Əhalinin radiasiya təhlükəsizliyi haqqında
Azərbaycan Respublİkasının Qanunu
Bu Qanun radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını müəyyən edir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əsas anlayışlar:
radioaktiv maddə — kənar (xarici) təsir olmadan atom nüvəsinin çevrilməsi nəticəsində ionlaşdırıcı şüa buraxan izotoplar (atomlar);
ionlaşdırıcı şüalanma — radioaktiv çevrilmələr və nüvə parçalanması zamanı ətraf mühitlə qarşılıqlı təsir nəticəsində maddədə müxtəlif işarəli ionlar yarada bilən şüalar;
radioaktiv maddələrin aktivliyi — radioaktiv maddənin nüvə parçalanma sürətini xarakterizə edən, vahid zamanda baş verən parçalanmaların sayı, vahidi — Bekkereldir (BK), küridir (Kü);
zivert (zv) — Ekvivalent dozanın güc vahidi olub, 1 kq maddənin 1 saniyədə udduğu enerji;
rentgen — rentgen və qamma-şüalarının şüalanma doza vahidi olub, normal şəraitdə 1 kub sm havada yaratdığı elektrik yükünün miqdarı;
radioaktivliyə nəzarət — radiasiya təhlükəsizliyi, radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələrinə aid əsas sanitariya qaydaları və normalarına riayət olunması;
əhalinin radiasiya təhlükəsizliyi (bundan sonra radiasiya təhlükəsizliyi) — indiki və gələcək nəsillərin sağlamlığının ionlaşdırıcı şüalanmaların zərərli təsirindən qorunması;
təbii radiasiya fonu — kosmik şüalanmaların və təbii radionuklidlərin torpaqda, suda, havada, biosferin digər elementlərində, qida maddələrində, habelə insan orqanizmində təbii yaratdığı şüalanma dozası;
texnogen dəyişdirilmiş radiasiya fonu — insan fəaliyyəti nəticəsində təbii radiasiya fonunun dəyişdirilməsi;
yol verilən doza — insan orqanizminin və onun ayrı-ayrı orqanlarının radiohəssaslığını nəzərə almaqla şüalanmanın gələcəkdə orqanizmdə mənfi nəticələr törətməsi ehtimalının inkar olunmasını təsdiqləyən təqvim ili ərzində ionlaşdırıcı şüalanmanın dozası;
sanitar-mühafizə zonası — ionlaşdırıcı şüalanma mənbəyi ətrafında mənbənin normal istismarı şəraitində əhalinin effektiv (normal) şüalanma normasından yüksək dozalı ərazi;
müşahidə zonası — sanitar-mühafizə zonasının hüdudları xaricində radiasiya nəzarəti aparılan ərazi;
işçi — bilavasitə ionlaşdırıcı şüa mənbələri ilə daimi və ya müvəqqəti işləyən şəxs;
radiasiya qəzası — texniki qurğuların nasazlığı, işçilərin (personalın) səhvi, təbii fəlakətlər və digər səbəblərdən ionlaşdırıcı şüa mənbələri üzərində idarəetmənin itirilməsi nəticəsində insanların müəyyən olunmuş normadan artıq şüalanmasına və ya ətraf mühitin radioaktiv çirklənməsinə gətirən qəzalar.
Maddə 2. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi tənzimləmə
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi tənzimləmə bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları radiasiya təhlükəsizliyinə və onun bu Qanunla müəyyən edilmiş təminatına olan tələblərin səviyyəsini azalda bilməz.
Radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin nəzərdə tutduğu qaydalar Azərbaycan Respublikası qanunvericiliyinin mövcud müddəalarından fərqlidirsə, onda beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Maddə 3. Radiasiya təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri
Radiasiya təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri aşağıdakılardır:
normalaşdırma prinsipi — əhalinin bütün ionlaşdırıcı şüalanma mənbələrindən aldıqları fərdi dozanın miqdarı yol verilən dozadan yüksək olmaması;
əsaslandırma prinsipi — ionlaşdırıcı şüa mənbələrindən istifadə zamanı insan və cəmiyyətə veriləcək fayda təbii radiasiya fonuna əlavə olunan şüalanma dozası nəticəsində yarana bilən zərərin riskindən artıq olmadıqda belə istifadə ilə bağlı bütün fəaliyyət növlərinin qadağan olunması;
optimallaşdırma prinsipi — ionlaşdırıcı şüa mənbələrinin istifadəsi zamanı iqtisadi və sosial amillər nəzərə alınmaqla fərdi şüalanma dozasının və şüalanmaya məruz qalan şəxslərin sayının mümkün qədər aşağı səviyyədə saxlanılması.
Radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasında aşağıdakılar əsas götürülməlidir:
radiasiya qəzasının nəticələrini ləğv etmək üçün nəzərdə tutulan tədbirlər zərərdən çox fayda verməlidirlər;
radiasiya qəzasının nəticələrinin ləğvi üzrə fəaliyyətin növləri və miqyası ionlaşdırıcı şüalanma dozasının maksimum azalmasını təmin etməlidirlər.
Maddə 4. Radiasiya təhlükəsizliyinin təmin edilməsi
Radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
təşkilati-hüquqi, mühəndis-texniki, sanitariya-gigiyena, tibbi-profilaktik, təlimat və təhsil xarakterli tədbirlər kompleksinin;
dövlət və yerli özünüidarə orqanları, ictimai birliklər, hüquqi və fiziki şəxslər tərəfindən radiasiya təhlükəsizliyi sahəsində qayda, norma və normativlərə əməl olunma tədbirlərinin;
radiasiya şəraiti və radiasiya təhlükəsizliyi tədbirləri haqqında əhaliyə məlumat verilməsi.
II fəsil
Radİasİya təhlükəsİzlİyİnİn təmİn olunması sahəsİndə dövlət və yerlİ özünüİdarə orqanlarının səlahİyyətlərİ
Maddə 5. Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri
Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri aşağıdakılardır:
dövlət siyasətinin müəyyənləşdirilməsi və onun həyata keçirilməsi;
müvafiq qanunvericilik aktlarının, digər normativ hüquqi aktların işlənib hazırlanması, qəbul edilməsi və onlara əməl olunmasına nəzarət;
dövlət proqramının hazırlanması və həyata keçirilməsi;
radiasiya təsiri nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyə bilən zərərin yüksək riski ilə əlaqədar kompensasiyanın növləri və miqdarının təyin olunma qaydalarının müəyyənləşdirilməsi;
radiasiya qəzası baş vermə təhlükəsi yaranarsa, çevik tədbirlərin təşkili və həyata keçirilməsi;
radiasiya qəzası nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyən zərərin ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən şüalanma dozasının uçotu və ona nəzarət sahəsində vahid dövlət idarəetmə sisteminin yaradılması və onun fəaliyyətinin təmin olunması;
radiasiya qəzası nəticəsində radioaktiv çirklənmələrə məruz qalmış ərazilərdə iş və yaşayışın xüsusi rejiminin müəyyən edilməsi;
müvafiq ərazilərin radiasiya şəraiti haqqında sakinlərə informasiya verilməsi;
radiasiya qəzası nəticəsində şüalanmaya məruz qalmış əhaliyə kömək göstərilməsinin təşkili və ona nəzarət;
radiasiya qəzası nəticəsində radioaktiv çirklənməyə məruz qalmış ərazilərdə təbii qoruqların — nadir bitki və heyvan növlərinin mühafizəsi üçün tədbirlər görülməsi;
strateji nüvə materiallarının, radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa mənbələrinin idxal və ixracının, onların tranzit ötürülməsinin, ölkə ərazisində daşınmasının tənzimlənməsi və fəaliyyət növlərinə nəzarətin həyata keçirilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının həyata keçirilməsi və beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi.
Maddə 6. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində yerli özünüidarə orqanlarının səlahiyyət və vəzifələri
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində yerli özünüidarə orqanlarının səlahiyyət və vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
III fəsil
Radİasİya təhlükəsİzlİyİnİn təmİn edİlməsİ sahəsİndə dövlət İdarəetməsİ və nəzarətİ
Maddə 7. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsi və nəzarəti
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsini və nəzarətini öz səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
[1]
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsini və nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti qanunvericiliklə tənzimlənir.
Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyəti “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılır. [2]
Maddə 8. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramları
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri həyata keçirmək üçün dövlət proqramları, o cümlədən ərazi (regional) proqramlar hazırlanır.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramların yerinə yetirilməsi tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir. [3]
Maddə 9. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət normalaşdırılması
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət normalaşdırılması sanitariya-gigiyena norma, qayda və normativlərinin, radiasiya təhlükəsizliyi qaydalarının, dövlət standartlarının, əməyin mühafizəsi, tikinti norma və qaydalarının radiasiya təhlükəsizliyi haqqında sərəncamverici, təlimat və başqa sənədlərin qəbul edilməsi ilə həyata keçirilir.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində sanitariya norma və qaydaları, gigiyena normativləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
İonlaşdırıcı şüa mənbələrindən istifadə edildikdə Azərbaycan Respublikası hüdudlarında şüalanmanın aşağıdakı əsas gigiyena normativləri müəyyənləşdirilir:
əhali üçün orta illik yol verilən doza 0,001 zivertə bərabərdir və ya insanın bütün həyatı dövründə (70 il) yol verilən doza 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl beş il ərzində orta illik yolverilən doza 0,001 zivertdən artıq olmamalıdır;
radiasiya qurğularında işləyənlər üçün yol verilən orta illik doza 0,02 zivertə və ya həyatının müəyyən fəaliyyəti dövründə (50 il) yol verilən doza 1 zivertə bərabər götürülür. Əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02 zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən doza 0,05 zivertə çata bilər.
Bu Qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə təbii radiasiya fonunun və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun yaratdığı dozalar, habelə vətəndaşların (xəstələrin) diaqnostika və müalicəsi zamanı rentgen-radioloji və digər mənbələrdən aldıqları dozalar daxil deyil. Şüalanma dozalarının qəbul olunmuş hədləri insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya məruz qalması zamanı yol verilə bilən dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilir. [4]
Radiasiya qəzası şəraitində məhdud zaman intervalında sanitariya-gigiyena norma və qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilir. [5]
Əhali şüalanmaya məruz qaldıqda bu maddədə müəyyənləşdirilmiş şüalanmanın əsas gigiyena normativləri (dozanın yol verilə bilən həddi) ölkənin müxtəlif əraziləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən konkret sanitariya-gigiyena və ekoloji şəraitin, əhalinin sağlamlıq vəziyyətini, ətraf mühitin başqa amillərinin insana təsir səviyyəsini nəzərə almaqla azaldılır. [6]
Radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri ilə iş vaxtı radioaktiv şüalanmadan mühafizə üzrə texniki təhlükəsizlik haqqında təlimat qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Radiasiya təhlükəsizliyi məsələləri üzrə dövlət standartları, tikinti norma və qaydaları, əməyin mühafizəsi qaydaları, sərəncam, təlimat metodiki və digər sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təsdiq edilir. [7]
Maddə 10. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin həyata keçirilməsi
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, emalı (istehsalı), daşınması, nəqli, saxlanılması, istifadəsi, məhv edilməsi və basdırılması sahəsindəki işlər dövlət inhisarında olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
[8]
Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
[9]
Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların və poliqonların layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası aparılır.
Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində mövcud müəssisələr, habelə bu fəaliyyətlə bağlı digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.
Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində mövcud müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrə, habelə bu fəaliyyətlə bağlı digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.
[10]
Maddə 11. Radiasiya təhlükəsizliyinin təmin edilməsinə istehsalat nəzarəti
İonlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisələr və təşkilatlar radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün müntəzəm istehsalat nəzarəti keçirirlər.
İstehsalat nəzarətinin həyata keçirilməsi qaydası hər bir müəssisə və ya təşkilat üçün onun işinin xüsusiyyət və şəraiti nəzərə alınmaqla təyin edilir və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində pozuntular aşkar edildikdə istehsalat nəzarətini həyata keçirən səlahiyyətli şəxslər şüa mənbələri ilə aparılan işləri dayandırmalı və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. [11]
Maddə 12. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai nəzarət
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ictimai birliklər radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən müəssisələrdə və təşkilatlarda norma, qayda və normativlərin yerinə yetirilməsinə ictimai nəzarət etmək hüququna malikdirlər.
IV fəsil
Radİasİya təhlükəsİzlİyİnİn təmİn edİlməsİnə tələblər
Maddə 13. Radiasiya təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi
Müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparır. [12]
Radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və aşağıdakılara əsasən həyata keçirilir: [13]
ətraf mühitin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsində norma, qayda və gigiyena tədbirlərinə əməl olunmasının təhlili;
radiasiya qəzasının ehtimalı və onun miqyası;
radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq;
ionlaşdırıcı şüa mənbələrindən əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalanma dozalarının təhlili;
müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı.
Ərazi, müəssisə və təşkilatların radioaktiv təhlükəsizliyə hazırlığının vəziyyəti hər il ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur.
Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsinin qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 14. İonlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər:
radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid bu Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və təlimatlara əməl edilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin planlaşdırılıb həyata keçirilməsi;
ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması;
radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata keçirilməsi;
işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu;
istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin attestasiyasının keçirilməsi;
işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi müayinələrdən keçirilməsi;
işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat verilməsi;
radiasiya təhlükəsizliyi sahəsində müvafiq icra hakimiyyəti orqanlarına radiasiya təhlükəsizliyi üçün qorxu yaradan qəza şəraiti və texnoloji reqlament pozuntuları haqqında vaxtında məlumat verilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarının, onların səlahiyyətli nümayəndələrinin müvafiq göstərişlərinin yerinə yetirilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının həyata keçirilməsinin təmin edilməsi;
radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi.
Maddə 15. Təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin təmin edilməsi
İşçilərin və əhalinin yaşayış və istehsalat binalarında radon, onun parçalanma məhsulları, habelə digər təbii radionuklidlərin yaratdığı şüalanma normativlərlə müəyyən olunmuş dozadan artıq olmamalıdır.
Əhali və işçilərin təbii radionuklidlərin təsirindən mühafizəsi məqsədilə aşağıdakı tədbirlər həyata keçirilməlidir:
qamma-şüalanmanın və torpaqdan ayrılan radonun səviyyəsini nəzərə almaqla binaların və qurğuların tikilməsi üçün zərərsiz (təhlükəsiz) torpaq sahələrinin ayrılması;
radonun binaya daxil olmasının qarşısının alınması tədbirləri nəzərə alınmaqla bina və qurğuların layihələşdirilməsi və tikilməsi;
yaşayış bina və sənaye (istehsal) qurğularının istismara qəbul edilməsi zamanı binaların daxilindəki havada radonun, təbii radionuklidlərdən və digər radioaktiv maddələrdən qamma-şüalanmanın dozasının intensivliyinin nəzərə alınması, tikinti materiallarında radiasiya təhlükəsizliyi üzrə istehsalat nəzarətinin keçirilməsi;
bina və qurğuların istismarı zamanı otaqlarda radonun və təbii radionuklidlərdə qamma və digər radioaktiv şüalanmanın səviyyəsinin nəzərə alınması.
Bina və qurğularda təbii radionuklidlər, qamma-şüalanmanın və radonun miqdarının normativlərə uyğun olmadığı halda bu bina və qurğunun istifadə məqsədi dəyişdirilir.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinə cavab verməyən tikinti materialları və məmulatlarından istifadə etmək qadağan edilir.
Maddə 16. Qida məhsulları istehsalı və istifadəsi zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə tələblər
Ərzaq, qida məhsulları, onlar üçün xammallar, içməli su, onların emalı, istehsalı, saxlanması, daşınması, satışı (paylanması) və istifadəsi zamanı onlarla təmasda olan material və məmulatlar radiasiya təhlükəsizliyi tələblərinə cavab verməli və bu qanuna uyğun olaraq istehsalat nəzarətində olmalıdır.
Radiasiya təhlükəsizliyi normalarına cavab verməyən sənaye və ərzaq məhsullarının ölkəyə gətirilməsinə yol verilmir.
Maddə 17. Tibbi rentgen-radioloji proseduralar keçirilən zaman əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi
Əhali (xəstələr) tibbi rentgen-radioloji müayinədən keçirilən zaman qoruyucu vasitələrdən istifadə olunmalıdır.
Əhalinin tibbi rentgen-radioloji müayinəsindən keçirilməsi zamanı şüalanma dozaları radiasiya təhlükəsizliyi sahəsindəki qayda, norma və normativlərə uyğun olmalıdır.
Tibbi rentgen-radioloji müayinəsi və müalicəsi zamanı xəstənin tələbi ilə ona göstərilən və ya aldığı şüalanma dozası və şüalanmanın mümkün nəticəsi barədə tam məlumat verilməlidir.
Epidemioloji nöqteyi-nəzərdən təhlükəli xəstəliklərin aşkar edilməsi məqsədilə aparılan profilaktiki müayinələr, habelə rentgen müayinəsi yeganə diaqnostik vasitə olduğu hallar istisna olmaqla xəstə tibbi rentgen-radioloji müayinəsindən keçməkdən imtina edə bilər.
Maddə 18. Fərdi şüalanma dozasının uçotu və ona nəzarət
Əhalinin ionlaşdırıcı şüa mənbələrindən istifadə, tibbi rentgen-radioloji müayinə zamanı aldığı, habelə təbii radiasiya fonu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonu ilə yaranan fərdi şüalanma dozalarının uçotu və ona nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada aparılır.
V fəsil
Radİasİya qəzası zamanı radİasİya təhlükəsİzlİyİnİn təmİn edİlməsİ
Maddə 19. Əhalinin və işçilərin (personalın) radiasiya qəzasından mühafizə tədbirləri
Radiasiya qəzası baş vermə ehtimalı olan müəssisə və təşkilatlar aşağıdakılara malik olmalıdırlar:
potensial radiasiya qəzalarının siyahısına;
radiasiya qəzası baş verdikdə qəbul edilməsi zəruri olan qərarların meyarlarına;
işçilərin (personalın) və əhalinin radiasiya qəzasından və qəzanın nəticələrindən mühafizənin təmin edilməsi tədbirlərinin radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış tədbirlər planına;
radiasiya qəzası haqqında məlumat vermək və onun nəticələrini ləğv etmək üçün vasitələrə;
radiasiya qəzasına məruz qalan şəxslərin profilaktikası və radiasiya qəzasından zərər çəkənlərə pulsuz ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün vasitələrə;
işçilərdən (personaldan) təşkil olunmuş qəza-xilasetmə dəstələrinə.
Maddə 20. İonlaşdırıcı şüa mənbələrində istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların radiasiya qəzasından əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində vəzifələri
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların radiasiya qəzası zamanı vəzifələri:
radiasiya qəzası və onun nəticələrindən işçiləri (personalı) və əhalini mühafizə sahəsində tədbirlərin yerinə yetirilməsini təmin etmək;
radiasiya qəzası baş verdikdə radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına, yüksək şüalanma gözlənilən ərazinin yerli özünüidarə orqanlarına və əhaliyə məlumat vermək;
radiasiya qəzasından zərər çəkənlərə ilkin tibbi yardım göstərilməsini həyata keçirmək;
radioaktiv çirklənmə mənbələrini təcrid etmək və radioaktiv maddələrin ətraf mühitə yayılmasının qarşısını almaq;
radiasiya qəzası zamanı radiasiya şəraitinin dəyişməsi və radiasiya qəzasının genişlənməsinin operativ təhlilini aparmaq;
radiasiya qəzası ləğv edildikdən sonra ionlaşdırıcı şüa mənbələri ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların ərazisində radiasiya şəraitinin normalaşdırılması sahəsində əməli tədbirlər görməkdir.
Maddə 21. Radiasiya qəzasının nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozada şüalanmasına tələblər
Radiasiya qəzasının nəticələrinin ləğv olunması, qəza-xilasetmə və dezaktivasiya işləri ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozalı şüalanmaya məruz qalmasına səbəb yalnız insanları xilas etmək və ya onların daha yüksək şüalanma dozasına məruz qalmasının qarşısını almaq məqsədi ola bilər. Radiasiya qəzası nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin şüalanma dozası bu Qanunun 9-cu maddəsində işçilər (personal) üçün nəzərdə tutulmuş orta illik normativ şüalanma dozasından 10 dəfədən artıq ola bilməz.
Radiasiya qəzası nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalması həmin şəxslərin bütün həyatı dövründə ala biləcəyi şüalanmaya qədər dozanı bir dəfə almaq və sağlamlığı üçün risk haqqında əvvəlcədən məlumat vermək şərti ilə və könüllülük əsasında yol verilir. [14]
Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir.
[15]
Maddə 22. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməsi və ya pozulması üçün məsuliyyət
Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar.
VI fəsil
Radİasİya təhlükəsİzlİyİnİn təmİn edİlməsİ sahəsİndə əhalİnİn və İctİmaİ bİrlİklərİn hüquq və vəzİfələrİ
Maddə 23. Radiasiya təhlükəsizliyi sahəsində əhalinin hüquqları
Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin radiasiya təhlükəsizliyi hüququ vardır.
Maddə 24. Əhalinin və ictimai birliklərin məlumat almaq hüququ
Əhali və ictimai birliklər ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlardan onların səlahiyyətləri dairəsində radiasiya şəraiti və radiasiya təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlər haqqında alınması məhdudlaşdırılan informasiya istisna edilməklə obyektiv məlumat almaq hüququna malikdirlər. [16]
Maddə 25. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların ərazisinə daxil olma hüququ
İctimai birlik nümayəndələri Azərbaycan Respublikası qanunvericiliyinin müəyyənləşdirdiyi qayda və şərtlər daxilində ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların ərazisinə daxil ola bilərlər.
Maddə 26. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda işləyənlərin, yaxın ərazilərdə yaşayan əhalinin sosial müdafiəsi
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda işləyənlərin və yaxın ərazilərdə yaşayan əhali müəyyən olunmuş təbii şüalanma dozası səviyyəsindən artıq dozaya məruz qaldıqda qanunvericiliklə müəyyən olunmuş qaydada sosial müdafiə hüququna malikdirlər.
Maddə 27. İonlaşdırıcı şüalanmanın təsiri və radiasiya qəzası nəticəsində əhalinin həyatına, sağlamlığına və əmlakına dəymiş zərərə görə ödəniş almaq hüququ
Əhalinin bu Qanunla müəyyən olunmuş dozadan artıq şüalanma, həmçinin radiasiya qəzası ilə əlaqədar onların sağlamlığına, əmlakına və həyatına dəyən zərərə görə maddi ödəniş almaq hüququ vardır.
Maddə 28. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin vəzifələri
Radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarının, Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəzifələri:
radiasiya təhlükəsizliyinin təmin olunması tələblərinə əməl etmək;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin yerinə yetirilməsində iştirak etmək.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 30 dekabr 1997-ci il
№ 423-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25 mart 2003-cü il tarixli 429-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 178)
2.
4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278)
3.
3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223)
4.
30 dekabr 2016-cı il tarixli 475-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 yanvar 2017-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 26)
5.
3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 988)
6.
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178) ilə 7-ci maddənin birinci hissədən “öz səlahiyyətləri çərçivəsində” sözləri çıxarılmışdır.
[2]
4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 7-ci maddəyə üçüncü hissə əlavə edilmişdir.
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178) ilə 7-ci maddənin üçüncü hissədə “qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırıla bilər” sözləri “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılır” sözləri ilə əvəz edilmişdir.
[3]
3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 988) ilə 8-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.
[4]
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178) ilə 9-cu maddənin dördüncü hissənin ikinci cümləsində “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.
[5]
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178) ilə 9-cu maddənin beşinci hissədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilmişdir.
[6]
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178) ilə 9-cu maddənin altıncı hissədə “azaldıla bilər” sözləri “azaldılır” sözü ilə əvəz edilmişdir.
[7]
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178) ilə 9-cu maddənin səkkizinci hissədə “səlahiyyətli dövlət orqanları tərəfindən” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir.
[8]
30 dekabr 2016-cı il tarixli 475-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 yanvar 2017-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 26) ilə 10-cu maddədən “dövlət inhisarında olmaqla” sözləri çıxarılmışdır.
[9]
30 dekabr 2016-cı il tarixli 475-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 yanvar 2017-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 26) ilə 10-cu maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.
[10]
3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 988) ilə 10-cu maddəyə yeni məzmunda üçüncü-altıncı hissələr əlavə edilmişdir.
[11]
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178) ilə 11-ci maddənin üçüncü hissəsində “şəxslərin pozuntular aradan qaldırılanadək ionlaşdırıcı şüa mənbələri ilə aparılan işləri dayandırmaq hüququ vardır” sözləri “şəxslər şüa mənbələri ilə aparılan işləri dayandırmalı və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər” sözləri ilə əvəz edilmişdir.
[12]
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178) ilə 13-cü maddənin birinci hissəsinə “qiymətləndirilməsi” sözündən sonra “(sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.
[13]
3 may 2019-cu il tarixli 1579-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 988) ilə 13-cü maddənin ikinci hissəsində “qiymətləndirilməsi” sözündən sonra “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və” sözləri əlavə edilmişdir.
[14]
17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1178) ilə 21-ci maddənin ikinci hissəsində “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilmişdir.
[15]
3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223) ilə 21-ci maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə verilən ödənişin növləri və miqdarı qanunvericiliklə müəyyən edilir.
[16]
25 mart 2003-cü il tarixli 429-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 178) ilə 24-cü maddədə "tədbirlər haqqında" sözlərindən sonra "alınması məhdudlaşdırılan informasiya istisna edilməklə" sözləri əlavə edilmişdir.