AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.03.2020
QEYDİYYAT NÖMRƏSİ
975
ADI
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08-04-2020, Nəşr Nömrəsi: 64), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2020, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 251)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.04.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202003270975
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.03.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

5. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

6. “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının işçilərinin say həddi 165 ştat vahidi, regional orqanlarının və yerli bölmələrinin işçilərinin say həddi 506 ştat vahidi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Aparatının işçilərinin say həddi 55 ştat vahidi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Aparatının işçilərinin say həddi 40 ştat vahidi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Aparatının işçilərinin say həddi 36 ştat vahidi müəyyən edilsin.

8. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 130, № 9, maddə 980; 2016, № 10, maddə 1630; 2017, № 3, maddələr 353, 355; 2018, № 4, maddə 689, № 7 (I kitab), maddə 1503, № 11, maddələr 2278, 2288; 2019, № 3, maddə 407) ləğv edilsin.

9. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

9.1. Dövlət Ekoloji Ekspertiza Agentliyinin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

9.2. strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirləri davam etdirsin;

9.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 mart 2020-ci il

№975


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 27 mart 975 nömrəli tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirliyin müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Azərbaycan və ingilis dillərində öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Nazirliyin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

 

2. Nazirliyin fəaliyyət istiqamətləri

 

2.0. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.0.2. müvafiq sahədə dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirmək;

2.0.3. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

2.0.4. müvafiq sahədə beynəlxalq əməkdaşlığı həyata keçirmək;

2.0.5. aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq sahəyə investisiyaların cəlb olunması üçün tədbirlər görmək, investisiya layihələrin hazırlanmasını, həyata keçirilməsini təmin etmək;

2.0.6. qanunla müəyyən olunmuş hallarda və qaydada müvafiq sahədə təbiətdən istifadə ilə bağlı icazələrin verilməsini təşkil etmək, lisenziya və icazələrin şərtlərinə riayət olunmasına nəzarət etmək;

2.0.7. aidiyyəti dövlət qurumları ilə birlikdə tullantısız və ya aztullantılı istehsalın inkişafının təşviqi ilə bağlı tədbirləri həyata keçirmək;

2.0.8. aidiyyəti dövlət qurumları ilə birlikdə ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.0.9. müvafiq sahədə aparılan elmi tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə əlaqələndirmək;

2.0.10. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasına nəzarət etmək və dövlət maraqlarının qorunmasını təmin etmək;

2.0.11. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

2.0.12. müvafiq sahənin inkişafını təmin etmək.

 

3. Nazirliyin əsas vəzifələri

 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahənin inkişafına dair prioritetləri müəyyən etmək, aidiyyəti dövlət qurumları ilə birlikdə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

3.0.2. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təklifləri aidiyyəti üzrə təqdim etmək;

3.0.3. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, habelə fəaliyyət istiqamətlərinin tədqiqi və təkmilləşdirilməsi üzrə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirmək və birgə zəruri tədbirlər görmək, innovativ fəaliyyəti dəstəkləmək;

3.0.4. müvafiq sahədə dövlət-özəl tərəfdaşlığını inkişaf etdirmək;

3.0.5. Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək, habelə dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə tətbiq olunan ödəniş siyasətinin formalaşmasında iştirak etmək;

3.0.6. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.7. müvafiq sahədə müəyyən edilmiş qaydada dövlətin maraqlarını təmsil etmək;

3.0.8. müvafiq sahədə müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək;

3.0.9. dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılmasını, ümumcoğrafi, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafiya-tədris vasitələrinin layihələndirilməsi, tərtibi və nəşri tədbirlərini həyata keçirmək;

3.0.10. dövlət topoqrafik xəritələrinin və planlarının hazırlanmasını, ümumdövlət, müdafiə, elmi tədqiqat xarakterli və digər məsələlərin həllini təmin edən dövlət planlarının tərtibini və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılmasını, inkişafını və işlək vəziyyətdə saxlanmasını təmin etmək;

3.0.11. dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə və elmi tədqiqat məsələlərinin həllini təmin edən dövlət topoqrafik xəritələrinin, habelə qrafikli, rəqəmli, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materiallardan istifadədə dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək;

3.0.12. vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planlarının yeniləşdirilməsinin növbəliliyini təmin etmək, miqyas sıralarını təyin etmək və geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək;

3.0.13. hazırlanmış ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrini, fəaliyyət istiqamətlərinə əsasən dəqiqliyini müəyyənləşdirməklə təsdiq etmək;

3.0.14. kartoqrafiya planlarında, xəritələrində, digər normativ texniki sənədlərdə Azərbaycan Respublikasının dövlət sərhədlərinin, ərazilərinin və obyektlərinin qanuni və düzgün çəkilişinə nəzarət etmək;

3.0.15. vahid koordinat və yüksəklik sistemində obyekt və sənaye komplekslərinin, şəhər və digər yaşayış məntəqələri ərazilərinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını, habelə ərazi vahidlərinin ərazisindən asılı olaraq sahəsi 4 kvadratkilometrə qədər olduqda - 1:5000, 4 kvadratkilometrdən 25 kvadratkilometrə qədər olduqda - 1:10000, 25 kvadratkilometrdən 100 kvadratkilometrə qədər olduqda - 1:25000, 100 kvadratkilometrdən artıq olduqda - 1:50000 miqyasda tərtib edilməsini həyata keçirmək;

3.0.16. dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanlarının yerlərinin dəyişdirilməsinə, yenidən qurulmasına və yenilərinin quraşdırılmasına (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) razılıq vermək;

3.0.17. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırmaqla, aerofotoplanaalma işlərini həyata keçirmək və digər təşkilatları müəyyən olunmuş qaydada həmin məlumatlarla təmin etmək;

3.0.18. Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işləri, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə isə delimitasiya, demarkasiya və redemarkasiya işlərini həyata keçmək;

3.0.19. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthini tədqiq etmək;

3.0.20. geodeziya və kartoqrafiya üzrə xüsusi təyinatlı cihaz və avadanlığın idxalının və ixracının qeydiyyatının aparılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətini müvafiq metodiki sənədlərlə və siyahılarla təmin etmək;

3.0.21. coğrafi obyektlərin mövcud və yeni verilən adlarını qeydiyyata almaqla onların uçotunu aparmaq, habelə Azərbaycan Respublikasının Dövlət Geodeziya və Kartoqrafiya Fondunda material və məlumatların formalaşmasına, saxlanılmasına və onlardan istifadəyə, həmçinin rəqəmli kartoqrafiya məlumatı banklarının, elektron xəritələrin, geodeziya məlumatları və coğrafi adlar üzrə kataloqların yaradılmasına nəzarət etmək;

3.0.22. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının, məlumatlarının uçotunu, habelə xüsusi təyinatlı avadanlıq və cihazların sınağını, geodeziya ölçmələrinin vahidliyini təmin etmək;

3.0.23. ölkə ərazisində quraşdırılmış fasiləsiz fəaliyyət göstərən istinad stansiya məntəqələrinin məlumatlarından dövlət əhəmiyyətli geodeziya və kartoqrafiya işlərində istifadə etmək;

3.0.24. Azərbaycan Respublikasının ərazisindəki dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində zəruri dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirmək üçün topoqrafik və tematik xəritələrin, operativ-məlumat xəritəsinin müasirliyini müntəzəm təmin etmək;

3.0.25. dövlət qeydiyyatına (patent) alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərini müvəqqəti dayandırmaq, qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırmaq;

3.0.26. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 10-cu, 13–18-ci və 20–21-ci maddələrinə əsasən, Nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumlar vasitəsilə icazələr, o cümlədən rəylər, hüquqmüəyyənedici sənədlər vermək, habelə lisenziya və icazələrin şərtlərinə əməl olunmasını yoxlamaq, icazələrin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi barədə qərar qəbul etmək;

3.0.27. dövlət ekoloji ekspertizasının təşkilinə, həyata keçirilməsinə, habelə ekoloji ekspertiza rəyinin verilməsində “Ətraf mühitin mühafizəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanunlarının, digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarəti təmin etmək;

3.0.28. ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatı vermək, attestatın qüvvədəolma müddətini dayandırmaq və ya onu ləğv etmək;

3.0.29. ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılmasını təmin etmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək, bu istiqamətdə məlumatları Nazirliyin rəsmi internet səhifəsində yerləşdirmək;

3.0.30. transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün ekspert komissiyası təşkil etmək;

3.0.31. strukturuna daxil olan qurum vasitəsilə atmosfer havasının mühafizəsi sahəsində normativlərə, qaydalara və digər tələblərə əməl olunmasına fasiləsiz nəzarət etmək;

3.0.32. atmosfer havasına atılan zərərli maddələrin hər bir stasionar mənbəyi və onların məcmusu (bütövlükdə obyekt) üçün atılmanın yol verilən həddini, habelə atmosfer havasına atılan zərərli maddələrin mənbəyi olan hüquqi və fiziki şəxslərin atılmanın yol verilən həddinə riayət etməsi mümkün olmadığı halda zərərli maddələrin müvəqqəti razılaşdırılmış atılması limitini müəyyən etmək;

3.0.33. dövlət uçotuna alınaraq normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və atmosfer havasına fiziki təsir mənbələrinin müəssisə, təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahısını müəyyən etmək, onların ekoloji təhlükəlilik dərəcəsini müəyyənləşdirmək;

3.0.34. strukturuna daxil olan qurum vasitəsilə təbiətdəki çirklənmə mənbələrinin uçotunu, təhlükə potensiallı obyektlərin qeydiyyatını aparmaq, onların ekoloji zərərlilik dərəcəsini müəyyənləşdirmək, ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərini müəyyən etmək və ona nəzarəti həyata keçirmək;

3.0.35. ətraf mühitə atılan çirkləndirici maddələrin təmizlənməsi üçün müvafiq qurğuların istismara verilməsinə, bu qurğuların vəziyyətinə, habelə çirkləndirmə mənbələrinin nəzarət cihazları ilə və tənzimləyici cihazlarla təchiz edilməsinə dair qayda və normativlərə, çirkab suların atılması qayda və şərtlərinə əməl olunmasına nəzarət etmək;

3.0.36. şəhərlərdə və Xəzər dənizinin sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etmək;

3.0.37. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aidiyyəti qurumlarla birlikdə torpaqların münbitliyinin bərpasına və artırılmasına dair kompleks tədbirlər həyata keçirmək;

3.0.38. aidiyyəti qurumlarla birlikdə dövriyyədən çıxmış torpaqların kənd, meşə, balıqçılıq (o cümlədən akvakultura) və ya digər təsərrüfatlarda istifadə üçün yararlı vəziyyətə, yaxud bu torpaqların ayrılması şərtlərinə uyğun olaraq, regionun ekoloji tarazlığını təmin edən vəziyyətə gətirilməsi şərtlərini müəyyən etmək;

3.0.39. aidiyyəti dövlət orqanı ilə birlikdə torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatların əks olunduğu xəritələri hazırlamaq, geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbiət hadisələrinin proqnozlaşdırılması məqsədilə tədbirlər görmək, bu barədə digər aidiyyəti icra hakimiyyəti orqanlarına məlumat vermək;

3.0.40. fəaliyyət istiqamətləri üzrə strukturuna daxil olan və tabeliyindəki qurum vasitəsilə yerüstü və yeraltı suların istismar ehtiyatlarını nəzərə almaqla, dövlət uçotunu, həmçinin su obyektlərinin monitorinqi əsasında aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə dövlət su kadastrını aparmaq;

3.0.41. aidiyyəti qurumlarla birlikdə su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsi, yerüstü və yeraltı suların çirklənməkdən qorunması məqsədilə fasiləsiz nəzarət tədbirlərini həyata keçirmək;

3.0.42. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə su obyektlərinin monitorinqini aparmaq, su ehtiyatlarından kompleks istifadə və onların mühafizəsi sxemlərini, su təsərrüfatı balanslarını hazırlamaq;

3.0.43. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə su mühafizə zonalarında təbii ehtiyatlardan istifadə və onların mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə nəzarət etmək;

3.0.44. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçülərini, sərhədlərini və onlardan istifadə rejimini müəyyən etmək;

3.0.45. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətini həyata keçirmək;

3.0.46. ətraf mühitə və insan sağlamlığına zərərli təsirin təhlükəlilik dərəcəsindən asılı olaraq, təhlükəli tullantıları təhlükəlilik dərəcələrinə bölmək, aidiyyəti qurumlarla birlikdə sənaye, məişət tullantılarının, başqa tullantıların atılması qaydasının, onların anbara vurulması və basdırılması həcmlərinin, normalarının və limitlərinin müəyyənləşdirilməsində, ilkin uçotunun aparılması qaydalarının hazırlamasında iştirak etmək;

3.0.47. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları toplayaraq, Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etmək, yaşıllıqların kadastrını aparmaq, yaşıllıqların müfəssəl siyahısını tərtib etmək;

3.0.48. yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla, yaşıllıqların salınması üçün faydalı bitki cinslərini və növlərini müəyyən etmək;

3.0.49. strukturuna daxil olan qurum vasitəsilə ekoloji təhlükəsizlik sahəsində dövlət nəzarətini həyata keçirmək;

3.0.50. aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyi təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat fəaliyyəti və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər görmək;

3.0.51. strukturuna daxil olan qurum vasitəsilə torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji kəşfiyyat və axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində müvafiq tədbirlər görmək;

3.0.52. tabeliyindəki qurum vasitəsilə “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində fasiləsiz geoloji tədqiqatlar aparmaq, yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat) ilə əlaqədar işləri həyata keçirmək, mineral xammal bazası haqqında informasiyanı toplamaq, sistemləşdirmək, saxlamaq, yerin dərinlik quruluşunu, seysmohidrogeodinamik şəraiti və digər təbiət hadisələrini öyrənmək;

3.0.53. yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsini, həmçinin geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsini tabeliyindəki qurum vasitəsilə “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirmək, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri barədə müvafiq işləri dövlət uçotuna və qeydiyyatına almaq, faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrını aparmaq;

3.0.54. Azərbaycan Geologiya Muzeyini zənginləşdirmək, Dövlət Geoloji İnformasiya Fondunu genişləndirmək, geoloji materialların mühafizəsini və onlardan məqsədyönlü istifadəni təmin etmək;

3.0.55. istifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatını və dövlət uçotunu tabeliyindəki qurum vasitəsilə təmin etmək, kəşf edilmiş faydalı qazıntı və proqnoz ehtiyatlarının hesabatları əsasında faydalı qazıntı ehtiyatlarının dövlət balansını və faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrını aparmaq, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil etmək, bu sahədə xidmətlər göstərmək;

3.0.56. tabeliyindəki qurum vasitəsilə xarici şirkətlər və müəssisələrlə birlikdə müvafiq qaydada ölkə ərazisində, habelə başqa dövlətlərin ərazisində geoloji kəşfiyyat işlərinin aparılması üçün tədbirlər görmək;

3.0.57. milli parkların, təbiət abidələrinin, xüsusi mühafizə olunan digər ərazilərin və təbii obyektlərin təşkili və ləğvi barədə aidiyyəti üzrə təkliflər vermək, təbiət parklarının, dövlət təbiət yasaqlıqlarının əsasnamələrini təsdiq etmək;

3.0.58. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması, müvəqqəti dayandırılması, o cümlədən maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətlərin dayandırılması, yaxud qadağan edilməsi barədə tədbirlər görmək;

3.0.59. fəaliyyət istiqamətlərinə uyğun olaraq, beynəlxalq və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparmasını həyata keçirmək;

3.0.60. xüsusi mühafizə olunan təbiət ərazilərində xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq edilən fəaliyyət zonalarını müəyyənləşdirmək, sanitariya-mühafizə zonalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat vermək və bu zonalardan istifadə qaydalarına nəzarət tədbirlərini həyata keçirmək;

3.0.61. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini dövlət qeydiyyatına almaq, onlar üçün pasport hazırlamaq;

3.0.62. yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması üçün rəy vermək, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin pasportunu qeydiyyata almaq;

3.0.63. heyvanlar aləmi haqqında qanunvericiliyə uyğun olaraq, müraciətlər əsasında heyvanlar aləmi obyektlərinin bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olması barədə şəhadətnamə vermək;

3.0.64. heyvanlar aləminin (o cümlədən balıq və digər su bioresurslarının) mühafizəsini və istifadəsini, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın aparılmasını təşkil etmək, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilməmiş, lakin nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərini xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil etmək, aidiyyəti dövlət qurumları ilə birlikdə heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini aparmaq;

3.0.65. strukturuna daxil olan qurum vasitəsilə heyvanların tələf olmasının və yaşayış mühitinin pisləşməsinin qarşısının alınması məqsədilə aidiyyəti təşkilatların elmi-praktiki dəstəyi ilə bitki mühafizəsi vasitələrinin tətbiqi məhdudlaşdırılan və ya qadağan edilən ayrı-ayrı əraziləri müəyyən etmək;

3.0.66. nadir və nəsli kəsilməkdə olan, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən və müxtəlif beynəlxalq sənədlərlə mühafizə olunan heyvan və bitki növlərinin beynəlxalq ticarətini tənzimləmək;

3.0.67. Azərbaycan Respublikasının ərazisində beynəlxalq әhәmiyyәtli su-bataqlıq yerlərində UNESCO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq әhәmiyyәtli olan sulu-bataqlıq yerlər haqqında” Konvensiyasının tələblərinin yerinə yetirilməsini təmin etmək;

3.0.68. strukturuna daxil olan qurum vasitəsilə zooloji kolleksiyalarla ticarətə, habelə zooloji kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara aparılmasına icazə vermək, onları dövlət uçotuna almaq və dövlət reyestrinə daxil edilməsi barədə onun mülkiyyətçisinə (sahibinə) şəhadətnamə vermək;

3.0.69. ov obyektinə aid edilən vəhşi heyvanların ov mövsümündə tutulması və vurulması normasını (sayını) strukturuna daxil olan qurum vasitəsilə müəyyən etmək;

3.0.70. ovçuluq təsərrüfatlarına bitişik torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonaları strukturuna daxil olan qurum vasitəsilə müəyyən etmək;

3.0.71. yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının yaradılması, respublika əhəmiyyətli ovçuluq təsərrüfatları istisna olmaqla ovçuluq təsərrüfatlarının aparılması məqsədilə ov yerlərini bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə vermək;

3.0.72. strukturuna daxil olan qurumu vasitəsilə ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzərində idarəetməni və dövlət nəzarətini həyata keçirmək, respublika, yaxud yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarını müəyyən etmək, yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının təşkili və ləğvi barədə qərar qəbul etmək, onların inkişafı və yerləşdirilməsi sxemlərini təsdiq etmək;

3.0.73. ov üçün qapalı olan yerlərdə və qadağan edilmiş müddətdə zooloji material toplamaq məqsədilə və başqa elmi məqsədlərlə ovlanması qadağan edilməyən vəhşi heyvanların yalnız müvafiq elmi təşkilatların müraciətinə əsasən ovlanmasına (tutulmasına) strukturuna daxil olan qurum vasitəsilə razılıq vermək;

3.0.74. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejimini müəyyən etmək, strukturuna daxil olan qurum vasitəsilə balıqçılıq subyektlərinin uçotunu aparmaq;

3.0.75. strukturuna daxil olan qurum vasitəsilə ölkənin daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində suyun bioloji sərvətlərinin istismarı həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək;

3.0.76. balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura (o cümlədən dəniz akvakulturası (marikultura) əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görmək;

3.0.77. ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla müəyyən etmək;

3.0.78. dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi məqsədilə akvakultura subyektləri ilə müqavilələr bağlamaq, aidiyyəti qurumlarla birgə balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi, kadastrı və meliorasiyası işlərini həyata keçirmək;

3.0.79. “Lisenziyalar və icazələr haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq, balıqovlama biletləri vermək;

3.0.80. nərə cinsli balıqların və digər qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlər görmək;

3.0.81. dövlət meşə fondu torpaqlarının sərhədlərinin pozulması hallarının qarşısını almaq məqsədilə bu torpaqlarla həmsərhəd dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı həmin torpaqların sərhəd xətlərinin dəqiqləşdirilməsində iştirak etmək, istifadəsi məhdudlaşdırılmış xüsusi mühafizə olunan meşə sahələrinin siyahısını müəyyən etmək;

3.0.82. strukturuna daxil olan qurum vasitəsilə meşə sahələrinin, qiymətli təbii landşaftların, habelə meşələrin mühafizəsi, yeni meşə sahələrinin salınması, onların suqoruyucu, sutəmizləyici, torpaqqoruyucu, rekreasiya və digər faydalı təbii xassələrinin saxlanılması, meşə ehtiyatlarından səmərəli istifadə olunması, meşələrin bərpası, təkrar istehsalı və meşə təsərrüfatının aparılması istiqamətində, habelə onların yanğınlardan, zərərvericilərdən və xəstəliklərdən qorunması məqsədilə tədbirlər həyata keçirmək;

3.0.83. meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi və meşə quruluşu işlərini strukturuna daxil olan qurum vasitəsilə aparmaq;

3.0.84. meşəsalma məqsədilə qeyri-meşə torpaqlarında meşə salmaq, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaq üçün tədbirlər görmək;

3.0.85. meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə meşə istifadəçisinə (icarəçisinə) verildikdə müqavilədə sahənin sərhədlərini meşənin xəritələrinə əsasən müəyyənləşdirməklə naturada nişanlanmasına və istifadə (icarə) müddəti dövründə sərhədlərinin qorunmasına fasiləsiz nəzarəti strukturuna daxil olan qurum vasitəsilə həyata keçirmək;

3.0.86. hidrometeorologiya, beynəlxalq aeronaviqasiya meteoroloji xidmətini, ətraf mühitin və təbii sərvətlərin dövlət monitorinqi sistemini yaratmaq, hidrometeorologiya və ətraf mühitin monitorinqi üzrə müşahidələrlə, tədqiqatlarla bağlı tədbirləri həyata keçirmək;

3.0.87. strukturuna daxil olan qurum vasitəsilə hidrometeoroloji müşahidə şəbəkəsini uçota almaq, onların köçürülməsinə, yerinin dəyişdirilməsinə, yenilərinin quraşdırılmasına, bərpa edilməsinə və fəaliyyətlərinin dayandırılmasına razılıq vermək, habelə müşahidə şəbəkələrinin ətrafında ayrılmış mühafizə zonalarının qorunmasına nəzarət etmək;

3.0.88. yerüstü suların dövlət uçotunun aparılmasını təmin etmək, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində baş verən ekoloji prosesləri kompleks şəkildə öyrənmək, regional iqlim dəyişmələrinin və digər qlobal ətraf mühit problemlərinin ölkə əhalisinə və iqtisadiyyatına təsirini araşdırmaq;

3.0.89. hidrometeorologiya fəaliyyəti sahəsində uçot və hesabat sistemlərinin hazırlanmasını və hidrometeoroloji məlumatların sertifikatlaşdırılmasını təşkil etmək, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası Dövlət Məlumatlar Fondundan istifadəyə, onun idarə olunmasına və mühafizəsinə nəzarət etmək;

3.0.90. strukturuna daxil olan qurum vasitəsilə transsərhəd və daxili səth sularının (çaylar, göllər, su anbarları, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsi) kəmiyyət və keyfiyyət məlumatlarının təhlili əsasında aidiyyəti orqanlarla (qurumlarla) birlikdə su təsərrüfatı balanslarının və su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərini tərtib etmək, eləcə də hövzə idarəetmə planlarını hazırlamaq və həyata keçirmək;

3.0.91. strukturuna daxil olan qurum vasitəsilə “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əhalini, dövlət orqanlarını, müəssisə və təşkilatları, kütləvi informasiya vasitələrini mövcud və gözlənilən meteoroloji, aqrometeoroloji və hidrometeoroloji, ətraf mühitin çirklənmə səviyyəsi, təhlükəli təbii hidrometeoroloji hadisələr barədə, habelə ölkə ərazisində fövqəladə halların meydana çıxmasına yol açan ətraf mühitin ekstremal şəkildə çirklənməsi barədə məlumatlarla və xəbərdarlıqlarla fasiləsiz təmin etmək;

3.0.92. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə texniki tələblərə, norma və qaydalara əməl edilməsinə nəzarət etmək;

3.0.93. hidrometeorologiya fəaliyyəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişli və ödənişsiz xidmət göstərilməsini strukturuna daxil olan qurum vasitəsilə təşkil etmək;

3.0.94. beynəlxalq aeronaviqasiyaya meteoroloji xidmətin göstərilməsinə nəzarət etmək;

3.0.95. təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət standartlarının hazırlanmasında iştirak etmək, təbii mühit obyektlərinin çirklənməsinə nəzarət sahəsində metodoloji rəhbərliyi həyata keçirmək;

3.0.96. Nazirliyə həvalə edilən hallarda ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması məqsədilə investisiyaların cəlb edilməsi sahəsində tədbirlər görmək və onların təyinatı üzrə istifadəsinə nəzarət etmək;

3.0.97. fəaliyyət istiqaməti üzrə tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsi vəsaitinin, xarici və beynəlxalq kredit, qrant və digər maliyyə vəsaitinin cəlb olunması üçün tədbirlər görmək, ayrılan vəsaitdən səmərəli istifadəni təmin etmək;

3.0.98. müvafiq sahədə dövlət sifarişçisi funksiyasının həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;

3.0.99. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (publik hüquqi şəxslər istisna olmaqla) vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri məqsədli büdcə vəsaitinin, digər vəsaitin xərclər smetalarını təsdiq etmək, onlardan təyinatına uyğun istifadəyə nəzarət etmək;

3.0.100. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;

3.0.101. işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmək;

3.0.102. müvafiq sahədə elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;

3.0.103. müvafiq sahə üzrə beynəlxalq və yerli səviyyədə proqramlar, layihələr, digər sənədlər hazırlamaq, aidiyyəti üzrə təqdim etmək, yaxud həyata keçirmək;

3.0.104. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.105. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.0.106. müvafiq sahədə yüksəkixtisaslı kadrlara tələbatı öyrənmək, kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.107. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.108. müvafiq sahədə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.109. ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək;

3.0.110. ov etmək üçün icazə, ovçuluq biletləri vermək, habelə ovçuluq fəaliyyəti üçün ov yerləri ayırmaq;

3.0.111. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri aşkarlandıqda isə aidiyyəti üzrə məlumat vermək;

3.0.112. fəaliyyət istiqamətləri və vəzifələri dairəsində elmi tədqiqatlar aparılmasını təşkil etmək;

3.0.113. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.114. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq;

3.0.115. Nazirlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.0.116. Nazirliyə daxil olan təklifləri ümumiləşdirmək və tədbirlər görmək;

3.0.117. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirmək.

 

4. Nazirliyin hüquqları

 

4.0. Öz vəzifələrini həyata keçirmək üçün Nazirliyin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.2. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) əldə etmək;

4.0.4. müvafiq sahə ilə bağlı rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, metodiki və analitik materiallar, tövsiyələr hazırlamaq, qarşıya çıxan problemlərin və qüsurların həlli yollarını prioritetləşdirmək;

4.0.5. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;

4.0.6. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək, həmçinin belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;

4.0.7. xarici dövlətlərin müvafiq sahədə təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq, danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq, yaxud hazırlanmasında iştirak etmək, müvafiq sahə üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin icrası məqsədilə tədbirlər görmək;

4.0.8. xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, genişləndirilməsi və müvafiq sahənin təkmilləşdirilməsi barədə təkliflər təqdim etmək;

4.0.9. ekologiyanın və təbii sərvətlərin mühafizəsi sahəsində fəaliyyət göstərən ictimai təşkilatlarla birlikdə təbiətdən və təbii sərvətlərdən səmərəli istifadə haqqında bilikləri təbliğ etmək, müvafiq sahə üzrə innovativ təşəbbüslərə dəstək vermək, müsabiqələr, sərgilər, konfranslar, digər tədbirlər keçirmək;

4.0.10. aidiyyəti dövlət qurumları ilə birgə ətraf mühitin və təbii ehtiyatların monitorinqini aparmaq, bu sahədə laborator analizləri həyata keçirmək;

4.0.11. mineral xammal ehtiyatlarından istifadəyə dair tövsiyələr hazırlamaq, geologiya elmi və təcrübəsinin ən yeni nailiyyətlərinin tətbiqi, torpaqların münbitliyinin monitorinqi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyəti sahələrində dövlət siyasəti məsələlərinin, elm və texnikanın əsas istiqamətlərinin, elmi araşdırmaların və qabaqcıl xarici ölkələrin nailiyyətlərinin ümumiləşdirilməsi, öyrənilməsi və onların tətbiqi üçün mütəxəssislər, habelə elmi-texniki cəmiyyətlərin əməkdaşlarını cəlb etməklə elmi texniki şura yaratmaq;

4.0.12. torpaq mülkiyyətçilərindən, istifadəçilərindən, icarəçilərindən torpaqların münbitliyinin bərpası və mühafizəsi barədə məlumatlar almaq, onları təhlil etmək, müvafiq təkliflərlə aidiyyəti orqanlar qarşısında vəsatət qaldırmaq;

4.0.13. müəyyən olunmuş qaydada dövri mətbu orqan təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, işçiləri dövlət mükafatlarına, fəxri adlara və digər təltiflərə təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

4.0.14. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hüquqları həyata keçirmək.

 

5. Nazirliyin fəaliyyətinin təşkili

 

5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Nazirliyin strukturunu, onun Aparatının və strukturuna daxil olan qurumların aparatının işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır.

5.4. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır. Nazir müavinləri, nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Nazir:

5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri (əsasnamələri) Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edir;

5.5.4. bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;

5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və strukturuna daxil olmayan tabeliyindəki qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

5.5.6. Apellyasiya Şurasının sədrini, habelə onun təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.7. Nazirliyin Aparatının, Nazirliyin strukturuna daxil olan regional bölmələrin işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxslər istisna olmaqla), digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.8. Nazirliyin dövlət qulluqçusu olan işçilərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı ixtisas dərəcələri verir;

5.5.9. müvafiq sahədə yüksək xidmətləri olan şəxslərə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

5.5.10. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.11. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.12. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları, idarə, müəssisə və təşkilatları, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.13. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.14. dövlət büdcəsindən ayrılan vəsaitin, həmçinin büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, səmərəli və təyinatı üzrə xərclənməsini, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.15. Nazirliyin səlahiyyətinə aid olan məsələlər ilə bağlı zəruri qanun layihələrini və digər normativ hüquqi aktları Azərbaycan Respublikasının Prezidentinə, yaxud Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

5.5.16. Azərbaycan Respublikasının bölgələrində, şəhərlərində, rayonlarında (şəhər rayonlarında) birbaşa ona tabe olan idarələrini (şöbələrini, bölmələrini və digər idarəetmə qurumlarını, regional orqanlarını) yaradır və ləğv edir;

5.5.17. səlahiyyətləri daxilində dövlət sirrinə aid olan məlumatların mühafizəsini təmin edir.

5.6. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.7. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.

5.8. Nazirlikdə nazirdən (Kollegiyanın sədrindən), nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Nazirliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.9. Nazirliyin Kollegiyasının üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.10. Nazirliyin Kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirəyə çıxarır və müvafiq qərarlar qəbul edir.

5.11. Nazirliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktlar;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.11.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

5.11.6. bu Əsasnamənin 5.11.1–5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi barədə hüquqi aktlar.

5.12. Nazirliyin Kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olduqda, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13. Nazirliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin Kollegiyasının şəxsi fikirləri (xüsusi rəyi) olan üzvləri bu barədə məlumatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.14. Nazirliyin Kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

5.15. Nazirlikdə müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura, habelə digər ictimai şuralar yaradıla bilər.

5.16. Nazirlik ətraf mühitin mühafizəsinə, o cümlədən meşə təsərrüfatı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsinə və onlardan istifadəyə, balıq ovunun tənzimlənməsinə dövlət nəzarətini həyata keçirən aidiyyəti işçilərini təsviri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xüsusi geyimlə, nəzarət-ölçü cihazları və digər xüsusi vasitələrlə, habelə qanuna uyğun olaraq xidməti silahla təmin edir.

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin və təbii ehtiyatların (yerin təki istisna olmaqla), o cümlədən ekoloji baxımdan torpağın münbitliyinin qorunması, bioloji müxtəlifliyin, flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi, atmosfer havasının çirklənməsinin qarşısının alınması və su ehtiyatlarından səmərəli istifadə, tullantıların idarə olunması sahələrində (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə həyata keçirir.

1.4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

 

2. Xidmətin fəaliyyət istiqamətləri

 

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

2.0.2. məişət və istehsalat tullantılarının, atmosfer havasına və su hövzələrinə atılan tullantıların idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi sahəsində, habelə ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsində, bütövlükdə ətraf mühitə zərərli fiziki təsir göstərən fəaliyyət sahələrində qayda və normalara əməl olunmasına fasiləsiz nəzarəti həyata keçirmək;

2.0.3. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

2.0.4. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;

2.0.5. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahələr üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək.

 

3. Xidmətin vəzifələri

 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təkliflərini Nazirliyə təqdim etmək;

3.0.2. Nazirliyin razılığı ilə müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.3. aidiyyəti qurumlarla birlikdə təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsi təhlükəsi yaradan halların və hadisələrin aşkarlanmasında, habelə proqnozlaşdırılmasında iştirak etmək;

3.0.4. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət nəzarətini həyata keçirmək;

3.0.5. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarət etmək;

3.0.6. dövlət uçotuna alınan və normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin müəssisə, təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahısının müəyyən edilməsi üçün Nazirliyə təkliflər vermək, atmosfer havasına zərərli təsirlərin dövlət uçotunun aparılmasında, onların ekoloji təhlükəlilik dərəcəsinin müəyyənləşdirilməsində iştirak etmək;

3.0.7. atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin inventarlaşdırılmasının yekun sənədinə razılıq vermək və bu işlərə metodiki rəhbərliyi həyata keçirmək;

3.0.8. su obyektlərindən səmərəli və məqsədyönlü istifadəyə, yerüstü və yeraltı suların çirklənməkdən qorunmasına fasiləsiz nəzarəti həyata keçirmək;

3.0.9. su mühafizə zonalarında təbii ehtiyatlardan istifadə və onların mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.10. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tullantılara bağlı fəaliyyətə dövlət nəzarətini həyata keçirmək;

3.0.11. tullantıların əmələ gəlməsi anından tam kənarlaşdırılmasınadək dövlət uçotunun və hesabatının aparılmasında iştirak etmək, təhlükəli tullantıların idarə olunmasına dair Nazirliyə təkliflər vermək,

3.0.12. təhlükəli tullantıların inventarlaşdırılmasına, uçotuna və pasportlaşdırılmasına nəzarətin həyata keçirilməsində iştirak etmək, təsnifat sisteminə yeni təhlükəli tullantı növlərinin daxil edilməsi barədə təklifləri Nazirliyə təqdim etmək;

3.0.13. tullantıların həcmi (kütləsi), növü və digər xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilən tullantıların yığılması (toplanması), yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqqın çirkləndiricilər tərəfindən ödənilməsini tələb etmək;

3.0.14. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aidiyyəti qurumlarla birlikdə torpaqların münbitliyinin bərpasına və artırılmasına dair kompleks tədbirlərin həyata keçirilməsində iştirak etmək, torpaqların münbitlik xassələrini səciyyələndirən göstəricilərin uçotunu, monitorinqini aparmaq və bu barədə məlumat bankı yaratmaq;

3.0.15. faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji kəşfiyyat və torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən digər işlərin dayandırılmasında iştirak etmək, qadağan edilməsi təklifi ilə bu işləri həyata keçirən və ya onların həyata keçirilməsinə razılıq verən, yaxud belə işlərə nəzarət edən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə müraciət etmək məqsədilə Nazirliyə təkliflər vermək;

3.0.16. aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyi təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər görmək;

3.0.17. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları toplamaq və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təşkil etmək, yaşıllıqların kadastrını aparmaq, yaşıllıqların müfəssəl siyahısını tərtib etmək;

3.0.18. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması və müvəqqəti dayandırılması, o cümlədən maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi ilə bağlı tədbirlər görmək;

3.0.19. təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin (kontraktların) şərtlərinə əməl edilməsini yoxlamaq, onların dayandırılması və ya ləğvi barədə qərar qəbul etmək;

3.0.20. informasiya təminatını təşkil etmək, təhlükəli və fövqəladə ekoloji vəziyyət yaranması barədə əhaliyə məlumat vermək və ekoloji təhlükəsizlik sahəsində vətəndaşların təlimatlandırılmasını təmin etmək;

3.0.21. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ekoloji təhlükəsizlik sahəsində dövlət nəzarətini həyata keçirmək;

3.0.22. ətraf mühitin, heyvanlar və bitki aləminin mühafizəsinə, bərpasına və onlardan istifadəyə dövlət nəzarətini həyata keçirmək;

3.0.23. meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına dövlət nəzarətini həyata keçirmək;

3.0.24. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;

3.0.25. balıq və digər su bioresurslarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;

3.0.26. ekoloji maarifləndirmə işini təşkil etmək;

3.0.27. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;

3.0.28. fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.29. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.30. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və açıqlanmalı informasiyanın həmin saytda davamlı yenilənməklə yerləşdirilməsini təmin etmək;

3.0.31. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Nazirliyə təkliflər vermək;

3.0.32. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;

3.0.33. fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, mühafizəsini və qeydiyyatını təmin etmək, bu məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər tədbirləri görmək; [1]

3.0.34. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

4. Xidmətin hüquqları

 

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

4.0.1. Azərbaycan Respublikasının müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

4.0.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;

4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflərini Nazirliyə təqdim etmək;

4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq, reklam-informasiya işlərini həyata keçirmək, müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankı yaratmaq;

4.0.7. vəzifələrinə uyğun olaraq normativləri və digər göstəriciləri, onların müəyyən edilməsi üsullarının beynəlxalq standartlar, elmi-texniki tərəqqi və ekoloji vəziyyətin tələbləri nəzərə alınmaqla mütəmadi olaraq təkmilləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;

4.0.8. müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair qanunla müəyyən olunan qaydada fiziki şəxslərə, habelə vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək;

4.0.9. fəaliyyət istiqamətlərindən və vəzifələrindən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri) almaq;

4.0.10. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq;

4.0.11. aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tədbirlərdə qarşılıqlı fəaliyyət göstərmək;

4.0.12. ekoloji tələblərin və ətraf mühitin keyfiyyət normativlərinin pozulması ilə həyata keçirilən ekoloji cəhətdən təhlükəli yüklərin (məmulatların), tullantıların və xammal ehtiyatlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və həmçinin onun ərazisindən tranzit yolu ilə daşınmasına dair qərarın qəbul olunmasında iştirak etmək;

4.0.13. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət funksiyalarının icrası zamanı xüsusi geyimlə təmin olunmaq, xüsusi vasitələr, xidməti silah gəzdirmək və saxlamaq;

4.0.14. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.0.15. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulduğu hallar aşkar edildikdə, müvafiq protokol tərtib etmək və bu pozuntuların aradan qaldırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulan digər tədbirlər görmək;

4.0.16. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;

4.0.17. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

4.0.18. fəaliyyəti ilə bağlı Nazirliyə hesabatlar vermək;

4.0.19. öz vəzifələrini icra edərkən digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

4.0.20. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Xidmətin fəaliyyətinin təşkili

 

5.1. Xidmətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmət rəisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.4. Xidmətin rəisi:

5.4.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. Xidmət rəisinin müavinləri arasında vəzifə bölgüsü aparır;

5.4.3. Xidmət rəisinin müavinləri, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.4.6. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.4.7. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

5.4.8. Xidmətin vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv edir;

5.4.9. Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;

5.4.10. Xidmətə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim edir;

5.4.11. Xidmətin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;

5.4.12. müvafiq sahənin inkişafına dair təklifləri, Xidmətin fəaliyyətinə dair illik hesabatları Nazirliyə təqdim edir;

5.4.13. Xidmətin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, habelə onların icrasına nəzarəti həyata keçirir.

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra – Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir.

1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

 

2. Xidmətin fəaliyyət istiqamətləri

 

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

2.0.2. meşə fondu torpaqlarından səmərəli istifadə, meşələrin cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi, habelə ölkə ərazisinin meşəlik faizinin artırılması istiqamətində fəaliyyəti həyata keçirmək;

2.0.3. meşələrdən, meşə-parklardan və meşədənkənar ərazilərdən yüksək genetik xüsusiyyətlərə malik, meşəəmələgətirici, relikt və endemik ağac və kol cinslərinin seleksiya əsasında seçilməsi, toxumların tədarükü, uçotu, analiz olunub yoxlanılması, eləcə də saxlanılması, nəqli və mübadiləsi sahələrində fəaliyyəti həyata keçirmək;

2.0.4. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək;

2.0.5. aidiyyəti elmi müəssisə və təşkilatları cəlb etməklə, müvafiq sahə üzrə elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsini təşkil etmək;

2.0.6. meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək.

 

3. Xidmətin vəzifələri

 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təklifləri Nazirliyə təqdim etmək;

3.0.2. meşələrin mühafizəsi, bərpası, meşə fondundan səmərəli və məqsədyönlü istifadənin təmin olunması, meşələrin torpaqqoruyucu, susaxlayıcı, iqlimtənzimləyici, sağlamlaşdırıcı və digər faydalı funksiyalarının artırılması istiqamətində dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.3. Nazirliyin razılığı ilə müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

3.0.4. meşə təsərrüfatı tədbirlərinin səmərəliliyinin artırılması, meşələrin mühafizəsi, suqoruyucu, mühityaradıcı, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi sahələrində elmi tədqiqatların və monitorinqlərin aparılmasını təşkil etmək;

3.0.5. meşə yanğınlarına qarşı əhali arasında maarifləndirmə işi aparılmasına, yanğına qarşı mineral zolaqların çəkilməsinə və digər mühafizə tədbirlərinin yerinə yetirilməsinə yönəldilmiş fəaliyyəti əlaqələndirmək;

3.0.6. meşələrin mühafizəsi və qorunması məqsədilə yanğınla mübarizə tədbirlərini həyata keçirmək, yüksək yanğın təhlükəsi dövründə əhalinin, nəqliyyat vasitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı meşə fondu sahələrində müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək;

3.0.7. qoruq meşələrində, milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq, fiziki şəxslərin həmin sahələrdə olmasını və meşə sərvətləri yığmasını məhdudlaşdırmaq və qadağan etmək;

3.0.8. meşə fondunun zərərvericilərdən, xəstəliklərdən mühafizəsi məqsədilə fasiləsiz monitorinqlər aparmaq, zərərverici və xəstəlik mənbələrini aşkara çıxarmaq, cari, ekspedisiya, aviavizual və digər meşəpatoloji müşahidə tədbirlərini həyata keçirmək, bu barədə perspektiv plan, yekun material, təlimat hazırlamaq;

3.0.9. meşə təsərrüfatı qurumlarının qiymətli ağac cinslərindən ibarət yüksək məhsuldarlıqlı, mühityaradıcı və qoruyucu funksiyaları olan yeni meşə sahələri salmasını təşkil etmək;

3.0.10. meşələrin dövlət uçotunu, dövlət meşə kadastrını, meşələrin monitorinqini və meşə quruluşu işlərini aparmaq;

3.0.11. meşələrin bərpası və yenidən əkilməsi (rekonstruksiyası) işlərinin elm və texnikanın, qabaqcıl təcrübənin nailiyyətlərindən istifadə etməklə təşkili sahəsində təklif və tövsiyələr hazırlamaq;

3.0.12. meşəbərpa, meşə əkini, əkin materiallarının yetişdirilməsi, onlara qulluq, təbii bərpaya kömək, az əhəmiyyətli və aşağı sıxlıqlı (doluluqlu) ağacların rekonstruksiya edilməsi tədbirlərini təşkil etmək;

3.0.13. hidromeşəmeliorativ tədbirlərin və torpaqların rekultivasiyasının, habelə çay və göllərin kənarlarının, dərə-yarğan və qumluqların, digər əlverişsiz torpaqların meşələşdirilməsi işlərinin meşə quruluşu layihələrinə və meşə əkinlərinə olan tələblərə uyğun aparılmasını təşkil etmək;

3.0.14. meşə əkinlərinin texniki qəbulu, inventarlaşdırılması, meşə ilə örtülü sahəyə keçirilməsi və sairlə bağlı sənədlərin tərtib olunması işlərini təşkil etmək;

3.0.15. qeyri-meşə torpaqlarında meşə salmaq, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaq;

3.0.16. meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin meşə təsərrüfatı qurumları tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;

3.0.17. meşə təsərrüfatı qurumları tərəfindən meşə toxumluq sahələrinin seçilməsinə, bərpa olunacaq ağac cinslərinin toxumlarının hazırlanmasına və tədarükünə, onların keyfiyyətinin, habelə toxum ehtiyat fondunun miqdarı, saxlanılması və əkin materialları yetişdirilməsi işlərinin texniki şərtlərə uyğun olmasına nəzarət etmək;

3.0.18. meşələrin məhsuldarlığının artırılması məqsədilə elmi cəhətdən əsaslandırılmış meşəqırma sistemini tətbiq etmək, meşələrin bərpasını, onların cins tərkibinin yaxşılaşdırılmasını, habelə seleksiya-genetika əsasında daimi meşə toxumçuluğu bazasının yaradılmasını təmin etmək;

3.0.19. meşə fondunun vəziyyəti üzərində fasiləsiz müşahidələr aparılmasında, zərərli orqanizmlərin mənbələrinin aşkar edilməsində və həmin yerlərdə fitosanitar tədbirlərin görülməsi, bu halların yayılmasının qarşısının alınması, onların aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

3.0.20. aidiyyəti dövlət qurumu ilə birlikdə meşə fondunda zərərvericilərin və xəstəliklərin çoxalmasının, eləcə də yayılmasının icmalına və proqnozuna dair məlumatlara əsasən meşə zərərverici həşəratlarına və xəstəliklərə qarşı profilaktik və fitosanitar tədbirlərin perspektiv planını, həmçinin meşələrin fitosanitar vəziyyəti barədə yekun materialları hazırlamaq, fitosanitar tədbirləri həyata keçirmək məqsədilə müvafiq hesabatlar tərtib etmək;

3.0.21. səpin üsulu ilə meşə əkinləri salındıqda səpin qaydasını, ilkin sıxlıq normasını və digər texnoloji tələbləri, yol verilən cərgə aralarının enini, əkin (səpin) yerlərinin arasını və meşəbitmə zonasını müəyyənləşdirmək;

3.0.22. əkin materiallarının seleksiya əsasında seçilmiş yüksək genetik xüsusiyyətli ağac və kol cinslərindən tədarük edilmiş toxumlar hesabına yetişdirilməsini, genefondun, endemik və relikt ağac və kol cinslərinin qorunub mühafizə edilməsini, onların areallarının genişləndirilməsini, meşəbərpa və meşə meliorasiya tədbirlərinin həyata keçirilməsini təşkil etmək;

3.0.23. meşə təsərrüfatının təşkili planı və texniki layihələr əsasında meşəbitmə şəraitinə uyğun müasir texnologiyalar tətbiq etməklə, meşəbərpa və meşəsalma tədbirlərinin həyata keçirilməsi üçün tədbirlər görmək;

3.0.24. ekoloji və iqtisadi cəhətdən meşə təsərrüfatında daha səmərəli hesab edilən, tezböyüyən cinslərdən ibarət plantasiyalar salınmasını təşkil etmək;

3.0.25. meşə fondu sahələrinin zibillənmə, çirklənmə, bataqlıqlaşma və su altında qalma hallarının qarşısının alınması, yararlı hala gətirilməsi (bərpa edilməsi), məhsuldarlığının artırılması, onların susaxlayıcı, mühittənzimləyici və digər faydalı funksiyalarının artırılması məqsədilə görülən tədbirlərə nəzarət etmək;

3.0.26. meşə quruluşu layihələri əsasında oduncaq və aralıq istifadə üçün meşələri qırmadan sənaye məhsulları istehsal olunması barədə Nazirliyə təkliflər vermək;

3.0.27. köküstü oduncaq buraxılışı məqsədilə meşə istifadəçilərinin hazırladıqları texnoloji xəritəyə razılıq verilməsi, habelə köküstü oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün meşəqırma bileti (qırma sahələrinin düzgün seçilməsi, ayrılması), həmçinin özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlanması, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün order vermək;

3.0.28. meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək;

3.0.29. meşə fondu sahələrindən elmi tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadəyə dair bağlanan müqavilələrin qeydiyyatını aparmaq;

3.0.30. meşə fondunda meşələri qanunsuz qırılmadan qorumaq;

3.0.31. müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək;

3.0.32. meşələrin mühafizə və bərpasının təmin edilməsi, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin meşə fondunda təbii ekoloji sistemlərə zərərli təsirinin qarşısının alınması istiqamətində problemləri, müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;

3.0.33. fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.34. müvafiq sahə ilə bağlı sərgilərin, fotostendlərin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, seminar və tədbirlərin keçirilməsini təşkil etmək;

3.0.35. fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, müvafiq internet saytının yaradılmasını, malik olduğu və açıqlanmalı informasiyanın həmin saytda davamlı yenilənməklə yerləşdirilməsini təmin etmək, habelə məlumatların aidiyyəti dövlət orqanlarının elektron informasiya sisteminə inteqrasiyası üçün tədbirlər görmək;

3.0.36. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsində iştirak etmək;

3.0.37. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.38. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Nazirliyə təkliflər vermək;

3.0.39. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;

3.0.40. fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, mühafizəsini və qeydiyyatını təmin etmək, bu məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər tədbirləri görmək; [2]

3.0.41. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

4. Xidmətin hüquqları

 

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

4.0.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;

4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflərini Nazirliyə təqdim etmək;

4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq, reklam-informasiya işlərini həyata keçirmək, müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankı yaratmaq;

4.0.7. iqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara uyğun ölkənin meşə fondu sahələrinin qoruyucu kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi barədə Nazirliyə təkliflər vermək;

4.0.8. fəaliyyət istiqamətlərindən və vəzifələrindən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri) almaq;

4.0.9. meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsinin təşkilinə dair Nazirliyə təkliflər vermək;

4.0.10. funksiyalarının icrası zamanı xüsusi geyimlə təmin olunmaq;

4.0.11. öz vəzifələrini icra edərkən digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

4.0.12. Xidmətin, habelə onun yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.0.13. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;

4.0.14. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

4.0.15. fəaliyyəti ilə bağlı Nazirliyə hesabatlar vermək;

4.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Xidmətin fəaliyyətinin təşkili

 

5.1. Xidmətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmət rəisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.4. Xidmətin rəisi:

5.4.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. Xidmət rəisinin müavinləri arasında vəzifə bölgüsü aparır;

5.4.3. Xidmət rəisinin müavinləri, yerli bölmələrin rəhbərləri və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin və tabeliyindəki qurumların əsasnamələrini və ya nizamnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.4.6. Xidmətin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, habelə onların icrasına nəzarəti həyata keçirir;

5.4.7. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.4.8. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

5.4.9. Xidmətin vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv edir;

5.4.10. Xidmətə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim edir;

5.4.11. Xidmətin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;

5.4.12. Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;

5.4.13. müvafiq sahənin inkişafına dair təklifləri, Xidmətin fəaliyyətinə dair illik hesabatları Nazirliyə təqdim edir;

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 27 mart tarixli  975 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, hidrometeorologiya, o cümlədən meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanılması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi, metrologiya və standartlaşdırma fəaliyyətinin təşkili, təbii mühitin, o cümlədən atmosfer havasının, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqi və su kadastrının aparılması sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni, Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir.

1.4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

 

2. Xidmətin fəaliyyət istiqamətləri

 

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

2.0.2. Azərbaycan Respublikasının ərazisində atmosferin yüksək təbəqələri də daxil olmaqla hidrometeoroloji hadisələrin və proseslərin öyrənilməsi, təhlil edilməsi, proqnozlaşdırılması və bu sahədə elmi araşdırmaların təşkili üzrə fəaliyyəti həyata keçirmək;

2.0.3. Azərbaycan Respublikası ərazisinin, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin hidrometeoroloji rejiminin və iqlim xüsusiyyətlərinin öyrənilməsinin, atmosfer havasının, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqinin və su kadastrının aparılmasının, habelə yerüstü suların dövlət uçotunun aparılmasını təmin etmək;

2.0.4. hidrometeoroloji (meteoroloji, hidroloji, okeanoloji, aqrometeoroloji, aktinometrik, radiometeoroloji və aeroloji) müşahidələr aparılması işlərini təşkil etmək;

2.0.5. dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət etmələri üçün tədbirlər görmək;

2.0.6. aidiyyəti elmi müəssisə və təşkilatları cəlb etməklə, müvafiq sahədə elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsini təşkil etmək.

 

3. Xidmətin vəzifələri

 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təklifləri Nazirliyə təqdim etmək;

3.0.2. Nazirliyin razılığı ilə müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.3. atmosfer havasının, torpağın və su obyektlərinin (yeraltı su obyektləri istisna olmaqla) vəziyyətinə antropogen və digər təsirləri qiymətləndirmək və bu istiqamətdə tövsiyələr hazırlamaq;

3.0.4. təbii fəlakət, texnogen qəzalar və süni təsirlər nəticəsində yaranan fövqəladə hallarda hidrometeorologiya, təbii mühitin çirklənməsi və fon vəziyyətinin monitorinqi üzrə müşahidə, eləcə də tədqiqatlar aparmaq, məlumatlar hazırlamaq və müvafiq orqanlara vermək;

3.0.5. təhlükəli hidrometeoroloji hadisələrin başlanması, güclənməsi və davamiyyəti barədə müvafiq dövlət orqanlarını, əhalini, kütləvi informasiya vasitələrini və iqtisadiyyatın ayrı-ayrı sahələrini operativ faktiki məlumatlarla, proqnozlarla, təbii mühitin yüksək çirklənmə səviyyəsi və onun təhlükəlilik dərəcəsi ilə bağlı xəbərdarlıqlarla, sifariş və ya sorğu əsasında rejim və faktiki məlumatlarla təmin etmək;

3.0.6. atmosfer proseslərinə fəal təsir işlərini və dövlət hidrometeorologiya şəbəkəsinin mühafizəsini həyata keçirmək;

3.0.7. hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində istifadə olunan ölçmə vasitələrinin yoxlanılmasını və məlumatların sertifikatlaşdırılmasını təşkil etmək;

3.0.8. Nazirliklə razılaşdırmaqla, müvafiq sahə üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının mənafeyini müdafiə etmək, hidrometeorologiya fəaliyyətinin milli və beynəlxalq hidrometeorologiya sistemləri və şəbəkəsi ilə əlaqələndirilməsini və uzlaşdırılmasını təmin etmək;

3.0.9. atmosferdə baş verən hidrometeoroloji hadisələrin, təbii, texnogen, fiziki, kimyəvi proseslərin vəziyyətinin və inkişafının müəyyənləşdirilməsi, bu proseslərin torpağa, suya, canlı orqanizmlərə və ətraf mühitə təsirinin öyrənilməsi tədbirlərini həyata keçirmək;

3.0.10. yer səthinin radiasiya balansını öyrənmək, atmosferin şəffaflıq dərəcəsini təyin etmək, aeroloji və ozonometrik ölçmələr, hidrometeoroloji şəraitin kənd təsərrüfatı bitkilərinin inkişafına təsirini müəyyən etmək üçün aktinometrik və aqrometeoroloji müşahidələr aparmaq;

3.0.11. yerüstü suların dövlət uçotunu aparmaq, atmosferdə, su obyektlərində, habelə quruda hidrometeoroloji proseslərin müşahidəsinin həyata keçirilməsi, regional iqlim dəyişmələrinin ölkə əhalisinə və iqtisadiyyatına təsirinin araşdırılması, eləcə də adaptasiya tədbirləri ilə bağlı təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;

3.0.12. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə elmi-texniki bazanın yaradılması, inkişafı, müşahidə və tədqiqatlar aparılması, məlumatların toplanılması, qeydiyyatı, təhlili, saxlanılması və istifadəsi üzrə milli hidrometeorologiya sisteminin fasiləsiz iş rejimini təmin etmək;

3.0.13. Xəzər dənizinin (gölünün), çayların, göllərin, su anbarlarının, digər su obyektlərinin rejiminin, su ehtiyatlarının vəziyyətinin öyrənilməsini, hidrometeorologiya üzrə faktiki məlumatları, proqnoz və xəbərdarlıqları, gözlənilən təbii təhlükəli hadisələr və təbii mühitin yüksək çirklənmə dərəcəsi və təhlükəsi barədə məlumatları Nazirliklə razılaşdırılmış plan-sxem üzrə dövlət idarəetmə orqanlarına və təşkilatlarına, kütləvi informasiya vasitələrinə, təsərrüfat subyektlərinə, əhaliyə çatdırmaq;

3.0.14. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ texniki tələblərə, norma və qaydalara əməl edilməsinə nəzarəti həyata keçirmək;

3.0.15. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikası Dövlət Məlumatlar Fondundan istifadəyə və onun mühafizəsinə nəzarəti həyata keçirmək;

3.0.16. Nazirliyin razılığı ilə tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçılarının, habelə digər hüquqi və fiziki şəxslərin əldə etdikləri müşahidə məlumatlarını, o cümlədən təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələrin, təbii mühitin ekstremal çirklənməsi barədə məlumatları qeydə almaq və təhlil edərək hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının Dövlət Məlumatlar Fonduna daxil etmək;

3.0.17. Nazirliyin razılığı ilə hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsində, konfranslarda, seminarlarda və beynəlxalq təşkilatların digər tədbirlərində iştirak etmək;

3.0.18. hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə fasiləsiz müşahidələrin, tədqiqatların və hidrometeoroloji hadisələrin uçotunu aparmaq;

3.0.19. Nazirliyin razılığı ilə hidrometeoroloji müşahidə şəbəkəsini uçota almaq, onların köçürülməsini, yerlərinin dəyişdirilməsini, yenilərinin quraşdırılmasını, bərpa edilməsini və fəaliyyətinin dayandırılmasını təmin etmək, habelə müşahidə şəbəkələrinin ətrafında ayrılmış mühafizə zonalarının qorunmasına nəzarəti həyata keçirmək;

3.0.20. atmosfer, su, torpaq çirklənməsinin müşahidəsi, onların vəziyyətinin kompleks qiymətləndirilməsi və proqnozu barədə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarını, müəssisələri, təşkilatları və əhalini məlumatlarla təmin etmək;

3.0.21. hidrometeorologiya fəaliyyəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişli və ödənişsiz xidmətlərin göstərilməsini təmin etmək;

3.0.22. hidrometeoroloji müşahidə məntəqələrinin işinin təşkili, müşahidə məlumatlarının operativ toplanılması, yoxlanılması, təhlil edilməsi, eləcə də hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada yerli, regional və beynəlxalq təşkilatlara yayılması üçün tədbirlər görmək;

3.0.23. yer səthində, yerüstü su obyektlərində və atmosferdə radiasiya fonu üzərində sistematik müşahidələr aparmaq;

3.0.24. təbii və antropogen təsirlər nəticəsində ozon təbəqəsində gedən dəyişikliklər, eləcə də atmosferdə ozonun ümumi miqdarı üzərində müşahidələr və tədqiqatlar aparmaq;

3.0.25. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində hidrometeoroloji və səviyyə rejimini öyrənmək məqsədilə müşahidələr təşkil etmək;

3.0.26. transsərhəd və daxili səth sularının (çaylar, göllər, su anbarları, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi) kəmiyyət və keyfiyyət məlumatlarının təhlili əsasında su təsərrüfatı balanslarının və su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərini tərtib etmək, eləcə də hövzə idarəetmə planlarını hazırlamaq və həyata keçirmək;

3.0.27. yerüstü suların dövlət uçotunu və su obyektlərinin monitorinqi əsasında aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə dövlət su kadastrını aparmaq;

3.0.28. hidrometeoroloji hadisələrin (sel, daşqın, leysan yağışları, quraqlıq, dolu, qar uçqunu, qasırğa, güclü külək və dənizdə dalğalanma, səviyyə tərəddüdü, buz örtüyü və s.) öyrənilməsini təmin etmək və onların törədə biləcəyi fəsadların qarşısının alınması üçün təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;

3.0.29. atmosferdə, yer səthində və yerüstü su obyektlərində baş verən proseslərin uçotunu aparmaq;

3.0.30. hidrometeoroloji şəraitə, iqlimə, təbii mühitə antropogen fəaliyyətin təsirini təhlil etmək və onun mənfi nəticələrinin aradan qaldırılması ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;

3.0.31. fövqəladə hadisələrə səbəb olan, yaxud ölkə əhalisi və iqtisadiyyatı üçün təhlükə törədən və dağıntılarla nəticələnən təhlükəli hidrometeoroloji hadisələrin meyarlarını yeniləməklə, dəyə biləcək ziyanın minimuma endirilməsi məqsədilə mövcud norma və metodların müntəzəm olaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

3.0.32. hidrometeorologiya sahəsində məlumatların toplanılması, saxlanılması, istifadəsi, ötürülməsi, regional və beynəlxalq səviyyədə məlumatların mübadiləsi üçün Ümumdünya Meteorologiya Təşkilatının təlimatlarına uyğun olaraq informasiya və telekommunikasiya sisteminin inkişaf etdirilməsi barədə təklifləri Nazirliyə təqdim etmək;

3.0.33. hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində mütərəqqi üsulların tətbiqi məqsədilə beynəlxalq standartlara uyğun olaraq metodika və təlimatların hazırlanması barədə təklifləri Nazirliyə təqdim etmək;

3.0.34. Nazirliyin müvafiq qurumlarında istifadə olunan ölçmə vasitələrinin metroloji təminatı üçün tədbirlər görmək;

3.0.35. qlobal və regional iqlim şəbəkəsinə daxil olan məntəqələrdə və digər məntəqələrdə müşahidələr, iqlim dəyişmələri ilə bağlı tədqiqatlar aparmaq və milli hesabatlar hazırlayaraq Nazirliyə təqdim etmək;

3.0.36. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müsabiqələr, seminarlar, treninqlər, sərgilər təşkil etmək;

3.0.37. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə norma və standartların müəyyənləşdirilməsində iştirak etmək;

3.0.38. Nazirliyin razılığı ilə beynəlxalq aeronaviqasiya meteoroloji xidməti göstərmək;

3.0.39. hüquqi və fiziki şəxslərin sifarişi ilə hidrometeorologiya və təbii mühitin çirklənməsi ilə bağlı müşahidələr, tədqiqatlar aparmaq və məlumatlar hazırlamaq;

3.0.40. hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidə nəticələrinin təhlilinin və araşdırılmasının həyata keçirilməsində iştirak etmək, hesabatlar hazırlamaq və arxivləşdirmək;

3.0.41. fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.42. fəaliyyət istiqamətləri üzrə beynəlxalq, məhəlli, milli və yerli səviyyədə proqram və layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.43. dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.44. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və açıqlanmalı informasiyanın həmin saytda davamlı yenilənməklə yerləşdirilməsini təmin etmək;

3.0.45. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Nazirliyə təkliflər vermək;

3.0.46. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;

3.0.47. fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, mühafizəsini və qeydiyyatını təmin etmək, bu məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər tədbirlər görmək; [3]

3.0.48. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

4. Xidmətin hüquqları

 

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

4.0.2. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;

4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflərini Nazirliyə təqdim etmək;

4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq, reklam-informasiya işlərini həyata keçirmək, müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə cəlb etmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankını yaratmaq;

4.0.7. fəaliyyət istiqamətlərindən və vəzifələrindən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri) almaq;

4.0.8. hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə bağlanılan müqavilələr əsasında təbii mühitin fon vəziyyətinin monitorinqi və bu sahədə laborator analizləri, habelə hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların verilməsini həyata keçirmək;

4.0.9. müşahidə şəbəkəsini beynəlxalq tələblərə cavab verən cihaz və avadanlıqla təmin etmək məqsədilə Nazirliyə təkliflər vermək;

4.0.10. mürəkkəb fiziki-coğrafi və zərərli şəraitdə (yüksək dağlıq zonada, adada, açıq dənizdə, laboratoriyalarda) təbii mühitin monitorinqi və hidrometeoroloji rejim üzrə müşahidələr və işlər, kimyəvi analizlər aparan işçilərini ərzaq, xüsusi geyim və digər fərdi mühafizə vasitələri ilə təmin etmək;

4.0.11. müşahidə şəbəkəsinin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə hidrometeoroloji təlimatlara uyğun olaraq stansiya və məntəqələr üçün ayrılmış ərazilərdə yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına dair tədbirlər görmək;

4.0.12. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərdən hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində işlərin görülməsinə, həmçinin məlumatların qeydiyyatına, hazırlanmasına, istifadəsinə, saxlanılmasına aid sənədləri, habelə cihaz və avadanlığın meteoroloji təminatı barədə arayış və onların sertifikatlarını tələb etmək;

4.0.13. tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçılarından, habelə digər hüquqi və fiziki şəxslərdən müşahidə məlumatlarını, o cümlədən təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələr, təbii mühitin ekstremal çirklənməsi barədə əldə etdikləri məlumatları tələb etmək;

4.0.14. Nazirliyin müvafiq qurumlarının ölçmə vasitələrinə beynəlxalq standartlar və yeni texnologiyalar səviyyəsində texniki təminatın həyata keçirilməsi məqsədilə Nazirliyə təkliflər təqdim etmək;

4.0.15. hidrometeorologiya haqqında qanunvericiliyin pozulduğu hallar aşkar olunduqda, müvafiq protokol tərtib etmək və bu pozuntuların aradan qaldırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulan digər tədbirlər görmək;

4.0.16. hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün köməkçi vasitə kimi şəkilçəkmə, səsyazma və videoçəkiliş aparmaq;

4.0.17. funksiyalarının icrası zamanı xüsusi geyimlə təmin olunmaq;

4.0.18. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;

4.0.19. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

4.0.20. fəaliyyəti ilə bağlı Nazirliyə hesabatlar vermək;

4.0.21. öz vəzifələrini icra edərkən digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

4.0.22. Xidmətin, habelə yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək;

4.0.23. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Xidmətin fəaliyyətinin təşkili

 

5.1. Xidmətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

5.2. Xidmətin rəisi bu Əsasnamə ilə Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmət rəisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.4. Xidmətin rəisi:

5.4.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. Xidmət rəisinin müavinləri arasında vəzifə bölgüsü aparır;

5.4.3. Xidmət rəisinin müavinləri, yerli bölmələrin rəhbərləri və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür,

5.4.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin və tabeliyindəki qurumların əsasnamələrini və ya nizamnamələrini təsdiq edilməsi üçün Nazirliyə təqdim edir;

5.4.6. Xidmətə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim edir;

5.4.7. Xidmətin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, habelə onların icrasına nəzarəti həyata keçirir;

5.4.8. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.4.9. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

5.4.10. Xidmətin vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv edir;

5.4.11. Xidmətin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;

5.4.12. Nazirlik tərəfindən verilən səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;

5.4.13. müvafiq sahənin inkişafına dair təklifləri, Xidmətin fəaliyyətinə dair illik hesabatı Nazirliyə təqdim edir.

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, maarifləndirmə, ekoturizmin və rekreasiyanın təşkili və inkişafı sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir.

1.4. Xidmət vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

 

2. Xidmətin fəaliyyət istiqamətləri

 

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

2.0.2. bioloji müxtəlifliyin və təbii ekosistemlərin mühafizəsi və səmərəli istifadəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, genişləndirilməsi və idarə edilməsi fəaliyyəti həyata keçirmək;

2.0.3. heyvanlar aləmi obyektlərinin mühafizəsi və səmərəli istifadəsi fəaliyyətini həyata keçirmək;

2.0.4. bioloji müxtəlifliyin və genetik fondun qorunub saxlanması, o cümlədən balıq və digər su bioresurslarının bərpası, artırılması (o cümlədən süni yolla), davamlı inkişafı üçün zəruri tədbirlər görmək;

2.0.5. xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, ekoturizmin və rekreasiyanın təşkili, eləcə də inkişafı sahəsində fəaliyyəti təmin etmək;

2.0.6. dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə riayət olunmasını təşkil edir;

2.0.7. aidiyyəti elmi müəssisə və təşkilatları cəlb etməklə, müvafiq sahə üzrə elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsini təşkil etmək.

 

3. Xidmətin vəzifələri

 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təkliflərini Nazirliyə təqdim etmək;

3.0.2. Nazirliyin razılığı ilə müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.3. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin fasiləsiz olaraq mühafizə rejiminin pozulmasının qarşısını almaq;

3.0.4. bioloji müxtəlifliyin qorunub saxlanılması, artırılması (o cümlədən süni yolla), davamlı inkişafı, flora və faunanın (o cümlədən balıq və digər su bioresurslarının) bərpası və bioloji sərvətlərdən səmərəli istifadə istiqamətində dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.5. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün pasport hazırlamaq və onları dövlət qeydiyyatına almaq;

3.0.6. respublika və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və ləğvi, beynəlxalq əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin müəyyən edilməsi, digər xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması barədə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkliflər hazırlayıb Nazirliyə təqdim etmək;

3.0.7. milli parkların ərazilərində xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonalarının müəyyənləşdirilməsinə, ekoturizmin inkişaf etdirilməsinə dair Nazirliyə təkliflər vermək və bu sahədə fəaliyyətin tənzimlənməsini təmin etmək;

3.0.8. beynəlxalq və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrını və monitorinqini aparmaq;

3.0.9. milli parklarda və dövlət təbiət qoruqlarında həyata keçirilən işlərə dair hesabatları tələb etmək;

3.0.10. xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərdə nəzərdə tutulan fəaliyyət həyata keçirildikdə, həmin fəaliyyətə dair ətraf mühitə təsirin qiymətləndirilməsində nümayəndə qismində iştirak etmək;

3.0.11. xüsusi mühafizə olunan təbiət ərazilərində təbii sərbəstlik şəraitində olan heyvanlar aləmi obyektlərindən, onları təbii mühitdən ayırmamaqla, elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsinə (müşahidə, nişanlama, şəkilçəkmə və s.) razılıq vermək;

3.0.12. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətini, faunanın, o cümlədən suyun bioloji sərvətlərinin həyat fəaliyyəti məhsullarının əldə edilməsini və davamlı olaraq bioloji müxtəliflik sahəsində elmi tədqiqatlar və monitorinqlər aparılmasını tənzimləmək;

3.0.13. heyvanlar aləmi obyektlərinin dövlət uçotu, dövlət kadastrı və dövlət monitorinqini həyata keçirmək;

3.0.14. bitki və heyvanlar aləminin (o cümlədən balıq və digər su bioresurslarının) mühafizəsini və istifadəsini, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın aparılmasını təşkil etmək, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilməmiş, lakin nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərini xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil etmək, aidiyyəti dövlət qurumları ilə birlikdə heyvanlar aləminin dövlət uçotu, kadastrı və monitorinqini həyata keçirmək;

3.0.15. qiymətli, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi mühafizə rejimini müəyyən etməklə, onların qeyri-sərbəst şəraitdə artırılması tədbirlərini görmək;

3.0.16. təbii fəlakət, antropogen təsir və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş heyvanlar aləmi obyektlərinin bərpası tədbirlərini həyata keçirmək;

3.0.17. vəhşi heyvanlar xəstəliyə yoluxduqda, yaşayış mühiti pisləşdikdə və məhv olmaq təhlükəsi yarandıqda, onların tələf olması hallarının aradan qaldırılması istiqamətində tədbirlər görmək;

3.0.18. qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə yetişdirilməsinə icazə verilən vəhşi heyvanların fiziki və hüquqi şəxslər tərəfindən saxlanılmasına (o cümlədən saxlama şəraitinə), istifadəsinə, artırılmasına nəzarət etmək;

3.1.19. şəhərlərdə və Xəzər dənizinin sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu 20 – 50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıqla bağlı Nazirliyə təkliflər vermək;

3.0.20. heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı, zərərverici vəhşi heyvan növlərinin sayının tənzimlənməsinə yönəldilmiş mütəmadi tədbirlər görmək;

3.0.21. heyvanlar aləmi obyektlərinin istifadəçilərindən vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotu, onların vəziyyəti, yaşayış yerlərinin xarakteri barədə məlumatlar tələb etmək;

3.0.22. heyvanların tələf olmasının və yaşayış mühitinin pisləşməsinin qarşısının alınması məqsədilə aidiyyəti təşkilatların elmi-praktiki dəstəyi ilə bitki mühafizəsi vasitələrinin tətbiqi məhdudlaşdırılan və ya qadağan edilən ayrı-ayrı əraziləri aidiyyəti dövlət orqanı (qurumu) ilə birgə müəyyən etmək;

3.0.23. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna xitam verilməsi ilə əlaqədar iddia qaldırılmaq;

3.0.24. nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin təbii şəraitdə qorunub saxlanılması və törəyib artması mümkün olmadıqda, elmi tədqiqat məqsədilə onların qeyri-sərbəst şəraitdə süni çoxaldılması istiqamətində tədbirlər görmək;

3.0.25. vəhşi heyvan növünün sayının azalması təhlükəsi mövcud olduqda, təbii şəraitdə bərpasına təhlükə yarandıqda, xəstəliklərə məruz qaldıqda, epizootik xəstəliklərin baş verməsi təhlükəsi yarandıqda, təbii fəlakət zamanı və heyvanların yaşayış mühitinə mənfi təsir göstərən digər hallarda heyvanlar aləmi obyektlərindən müvəqqəti və ya daimi istifadəni məhdudlaşdırmaq;

3.0.26. heyvanlar aləmi obyektlərinin istifadəçilərini vəhşi heyvanların təbii və süni yolla artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına, mühafizə məsələlərinə dair ekoloji proqramların həyata keçirilməsinə cəlb etmək;

3.0.27. heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyalarının (zooparkların, zoobağların, okeanariumların və digər canlı kolleksiyaları, habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları şəklində kolleksiyaların) yaradılmasına və zənginləşdirilməsinə razılıq vermək, zooloji, mineraloji və bitki kolleksiyalarının yaradılmasına, saxlanılmasına və zənginləşdirilməsinə razılıq vermək, onları dövlət uçotuna almaq, eləcə də dövlət reyestrinə daxil edilməsi barədə onun mülkiyyətçisinə (sahibinə) şəhadətnamə vermək;

3.0.28. zooloji kolleksiyalarla ticarətə, habelə zooloji kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara aparılmasına icazə vermək;

3.0.29. Azərbaycan Respublikasının ərazisində beynəlxalq әhәmiyyәtli su-bataqlıq yerlərində UNESCO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq әhәmiyyәtli olan sulu-bataqlıq yerlər haqqında” Konvensiyasının tələblərinin yerinə yetirilməsini təmin etmək;

3.0.30. ovçuluq fəaliyyətinin “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənməsində və bu məqsədlə həmin Qanunda nəzərdə tutulmuş hallarda ovçuluq biletləri və ov üçün icazə vermək;

3.0.31. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət və vəhşi heyvanlar arasında epidemiya hadisələri baş verdikdə, ov yerlərində ovun məhdudlaşdırılmasına və ya dayandırılmasına dair Nazirliyə təkliflər vermək;

3.0.32. respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının müəyyən edilməsi, yaradılması, yenidən təşkili, ləğvi, habelə inkişafı və yerləşdirilməsi sxemlərinin təsdiq edilməsi barədə Nazirliyə təkliflər vermək;

3.0.33. Azərbaycan Respublikasının ərazisində ovçuluğu təşkil etmək, ov mövsümünün başlanmasını və müddətini, habelə ovçuluq yerlərini müəyyən etmək, bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat vermək;

3.0.34. ov obyektinə aid edilmiş vəhşi heyvanların dövlət uçotunun aparılması, onların ayrı-ayrı növlərinin siyahısını, ov mövsümündə tutulması və vurulması normasını (sayını) müəyyən etmək;

3.0.35. dövlət ovçuluq kadastrını, onların dövlət qeydiyyatını, ov obyektlərinin monitorinqini aparmaq;

3.0.36. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazə vermək;

3.0.37. ov mövsümündə həvəskar və idman ovunun həyata keçirilməsi, ovçuluq təsərrüfatlarında turizm və rekreasiya üçün şərait yaradılması istiqamətində tədbirlər görmək;

3.0.38. təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının, eləcə də ov yerlərinin bərpası işlərini Nazirliyin razılığı ilə təşkil etmək;

3.0.39. ovçuluq təsərrüfatlarına bitişik torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonaları müəyyən etmək;

3.0.40. yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının yaradılması, respublika əhəmiyyətli ovçuluq təsərrüfatları istisna olmaqla, ovçuluq təsərrüfatlarının aparılması məqsədilə ov yerlərinin bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə (və ya icarəsinə) verilməsi barədə Nazirliyə təklif vermək;

3.0.41. ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzərində idarəetməni və dövlət nəzarətini həyata keçirmək, respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının ərazilərini müəyyən etmək, yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının təşkil və ləğv edilməsi barədə qərar qəbul etmək, onların inkişafı və yerləşdirilməsi sxemlərini təsdiq etmək;

3.0.42. ov üçün qapalı olan yerlərdə və qadağan edilmiş müddətdə zooloji material toplamaq məqsədilə və başqa elmi məqsədlərlə ovlanması qadağan edilməyən vəhşi heyvanların yalnız müvafiq elmi təşkilatların müraciətlərinə əsasən ovlanmasına (tutulmasına) razılıq vermək;

3.0.43. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejiminin müəyyənləşdirilməsi, onların ovunun məhdudlaşdırılması və ya qadağan edilməsi barədə Nazirliyə təkliflər vermək;

3.0.44. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq balıqovlama bileti vermək;

3.0.45. Azərbaycan Respublikasında nərə cinsli balıq ehtiyatlarının qorunub saxlanılması, istifadəsi, dövriyyəsinin tənzimlənməsi və bu sahədə elmi tədqiqat işlərinin aparılması istiqamətində tədbirlər görmək;

3.0.46. xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə Azərbaycan Respublikasının su obyektlərində balıqçılığa aid qanunvericiliyə uyğun olaraq, Xəzəryanı dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələr və digər beynəlxalq hüquq normaları əsasında, balıq və digər su bioresurslarından istifadə hüququnun verilməsinə dair Nazirliyə təkliflər vermək;

3.0.47. balıqçılıq subyektlərinin uçotunu aparmaq;

3.0.48. balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin monitorinqi, kadastrı və meliorasiyası işlərini aidiyyəti qurumlarla birgə təmin etmək;

3.0.49. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejim və xüsusi mühafizə olunan su sahələri (akvatoriyalar) müəyyən etmək;

3.0.50. Nazirliyin aidiyyəti qurumu ilə balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə vətəgə sahələrinin, idman və həvəskar ov üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılmasına dair tədbirlər görmək;

3.0.51. İxtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxeminin müəyyənləşdirilməsində iştirak etmək;

3.0.52. törədici balıqların və onların sürülərinin uçotunu aparmaq;

3.0.53. ölkənin daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində suyun bioloji sərvətlərinin istismarının həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək;

3.0.54. dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi məqsədilə akvakultura subyektləri ilə müqavilələrin bağlanılmasına dair Nazirliyə təkliflər vermək;

3.0.55. akvakultura təsərrüfatı subyektləri üçün bioloji-texnoloji əsaslandırmanı qeydiyyata almaq və şəhadətnamə vermək;

3.0.56. ölkənin daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində bioloji sərvətlərin ovu və artırılması üzrə işləri tənzimləməklə, onların süni yolla çoxaldılmasını həyata keçirmək;

3.0.57. hər il növbəti təqvim ili üçün balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotasının), balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünün müəyyənləşdirilməsi barədə təklifləri Nazirliyə təqdim etmək;

3.0.58. balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə və iqlimləşdirilmə obyektlərinin daşınmasına nəzarət etmək;

3.0.59. təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılmasına nəzarət etmək;

3.0.60. balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan nərə cinsli, keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamaq;

3.0.61. daxili su obyektlərindən (o cümlədən xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşən) səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamaq;

3.0.62. balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura (o cümlədən dəniz akvakulturası (marikultura) əmtəə balıqçılığının yaradılmasında iştirak etmək;

3.0.63. Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının iqlimləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin nəzərə alınmasına, Xəzər dənizinə (gölünə) iqlimləşdirilmə məqsədilə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılmasına nəzarət etmək;

3.0.64. balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ hüquqi aktlara uyğun törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparmaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktını tərtib etmək;

3.0.65. müvafiq sahə ilə bağlı sərgilər, fotostendlər, ekskursiyalar, sənədli və qısametrajlı filmlər hazırlanmasını, seminar və tədbirlər keçirilməsini təşkil etmək;

3.0.66. kökünün kəsilmə təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin, habelə heyvanlar aləmi obyektlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) vermək;

3.0.67. bioloji müxtəlifliyin və təbii ekosistemlərin mühafizəsi və səmərəli istifadəsi istiqamətində problemlərin həllinə yardım göstərmək, müvafiq sahə ilə bağlı innovativ layihələrin (o cümlədən startapların) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;

3.0.68. fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.69. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.70. fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, müvafiq internet saytının yaradılmasını, malik olduğu və açıqlanmalı informasiyanın həmin saytda davamlı yenilənməklə yerləşdirilməsini təmin etmək;

3.0.71. müvafiq sahədə dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

3.0.72. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Nazirliyə təkliflər vermək;

3.0.73. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;

3.0.74. fəaliyyəti ilə bağlı yaranan arxiv sənədlərinin komplektləşdirilməsini, mühafizəsini və qeydiyyatını təmin etmək, bu məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun digər tədbirlər görmək; [4]

3.0.75. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

4. Xidmətin hüquqları

 

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

4.0.2. müvafiq sahədə normativ hüquqi aktların qəbul edilməsi, dəyişiklik edilməsi, aktların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə Nazirliyə təkliflər vermək;

4.0.3. müvafiq sahədə beynəlxalq təcrübəni öyrənmək, fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflərini Nazirliyə təqdim etmək;

4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, onların müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq xüsusi bülletenlər, nəşrlər buraxmaq, reklam-informasiya işləri həyata keçirmək, müstəqil ekspert və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə aparılan yoxlamalara (araşdırmalara, monitorinqlərə) və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və informasiya bankı yaratmaq;

4.0.7. fəaliyyət istiqamətlərindən və vəzifələrindən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri) almaq;

4.0.8. funksiyalarının icrası zamanı xüsusi geyimlə təmin olunmaq;

4.0.9. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;

4.0.10. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

4.0.11. öz vəzifələrini icra edərkən digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

4.0.12. Xidmətin, habelə yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.0.13. öz tabeliyində idarə və təşkilatların yaradılması, ləğvi və yenidən təşkili barədə Nazirliyə təkliflər vermək;

4.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Xidmətin fəaliyyətinin təşkili

 

5.1. Xidmətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmət rəisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Xidmət rəisinin müavinləri Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.4. Xidmətin rəisi:

5.4.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. Xidmət rəisinin müavinləri arasında vəzifə bölgüsü aparır;

5.4.3. Xidmət rəisinin müavinləri, yerli bölmələrin rəhbərləri və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.4.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin və tabeliyindəki qurumların əsasnamələrini və ya nizamnamələrini təsdiq edilməsi üçün Nazirliyə təqdim edir;

5.4.6. Xidmətə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim edir;

5.4.7. Xidmətin fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, habelə onların icrasına nəzarəti həyata keçirir;

5.4.8. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.4.9. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

5.4.10. Xidmətin vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv edir;

5.4.11. Xidmətin illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir;

5.4.12. Nazirlik tərəfindən verilən səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir;

5.4.13. müvafiq sahənin inkişafına dair təklifləri, Xidmətin fəaliyyətinə dair illik hesabatı Nazirliyə təqdim edir;

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Dövlət Ekoloji Ekspertiza Agentliyinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə (bundan sonra – müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir.

1.2. Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni, Nazirliyin normativ hüquqi aktlarını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları və digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

 

2. Agentliyin fəaliyyətinin istiqamətləri [5]

 

2.1. Agentliyin fəaliyyətinin məqsədi dövlət ekoloji ekspertizasını həyata keçirmək, bu istiqamətdə tənzimləmə sistemini təkmilləşdirmək, institusional mexanizmləri formalaşdırmaq, müvafiq sahədə səmərəliliyi artırmaq və fəaliyyət göstərməkdir. [6]

2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. müvafiq sahənin inkişafını təmin etmək;

2.2.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.2.3. müvafiq sahədə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək, təkliflərin işlənilib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.4. ekoloji tarazlığının qorunması və təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyətlərin zərərli təsirinin qarşısının alınması istiqamətində problemlərin həllinə yardım göstərmək, müvafiq sahədə innovativ ideya və layihələri dəstəkləmək.

 

3. Agentliyin vəzifələri və hüquqları

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təkliflərini Nazirliyə təqdim etmək; [7]

3.1.2. müvafiq sahədə proqnozlar hazırlamaq və prioritetlər üzrə təkliflər vermək;

3.1.3. qanunla müəyyən olunan hallarda dövlət ekoloji ekspertizasının obyektləri üzrə dövlət ekoloji ekspertizasını aparmaq;

3.1.4. şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması sənədlərinə rəy vermək;

3.1.5. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzərdə tutulan fəaliyyətlə məşğul olan müəssisələr üzrə onların ətraf mühitə təsir göstəricilərinə dair ekoloji sənədlər (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), habelə ekoloji pasport) vermək;

3.1.6. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə vermək;

3.1.7. su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə vermək;

3.1.8. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə vermək;

3.1.9. yaşıllığın götürülməsinə dair rəy vermək;

3.1.10. istehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükünə lisenziya verilməsinə dair rəy vermək;

3.1.11. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılması, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsi və başqa biotexnoloji məhsulların istehsalına dair rəy vermək;

3.1.12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş qaydada torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair sənədlərə rəy vermək;

3.1.13. ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və təşkilatların reyestrinin aparılmasını və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsi üçün Nazirliyə təkilflər vermək;

3.1.14. dövlət ekoloji ekspertizası fəaliyyətini təşkil etmək və inkişaf etdirmək məqsədilə bu istiqamətdə mərkəzlərin və digər təsisatların (infrastrukturun) yaradılması ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.15. müvafiq sahə ilə bağlı innovativ layihələrin (o cümlədən startapların) istifadə imkanını araşdırmaq və təkliflər vermək;

3.1.16. beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin fəaliyyət istiqamətlərinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.17. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılmasına aidiyyəti üzrə razılıq vermək;

3.1.18. irihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün Ekspert Komissiyası yaratmaq;

3.1.19. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.20. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, digər hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.21. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.22. Azərbaycan Respublikasının ərazisində müvafiq sahənin inkişafı üçün yerli və xarici müəssisələr, dövlət, qeyri-hökumət təşkilatları və özəl təşkilatlar ilə əməkdaşlıq etmək;

3.1.23. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək; [8]

3.1.24. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.25. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.26. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;

3.1.27. Agentliyə ayrılan kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.28. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.29. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.30. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.31. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahə üzrə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. müvafiq sahə üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. təbii ehtiyatlardan (faydalı qazıntılar istisna olmaqla) istifadə və onların mühafizəsi qaydalarının, habelə siyahılarının müəyyənləşdirilməsinə dair təkliflər vermək;

3.2.4. ətraf mühitin mühafizəsi üzrə texnologiyaların təkmilləşdirilməsinə və tətbiqinə dair təkliflər hazırlamaq;

3.2.5. qabaqcıl beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, onların müvafiq təcrübəsini öyrənmək;

3.2.6. Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.8. Agentliyin məqsədlərinə uyğun olan layihələrin maliyyələşdirilməsi məsələsini həll etmək;

3.2.9. vəzifələrinin icrası ilə bağlı əqdlər bağlamaq və bu cür əqdlərin icrasını təmin etmək;

3.2.10. Agentliyin vəsaiti hesabına maliyyələşdirilən layihələrdə vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlər aparmaq;

3.2.11. Agentliyin fəaliyyətini təbliğ etmək;

3.2.12. fəaliyyət istiqamətlərinə uyğun ödənişli xidmətlər göstərmək;

3.2.13. icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn tədbirlər görmək;

3.2.14. daxili və xarici investisiyaların müvafiq sahəyə cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək;

3.2.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.16. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, digər hüquqi və fiziki şəxslərə səlahiyyətlərinə aid zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.17. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.18. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, seminarlar, müşavirələr keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.19. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.20. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.21. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. Agentliyin idarə olunması

 

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.

4.3. İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun müavini daxil olmaqla 3 (üç) üzvdən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavini icra edir. [9]

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. Agentliyin fəaliyyətinə nəzarət etmək;

4.5.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.3. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.5.4. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.5. Agentliyin fəaliyyətinə nəzarət etmək; [10]

4.5.6. Agentliyin fəaliyyətini təşkil etmək;

4.5.7. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək; [11]

4.5.8. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirakı, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.9. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.5.10. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.11. bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrası üzrə görülmüş işlərə dair Nazirliyin müəyyən etdiyi müddətlərdə və qaydada Nazirliyə hesabatlar təqdim etmək;

4.5.12. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.13. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.14. təbiətdən istifadəyə görə ödəmə sisteminə dair Nazirliyə təkliflər vermək;

4.5.15. Agentlikdə daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.16. Nazirliyin təyin etdiyi kənar auditorun audit hesabatını qəbul etmək;

4.5.17. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.18. bu Nizamnamənin 3.1.27-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.19. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və müvafiq qərar qəbul etmək;

4.5.20. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.21. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək;

4.5.22. Agentliyin Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4.6. İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. [12]

4.6-1. İdarə Heyətinin üzvlərinə və İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.6-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ daxil edilərsə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.6-3. İclasın gündəliyinə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz. [13]

4.7. İdarə Heyətinin sədri:

4.7.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.7.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan sərəncam və əmrlər verir;

4.7.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.7. Özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir; [14]

4.7.8. Nazirliyin müəyyən etdiyi struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir; [15]

4.7.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir; [16]

4.7.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;

4.7.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.7.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.7.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.7.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.8.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

5.1. Agentliyin ilkin nizamnamə fondu 2 000000 (iki milyon) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, dövlət ekoloji ekspertizasına görə ödənilən haqdan, Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaitindən, Agentliyin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində Agentliyin müstəqil sərəncam vermək hüququ vardır.

5.4-1. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür. [17]

5.5. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

 

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

 

7. Agentlikdə uçot və hesabat

 

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması məqsədilə kənar auditor cəlb edir.

 

8. Agentliyin ləğvi və yenidən təşkili

 

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 18 avqust 2022-ci il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 874)

2. 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885)

 

FƏRMAN EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 18 avqust 2022-ci il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 874) ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin 3.0.33-cü yarımbəndində “saxlanılmasını və uçotunu” sözləri “mühafizəsini və qeydiyyatını” sözləri ilə əvəz edilmişdir.

 

[2] 18 avqust 2022-ci il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 874) ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamə”nin 3.0.40-cı yarımbəndində “saxlanılmasını və uçotunu” sözləri “mühafizəsini və qeydiyyatını” sözləri ilə əvəz edilmişdir.

 

[3] 18 avqust 2022-ci il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 874) ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə”nin 3.0.47-ci yarımbəndində “saxlanılmasını və uçotunu” sözləri “mühafizəsini və qeydiyyatını” sözləri ilə əvəz edilmişdir.

 

[4] 18 avqust 2022-ci il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Xalq” qəzeti, 19 avqust 2022-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 874) ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında Əsasnamə”nin 3.0.74-cü yarımbəndində “saxlanılmasını və uçotunu” sözləri “mühafizəsini və qeydiyyatını” sözləri ilə əvəz edilmişdir.

 

[5] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 2-ci hissənin adında “fəaliyyət” sözü “fəaliyyətinin” sözü ilə əvəz edilmişdir.

 

[6] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 2.1-ci bənd ləğv edilmişdir.

 

[7] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 3.1.1-ci yarımbənddə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilmişdir.

 

[8] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 3.1.23-cü yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.23. müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

 

[9] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 4.3-cü və 4.4-cü bəndlər yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.3. Agentliyin İdarə Heyəti (bundan sonra – İdarə Heyəti) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və digər iki müavindən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

 

[10] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 4.5.5-ci yarımbənd ləğv edilmişdir.

 

[11] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 4.5.7-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.5.7. Agentliyin strukturu, əməkhaqqı fondu və işçilərinin say həddinin təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

 

[12] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 4.6-cı bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiayada deyilirdi:

4.6. İdarə Heyətinin iclası ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. İdarə Heyəti üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

[13] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nə yeni məzmunda 4.6-1 – 4.6-3-cü bəndlər əlavə edilmişdir.

 

[14] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 4.7.7-ci yarımbənddə “Agentliyin” sözü “Özünün və Agentliyin struktur bölmələrinin” sözləri ilə əvəz edilmişdr.

 

[15] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 4.7.8-ci yarımbənddə “əməkhaqqı fondu” sözləri “əməyin ödənişi fondu” sözləri ilə, “ştat cədvəlini, habelə” sözləri “strukturunu, ştat cədvəlini və” sözləri ilə əvəz edilmişdir.

 

[16] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 4.7.9-cu yarımbənddə “əməkhaqqı fondu” sözləri “əməyin ödənişi fondu” sözləri ilə əvəz edilmişdir..

 

[17] 23 avqust 2022-ci il tarixli 1825 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 23 avqust 2022-ci il, “Xalq” qəzeti 24 avqust 2022-ci il № 180, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 885) ilə “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin yeni məzmunda 5.4-1-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status