×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.07.2001
QEYDİYYAT NÖMRƏSİ
531
ADI
“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2001, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 468)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.07.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi"nin və "Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi"nin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi” və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 4 iyul 2001-ci il

№ 531

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi

 

ƏSASNAMƏSİ

1. Ümumİ müddəalar

1.1. Dövlət təbiət qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

1.2. Qlobal ekoloji monitorinqin həyata keçirilməsi üçün fəaliyyət göstərən və ya yenidən təşkil edilən dövlət təbiət qoruqlarına dövlət təbiət biosfer qoruqları statusu verilir və dövlət təbiət biosfer qoruqları beynəlxalq biosfer rezervatlar sisteminə daxil edilir.

1.3. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət təbiət və biosfer qoruqlarının təşkili üçün ayrılmış torpaq sahələri onların daimi istifadəsinə verilir.

1.4. Dövlət təbiət və biosfer qoruqlarının əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.

1.5. Azərbaycan Respublikasının Prezidenti tərəfindən respublika ərazisində beynəlxalq əhəmiyyətli dövlət təbiət qoruqları müəyyən edilə bilər.

1.6. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə dövlət təbiət və biosfer qoruqlarının torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir.

1.7. Dövlət təbiət və biosfer qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.

1.8. Biosfer qoruqlarının hüdudlarına qlobal ekoloji monitorinqin həyata keçirilməsi məqsədilə biocoğrafi vilayətlərin digər əraziləri də daxil edilə bilər.

1.9. Dövlət təbiət və biosfer qoruqlarının rəmzləri (bayraq, emblem və s.) ola bilər.

2. Dövlət təbİət və bİosfer qoruqlarının yaradılmasının məqsədlərİ

2.1. Dövlət təbiət və biosfer qoruqlarının yaradılmasının məqsədləri aşağıdakılardır:

2.1.1. genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək;

2.1.2. elmi tədqiqatları təşkil etmək və aparmaq, "Təbiət salnaməsi" tərtib etmək;

2.1.3. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi (biosfer qoruqları üçün isə qlobal ekoloji monitorinqi) çərçivəsində ekoloji monitorinqi həyata keçirmək;

2.1.4. təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinin və sxemlərinin dövlət ekoloji ekspertizasında iştirak etmək;

2.1.5. ətraf mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına kömək etmək.

3. Dövlət təbİət və bİosfer qoruqlarının təşkİlİ

3.1. Dövlət təbiət və biosfer qoruqları xüsusi ekoloji, elmi və mədəni dəyərə malik olan təbiət obyektlərinin (səciyyəvi və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri və sair) yerləşdiyi (biosfer qoruqları üçün isə Qlobal ekoloji monitorinqin həyata keçirilməsinə imkan verən) ərazilərdə (torpaq və su məkanı (akvatoriya) sahələrində) yaradılır.

3.2. Dövlət təbiət və biosfer qoruqları Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və əlaqədar təşkilatların (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və s.) rəyi nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin qərarı ilə təşkil edilir. [1]

3.3. Dövlət təbiət və biosfer qoruqlarının torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onların sanitariya-mühafizə zonaları müəyyən edilir. Dövlət təbiət və biosfer qoruqlarının sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir. [2]

3.4. Dövlət təbiət və biosfer qoruqlarının hər biri üçün pasport hazırlanır və bu ərazilərin pasportu Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla dövlət təbiət və biosfer qoruqlarında saxlanılır.

4. Dövlət təbİət və bİosfer qoruqlarının xüsusİ mühafİzə rejİmİnİn xüsusİyyətlərİ

4.1. Dövlət təbiət və biosfer qoruqlarında xüsusi mühafizənin vacib tədbirlərindən başqa aşağıdakılar qadağan edilir:

4.1.1. bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiyaların tikintisi;

4.1.2. geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması;

4.1.3. kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;

4.1.4. oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə;

4.1.5. bitki aləmindən təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

4.1.6. ov və balıq və digər su bioresurslarının ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədi ilə istifadə edilməsi və ovlanması; [3]

4.1.7. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;

4.1.8. kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və ya heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;

4.1.9. xüsusi icazə olmadan qoruqların ərazisində olmaq;

4.1.10. təbiət komplekslərini pozan və təbiət obyektləri üçün təhlükə yaradan hər hansı digər fəaliyyət.

4.2. Dövlət təbiət və biosfer qoruqlarının təbiət ərazilərindən və obyektlərindən istifadəsi qanunla nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.

4.3. Hüquqi və fiziki şəxslər əhali və ictimai birliklər dövlət təbiət və biosfer qoruqlarının mühafizəsinə dair təkliflərini verə bilərlər və bu təkliflər dövlət təbiət və biosfer qoruqları tərəfindən nəzərə alınmalıdır.

4.4. Dövlət təbiət və biosfer qoruqlarının əraziləri və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.

4.5. Dövlət təbiət və biosfer qoruqların fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.

4.6. Dövlət təbiət və biosfer qoruqlarında təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazilərin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.

4.7. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında dövlət təbiət və biosfer qoruqlarının yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.

5. Dövlət təbİət və bİosfer qoruqlarının elmİ tədqİqat fəalİyyətİ

5.1. Dövlət təbiət və biosfer qoruqlarının elmi tədqiqat fəaliyyəti il boyu stasionar müşahidələrin və çoxillik kompleks tədqiqatların təşkili yolu ilə həyata keçirilir və ekoloji şəraitin proqnozlaşdırılması, təbiəti mühafizənin elmi əsaslarının hazırlanması, canlı orqanizmlərin genofondunun qorunub saxlanması, təbii ehtiyatların bərpası və səmərəli istifadəsi məqsədi ilə təbii proseslərin dinamikasının öyrənilməsinə (biosfer qoruqlarında qlobal ekoloji monitorinqin aparılmasına) yönəldilir.

5.2. Dövlət təbiət və biosfer qoruqlarında elmi-tədqiqat işlərinin təşkili və aparılması məqsədi ilə onlar elmi işçi ştatları ilə təmin olunur və bu işə direktorun elmi işlər üzrə müavini rəhbərlik edir.

5.3. Dövlət təbiət və biosfer qoruqlarında hər il elmi işin əsası olan "Təbiət salnaməsi" aparılır.

5.4. Dövlət təbiət və biosfer qoruqlarında elmi tədqiqatlar kənar elmi müəssisə və təşkilatların, habelə ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi ilə də aparıla bilər. [4]

5.5. Dövlət təbiət və biosfer qoruqlarında elmi və herbari fondları yaradılır və həmişəlik saxlanılır.

5.6. Dövlət təbiət və biosfer qoruqlarına elmi əsərlər çap etmək hüququ verilir.

6. Dövlət təbİət və bİosfer qoruqlarının mühafİzəsİ

6.1. Dövlət təbiət və biosfer qoruqlarının mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir və bu işə direktor və mühafizə üzre direktor müavini rəhbərlik edirlər.

6.2. Dövlət təbiət və biosfer qoruqlarının mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır: [5]

6.2.1. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya-mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrini və gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək; [6]

6.2.2. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya-mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək; [7]

6.2.3. dövlət təbiət və biosfer qoruğu ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək; [8]

6.2.4. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək. [9]

6.3. Dövlət təbiət və biosfer qoruqlarının bütün işçiləri qoruq rejiminin pozulması hallarının qarşısının alınmasında qoruğun mühafizə işçilərinə kömək göstərməlidirlər.

6.4. Dövlət təbiət və biosfer qoruqlarının rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində dövlət təbiət qoruqlarına vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

6.5. Dövlət təbiət və biosfer qoruqlarında mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

7. Dövlət təbİət və bİosfer qoruqlarının mühafİzəsİnə, qorunmasına və İstİfadəsİnə dövlət nəzarətİ

7.1. Dövlət təbiət və biosfer qoruqlarının vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının milli parklarının ümumi

 

ƏSASNAMƏSİ

 

1. ÜMUMİ QAYDALAR

 

1.1. Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

1.2. Milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.

1.3. Azərbaycan Respublikasının Prezidenti tərəfindən respublika ərazisində beynəlxalq əhəmiyyətli milli parklar müəyyən edilə bilər.

1.4. Milli parkların hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri daxil edilə bilər.

1.5. Milli parklardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və istirahət məqsədləri ilə istifadə edilə bilər.

1.6. Milli parklarda onların məqsədli təyinatına və təbiət komplekslərinin və obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.

1.7. Milli parkların rəmzləri (bayraq, emblem və sair) ola bilər.

 

2. Mİllİ parkların yaradılması

 

2.1. Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan ərazilərdə yaradılır.

2.2. Milli parklar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yaradılır.

2.3. Milli parkların torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onların sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli parkların sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir. [10]

2.4. Milli parkların hər biri üçün pasport hazırlanır və bu ərazilərin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla milli parklarda saxlanılır.

 

3. Mİllİ parkların yaradılmasının məqsədlərİ

 

3.1. Milli parkların yaradılmasının məqsədləri aşağıdakılardır:

3.1.1. təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;

3.1.2. turizm və rekreasiya üçün şərait yaratmaq;

3.1.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;

3.1.4. əhalini ekoloji maarifləndirmək;

3.1.5. ekoloji monitorinqi həyata keçirmək;

3.1.6. zədələnmiş təbiət və tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.

 

4. Mİllİ parkların xüsusİ mühafİzə rejİmİnİn xüsusİyyətlərİ

 

4.1. Milli parkların ərazilərində onların təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:

4.1.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

4.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;

4.1.3. turizm və rekreasiya zonaları;

4.1.4. turistlərə və başqalarına xidmət göstərilən zonalar;

4.1.5. milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.

4.2. Milli parkların turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və sair) yol verilir. [11]

4.3. Milli parklarda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilə bilər.

4.4. Milli parkların ərazisində aşağıdakılar qadağan edilir:

4.4.1. təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;

4.4.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

4.4.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;

4.4.4. Xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metalurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti;

4.4.5. milli parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi;

4.4.6. müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması;

4.4.7. bu məqsədlər üçün müəyyən olunmuş yerlərdən və ümümi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;

4.4.8. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;

4.4.9. meşələrdə əsas istifadə qırıntısı.

4.5. Milli parklarda ərazilərin ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri də məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

4.6. Milli parkların mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir, bu işə direktor və mühafizə üzrə direktor müavini rəhbərlik edirlər.

4.7. Milli parkların mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır: [12]

4.7.1. milli parkın ərazisində və onun sanitariya-mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrini və gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək; [13]

4.7.2. milli parkın ərazisində və onun sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq; [14]

4.7.3. milli parkın ərazisində və onun sanitariya-mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək; [15]

4.7.4. milli parkın ərazisindən istifadə qaydalarını, həmin ərazinin mühafizə rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək; [16]

4.7.5. milli parkın ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək. [17]

4.8. Milli parkın bütün işçiləri parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.

4.9. Milli parkın təbiət ərazilərindən və obyektlərindən istifadəsi qanunla nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.

4.10. Əhali və ictimai birliklər milli parkın mühafizəsinə dair təkliflərini verə bilərlər və bu təkliflər milli parklar tərəfindən nəzərə alınmalıdır.

4.11. Milli parkın əraziləri və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.

4.12. Milli parkların fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.

4.13. Üzərində milli park yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, onların razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur.

4.14. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında milli parkların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.

4.15. Milli parklarda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazilərin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.

4.16. Milli parkın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində milli parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

4.17. Milli parkın mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

 

5. Mİllİ parkların elmİ tədqİqat fəalİyyətİ

 

5.1. Milli parkların elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədi ilə istifadə olunan şəraitdə ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin (o cümlədən bioloji müxtəlifliyin) elmi cəhətdən əsaslanmış üsullarla qorunmasına yönəldilir.

5.2. Milli parklarda elmi tədqiqat fəaliyyəti milli parkın elmi şöbəsinin işçiləri tərəfindən aparılır.

5.3. Milli parklarda elmi tədqiqatlar kənar elmi müəssisə və təşkilatların, habelə ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi ilə də aparıla bilər. [18]

 

6. Mİllİ parkların təsərrüfat fəalİyyətİ

 

6.1. Milli parkların təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.

6.2. Təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında milli parkın ərazisində yerləşən binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər.

6.3. Milli parkların ərazilərində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitlərin yaradılması milli parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələr əsasında həyata keçirilə bilər.

6.4. Milli parklarda onların məqsədli təyinatına və təbiət komplekslərinin və obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri milli parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələr əsasında həyata keçirilir.

6.5. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

6.6. Bu Əsasnamənin 6.5-ci bəndində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişiklik edilir.

6.7. Bu Əsasnamənin 6.5-ci bəndində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

6.8. Bu Əsasnamənin 6.5-ci bəndində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunur. [19]

 

7. Mİllİ parkların mühafİzəsİnə, qorunmasına və İstİfadəsİnə dövlət nəzarətİ

 

7.1. Milli parkların vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

 

 

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       20 iyun 2008-ci il tarixli 782 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 500)

2.       15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556)

3.       29 sentyabr 2015-ci il tarixli 631 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 sentyabr 2015-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 1018)

4.       15 fevral 2016-cı il tarixli 770 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 234)

5.       15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251)

6.       23 aprel 2018-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 688)

7.       31 yanvar 2020-ci il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 16)

8.       28 dekabr 2022-ci il tarixli 1934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1444)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 15 fevral 2016-cı il tarixli 770 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 234) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 3.2-ci bəndindən “Respublikasının” sözü çıxarılmışdır.

15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 3.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2022-ci il tarixli 1934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1444) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 3.2-ci bəndində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 3.3-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.3. Dövlət təbiət və biosfer qoruqlarına bitişik olan torpaq və su sahələrində mühafizə zonaları müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır.

 

[3] 29 sentyabr 2015-ci il tarixli 631 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 sentyabr 2015-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 1018) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 4.1.6-cı yarımbəndində “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 aprel 2018-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 688) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 5.4-cü bəndində “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilmişdir.

 

[5] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 6.2-ci bəndində “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilmişdir.

 

[6] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 6.2.1-ci yarımbəndində “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə, “nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq,” sözləri ilə əvəz edilmişdir.

 

[7] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 6.2.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

6.2.2. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək;

 

[8] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 6.2.3-cü yarımbəndindən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılmışdır.

 

[9] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin 6.2.4-cü yarımbəndində “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə əvəz edilmişdir, “və digər tədbirlər görmək” sözləri çıxarılmışdır.

 

[10] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 2.3-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.3. Xüsusi mühafizəni təmin etmək üçün milli parklara bitişik olan torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır.

 

[11] 20 iyun 2008-ci il tarixli 782 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 500) ilə "Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi"nin 3.1.2-ci, 4.1.3-cü bəndlərində və 4.2-ci bəndində hər iki halda "istirahət (rekreasiya)" sözləri "rekreasiya" sözü ilə əvəz edilmişdir.

 

29 sentyabr 2015-ci il tarixli 631 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 sentyabr 2015-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 1018) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 4.2-ci bəndində “idman və həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz  edilmişdir.

 

[12] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 4.7-ci bəndində “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilmişdir.

 

[13] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 4.7.1-ci yarımbəndində “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə, “nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq,” sözləri ilə əvəz edilmişdir.

 

[14] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 4.7.2-ci yarımbəndində “mühafizə zonasında mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fiziki və hüquqi şəxslərin” sözləri “sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan” sözləri ilə əvəz edilmişdir.

 

[15] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 4.7.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.7.3. milli parkın ərazisində və onun mühafizə zonasında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək;

 

[16] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 4.7.4-cü yarımbəndindən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılmışdır.

 

[17] 15 dekabr 2014-cü il tarixli 402 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1556) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 4.7.5-ci yarımbəndində “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə əvəz edilmişdir, “ digər tədbirlər görmək” sözləri çıxarılmışdır.

 

[18] 23 aprel 2018-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 aprel 2018-ci il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 688) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 5.3-cü bəndində “elmi təşkilatların ” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilmişdir.

 

[19] 31 yanvar 2020-ci il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 16) ilə “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nə yeni məzmunda 6.5–6.8-ci bəndlər əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status