Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydasının təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 mart 2001-ci il
№ 58
|
|
Tibbi sığorta müqaviləsinin forması və bağlanma
QAYDASI
[2]
1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar tibbi sığortanı həyata keçirmək üçün onun subyektləri arasında müqavilə bağlanması bu Qayda ilə müəyyən edilir.
2. Tibbi sığorta müqaviləsi - qanunvericiliklə müəyyən olunmuş qaydada sığortalı tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın müəyyənləşdirilməsinin və təşkilini müəyyən edən, sığorta orqanının digər mənafelərini müdafiə edən yazılı sazişdir (Tibbi sığorta müqaviləsinin forması əlavə olunur).
3. İcbari tibbi sığorta müqaviləsi bir il, könüllü tibbi sığorta müqaviləsi isə tərəflərin razılığı ilə müəyyənləşdirilmiş müddətə bağlanır.
4. Sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd - sığorta olunanlara tibbi sığorta təşkilatı tərəfindən verilmiş və imza edilmiş qanunvericiliklə müəyyən olunmuş formalı tibbi sığorta şəhadətnaməsidir.
5. Müqavilənin bağlanması üçün sığortalı müvafiq tibbi sığorta təşkilatına ərizə ilə müraciət etməlidir. Tibbi sığorta təşkilatı icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan sığortalıyla icbari tibbi sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
[3]
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, hüquqi ünvanı, onun bank rekvizitləri və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
fiziki şəxslər üçün - sığortalının ünvanı, soyadı, adı, atasının adı, telefonu, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün isə həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
soyadı, adı, atasının adı, doğulduğu yer, cinsi, daimi yaşayış yeri, iş yeri və icra edilən işin xüsusiyyəti göstərilməklə sığorta olunan vətəndaşların siyahısı;
sığorta haqqının məbləğini müəyyən etmək üçün əhəmiyyətli olan başqa məlumatlar (sağlamlıq göstəriciləri haqqında və s.);
könüllü tibbi sığorta müqaviləsi üçün əlavə olaraq sığorta tibbi xidmətlərinin siyahısı və sığorta təminatının şərtləri.
6. Tibbi sığorta təşkilatı sığortalıyla könüllü tibbi sığorta müqaviləsi bağlamağın mümkün olması barədə beş iş günü ərzində qərar qəbul edir və bu barədə sığortalının ərizəsində müvafiq qeyd aparır.
[4]
7. Tibbi sığorta müqaviləsi sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir və bu andan tibbi sığorta təşkilatı tərəfindən hər bir sığorta olunmuş şəxsə sığorta şəhadətnaməsi verilir.
8. Sığorta müqaviləsi bağlanıldıqda, sığortalı sığorta hadisəsinin baş verməsi ehtimalını və həmin hadisənin (sığorta riskinin) baş verməsindən dəyən mümkün ziyanların məbləğini müəyyən etmək üçün mühüm əhəmiyyəti olan şərait barədə (əgər bu şəraitlər sığortaçıya məlum deyildirsə və məlum ola bilməzsə) tibbi sığorta təşkilatına məlumat verməyə borcludur.
Bu zaman elə şəraitlər mühüm sayıla bilər ki, onlar tibbi sığorta təşkilatının yazılı sorğusunda qeyd edilmiş olsun.
Sığorta müqaviləsi bağlanıldıqdan sonra tibbi sığorta təşkilatının sorğusuna sığortalının cavab alınana qədər tibbi sığorta təşkilatı sığorta edənin ona müvafiq şəraitin bildirilməməsini, əsas götürəcək müqavilənin pozulmasını, yaxud həmin müqaviləni mübahisələndirə bilməz.
[5]
Əgər sığorta müqaviləsinin bağlanmasından sonra sığortalı tərəfindən sığorta hadisəsinin baş verilməsinin mümkünlüyünü və onun dərəcəsini müəyyənləşdirmək üçün əhəmiyyətli olan şəraiti haqqında qəsdən yalan məlumatın verilməsi aşkar edilərsə, onda tibbi sığorta təşkilatı müqaviləni mübahisələndirmək hüququna malikdir.
[6]
9. Sığorta müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi aşağıdakı əsaslar ilə müəyyən edilir:
sığorta müqaviləsinin qüvvədəolma müddətinin başa çatması;
sığorta olunan ölümü;
müqavilənin etibarsız olması haqqında məhkəmənin qərar qəbul etməsi;
qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sığorta təşkilatının ləğv edilməsi;
sığortalı -hüquqi şəxsin ləğv edilməsi halında sığorta olunan tərəfindən sığorta tədiyələrinin ödənilməsini öz üzərinə götürməməsi;
tibbi sığorta təşkilatı tərəfindən sığorta qaydaları pozulduqda, sığortalının tələbi (təşəbbüsü) ilə;
sığorta haqqı ödənilmə vaxtından 10 gün ötəndən sonra ödəndikdə, sığorta təşkilatının tələbi (təşəbbüsü) ilə.
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)
2.
5 iyun 2008-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 581)
3.
23 iyun 2015-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №07, maddə 874)
4.
22 iyun 2016-cı il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1219)
5.
6 oktyabr 2016-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1717)
6.
8 sentyabr 2020-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2020-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1203)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
8 sentyabr 2020-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2020-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1203) ilə ləğv edilmişdir.
[2]
5 iyun 2008-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 581) ilə «Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası»nın 2-ci bəndində, 5-ci bəndinin birinci və dördüncü abzaslarında, 6-cı bəndində, 8-ci bəndinin birinci, üçüncü və dördüncü abzaslarında ismin müvafiq hallarında «sığorta edən» sözləri, 9-cu bəndinin altıncı və yeddinci abzaslarında «sığorta etdirənin» sözləri ismin müvafiq hallarında «sığortalı» və «sığortalının» sözləri ilə əvəz edilmişdir.
[3]
23 iyun 2015-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №07, maddə 874) ilə 5-ci hissənin birinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[4]
23 iyun 2015-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №07, maddə 874) ilə 6-cı hissəyə “sığortalıyla” sözündən sonra “könüllü tibbi” sözləri əlavə edilmişdir.
[5]
5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə 8-ci bəndinin üçüncü abzasında “müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz” sözləri “müqaviləni mübahisələndirə bilməz” sözləri ilə əvəz edilmişdir.
[6]
5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə 8-ci bəndinin dördüncü abzasında “müqavilənin etibarsız hesab edilməsini tələb etmək” sözləri “müqaviləni mübahisələndirmək” sözləri ilə əvəz edilmişdir.
[7]
6 oktyabr 2016-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1717) ilə “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”na əlavə -“Tibbi sığorta müqaviləsi”ndə “xüsusi razılığı (lisenziyası)” sözləri “lisenziyası” sözü ilə əvəz edilmişdir.
[8]
22 iyun 2016-cı il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1219) ilə doqquzuncu sətirdə “(vəzifəsi, soyadı, adı və atasının adı)” sözləri “(adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı)” sözləri ilə əvəz edilmişdir.
[9]
22 iyun 2016-cı il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1219) ilə I bölmənin 4-cü hissəsinə “doğulduğu yer,” sözlərindən sonra “doğum tarixi, fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilmişdir və həmin hissədə “daimi yaşayış yeri” sözləri “ünvanı” sözü ilə əvəz edilmişdir.
[10]
5 iyun 2008-ci il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 581) ilə «Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası»na əlavənin - «Tibbi Sığorta Müqaviləsi»nin mətnində ismin müvafiq hallarında «sığorta edən» və «sığorta etdirən» sözləri ismin müvafiq hallarında «sığortalı» sözü ilə əvəz edilmişdir, III hissəsinin 9-cu bəndinə yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.