AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.09.2019
QEYDİYYAT NÖMRƏSİ
831
ADI
Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14-09-2019, Nəşr Nömrəsi: 202), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2019, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1490)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.09.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201909130831
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.09.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır;

2.2. Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və inkişafı ilə bağlı tədbirləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat həyata keçirir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

4.1. Şərur Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

4.2. Şərur Sənaye Məhəlləsində istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 5-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

7. “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1173) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.3-cü bəndə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilsin;

7.2. 1.4-cü bəndə “Açıq Səhmdar Cəmiyyətinə” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilsin;

7.3. 3-cü hissəyə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti)” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 sentyabr 2019-cu il

    831

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status