“Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2020-ci il
№ 1815
|
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 12 fevral tarixli 1815 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün
DÖVLƏT PROQRAMI
1. Ümumi müddəalar
Azərbaycan Respublikasının dövlət arxivləri Milli arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə qəbulunu, qeydiyyatını və etibarlı qorunmasını, eləcə də cəmiyyətin retrospektiv informasiyaya tələbatının ödənilməsi sahəsində vəzifələri uğurla həyata keçirir. Yüzillik tarixi olan arxiv sistemi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra müasir dövrün tələblərinə uyğun yenidən təşkil edilmiş, arxiv quruculuğunun əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi baza yaradılmışdır. "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunundan və “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası, arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda mədəni irsin qorunması və səmərəli idarə edilməsinin təşkili istiqamətlərində müəyyən olunmuş hədəflər arxiv işi sahəsində islahatların davamlılığını, normativ hüquqi bazanın qabaqcıl təcrübəyə uyğun təkmilləşdirilməsini, Milli arxiv fondu sənədlərinin informasiya və kommunikasiya texnologiyalarını (bundan sonra – İKT) tətbiq etməklə daha etibarlı mühafizəsinin təmin edilməsini, dövlət arxivlərinin infrastrukturunun və maddi-texniki bazasının, peşəkar kadr potensialının möhkəmləndirilməsini zəruri edir. Bu məqsədlərə xidmət edən "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməli olan zəruri tədbirləri müəyyənləşdirir.
2. Dövlət Proqramının məqsədi
Dövlət Proqramının məqsədi arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun və arxivçi peşəsinin nüfuzunun artırılmasını, Azərbaycan Respublikasının maddi-mənəvi sərvəti olan Milli arxiv fonduna aid sənədlərin toplanılmasını, sistemləşdirilməsini, dövlət mühafizəsinə daimi qəbulunu, qeydiyyatını və onlardan səmərəli istifadəni təmin etməkdən ibarətdir.
3. Dövlət Proqramının əsas istiqamətləri
3.0. Dövlət Proqramında Azərbaycan Respublikasında arxiv işinin 2020-2025-ci illərdə aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:
3.0.1. arxiv işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;
3.0.2. arxiv işi sahəsində dövlət nəzarətinin gücləndirilməsi və səmərəli idarəetmənin təşkili məqsədilə normativ hüquqi aktların layihələrinin hazırlanması;
3.0.3. dövlət arxivləri sistemində institusional islahatların aparılması və kadr potensialının gücləndirilməsi, dövlət arxiv təşkilatlarının strukturunun və şəbəkəsinin təkmilləşdirilməsi;
3.0.4. dövlət arxivlərinin əməli və tarixi əhəmiyyətli sənədlərlə komplektləşdirilməsi hesabına Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi olan Milli arxiv fondunun informasiya potensialının zənginləşdirilməsi;
3.0.5. dövlət arxiv təşkilatlarının göstərdikləri arxiv xidmətlərinin çeşidinin artırılması və rasionallığının təmin edilməsi;
3.0.6. Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırma yolu ilə etibarlı mühafizəsinin təşkili;
3.0.7. arxiv işinin İKT tətbiq etməklə modernləşdirilməsi, müasir tələblər səviyyəsində qurulması, Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması, vahid elektron arxiv məlumat sisteminin yaradılması və onun dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyasının təmin edilməsi;
3.0.8. arxiv işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, digər ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək surətlərinin Azərbaycan Respublikasına gətirilməsi;
3.0.9. arxivçi peşəsinin nüfuzunun yüksəldilməsinə və arxivlərin ölkənin sosial-mədəni həyatında rolunun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
3.0.10. müasir innovativ təlim metodları əsasında arxiv sahəsində çalışan işçilərin informasiya texnologiyaları, arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələrində elmi biliklərinin və peşə bacarıqlarının artırılması.
4. Gözlənilən nəticələr
4.0. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
4.0.1. arxiv işi sahəsində qanunvericiliyin müasir dövrün tələblərinə, qabaqcıl təcrübəyə, beynəlxalq normalara və prinsiplərə uyğun təkmilləşdirilməsi;
4.0.2. arxiv işinin müasir tələblərə uyğun təşkilinin təmin olunması, idarə edilməsində daha çevik idarəetmə sisteminin formalaşdırılması və bu sahədəki fəaliyyətə dövlət nəzarətinin gücləndirilməsi;
4.0.3. hüquqi və fiziki şəxslərin sənədlərdən istifadəsində şəffaflıq, operativlik və rasionallıq prinsiplərinin təmin olunması;
4.0.4. dövlət arxivlərinin Milli arxiv fondu sənədləri ilə mütəmadi komplektləşdirilməsi, qeydiyyatı və etibarlı mühafizəsi;
4.0.5. Milli arxiv fondunun informasiya bazasının zənginləşdirilməsi və onun elmi-məlumat aparatının tərkib hissəsi olan kataloq sistemini elektronlaşdırmaqla, informasiya-axtarış imkanlarının genişləndirilməsi;
4.0.6. dövlət arxivlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikası Dövlət Arxivinin filialları və rayon (şəhər) dövlət arxivləri üçün yeni arxiv binalarının tikilməsi, mövcud binaların müasir tələblərə uyğun əsaslı təmiri və yenidən qurulması;
4.0.7. arxiv işi, arxivşünaslıq və sənədşünaslıq sahələri üzrə elmi bilikləri və peşə bacarıqları olan kadrları işə cəlb etməklə dövlət arxivlərinin kadr potensialının möhkəmləndirilməsi;
4.0.8. arxiv işi sahəsində İKT-nin tətbiqi və Milli arxiv fonduna məxsus 16 mindən artıq arxiv fondunun, 700 milyondan çox kağız əsaslı arxiv sənədinin rəqəmsallaşdırılması;
4.0.9. 450 mindən artıq kino-foto-fono sənədin elektron daşıyıcılara köçürülməsi təmin edilməklə vahid elektron arxiv məlumat sisteminin yaradılması;
4.0.10. arxiv işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
5. Dövlət Proqramının maliyyə təminatı
Dövlət Proqramının maliyyə təminatını dövlət büdcəsindən ayrılan vəsait və qanuna zidd olmayan digər mənbələr təşkil edir.
6. Dövlət Proqramının həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI
Sıra
№-si
|
Tədbirin adı
|
İcraçı orqan
|
İcra müddəti
(illər üzrə)
|
1
|
2
|
3
|
4
|
6.1. Arxiv işinin idarə edilməsi və kadr hazırlığı
|
|||
6.1.1.
|
Dövlət arxiv xidməti təşkilatlarının strukturunun və şəbəkəsinin təkmilləşdirilməsinə, müasir idarəetmə prinsiplərinə uyğun yenidən qurulmasına, kadr potensialının gücləndirilməsinə dair təkliflərin hazırlanması
|
Milli Arxiv İdarəsi
|
2020
|
6.1.2.
|
Arxiv sahəsində çalışan əməkdaşlar üçün davamlı seminar və tematik təlimlərin təşkil edilməsi
|
Milli Arxiv İdarəsi
|
2020–2025
|
6.1.3.
|
Arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün təhsil və elmi müəssisələrlə (təşkilatlarla) qarşılıqlı əməkdaşlığın genişləndirilməsi
|
Milli Arxiv İdarəsi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
2020–2025
|
6.2. Milli arxiv fondu sənədlərinin İKT tətbiq etməklə mühafizəsi və istifadəsi
|
|||
6.2.1.
|
Milli arxiv fondu sənədlərinin idarə arxivlərində mühafizəsinin təşkili, daimi dövlət mühafizəsinə təhvil vermək üçün seçilən sənədlərin tərkibinin və elmi-texniki cəhətdən işlənilməsi sahəsində görülən işlərin optimallaşdırılmasına dair təkliflərin hazırlanması
|
Milli Arxiv İdarəsi
|
2020
|
6.2.2.
|
Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsi və səmərəli istifadəsi üçün arxiv işində İKT-dən istifadənin genişləndirilməsi və yeni innovativ metodların tətbiqi
|
Milli Arxiv İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
[1]
|
2020–2025
|
6.2.3.
|
Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması üçün zəruri infrastrukturun qurulması
|
Milli Arxiv İdarəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2020–2021
|
6.2.4.
|
Milli arxiv fondu sənədlərinin mühafizəsi və istifadəsi işinin səmərəliliyinin artırılması üçün sənədlərin mərhələli şəkildə və diferensial yanaşma ilə rəqəmsallaşdırılmasının təmin olunması, arxiv sənədlərinin rəqəmsallaşdırılma alqoritminin hazırlanması və tətbiqi
|
Milli Arxiv İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
|
2020–2025
|
6.2.5.
|
"Elektron hökumət”ə keçidin təmin edilməsi ilə əlaqədar dövlət informasiya ehtiyatları sistemində yaranan Milli arxiv fonduna məxsus informasiya resurslarının arxiv standartlarına uyğun təşkili və daimi dövlət mühafizəsinə qəbulunun təmin olunması
|
Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
2020–2025
|
6.2.6.
|
Arxiv işində İKT tətbiq etməklə vahid elektron arxiv məlumat sisteminin yaradılması
|
Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
2020–2025
|
6.2.7.
|
Dövlət arxiv təşkilatlarının əsas istiqamətlər üzrə fəaliyyətinin avtomatlaşdırılması:
- arxiv fondlarının elektron fond kataloqunun yaradılması;
- arxiv sənəd daşıyıcılarının mühafizəxanalarda yerləşdirilməsinə avtomatlaşdırılmış nəzarətin təşkili (elektron topoqrafik göstəricinin yaradılması);
- istifadə olunan arxiv fondu sənədlərinin elektron qeydiyyat sisteminin yaradılması;
- Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan təşkilatların elektron reyestrinin yaradılması;
- elektron arxiv məlumat bazasının və Milli arxiv fondu sənədlərinin sığorta fondunun yaradılması;
- kino-foto-fono sənədlər üzrə ixtisaslaşmışarxivlərin elmi-məlumat aparatı sisteminin (kataloqun) avtomatlaşdırılması;
- Milli arxiv fonduna məxsus nadir və xüsusi qiymətli sənədlər də daxil olmaqla, bütün növ sənədləri özündə əks etdirən Vahid elektron arxiv reyestrinin yaradılması
|
Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
2020–2025
|
6.2.8.
|
Mövcud şəbəkə, ştat və ayrılmış vəsait çərçivəsində daimi dövlət mühafizəsinə qəbul edilən elektron sənədlərin mühafizəsi, uçotu və istifadəsi məqsədilə Milli Arxiv İdarəsinin tabeliyində Elektron Sənədlər Mərkəzinin yaradılmasına dair təkliflərin hazırlanması
|
Milli Arxiv İdarəsi
|
2023
|
6.2.9.
|
Elektron arxiv məlumat bazasının formalaşdırılması və Elektron hökumət informasiya sisteminə inteqrasiyasının təmin edilməsi
|
Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
2020–2025
|
6.2.10.
|
“ASAN xidmətindeksi”nin tələblərinə uyğun olaraq, bir pəncərə sistemi üzərindən dövlət arxiv xidmətlərinin təqdim edilməsi üçün rayon (şəhər) dövlət arxivlərində müvafiq infrastrukturun qurulması
|
Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
2020–2025
|
6.3. Dövlət arxivlərinin infrastrukturu və maddi-texniki bazasının möhkəmləndirilməsi
|
|||
6.3.1.
|
Azərbaycan Respublikası Dövlət Arxivinin filialları üçün müasir tələblərə cavab verən 500 min, rayon (şəhər) dövlət arxivləri üçün 50 min saxlama vahidi tutumlu birtipli layihə üzrə yeni arxiv binalarının tikilməsi və ya mövcud arxiv binalarının əsaslı təmiri, yenidən qurulması, uyğunlaşdırılmış binalara köçürülməsi
|
Milli Arxiv İdarəsi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
2020–2025
|
6.3.2.
|
Dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində dövlət arxivlərində arxiv işinin müasir tələblərə uyğun aparılması üçün zəruri proqram təminatlarının, məlumat bazalarının və idarəetmə sistemlərinin alınması, formalaşdırılması və tətbiqi
|
Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
2020–2025
|
6.3.3.
|
Dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində dövlət arxivlərinin kağız əsaslı sənədlərinin sürətli skan və surətçıxarma aparatları, eləcə də kino-foto-fono sənədlərinin kimyəvi təmizlənməsi, yuyulması və üzünün köçürülməsi üzrə zəruri texniki vasitə və avadanlıqla təmin edilməsi
|
Milli Arxiv İdarəsi
|
2020–2025
|
6.4. Normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi
|
|||
6.4.1.
|
Arxiv işinin müasir tələblərə uyğun inkişafı və modernləşdirilməsi üçün bu sahə üzrə qüvvədə olan normativ hüquqi aktların qabaqcıl təcrübəyə, beynəlxalq normalara və prinsiplərə uyğun təkmilləşdirilməsi haqqında təkliflər hazırlanması
|
Nazirlər Kabineti
|
2020
|
6.4.2.
|
Arxiv işi sahəsində dövlət nəzarətini və məsuliyyəti gücləndirmək məqsədilə normativ hüquqi aktlarda dəyişikliklər barədə təkliflər hazırlanması
|
Nazirlər Kabineti
|
2020
|
6.4.3.
|
Ləğv olunmuş hüquqi şəxslərin arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin icbariliyinin təmin olunması üçün normativ hüquqi aktlarda dəyişikliklərə dair təkliflər hazırlanması
|
Nazirlər Kabineti
|
2020
|
6.4.4.
|
Sənədlərin idarə edilməsi sahəsində beynəlxalq normaların tələblərinə uyğun olaraq arxiv sənədlərinin rəqəmsallaşdırılması, Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi və istifadəsi qaydalarına dair təkliflər hazırlanması
|
Nazirlər Kabineti
|
2020–2021
|
6.4.5.
|
Xarici ölkələrin arxiv təşkilatları ilə, eləcə də sahə üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlarla arxiv işi sahəsində ikitərəfli əməkdaşlığın davam etdirilməsi
|
Milli Arxiv İdarəsi, Xarici İşlər Nazirliyi
|
2020–2025
|
6.4.6.
|
Xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək, surətlərinin Azərbaycan Respublikasına gətirilməsinin təmin olunması
|
Milli Arxiv İdarəsi, Xarici İşlər Nazirliyi
|
2020–2025
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
31 may 2022-ci il tarixli 3289 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 530)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
31 may 2022-ci il tarixli 3289 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 530) ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.2.2-ci və 6.2.4-cü yarımbəndlərinin “İcraçı orqan” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.