Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində tətbiq edilən xüsusi karantin rejimi müddətində əhaliyə göstərilən ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində əlavə resursların səfərbər edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinin optimallaşdırılması məqsədilə xüsusi karantin rejimi müddətində Bakı şəhəri üzrə ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinin idarə edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilsin.
2. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş tibbi yardımın maliyyələşdirilməsi və təchizatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təmin edilsin.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn digər məsələlərin həllini təmin etsinlər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 30 iyun 2020-ci il
№ 231