tədbirləri və digər məsələlər barədə aidiyyəti qurumlardan lazımi məlumatlar alır;

3.1.2. ərazi məşğulluq proqramlarının hazırlanmasına aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələrini, müəssisə, idarə və təşkilatları cəlb edir;

3.1.3. hazırlanmış ərazi məşğulluq proqramının layihəsini müvafiq inzibati ərazi vahidi üzrə ictimai müzakirəyə çıxarır;

3.1.4. ərazi məşğulluq proqramının yerinə yetirilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına və Komissiyaya məlumatlar verir, zərurət olduqda məsələni bu qurumların müzakirəsinə təqdim edir;

3.1.5. öz vəzifələrini yerinə yetirmək üçün müəssisələrdən, idarələrdən və təşkilatlardan məşğulluq məsələlərinə aid zəruri məlumatlar alır;

3.1.6. məşğulluq sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

3.1.7. yerli icra hakimiyyəti orqanının başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli özünüidarəetmə orqanlarının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati sahədə xidmət aparan polis əməkdaşlarının birgə fəaliyyəti əsasında müvafiq inzibati ərazi vahidində yaşayan əhalinin qeydiyyat statusunun, onların məşğulluq statusunun müəyyən edilməsi məqsədilə tədbirlər görür;

3.1.8. məşğulluq sahəsində proqramların icrası ilə bağlı təkliflər verir, seminarlar və digər tədbirlər keçirir, sərgilər təşkil edir;

3.1.9. əlaqələndirmə komitəsinin öz fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yayır.

 

4. Əlaqələndirmə komitələrinin tərkibi

 

4.1. Əlaqələndirmə komitələrinin tərkibi bərabər sayda olmaqla, aşağıdakı kimi formalaşdırılır:

4.1.1. həmkarlar ittifaqlarının nümayəndələri;

4.1.2. işəgötürənlər birliklərinin nümayəndələri;

4.1.3. yerli icra hakimiyyəti orqanlarının nümayəndələri;

4.1.4. yerli özünüidarəetmə orqanlarının nümayəndələri;

4.1.5. dövlətə məxsus hüquqi şəxslərin yerli (regional) qurumlarının nümayəndələri;

4.1.6. mərkəzi icra hakimiyyəti orqanlarının yerli (regional) qurumlarının nümayəndələri;

4.1.7. qeyri-hökumət təşkilatlarının nümayəndələri.

4.2. Əlaqələndirmə komitəsinin fərdi tərkibi 3 (üç) il müddətinə yerli icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilir.

4.3. Əlaqələndirmə komitəsinin sədri yerli icra hakimiyyətinin başçısının müavinlərindən təyin olunur.

4.4. Əlaqələndirmə komitəsinin sədri:

4.4.1. əlaqələndirmə komitəsinin fəaliyyətini təşkil edir;

4.4.2. əlaqələndirmə komitəsinin iclaslarına sədrlik edir, illik iş planlarını, protokol və qərarları imzalayır;

4.4.3. əlaqələndirmə komitəsi tərəfindən qəbul edilmiş qərarların icrasına nəzarət edir.

 

5. Əlaqələndirmə komitələrinin fəaliyyətinin təşkili

 

5.1. Əlaqələndirmə komitələri öz fəaliyyətini üzvlərinin təklifləri əsasında hazırlanmış və əlaqələndirmə komitəsinin iclasında qəbul edilmiş illik iş planına uyğun olaraq həyata keçirir.

5.2. Əlaqələndirmə komitələrinin əsas fəaliyyəti illik iş planı əsasında ayda bir dəfədən az olmayaraq keçirilən iclaslardan ibarətdir.

5.3. Əlaqələndirmə komitələrinin sədrinin təşəbbüsü ilə növbədənkənar iclaslar təşkil edilə bilər. Növbədənkənar iclasın keçirilməsi barədə əlaqələndirmə komitəsinin üzvlərinə iclasın keçirilməsi vaxtından 3 (üç) həftədən gec olmayaraq yerli icra hakimiyyəti başçısının aparatının nümayəndəsi tərəfindən məlumat verilməlidir.

5.4. İclasın gündəliyində duran məsələlərin müzakirəsi ilə bağlı lazımi sənədlərin və digər materialların hazırlanması yerli icra hakimiyyəti başçısının aparatının nümayəndəsi tərəfindən həyata keçirilir.

5.5. İclasın keçirilməsinə ən geci 1 (bir) həftə qalmış iclasın materialları əlaqələndirmə komitələrinin üzvlərinə təqdim edilir.

5.6. Əlaqələndirmə komitəsinin üzvlərinin razılığı ilə iclaslara müstəqil ekspertlər və mütəxəssislər dəvət oluna bilər.

5.7. Protokolun surəti əlaqələndirmə komitəsinin üzvlərinə verilir və əlaqələndirmə komitəsinin tərkibinə daxil olan qurumlara göndərilir. Əlaqələndirmə komitəsinin üzvlərinin xüsusi rəyləri olduqda, onlar yazılı formada protokola əlavə edilir.

5.8. Əlaqələndirmə komitələrinin tərkibinə daxil olan qurumların fəaliyyət istiqamətlərinə uyğun olaraq əlaqələndirmə komitələrində iş bölgüsü, illik iş planı təsdiq olunur və bu fəaliyyət əlaqələndirmə komitələrinin sədri tərəfindən əlaqələndirilir.

5.9. Əlaqələndirmə komitələri hər ay aşağıda görülən işlər haqqında Komissiyaya məlumat xarakterli hesabatlar verir:

5.9.1. keçirilmiş iclasların protokolu;

5.9.2. apardığı təbliğat və təşviqat kampaniyalarının nəticələri haqqında məlumat;

5.9.3. qarşıda duran vəzifələr və görüləcək işlər barədə məlumat;

5.9.4. hər ay keçiriləcək iclasların yeri və tarixi barədə məlumat;

5.9.5. qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində gördüyü işlər barədə məlumat.

5.10. Əlaqələndirmə komitələrinin qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Əlaqələndirmə komitəsinin üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, əlaqələndirmə komitəsi öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Əlaqələndirmə komitəsinin üzvləri səsvermə zamanı bitərəf qala bilməz. Bütün qəbul edilmiş qərarlar əlaqələndirmə komitəsinin sədri tərəfindən imzalanan protokolla rəsmiləşdirilir. Səslər bərabər bölündükdə, əlaqələndirmə komitəsinin sədrinin səsi həlledici hesab edilir.

5.11. Əlaqələndirmə komitələrinin qərarları tövsiyə xarakteri daşıyır.

5.12. Dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də həmkarlar ittifaqı və işəgötürənlər birlikləri, beynəlxalq və qeyri-hökumət təşkilatları tərəfindən zəruri olan məsələlər barədə müraciət olunduqda, əlaqələndirmə komitələri tərəfindən qəbul olunmuş qərarlar müvafiq qaydada Komissiyaya və ya rayon (şəhər) icra hakimiyyətinin başçısına təqdim edilir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status