“Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” 2019-cu il noyabrın 6-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 mart 2020-ci il
№37-VIQ
Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti,
pensiya təminatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
I BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR
Maddə 1
Əsas anlayışlar
1.
Bu Sazişin məqsədləri üçün istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir:
a)
“qanunvericilik” - Razılığa gələn Tərəflərin dövlətlərinin bu Sazişin 2-ci maddəsində göstərilən münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları;
b)
“vətəndaş” - Azərbaycan Respublikasına münasibətdə - Azərbaycan qanunvericiliyində nəzərdə tutulan müddəalara uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı;
Bolqarıstan Respublikasına münasibətdə - Bolqarıstan qanunvericiliyində nəzərdə tutulan müddəalara uyğun olaraq, Bolqanstan Respublikasının vətəndaşı;
c)
“yaşayış yeri” - Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq, Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində vətəndaşların qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer kimi müəyyən edilən və ya hesab edilən yer;
d)
“sosial sığorta (əmək) stajı” - hər iki Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq bu cür hesab olunan dövr;
e)
“pensiya” - bu Sazişin 2-ci maddəsində onun bütün elementləri daxil olmaqla, nəzərdə tutulan ödəmələr;
f)
“səlahiyyətli orqan” - Azərbaycan Respublikasına münasibətdə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Bolqarıstan Respublikasına münasibətdə - Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri;
g)
“səlahiyyətli qurum” - bu Sazişin 2-ci maddəsinin müddəasında nəzərdə tutulan münasibətlər üzrə Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliyinin tətbiq olunmasında məsul idarə, qurum və ya orqan;
h)
“ailə üzvü” - Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq ailə üzvü kimi müəyyən edilən və ya hesab edilən şəxs;
i)
“özüməşğul şəxs” - Razılığa gələn Tərəflərin dövlətlərinin normativ hüquqi aktlarına uyğun olaraq özüməşğul şəxs kimi müəyyən edilən şəxs.
2.
Bu Sazişdə istifadə olunan hər hansı digər terminlər Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır.
Maddə 2
Əhatə dairəsi
1.
Bu Saziş Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə tənzimlənən aşağıdakı münasibətlərdə tətbiq olunur:
Azərbaycan Respublikasında:
a)
yaşa görə əmək pensiyası;
b)
əlilliyə görə əmək pensiyası;
c)
ailə başçısını itirməyə görə əmək pensiyası;
Bolqarıstan Respublikasında dövlət ictimai sığortası daxilində:
a)
sosial sığorta (əmək) stajına və yaşa görə pensiya;
b)
ümumi xəstəliyə görə əlillik pensiyası;
c)
yuxarıdakı hər hansı növlər üzrə ailə başçısını itirməyə görə pensiya.
2.
Bu Saziş, həmçinin Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə tənzimlənən, bu maddənin 1-ci bəndində qeyd olunan ödəmələrin təmin olunması üçün sosial sığorta haqlarının ödənişi münasibətlərində də tətbiq olunur.
3.
Bu maddənin 4-cü bəndində qeyd olunanlar istisna olmaqla, bu Saziş qanunvericiliklə tənzimlənən və bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarını əvəzləyən və tamamlayan münasibətlərdə də tətbiq olunur.
4.
Razılığa gələn Tərəflərin dövlətləri başqa cür razılaşmadıqda, bu Saziş şəxslərin qrupunun genişləndirilməsi və ya məhdudlaşdırılması, habelə yeni növ pensiyaların tətbiq edilməsi məsələləri üzrə bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarını əvəzləyən və ya tamamlayan yeni qanunvericiliklə tənzimlənən münasibətlərdə tətbiq olunmur.
Maddə 3
Sazişin şamil olunduğu şəxslər
Bu Saziş, Razılığa gələn Tərəflərin dövlətlərinin birinin və ya hər ikisinin qanunvericiliyinin keçmişdə və ya hazırda şamil olunduğu Razılığa gələn Tərəflərin dövlətlərinin vətəndaşlarına, həmçinin hüquqlarını qeyd olunan şəxslərdən əldə edən ailə üzvlərinə tətbiq olunur.
Maddə 4
Bərabər münasibət
Bir Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinin tətbiqində 3-cü maddədə göstərilən digər Razılığa gələn Tərəfin dövlətinin vətəndaşı olan şəxslərə, bu Sazişdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, həmin Razılığa gələn Tərəfin dövlətinin vətəndaşları ilə bərabər münasibət göstərilir.
Maddə 5
Pensiyaların ödənişi
1.
Bu Sazişdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, 3-cü maddədə göstərilən şəxslərin Razılığa gələn Tərəflərin dövlətlərindən birinin qanunvericiliyinə əsasən aldığı pensiya həmin şəxsin sadəcə digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində yaşaması faktı səbəbindən hər hansı bir şəkildə azaldılmır, dəyişdirilmir, müvəqqəti dayandırılmır, ləğv edilmir, müsadirə edilmir və pensiya digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə ödənilir.
2.
Bu Sazişə əsasən təyin olunan pensiyalar daimi yaşayış yeri üçüncü dövlətin ərazisində olan Razılığa gələn Tərəflərin dövlətlərinin vətəndaşlarına Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya əsasən ödənilə bilər.
3.
Pensiyalar vətəndaşların müraciəti əsasında pensiyanı təyin edən Razılığa gələn Tərəfin dövlətinin ərazisində ödənilə və ya digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə köçürülə bilər.
Maddə 6
Pensiyanı təyin edən Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə əsasən pensiya hüququnun həyata keçirilməsinə, pensiyanın müvəqqəti dayandırılmasına və ya pensiya məbləğinin dəyişdirilməsinə təsir edən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində baş verən hallar birinci Razılığa gələn Tərəfin dövlətinin ərazisində baş vermiş kimi hesab olunur.
Maddə 7
Tətbiq olunan qanunvericiliyə dair ümumi müddəalar
Bu Sazişdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, bu Sazişlə əhatə olunan işləyən və özüməşğul şəxslərə, yalnız ərazisində əmək fəaliyyəti ilə məşğul olan Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyi tətbiq olunur.
Maddə 8
Tətbiq olunan qanunvericiliyə dair xüsusi müddəalar
1.
Hər hansı Razılığa gələn Tərəfin dövlətinin ərazisində işləyən və işəgötürəni tərəfindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə işləməyə göndərilən şəxslərə münasibətdə ezamiyyət müddəti 2 (iki) ildən çox olmamaq şərtilə birinci Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyi şamil olunur. Razılığa gələn Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları və ya onlar tərəfindən təyin olunan səlahiyyətli qurumları hər bir fərdi hal üzrə qarşılıqlı razılaşmaya əsasən göndərən Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinin tətbiq edildiyi dövr 1 (bir) ildən çox olmayaraq uzadıla bilər.
2.
Bu maddənin 1-ci bəndinin müddəaları, həmçinin özüməşğul şəxs kimi bir Razılığa gələn Tərəfin dövlətinin ərazisində yaşayan və digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində əmək fəaliyyəti ilə məşğul olan özüməşğul şəxslərə də tətbiq edilir.
3.
Razılığa gələn Tərəflərin dövlətlərinin hər ikisinin ərazisində beynəlxalq daşımalarla məşğul olan nəqliyyat müəssisələrinin əməkdaşlarına münasibətdə, bu müəssisənin hüquqi ünvanının yerləşdiyi Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyi tətbiq edilir.
4.
Gəmi heyət üzvlərinə, həmçinin gəmidə çalışan digər şəxslərə münasibətdə bayrağı altında üzdüyü Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyi tətbiq edilir. Yüklərin yüklənməsi, boşaldılması və gəmilərin təmiri və ya limanın mühafizə xidməti ilə bağlı işə qəbul olunan şəxslərə münasibətdə ərazisində limanın yerləşdiyi Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyi tətbiq edilir.
5.
Razılığa gələn Tərəflərin dövlətlərinin diplomatik nümayəndəlik əməkdaşlarına və konsulluqların işçilərinə, eləcə də diplomatik nümayəndəlik və ya konsulluq rəsmilərinin şəxsi xidmətində çalışan şəxslərə “Diplomatik əlaqələr haqqında” 1961-ci il 18 aprel tarixli Vyana Konvensiyasının və “Konsul əlaqələri haqqında” 1963-cu il 24 aprel tarixli Vyana Konvensiyasının müvafiq müddəaları tətbiq edilir.
6.
Bir Razılığa gələn Tərəfin dövlətinin dövlət orqanları tərəfindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə göndərilən dövlət qulluqçularına və onlara bərabər tutulan şəxslərə münasibətdə birinci Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyi tətbiq edilir.
Maddə 9
İstisnalar
İşçi və işəgötürənin birgə müraciəti və ya özüməşğul şəxsin müraciəti əsasında hər iki Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli orqanları və bu orqanlar tərəfindən təyin olunan səlahiyyətli qurumlar qarşılıqlı razılıq əsasında bu Sazişin II bölməsinin müddəalarına istisnalar müəyyən edə bilərlər.
III BÖLMƏ
Maddə 10
Sosial sığorta (əmək) stajlarının birləşdirilməsi
1.
Əgər bir Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə əsasən qazanılmış sosial sığorta (əmək) stajı pensiya hüququnun yaranması üçün kifayət etmirsə, həmin Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu digər Razılığa gələn Tərəfin dövlətinin, həmçinin pensiyanı təyin edən Razılığa gələn Tərəfin üçüncü dövlətlə sosial sığorta (əmək) stajlarının birləşdirilməsini nəzərdə tutan pensiya (sosial) təminatı sahəsində beynəlxalq müqaviləsi olduğu təqdirdə, həmin dövlətin qanunvericiliyinə uyğun olaraq qazanılmış sosial sığorta (əmək) stajlarım nəzərə alır.
2.
Bir Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə əsasən pensiya hüququ xüsusi peşə, ixtisas sahələrində, əmək şəraitində və təşkilatlarda işləməklə bağlı müəyyənləşdirilirsə, digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində analoji fəaliyyət dövrləri birinci Razılığa gələn Tərəfin dövlətinin ərazisində eyni fəaliyyət dövrləri kimi nəzərə alınmır, lakin bu dövrlər ümumi əsaslarla olan sosial sığorta (əmək) stajı kimi birləşdirilir.
3.
Bu maddənin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq pensiya hüququnun müəyyən olunmasında üst-üstə düşən sosial sığorta (əmək) stajı birləşdirilmir.
Maddə 11
1.
Əgər bir Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə əsasən pensiya hüququ digər Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyi əsasında qazanılmış sosial sığorta (əmək) stajı nəzərə alınmadan da yaranırsa, birinci Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu öz sosial sığorta (əmək) stajı əsasında pensiyanı təyin edir (hesablayır).
2.
Əgər pensiya hüququ bu Sazişin 10-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq sosial sığorta (əmək) stajlarının birləşdirilməsi nəticəsində yaranırsa, Razılığa gələn Tərəflərin dövlətlərinin səlahiyyətli qurumları öz sosial sığorta (əmək) stajına əsasən pensiyanı proporsional qaydada təyin edir (hesablayır).
3.
Bir Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə əsasən qazanılmış sosial sığorta (əmək) stajı 12 (on iki) aydan az olduqda və hər hansı bir pensiya hüququ yaratmadıqda, həmin Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu pensiya təyin etmir. Bu müddət digər Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu tərəfindən pensiyaların təyin edilməsi (hesablanması) üçün nəzərə alınır.
Maddə 12
Azərbaycan Respublikasına aid xüsusi müddəalar
Bu Saziş hərbi qulluqçuların və onlara bərabər tutulan şəxslərin, onların ailə üzvlərinin, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya şəxslərin və onların ailə üzvlərinin qulluq illərinə görə pensiyaya əlavələr hüququna tətbiq edilmir.
Maddə 13
Bolqarıstan Respublikasına aid xüsusi müddəalar
Hərbi əlillik və mülki əlillik pensiyaları istisna olmaqla, əmək fəaliyyəti ilə bağlı olmayan pensiyalar, şəxsin Bolqarıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq ərazisində yaşadığı və digər Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə əsasən pensiya almadığı təqdirdə təyin edilir və ödənilir.
IV BÖLMƏ
DİGƏR MÜDDƏALAR
Maddə 14
İnzibati Razılaşma
1.
Bu Sazişin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Razılaşma imzalayırlar.
2.
Razılığa gələn Tərəfin dövlətlərinin səlahiyyətli qurumları İnzibati Razılaşmada müəyyən edilir.
Maddə 15
Məlumat mübadiləsi və qarşılıqlı yardım
1.
Razılığa gələn Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları və səlahiyyətli qurumları müvafiq səlahiyyətləri dairəsində birbaşa məlumat mübadiləsi aparır və bu Sazişin icrasında bir-birinə kömək göstərirlər.
2.
Bir Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu digər Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu tərəfindən verilmiş sənədləri tanıyır. Buna baxmayaraq, əmək qabiliyyətinin itirilmə dərəcəsinin, əlillik qrupunun və səbəblərinin müəyyənləşdirilməsinə dair qərarlar pensiyanı təyin edən Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu tərəfindən verilir. Əmək qabiliyyətinin itirilmə dərəcəsinin, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsi üçün keçirilən tibbi müayinə və təkrar müayinə vətəndaşların yaşayış yeri üzrə aparılır. Bu zaman digər Razılığa gələn Tərəfin dövlətinin müvafiq təşkilatı tərəfindən verilən hesabat və ya arayışlar və tibbi rəylər nəzərə almır.
3.
Bu maddədə göstərilən xidmətlər (yardımlar) qarşılıqlı olaraq əvəzi ödənilmədən həyata keçirilir.
Maddə 16
Mübadilə olunan məlumatların məxfiliyi
Razılığa gələn Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları və səlahiyyətli qurumları arasında şəxslər haqqında mübadilə olunan istənilən məlumat məxfidir və yalnız bu Sazişin tətbiqi məqsədilə istifadə edilə bilər. Bir Razılığa gələn Tərəfin dövlətinin əldə etdiyi məlumatın gizliliyinin qorunması həmin Razılığa gələn Tərəfin dövlətinin fərdi məlumatların gizliliyinin və konfidensiallığının qorunması sahəsində mövcud olan qanun və qaydalara uyğun həyata keçirilir.
Maddə 17
Rüsumlardan azadolma və sənədlərin təsdiq edilməsi
1. Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyində həmin Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli orqanlarına və ya səlahiyyətli qurumlarına təqdim olunan hər hansı sənəd rüsum və ödənişlərdən tam və ya qismən azad olunmuşdursa, həmin azadolma bu Sazişin tətbiqi ilə bağlı digər Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli orqanına və ya səlahiyyətli qurumuna təqdim olunan müvafiq sənədlərə də aid edilir.
2. Bir Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu tərəfindən təsdiq olunmuş sənədlərin surətləri digər Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu tərəfindən əlavə təsdiqlənmə olmadan əsl və həqiqi nüsxələr kimi qəbul olunur.
Maddə 18
1 .Bu Sazişin tətbiqi üçün Razılığa gələn Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları və səlahiyyətli qurumları öz aralarında və onların yaşayış yerindən asılı olmayaraq həmçinin vətəndaşlarla hər hansı Razılığa gələn Tərəfin rəsmi dilində və ya ingilis dilində əlaqə saxlayırlar.
2. Ərizə və sənədlərin digər Razılığa gələn Tərəfin dövlətinin rəsmi dilində və ya ingilis dilində tərtib olunması onların qəbul edilməməsi üçün tək səbəb ola bilməz.
Maddə 19
Pensiya təyinatı üçün müraciətlər
1.
Bir Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumuna pensiya təyinatı üçün təqdim edilən yazılı müraciət aşağıda göstərilən hallarda digər Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq təqdim olunmuş müraciət kimi qəbul edilir:
a)
müraciət edən şəxs ərizəsinə digər Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyi əsasında baxılmasını tələb etdikdə; və ya
b)
sosial sığorta (əmək) stajının digər Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə əsasən qazanılması barədə məlumat verdikdə.
2.
Müraciət edən şəxs bir Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumuna təqdim olunan pensiya təyinatı üçün ərizəsinin digər Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə əsasən baxılmamasını və ya ərizənin digər Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyində nəzərdə tutulan məhdudiyyət və şərtlərə uyğun olaraq həmin Razılığa gələn Tərəfin dövlətində başqa tarixdən etibarlı olmasını tələb edə bilər.
Maddə 20
Şikayətlər
Bir Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumunun qərarından yazılı şikayət istənilən Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumuna təqdim oluna bilər. Şikayət qərarından şikayət olunan Razılığa gələn Tərəfin dövlətinin prosedur və qanunvericiliyinə əsasən həll edilir.
Maddə 21
Ərizə, bildiriş və yazdı şikayətlərin ötürülməsi
1.
Bu Sazişin 19-cu və 20-ci maddələrinin müddəalarının tətbiq olunduğu hər hansı bir halda, ərizə, bildiriş və yazılı şikayətin təqdim edildiyi səlahiyyətli qurum sənədin üzərində onun daxil olduğu tarixi qeyd edir və onu gecikdirilmədən digər Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumuna göndərir.
2.
Bir Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə görə müəyyən olunmuş müddətdə həmin Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumuna təqdim edilməli olan hər hansı bir ərizə, bildiriş və yazılı şikayət həmin müddətdə digər Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumuna təqdim olunmuşdursa, belə sənəd vaxtında verilmiş hesab edilir.
Maddə 22
1.
Bu Sazişə görə pensiyaların ödənişi benefisiarların birbaşa bank hesabına sərbəst dönərli valyutada həyata keçirilir. Pensiya ödənişini həyata keçirən Razılığa gələn Tərəfin dövlətinin səlahiyyətli qurumu pensiyaların yalnız benefisiar banka göndərilməsi ilə bağlı olan xərcləri daşıyır.
2.
Pensiyaların ödənişi prosedurları İnzibati Razılaşma ilə müəyyən olunur.
Maddə 23
1.
Razılığa gələn Tərəflərin dövlətlərinin səlahiyyətli qurumları qarşılıqlı razılaşma ilə bu Sazişin tətbiq olunduğu şəxslərə mümkün artıq ödəmə hallarını həll etmək üçün çalışırlar.
2.
Bu maddənin 1-ci bəndinin tətbiqi ilə bağlı prosedurlar İnzibati Razılaşma ilə müəyyən olunur.
Mübahisələrin həlli
1.
Bu Sazişin tətbiqi zamanı yaranan mübahisələr Razılığa gələn Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
2.
Bu maddənin 1-ci bəndinə uyğun olaraq həllini tapmayan mübahisələr Razılığa gələn Tərəflər arasında həll olunur.
KEÇİD VƏ SON MÜDDƏALAR
Keçid müddəalar
1. Bu Saziş onun qüvvəyə mindiyi tarixdən əvvəlki hər hansı müddət üçün hər hansı pensiya hüququ yaratmır.
2. Bu maddənin 1-ci bəndinin müddəalarına müvafiq olaraq, bu Sazişin qüvvəyə mindiyi tarixdən əvvəl qazanılmış hər hansı sosial sığorta (əmək) stajı bu Sazişə əsasən pensiya hüququnun müəyyən edilməsində nəzərə almır.
3. Pensiya hüququ ilə bağlı bu Sazişin qüvvəyə minməsindən əvvəl verilmiş qərarlar bu Sazişdən irəli gələn hüquqlara təsir etmir.
3. Bu Sazişin qüvvəyə mindiyi tarixədək Razılığa gələn Tərəfin dövlətinə ezamiyyəyə göndərilmiş şəxslərə münasibətdə bu Sazişin 8-ci maddəsinin 1-ci bəndinin tətbiqi zamanı, həmin maddədə qeyd edilən məşğulluq dövrünün bu Sazişin qüvvəyə mindiyi tarixdən başlanıldığı nəzərdə tutulur.
Maddə 26
Dəyişikliklər
1.
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan protokollar formasında rəsmiləşdirilən və 27-ci maddəsi ilə müəyyən olunmuş prosedurlara uyğun olaraq qüvvəyə minən dəyişikliklər edilə bilər.
2.
Razılığa gələn Tərəflərin birində səlahiyyətli orqan və ya səlahiyyətli qurum və ya onların adlan dəyişdikdə, Razılığa gələn Tərəflər bu barədə diplomatik kanallar vasitəsilə bir-birlərini xəbərdar edirlər.
Maddə 27
Sazişin qüvvəyə minməsi, müddəti və ləğv edilməsi
1.
Bu Saziş onun qüvvəyə minməsi üçün müvafiq dövlətdaxili prosedurların tamamlanması barədə Razılığa gələn Tərəflərin bir-birini məlumatlandırdığı sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.
3.
Hər bir Razılığa gələn Tərəf diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfə yazılı bildiriş təqdim etməklə, bu Sazişi ləğv edə bilər. Bu Saziş yazılı bildirişin alındığı tarixdən 1 (bir) il sonra qüvvədən düşür.
4.
Bu Sazişin ləğv edilməsi bu Sazişə əsasən müəyyən olunmuş və razılaşdırılmış prosedurlara təsir etmir. Bu Saziş üzrə vətəndaşların əldə etdiyi hüquqlar onun ləğv edildiyi halda öz qüvvəsini itirmir.
Bakı şəhərində 2019-cu il 6 noyabr tarixində, iki əsl nüsxədə olmaqla, Azərbaycan, bolqar və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası
|
Bolqarıstan Respublikası
|
Hökuməti adından
|
Hökuməti adından
|
(imza)
|
(imza)
|