Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2019-cu il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2020-ci il
№991
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi, iki ölkə arasında artıq mövcud olan dostluq əlaqələrini inkişaf etdirməyi və gücləndirməyi arzu edərək,
mədəniyyətlərarası dialoqun ikitərəfli əlaqələrdə vacib rolunu nəzərə alaraq, və mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər bu Anlaşma Memorandumunun şərtlərinə və öz dövlətlərinin müvafiq milli qanunvericiliklərinə uyğun olaraq hüquqların bərabərliyi və qarşılıqlı fayda əsasında iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığı möhkəmləndirməyi birgə qərarlaşdırırlar.
Maddə 2
Tərəflər dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı sahələrdə əməkdaşlığı təşviq edirlər:
a) iki ölkənin mədəniyyət siyasətlərinə dair təcrübə və məlumat mübadiləsi;
b) iki ölkədəki mədəniyyət müəssisələri, o cümlədən kitabxanalar, nəşriyyat evləri və muzeylər arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi;
c) mədəniyyət sahəsində birgə elmi konfranslar, simpoziumlar və kollokviumların təşkili;
d) qeyri-maddi mədəni irsin qorunması və konservasiyası üzrə əməkdaşlıq;
e) hər iki ölkədə musiqi, teatr, xalq yaradıcılığı və əl işləri sənayesi kimi mədəniyyət sahələrində ekspertlərin mübadiləsi, hər iki ölkədə keçirilən beynəlxalq mədəniyyət tədbirlərində iştirak;
f) birgə incəsənət sərgilərinin təşkili;
g) qeyri-maddi mədəni irs üzrə tərəf olduqları UNESCO konvensiyalarının yerinə yetirilməsi üzrə əməkdaşlıq;
h) qarşılıqlı əsasda mədəniyyət günlərinin təşkili imkanlarının nəzərdən keçirilməsi;
i) Tərəflərin qarşılıqlı şəkildə razılaşdırdığı digər əməkdaşlıq sahələri.
Bu maddədə qeyd olunan fəaliyyətlərin təfərrüatları Tərəflərin qarşılıqlı məsləhətləşmələri yolu ilə razılaşdırılır.
Maddə 3
Bu Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən proqram və fəaliyyətlərlə bağlı maliyyə məsələlərini Tərəflər ayrı-ayrı hallar əsasında vəsait və resursların mövcudluğundan asılı olaraq birlikdə razılaşdırırlar.
Maddə 4
Tərəflərin qarşılıqlı yazılı razılığı ilə diplomatik kanallar vasitəsilə bu Anlaşma Memorandumuna hər hansı əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 6-cı maddəsinin müddəalanna uyğun olaraq qüvvəyə minir.
Maddə 5
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 6
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurların tamamlanmasının təsdiqi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri onun müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti beş (5) ilə uzadılır.
Tərəflər başqa cür razılaşdırmadığı təqdirdə, bu Anlaşma Memorandumunun belə ləğvi onun ləğvi tarixindən əvvəl razılaşdırılmış və davam edən proqram və fəaliyyətlərə onların tamamlanmasınadək təsir etmir.
Bakı şəhərində 10 dekabr 2019-cu il tarixində, Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, iki (2) əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının
|
İordaniya Haşimilər Krallığının
|
Mədəniyyət Nazirliyi
|
Mədəniyyət Nazirliyi
|
(imza)
|
(imza)
|