×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2019
QEYDİYYAT NÖMRƏSİ
912
ADI
Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-12-2019, Nəşr Nömrəsi: 293), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1955)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201912300912
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.01.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:

1.1. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi;

1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu;

1.3. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi;

1.4. Sosial Xidmətlər Agentliyi.

2. Bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.1.2. idarəetmə orqanlarının yaradılması;

2.1.3. yenidən təşkili və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:

2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin (bu Fərmanın 3.4-cü bəndi nəzərə alınmaqla) həlli.

3. Müəyyən edilsin ki:

3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda İdarə Heyəti yaradılır;

3.2. İdarə Heyətinin üzvlərini Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir;

3.3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

3.4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini, o cümlədən nizamnamə fondlarının miqdarı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

5.1. tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzləri açıldıqca bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin yerli qurumlarının fəaliyyətinin, əhaliyə göstərilən xidmətlərin əlçatanlığı qorunmaqla, regional əsaslarla qurulmasını təmin etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Sosial Xidmətlər Agentliyi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində bu Fərmanın 1.2-ci bəndinə əsasən yenidən təşkil edilmiş Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri həmin Agentliyin tabeliyinə verilsin.

7. Bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2019-cu il

    912

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status