AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.02.2020
QEYDİYYAT NÖMRƏSİ
73-1
ADI
“Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 53 nömrəli Fərmanının 2.3.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 28 fevral 2020-ci il

    № 73-1

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü və dördüncü hissələrinə uyğun olaraq hazırlanmışdır və yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi qaydalarını müəyyən edir.

1.2. Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydalarda göstərilən tədbirlərin tətbiqi barədə qərar qəbul edir. Həmin qərarın icrası və icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya müəyyən edilən dövlət orqanı, komissiya, qərargah və yaxud digər qurum tərəfindən həyata keçirilir.

1.3. Bu Qaydalarda göstərilən tədbirlər Azərbaycan Respublikasının bütün ərazisində və ya onun ayrı-ayrı hissələrində tətbiq edilə bilər.

1.4. Bu Qaydalarda göstərilən tədbirlərin tətbiqi müddəti bu Qaydaların 1.2-ci bəndində göstərilən qərarla müəyyən edilir.

1.5. Bu Qaydalarda göstərilən tədbirlərin icrası məqsədilə bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətə məxsus olan hüquqi şəxslərin qüvvə və vasitələrindən istifadə edilə bilər.

 

2. Karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlər

 

2.1. Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər:

2.1.1. xüsusi sanitar rejim:

1. yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi;

2. xəstəliyin təbiətindən və yaranmış vəziyyətdən asılı olaraq yerləşdirilmə qaydası və müddəti müəyyən edilməklə, yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi ayrılmış xəstəxanalara və ya digər məntəqələrə yerləşdirilməsi;

3. yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin təcrid edilməsi və müalicəsi üçün ayrılmış tibb müəssisələrinin idarə edilməsi, həmin müəssisələrdə sanitariya-epidemioloji, məhdudlaşdırıcı, qidalanma, xəstələrin çeşidlənməsi, laborator müayinə, tibbi tullantıların idarə edilməsi və digər sahələrdə xüsusi qaydaların tətbiq edilməsi istiqamətində göstəriş verilməsi;

4. tibb müəssisələrində ehtiyat çarpayılarının ayrılması, zəruri avadanlıqların hazır vəziyyətdə saxlanılması, tibbi personalın mövcudluğunun təmin edilməsi və digər bu kimi tədbirlərin görülməsi istiqamətində göstəriş verilməsi;

5. yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi olan ərazilərdə xüsusi sanitariya-gigiyena qaydalarının, o cümlədən kommunal gigiyena, ictimai iaşə, məişət, xidmət, mədəniyyət, idman obyektlərində gigiyena qaydalarının, əməyin gigiyenası, nəqliyyatda gigiyena, epidemiya əleyhinə gigiyena, radiasiya əleyhinə gigiyena və digər gigiyena qaydalarının müəyyən edilməsi;

2.1.2. xüsusi iş rejimi:

1. mərkəzi və yerli icra hakimiyyəti orqanları, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, habelə fiziki şəxslər üçün xüsusi iş rejiminin tətbiq edilməsi;

2. fiziki şəxslərin əmək fəaliyyəti ilə məşğul olmasına dair yaş məhdudiyyətlərinin müəyyən edilməsi (mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus hüquqi şəxslərin rəhbərliyi, habelə hüquq mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanlar, dövlət əhəmiyyətli və həyat təminatlı obyektlər, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələr, səhiyyə və digər tibb müəssisələrinin hərbi qulluqçuları və işçiləri istisna olmaqla);

2.1.3. xüsusi təhsil rejimi:

mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün təhsil müəssisləri üçün xüsusi tədris, təlim-tərbiyə qaydalarının müəyyən edilməsi (dərslərin təxirə salınması, müxtəlif vaxt rejimlərinin tətbiq edilməsi və s.);

2.1.4. xüsusi hərəkət rejimi:

1. kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, vətəndaşların hərəkət sərbəstliyinin məhdudlaşdırılması, Azərbaycan Respublikasının ərazisinə və ya onun ayrı-ayrı hissələrinə giriş-çıxışa məhdudiyyətlərin müəyyən edilməsi, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, habelə nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin yoxlanılması;

2. xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Azərbaycan Respublikasının ayrı-ayrı hissələrinə giriş-çıxışın məhdudlaşdırılması;

2.1.5. xüsusi daşıma rejimi:

1. müxtəlif nəqliyyat vasitələri ilə vətəndaşların xarici ölkələrdən təxliyə edilməsi, təxliyə edilənlərin müəyyən qrafik üzrə ölkəyə gətirilməsi, yaş, sağlamlıq, ailə vəziyyəti və digər zəruri əsaslarla təxliyənin ardıcıllığının müəyyən edilməsi;

2. malların və məhsulların Azərbaycan Respublikasına, habelə ölkənin müəyyən edilmiş hissələrinə gətirilməsi və buradan aparılması ilə bağlı məhdudiyyətlərin və xüsusi rejimin müəyyən edilməsi.

 

3. Yekun müddəalar

 

3.1. Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsinə müvafiq olaraq yaranmış zərurətlə əlaqədar digər xüsusi karantin, profilaktika, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər.

3.2. Bu Qaydalarda nəzərdə tutulan tədbirlər yaranmış vəziyyətə mütənasib şəkildə tətbiq edilir.

3.3. Bu Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, inzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status