AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.03.2001
QEYDİYYAT NÖMRƏSİ
56
ADI
Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2001, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 212)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.03.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycanlı gənclərin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları barədə Əsasnamənin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 12 dekabr tarixli 662 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 6 mart 2001-ci il

№ 56

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında

 

ƏSASNAMƏ

 

Ümumi müddəalar

 

Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikanın təhsil müəssisələrində təhsil almaları işində vahid dövlət qaydasının yaradılması və Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə aldıqları təhsilin səviyyəsinə vahid dövlət tələblərinin təmin edilməsi, xarici ölkə vətəndaşlarının respublikanın təhsil müəssisələrində təhsili ilə bağlı kompleks məsələlərin həlli məqsədi ilə qəbul edilir.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası xarici ölkələrə milli kadrların hazırlanmasında köməklik göstərir və öz vətəndaşlarını təhsil almaq üçün xarici ölkələrə göndərir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

xarici ölkələrdə təhsil almaq üçün Azərbaycan Respublikası vətəndaşlarının seçilməsi və onların həmin ölkələrə göndərilməsi, həmçinin dövlətlərarası razılaşmalar, o cümlədən təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət təhsil müəssisələrində (xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla) təhsil alması üçün qəbul edilməsi ilə bağlı bütün məsələləri həll edir;

təhsil müəssisələrinin digər ölkələrin təhsil müəssisələri, assosiasiyaları, ictimai təşkilatları ilə təhsil haqqında bağlanmış bütün müqavilələrinin qeydiyyatını aparır. Müqavilələr nazirlikdə qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə minir;

Təhsil Nazirliyinə tabe olan bütün təhsil müəssisələrinin xarici ölkələrin təhsil müəssisələri ilə ödənişsiz əsaslarla həyata keçirdiyi tələbə mübadiləsi müqavilələrini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlayır.

Ali təhsil müəssisələrinə qəbul edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra — əcnəbi tələbələr) seçdikləri elm, texnika və mədəniyyət sahəsində təhsil alıb yüksək ixtisaslı mütəxəssis olmaq üçün lazımi imkanlar yaradılır.

Əcnəbi tələbələrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə etmək, o cümlədən şəxsi mülkiyyətin qorunması, ailə və digər hüquqların müdafiəsi üçün məhkəmə və dövlət orqanlarına müraciət etmək hüququ verilir.

Əcnəbi tələbələrin təhsili respublikanın təhsil müəssisələrində qəbul edilmiş vahid təhsil proqramları və tədris planları əsasında həyata keçirilir. Təhsil müəssisəsini bitirdikdən sonra əcnəbi tələbələrə təhsil haqqında vahid formada dövlət sənədi verilir.

 

I. Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xaricə göndərilməsi

 

1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə təhsil almağa göndərilməsi aşağıdakı əsaslarla həyata keçirilir:

hökumətlərarası müqavilələr və Azərbaycan Respublikasının xarici ölkələrlə mədəni və elmi əməkdaşlıq planları əsasında;

xarici ölkələrin təhsil müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüdlər hesabına;

Azərbaycan Respublikası Təhsil Nazirliyinin xarici ölkələrin təhsil qurumları, təhsil müəssisələri və ictimai təşkilatları ilə bağladığı müqavilələr əsasında.

2. Azərbaycan Respublikası vətəndaşlarının xaricdə dövlət xətti ilə təhsil almaq üçün seçilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və onun razılığı ilə nazirliyə tabe olan təhsil müəssisələri tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

3. Qeyri-dövlət xətti ilə xarici ölkələrə təhsil almağa gedən vətəndaş (və yaxud onları göndərən təşkilatlar) onun təhsil almaq üçün seçdiyi ali təhsil müəssisəsi və ixtisas haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat verməli və bu məlumatlar nazirlikdə uçota alınmalıdır.

4. Dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının təhsilinə nəzarətlə, onların məişət və digər məsələlərinin həlli ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi məşğul olur.

5. Xaricdə təhsil almış vətəndaşların diplomları, elmi dərəcələri və digər təhsil sənədlərinin tanınması məsələsini müvafiq qanunvericiliyə və beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

6. Azərbaycan Respublikasının vətəndaşları ölkədən kənarda ümumi təhsil, ilk peşə-ixtisas təhsili, ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil ala bilər.

 

II. Xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil alması

 

Ümumi müddəalar

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil ala bilərlər.

Təhsil sahəsində xarici əlaqələr və beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrə və bu Əsasnaməyə uyğun həyata keçirilir.

Azərbaycan Respublikasının təhsil müəssisələrində əcnəbi tələbələrin təhsili dövlət dili — Azərbaycan dilində aparılır. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, xüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris olunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.

Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

 

1. Təhsil müəssisələrinə qəbul şərtləri

 

1.1. Azərbaycan Respublikasının təhsil və elmi tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

Azərbaycan Respublikası və xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər əsasında; [2]

təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında;

qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına;

təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında.

1.2. Əcnəbi tələbələrin dövlət hesabına təhsili təhsil müəssisələrinin tabe olduğu müvafiq nazirlik, komitə və idarə rəhbərlərinin göndərişi və təhsil müəssisəsi ilə xarici ölkə təhsil müəssisələri arasında bağlanmış müqavilələrə uyğun tələbə mübadiləsi çərçivəsində həyata keçirilə bilər.

1.3. Dövlət təhsil müəssisələrində əcnəbi tələbələrin ödənişli əsaslarla təhsilinin bütün növləri üçün təhsil haqqı təhsil müəssisələrinin təklifi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və təsdiq edilir.

1.4. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil ödənişlidir.

1.5. Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrini bitirmiş və müvafiq təhsil sənədi almış Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilər üçün Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur.

1.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrinə hazırlıq kurslarını bitirib təhsil haqqında müvafiq dövlət sənədi aldıqdan sonra qəbul edilirlər.

1.7. Hazırlıq müvafiq hazırlıq kursları vasitəsilə həyata keçirilir. Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər hazırlıq kurslarına qəbul edilə bilərlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş dinləyicilərə təhsil haqqında vahid formada dövlət sənədi təqdim edilir.

1.8. Ödənişli əsaslarla təhsil almaq hüququ qazanmış əcnəbi tələbələr təhsil müəssisəsi ilə bu Əsasnamənin əlavəsinə uyğun olaraq müqavilə bağlayırlar.

1.9. Əcnəbilər üçün ümumtəhsil proqramları Azərbaycan təhsil müəssisələri üçün müəyyən edilmiş yaş məhdudiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyin etdiyi ümumtəhsil müəssisələrində həyata keçirilir.

1.10. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə mövcud qaydaların tələbləri gözlənilməklə təhsil səviyyəsi ali təhsilin bakalavriat səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər. Azərbaycandan kənardakı ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra və ya təlim dilini bilərsə eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verdikdən sonra magistratura səviyyəsinə qəbul oluna bilərlər.

1.11. Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.

1.12. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mövcud qaydalara əsasən Azərbaycan Respublikasının təhsil və elmi-tədqiqat müəssisələrində əlavə təhsil alırlar.

1.13. Təhsil almağa gələn əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

təhsil müəssisəsi rəhbərinin adına ərizə;

keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri);

sağlamlıq və QİÇS haqqında arayışlar;

milli pasportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə;

tərcümeyi-hal;

4x3 ölçüdə 8 ədəd fotoşəkil.

 

2. Əcnəbi tələbələrin ixtisasını dəyişməsi, təkrar kursda saxlanması, təhsil müddətinin uzadılması, akademik məzuniyyət alması, bir təhsil müəssisəsindən başqasına köçürülməsi, xaric olunması və bərpası

 

2.1. Dövlət xətti ilə təhsil alan əcnəbi tələbələrin ixtisasının dəyişdirilməsi, təkrar kursda saxlanması, təhsil müddətinin uzadılması, akademik məzuniyyət alması, bir təhsil müəssisəsindən başqasınma köçürülməsi, xaric olunması və bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisəsi tərəfindən həyata keçirilir.

2.2. Ödənişli əsaslarla dövlət təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin ixtisasının dəyişdirilməsi, təkrar kursda saxlanması, təhsil müddətinin uzadılması, akademik məzuniyyət alması, xaric olunması və bərpası ümumi qaydalara əsasən təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə rəsmi şəkildə bildirilməklə həyata keçirilir.

2.3. Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulma-yıbsa, əcnəbi tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinə köçürülməsi (bərpası) ümumi qaydalara uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisəsi tərəfindən ödənişli əsaslarla həyata keçirilir. Köçürülən tələbə müvafiq dil hazırlığı kursunu bitirməsi haqqında dövlət sənədi təqdim etməlidir. Təlim dilini bilməyən əcnəbi tələbə müvafiq dil hazırlığı kursu keçdikdən və şəhadətnamə aldıqdan sonra ali təhsil müəssisəsinə köçürülə (bərpa oluna) bilər. Təlim dilini bilən əcnəbi tələbə təhsil müəssisəsində dil hazırlığı üzrə imtahan verməlidir. Əcnəbilərin ödənişli əsaslarla bir təhsil müəssisəsindən başqasına köçürülməsi (bərpası) zamanı müvafiq baza təhsil proqramının birinci bölümünə daxil olan fənlər (humanitar və sosial-iqtisadi fənlər) akademik fərq sayılmır.

2.4. Müqavilə şərtlərini pozan əcnəbi tələbələr təhsil müəssisələrindən xaric edilirlər.

2.5. Təhsil müəssisəsinin rəhbərliyi 2 həftə ərzində xaric olunmuş tələbə haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və digər müvafiq təşkilatlara məlumat verməlidir.

 

3. Azərbaycanda təhsil alan əcnəbilərin əsas hüquq və vəzifələri

 

3.1. Azərbaycan Respublikasında təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

3.2. Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr:

təhsil müəssisəsinin kitabxanasından, qiraət zalından, laboratoriya və təcrübə bazasından, idman kompleksindən istifadə edə bilərlər;

kafedralarda elmi-tədqiqat işində, tələbələrin elmi, ictimai və mədəni tədbirlərində, tələbə özünüidarə orqanlarının işində iştirak edə bilərlər;

təhsil müəssisəsinin tibb məntəqəsindən pulsuz istifadə edə bilərlər;

tələbə yataqxanasında yaşaya bilərlər.

3.3. Əcnəbi tələbəyə dərs vaxtı ölkəni tərk etmək üçün icazə üzürlü səbəb olduqda təhsil müəssisəsinin rəhbərinin vəsatəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

3.4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əcnəbi tələbələrin ölkə ərazisində dini təbliğat və siyasi fəaliyyətlə məşğul olması qadağandır.

3.5. Əcnəbilər təhsilalma hüququ qazandıqdan sonra onlar üçün şəxsi iş tərtib olunur və təhsil aldıqları müddətdə o həmin təhsil müəssisəsində saxlanılır.

Əcnəbi tələbələrin şəxsi işlərinin tərtibi və saxlanılması üçün təhsil müəssisəsi tərəfindən məsul şəxs təyin edilir. Tələbələrin şəxsi işləri vətənlərinə döndükdən iki il sonra arxivə verilir.

3.6. Təhsil müəssisələrinin əcnəbi tələbələrin təhsili və digər problemləri ilə bağlı xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə əlaqələrini Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsi ilə, Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə isə bilavasitə Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

 

4. Maddi təminat şərtləri

 

4.1. Dövlət xətti ilə təhsil almağa gəlmiş əcnəbi tələbələrin maddi təminatının növü və həcmi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Ödənişli əsaslarla təhsil alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maddi təminatı təhsil müəssisəsinin rəhbərliyi ilə bağlanmış müqavilə əsasında tənzimlənir.

4.2. Müqavilə yolu ilə təhsil alan tələbələrin yataqxanada qalma şərtləri bağlanmış müqavilədə razılaşdırılır.

4.3. Dövlət xətti ilə təhsil alan tələbələrə akademik məzuniyyət müddətində təqaüd verilmir.

4.4. Mədəni-kütləvi tədbirlərin (milli bayramlar, festivallar, idman tədbirləri və s.) keçirilməsi üçün təhsil müəssisəsinin rəhbərliyi şərait yaradır.

 

Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində
təhsil almaları haqqında Əsasnaməyə


ƏLAVƏ

 

Azərbaycan Respublikasının
Təhsil Nazirliyində qeydə alınmışdır
__________________________
________________________ 200_____ il

 

 

Azərbaycan Respublikası təhsil müəssisəsi ilə xarici ölkə vətəndaşı arasında onun ödənişli təhsil alması haqqında


MÜQAVİLƏ № _______

 

Bakı şəhəri

_____________________ 200______ il

 

Bundan sonra “təhsil müəssisəsi” adlandırılan Azərbaycan Respublikası təhsil müəssisəsinin rəhbəri ___________________________ şəxsində bir tərəfdən və “əcnəbi tələbə” adlandırılan __________________ vətəndaşı _______________________ digər tərəfdən aşağıdakı məzmunda müqavilə imzaladılar.

 

I. Müqavilənin məzmunu

 

Təhsil müəssisəsi ödənişli əsaslarla əcnəbi tələbəyə qəbul olunmuş qaydalara və təhsil proqramlarına uyğun olaraq _____________________ ixtisası üzrə ali baza təhsili verməyi, əcnəbi tələbə təhsil almağı, hər tədris ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyənləşdirdiyi _________ ABŞ dolları məbləğində təhsil haqqının özü və ya sponsoru tərəfindən təhsil müəssisəsinin hesabına keçirilməsini öhdəsinə götürür.

 

II. Tərəflərin vəzifələri

 

2.1. Təhsil müəssisəsi:

əcnəbi tələbə tədris ili başlanana qədər illik təhsil haqqının ən azı 50 faizini təhsil müəssisəsinin hesabına köçürdükdən sonra onun təhsil müəssisəsinə qəbulu haqqında əmr verir;

təhsil prosesinin yüksək elmi-metodiki səviyyədə aparılmasını təmin edir;

əcnəbi tələbəyə kitabxana, idman kompleksi, tibbi xidmət, yataqxana, habelə ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan istifadə etmək imkanı yaradır;

əcnəbi tələbə təhsilini uğurla başa vurduqdan sonra ona təhsil haqqında dövlət sənədi verir.

2.2. Əcnəbi tələbə:

təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir;

təhsil müəssisəsinin əmlakının korlanmasına yol vermir;

onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəyir.

 

III. Müqavilənin əlavə şərtləri

 

3.1. Təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanmış bu müqaviləni ləğv etmək hüququna malikdir:

daxili intizam qaydaları kobud surətdə pozulduqda;

2.1 bəndində göstərilən müddətdə təhsil haqqı ödənilmədikdə;

cinayət məsuliyyətinə cəlb olunduqda;

xarici ölkə vətəndaşları Azərbaycan Respublikasında yaşayış qaydalarını pozduqda.

3.2. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə təhsil müəssisəsindən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.

3.3. Müqavilə şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan münaqişələrə Azərbaycan Respublikasının İqtisad Məhkəməsində baxılır.

3.4. Müqavilə imzalandığı tarixdən sayılmaqla 10 gün müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir və qeydiyyatdan keçdikdən sonra qüvvəyə minir.

3.5. Müqavilə Azərbaycan dilində üç nüsxədə tərtib olunmuş və imzalanmışdır. Onun bir nüsxəsi təhsil müəssisəsində əcnəbi tələbənin şəxsi işində, bir nüsxəsi əcnəbi tələbənin özündə, bir nüsxəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyində saxlanılır.

 

Təhsil müəssisəsinin rəhbəri:

_____________________________________

(əcnəbi tələbənin soyadı, adı, atasının adı)

Ünvan:

Ünvan:

Bakı şəhəri

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 264)

2.       11 noyabr 2010-cu il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1039)

3.       01 may 2015-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2015-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 613)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 01 may 2015-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 may 2015-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 613) ilə ləğv edilmişdir.

 

[2] 11 noyabr 2010-cu il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1039) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamə"nin II bölməsinin 1.1-ci yarımbəndinin ikinci abzasında "hökumətlər və idarələrarası" sözləri "hökumətlərarası" sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status