AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.04.2020
QEYDİYYAT NÖMRƏSİ
158
ADI
“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 03-05-2020, Nəşr Nömrəsi: 86), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2020, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 504)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.05.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202004300158
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.05.2020
“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 30 aprel 2020-ci il

    № 158

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 30 aprel tarixli 158 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası

 

1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 21.2-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydasını müəyyən edir.

2. Ali təhsil müəssisəsində orta ixtisas təhsili ali təhsil müəssisəsinin təsisçisinin razılığı ilə həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında ali təhsil müəssisələrinə orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. [1]

3. Ali təhsil müəssisələrində orta ixtisas təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər Qanunun 6.3-cü maddəsinə əsasən dövlət təhsil standartları və 10-cu maddəsinə əsasən orta ixtisas təhsili pilləsi üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.

4. Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə tələbə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na uyğun aparılır.

5. Ali təhsil müəssisələrində orta ixtisas təhsili orta ixtisas təhsili pilləsinin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən və Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra– Nazirlik) tərəfindən təsdiq edilən təhsil proqramları (kurikulumları) üzrə həyata keçirilir. [2]

6. Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsi üzrə tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları’’na uyğun kredit sistemi əsasında təşkil olunur.

7. Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsi üzrə təhsilalanların attestasiyası, o cümlədən yekun attestasiyası Nazirliyin təsdiq etdiyi orta ixtisas təhsili pilləsində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları əsasında həyata keçirilir. [3]

8. Ali təhsil müəssisələrində orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir.

9. Ali təhsil müəssisələrindən alınmış orta ixtisas təhsili haqqında sənəd sahibinə uyğun ixtisaslar üzrə ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsinin bakalavriat səviyyəsində ali təhsil almaq üçün əsas hesab edilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 noyabr 2020-ci il tarixli 434 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1378)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 noyabr 2020-ci il tarixli 434 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1378) ilə “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın 2-ci hissənin birinci cümləsində (ikinci halda) “ixtisas” sözü “peşə-ixtisas” sözləri ilə əvəz  edilmişdir.

 

[2] 3 noyabr 2020-ci il tarixli 434 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1378) ilə “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın 5-ci hissədən “və Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təsdiq edilən” sözləri çıxarılmışdır.

 

[3] 3 noyabr 2020-ci il tarixli 434 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1378) ilə “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın 7-ci hissədən “Nazirliyin təsdiq etdiyi” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status