AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.04.1998
QEYDİYYAT NÖMRƏSİ
74
ADI
Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-1998, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 282)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.04.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında

Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında

 

Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN QƏrarı [1]

 

Büdcədən maliyyələşdirilən nazirlik, komitə, idarə və təşkilatların elektrik və istilik enerjisi, təbii qazın, su təchizatında və rabitə xidmətləri sahəsində (abonent xərcləri, şəhər və beynəlxalq danışıqlar, sellülar, faks, poçt, teleqraf və s. rabitə xidmətləri daxil olmaqla) yaranmış  israfçılığın qarşısını almaq, istehlak edilmiş bu məhsulların və rabitə xidmətləri haqqında vaxtında ödənilməsini təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, büdcədən  maliyyələşdirilən nazirlik, komitə, idarə və təşkilatların rəhbərləri ilə birlikdə, «Azərenerji» Səhmdar Cəmiyyətini, Bakı, Gəncə, Sumqayıt  şəhərlərinin icra hakimiyyətlərini, Mənzil Kommunal Təsərrüfatı Komitəsini, Dövlət Neft Şirkətini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Abşeron Regional Səhmdar Su Cəmiyyətini cəlb etməklə 15 gün müddətində 1998-ci ilə və hər ilin Dövlət büdcəsi təsdiq edildikdən 30 gün sonra elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin haqqını ödəmək üçün nəzərdə tutulmuş vəsaitə müvafiq olaraq limitləri müəyyən edib təsdiq etsinlər. [2]

2. «Azərenerji» Səhmdar Cəmiyyəti, Bakı, Gəncə, Sumqayıt şəhərlərində icra hakimiyyətləri, Mənzil Kommunal Təsərrüfatı Komitəsi, Dövlət Neft Şirkəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Abşeron Regional Səhmdar Su Cəmiyyəti büdcədən maliyyələşdirilən nazirlik, komitə,  idarə və təşkilatlarla, təsdiq edilmiş elektrik və istilik enerjisi, təbii qazın, suyun və rabitə xidmətlərinin büdcə vəsaiti hesabına maliyyələşdirilən limitlər çərçivəsində natura və pul ifadəsi ilə müqavilələr bağlasınlar və bu müqavilələrin yerinə yetirilməsinə ciddi nəzarət  etsinlər. [3]

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, elektrik və istilik  enerjisinin, təbii qazın, suyun istehlakı, rabitə xidmətlərindən istifadə üçün büdcədə nəzərdə tutulmuş vəsait çatışmadıqda və tariflər  dəyişildikdə yaranan problemi aradan qaldırmaq məqsədi ilə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim  etsinlər.

4. Müəyyən edilsin ki:

a) Dövlət büdcəsindən maliyyələşdirilən nazirlik, komitə, idarə və təşkilatlar elektrik və istilik enerjisindən, təbii qazdan, sudan istifadə  edib dəyərini ödəmədikdə onların buraxılması və rabitə xidmətləri göstərilməsi dayandırılır;

b) bu qərarın 1-ci bəndində nəzərdə tutulmuş həcmlərdən artıq elektrik və istilik enerjisinin, qazın, suyun buraxılışı və rabitə xidmətlərinin göstərilməsi əlavə müqavilə əsasında və istehlakçıların əldə etdikləri digər maliyyə mənbələri hesabına həyata keçirilir;

c) Dövlət büdcəsindən maliyyələşdirilən nazirlik, komitə, idarə və təşkilatlar üçün istifadə ediləcək elektrik, istilik enerjisi, təbii qaz, su və rabitə xidmətləri haqqının ödənilməsi üçün büdcədə nəzərdə tutulmuş vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [4]

5. Elektrik və istilik enerjisinə, qaza, suya və rabitə xidmətlərinə olan tələbatın həcminin natura və pul ifadəsi ilə müəyyən olunmuş limitlər çərçivəsində uyğunlaşdırılmasına və onların vaxtlı-vaxtında maliyyələşdirilməsinə görə dövlət büdcəsindən maliyyələşdirilən nazirlik, komitə, idarə və təşkilatların, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri şəxsi məsuliyyət daşıyırlar.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi büdcədən maliyyələşdirilən nazirlik, komitə, idarə və təşkilatlar tərəfindən 1998-ci il yanvarın 1-nə qədər istehlak olunmuş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ödənilməsində əmələ gəlmiş borcların ödənilməsinə dair təklifləri 15 gün müddətində Azərbaycan Respublikasının  Nazirlər Kabinetinə təqdim etsinlər.

7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, büdcədən maliyyələşdirilən nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə işlədilmiş elektrik və istilik enerjisi, təbii qaz, suyun istehlak və rabitə xidmətlərindən istifadə barəsində (natura və pul ifadəsində)  rüblük və illik hesabat aparılmasını təmin etsinlər.

8. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin iqtisadiyyat və maliyyə-kredit siyasəti və müvafiq  şöbələrinə tapşırılsın.

9. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri

A. RASİZADƏ

 

Bakı şəhəri, 13 aprel 1998-ci il

   № 74

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 sentyabr 2004-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 750)

2.       24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757)

3.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

4.       27 mart 2017-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 499)

5.       21 yanvar 2019-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 153)

6.       12 aprel 2019-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 758)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 aprel 2019-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 758) ilə ləğv edilmişdir.

 

[2] 21 sentyabr 2004-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 750) ilə 1-ci bənddə "Rabitə Nazirliyi" sözləri "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə 1-ci hissəsində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[3] 24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757) ilə 1-ci və 2-ci bəndlərində ismin müvafiq hallarında «Azəriqaz» Səhmdar Cəmiyyəti» sözləri ismin müvafiq hallarında «Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilmişdir.

21 yanvar 2019-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 153) ilə 1-ci hissədə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 2-ci hissədə “Rabitə” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[4] 27 mart 2017-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 499) ilə 4-cü hissəsinin c) bəndində “qeyri-təyinatı üzrə istifadə olunması yolverilməzdir” sözləri “təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status