AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.07.2020
QEYDİYYAT NÖMRƏSİ
244
ADI
“Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 10-07-2020, Nəşr Nömrəsi: 132), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 974)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202007080244
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.07.2020
"Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi haqqında

“Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1698-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 882 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2561; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 4, maddə 781, № 7, maddələr 1318, 1334) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 8 iyul 2020-ci il

                   № 244

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.6-cı maddələrinə əsasən hazırlanmışdır və sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydasını müəyyən edir.

1.2. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə ortaaylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir. [1]

1.3. Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bu Qaydanın 1.2-ci bəndi ilə müəyyən edilmiş hissəsi 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir.

1.4. Əməkhaqqı sistemində nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.

1.5. Sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 (on) faizindən çox fərqlənə bilməz.

1.6. Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 (bir) işəgötürən üzrə 10 (on) sosial iş yerindən çox ola bilməz.

1.7. Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 (bir) ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. [2]

1.8. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

 

2. Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi

 

2.1. Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla, son 1 (bir) ildə fəaliyyətdə olan, habelə Agentlik tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan hər bir işəgötürən sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilər.

2.2. İşəgötürən “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq “Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni (bundan sonra – Ərizə) dolduraraq təsdiq edir.

2.3. Müraciət qeydiyyata alındıqdan sonra Agentlik və ya “DOST” mərkəzləri (bundan sonra - Mərkəz) 10 (on) iş günü ərzində həmin işəgötürənin bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən tələblərə uyğunluğunu araşdırır.

2.4. İşəgötürən bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən tələblərə uyğun olduqda Agentlik və ya Mərkəz tərəfindən ona bu barədə elektron bildiriş göndərilir və Agentliklə işəgötürən arasında Ərizədə göstərilən boş (vakant) iş yerləri üzrə işə qəbul ediləcək işçilərin əməkhaqlarının bu Qaydanın 1.2-ci bəndində göstərilən hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsinə dair bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq “Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair Müqavilə” (bundan sonra – Müqavilə) imzalanır.

2.5. Agentliyin Müqavilə imzaladığı işəgötürənlərə sosial iş yerlərinə göndərişin verilməsi və göndərişə münasibətdə işəgötürənin qərarının təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın 4.3-4.5-ci bəndlərinə uyğun həyata keçirilir.

2.6. İşaxtaran və işsiz şəxsin sosial iş yeri üzrə işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə təsdiqlənir.

2.7. Sosial iş yerinə qəbul olunmuş işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmaqla 3 (üç) aydan artıq olmamaq şərtilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu halda Agentlik və ya Mərkəz tərəfindən həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilir. Yeni işçi təyin edilən zaman həmin iş yeri üzrə əvvəlki işçinin əməkhaqqının maliyyələşdirilməsi dövrü nəzərə alınır.

2.8. Müqavilə müddətində (sınaq müddəti müəyyən edildiyi halda sınaq müddəti istisna olmaqla) işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.

2.9. Müqavilə müddətində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verildiyi halda həmin şəxslə 1 (bir) il müddətində təkrar əmək müqaviləsi bağlanıla bilməz.

 

3. Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi müddəti

 

3.1. İşçinin əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi sosial iş yerləri üzrə işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi aydan başlayaraq, növbəti ayın 5-dək Müqavilədə nəzərdə tutulmuş müddətdə və məbləğdə Agentlik tərəfindən işəgötürənin hesabına köçürülür.

3.2. İşəgötürənlərin sosial iş yerləri üzrə işə qəbul etdikləri işçilər və onlara ödənilən əməkhaqqı barədə məlumatlar Agentlik tərəfindən MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən yoxlanılır və məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla üzləşdirilir.

3.3. İşəgötürən tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına artıq ödənilmiş əməkhaqları aşkar edildiyi halda, həmin vəsaitin geri qaytarılması işəgötürəndən tələb olunur və bu vəsait geri qaytarılmadıqda həmin işəgötürənlə bağlanılmış Müqaviləyə xitam verilir.

 


 

 

“Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”na

 

1 nömrəli əlavə

 

Sosial iş yerlərində işçilərin əməkhaqqının maliyyələşdirilməsi üçün

 

ƏRİZƏ

 

İşəgötürən barədə məlumat

vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

 

işəgötürənin adı*

 

təşkilati hüquqi forması*

 

mülkiyyət növü (dövlət, özəl, bələdiyyə)*

 

iqtisadi fəaliyyət növü*

 

ünvanı (şəhər/rayon, küçə)*

 

elektron poçt ünvanı (olduğu halda)

 

telefonu

 

Vakansiya üzrə məlumat*

iş yeri, vəzifə (peşə)

 

iş yerinin faktiki ünvanı

 

əmək stajı tələbi

 

əməkhaqqının məbləği (manatla)

 

tələb olunan təhsil səviyyəsi:

- orta təhsil

- peşə təhsili

- orta-ixtisas təhsili

- ali təhsil

 

tələb olunan peşə (ixtisas)

 

iş yeri üzrə əmək funksiyası

 

peşə (ixtisas) üzrə zəruri bilik, bacarıq və səriştələr

 

digər bilik, bacarıq və səriştələr

 

 

Qeyd. *MEIS-dən əldə edilən məlumatlar.

 


 

 

“Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”na

 

2 nömrəli əlavə

 

Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair

 

M Ü Q A V İ L Ə  № _____

 

“____”____________20 ___-  il                                     __________ şəhər (rayon)

 

_____________________________________________________________________________

(Dövlət Məşğulluq Agentliyi)

_____________________________________________________________________________

(İşəgötürən)

 

aşağıdakılar barədə müqavilə bağladılar:

 

1. Müqavilənin məqsədi

 

1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.6-cı maddələrinə müvafiq olaraq sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi.

 

2. Tərəflərin hüquqları və vəzifələri

 

2.1. Tərəflərin hüquqları aşağıdakılardır:

2.1.1. Agentlik:

2.1.1.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində Agentlik və ya “DOST” mərkəzləri tərəfindən qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərə əməkhaqqının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerlərinə göndəriş verilməsini təşkil etmək;

2.1.1.2. sosial iş yerlərinə göndəriş verilmiş işçilər və onlara ödənilən əməkhaqqı barədə məlumatları MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən araşdırmaq;

2.1.1.3. işəgötürən tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına artıq ödənilmiş əməkhaqları aşkar edildiyi halda, həmin vəsaitin geri qaytarılmasını işəgötürəndən tələb etmək;

2.1.2. İşəgötürən:

2.1.2.1. sosial iş yerləri üzrə maliyyələşmənin vaxtında ödənilməsini Agentlikdən tələb etmək;

2.1.2.2. sosial iş yerləri üzrə işə qəbul olunmuş işçilərə 3 (üç) aydan çox olmayan müddətə sınaq müddəti təyin etmək;

2.1.2.3. sınaq müddəti ərzində özünü doğrultmayan işçinin əmək müqaviləsinə əsaslandırılmış əmrlə xitam vermək.

2.2. Tərəflərin vəzifələri aşağıdakılardır:

2.2.1. Agentlik:

2.2.1.1. əməkhaqqının maliyyələşdirilməsi nəzərdə tutulan sosial iş yerləri üzrə hər ayın sonu üçün növbəti ayın 5-dən gec olmayaraq hər ay üzrə hesablanmış vəsaiti işəgötürənin hesabına köçürmək;

2.2.1.2. işəgötürənin müraciəti əsasında sosial iş yerlərinə işə cəlb olunmuş işçilərin peşə və bacarıqlarının artırılmasına kömək göstərmək;

2.2.2. İşəgötürən:

2.2.2.1. sosial iş yerlərinə işə cəlb olunmuş işçilərlə ən azı 2 (iki) il müddətinə əmək müqaviləsi bağlamaq;

2.2.2.2. işçilərə əmək müqaviləsində göstərilən müddətdə və məbləğdə hər ay üçün əməkhaqqı ödəmək;

2.2.2.3. işçilərin sağlamlığının və əməyinin mühafizəsinin təmin olunması üçün onu əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya-gigiyena norma və qaydalarına cavab verən iş yeri və əmək şəraiti ilə təmin etmək;

2.2.2.4. əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqlar, materiallar, alətlər, texnikalar vaxtında təqdim etməklə işçilərin istehsalat/xidmət prosesində yaxından iştirakını təmin etmək;

2.2.2.5. işə cəlb etdikləri işçilərin müvafiq peşə biliklərinə yiyələnməsinə və səriştələrin mənimsənilməsinə şərait yaratmaq, bunun üçün təcrübəli mütəxəssislərdən birini təlim ustası təyin etmək.

2.3. Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər nəzərdə tutula bilər.

 

3. Tərəflərin məsuliyyəti

 

3.1. Tərəflər Müqavilənin bəndləri ilə müəyyən edilmiş vəzifələri icra etmədikdə mülki məsuliyyət daşıyırlar.

3.2. Tərəflər bu Müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.

3.3. Bu Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə məhkəmə qaydasında həll edilir.

3.4. Bu Müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.

3.5. Müqavilə digər tərəfə yazılı bildiriş verilmədən birtərəfli pozula bilməz.

 

4. Tərəflərin rekvizitləri və imzaları

 

4.1. Müqavilə hər Tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə hazırlanır və Tərəflərdə saxlanılır.

4.2. Tərəflər Müqaviləni imzalamaqla onun şərtlərini qəbul edir. Müqavilə imzalandığı gündən qüvvəyə minir və əməkhaqqının maliyyələşdirilməsi dövrü üçün etibarlı sayılır.

 

______________________________________

Agentlik

______________________________________

(Agentliyin hüquqi ünvanı və VÖEN-i)

 

______________________________________

(adı, soyadı, atasının adı, vəzifəsi və imzası)

 

“_____” ___________ 20___ il

 

 

M.Y.

______________________________________

İşəgötürən

______________________________________

(idarənin, müəssisənin, təşkilatın adı,

VÖEN-i və hesab nömrəsi)

______________________________________

(adı, soyadı, atasının adı, vəzifəsi və imzası)

 

“_____” ___________ 20___ il

 

 

M.Y.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209)

2.       27 may 2021-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2021-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 531)

3.       16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271)

4.       21 sentyabr 2022-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.2-ci bəndindən “, lakin minimum aylıq əməkhaqqından az” sözləri çıxarılmışdır.

 

16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271) ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.2-ci bəndinə işsizlikdən sığorta haqqı, sözlərindən sonra icbari tibbi sığorta haqqı və sözləri əlavə edilmişdir.

 

[2] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.7-ci bəndinə “əlilliyi olan şəxslərə” sözlərindən sonra “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri əlavə edilmişdir.

27 may 2021-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2021-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 531) ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.7-ci bəndinə “uşaqlara,” sözündən sonra “şəhid ailəsinin üzvlərinə,” sözləri əlavə edilmişdir.

21 sentyabr 2022-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209) ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın 1.7-ci bəndindən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status