AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.10.2020
QEYDİYYAT NÖMRƏSİ
429
ADI
“Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01-11-2020, Nəşr Nömrəsi: 227), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2020, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1317)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.11.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202010290429
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.11.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1684-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli 1592 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 29 oktyabr 2020-ci il

    № 429

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 29 oktyabr tarixli 429 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısına daxil olan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi məsələlərini tənzimləyir.

1.2. Prekursorların idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak etmək səlahiyyətinə malik olan şəxslər həmin dövriyyə çərçivəsində əməliyyatları yalnız müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziyası olan əks tərəflə aparmalıdırlar.

1.3. Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslər öz fəaliyyəti haqqında ildə 1 (bir) dəfə tibbi məqsədlərlə istifadə üçün nəzərdə tutulmuş prekursorlara dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, digər sahələrdə istifadə üçün nəzərdə tutulmuş prekursorlara dair isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə hesabat təqdim edirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yekun hesabatlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim edilir.

1.4. Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslər tərəfindən prekursorlara olan illik tələbat barədə müraciət tibbi məqsədlərlə istifadə üçün nəzərdə tutulmuş prekursorlara dair olduqda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, digər sahələrdə istifadə üçün nəzərdə tutulmuş prekursorlara dair olduqda isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə növbəti ilin yanvar ayının sonunadək təqdim olunmalıdır. Həmin müraciətə fəaliyyətin (idxal, ixrac və tranzit nəqledilmə) həyata keçirilməsi üçün prekursorların tələb olunan miqdarının siyahısı, onların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi, istifadə məqsədinə dair məlumat və xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanılmış müqavilənin notarial qaydada təsdiq olunmuş surəti əlavə edilməlidir. Müraciətə 15 (on beş) iş günü müddətində baxılır. İllik tələbatın təsdiq edilməsi və ya bundan imtina olunması barədə qərar qəbul edilir. İmtina barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə tərəflərə yazılı məlumat verilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən prekursorların illik tələbatı barədə qəbul edilmiş qərar real vaxt rejimində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir. [1]

1.5. İllik tələbatın həcmi dəyişdikdə prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslər tibbi məqsədlərlə istifadə üçün nəzərdə tutulmuş prekursorlara dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, digər sahələrdə istifadə üçün nəzərdə tutulmuş prekursorlara dair isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə əsaslandırılmış müraciət etməlidirlər. Həmin müraciətlərə bu Qaydaların 1.4-cü bəndində nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilmiş qərar real vaxt rejimində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir. [2]

1.6. “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Birləşmiş Millətlər Təşkilatının 1988-ci il Konvensiyasına uyğun olaraq prekursorların dövriyyəsi haqqında Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsini məlumatlandırmaq öhdəliklərinin icrası ilə əlaqədar yekun hesabat (Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsi tərəfindən təsdiq olunmuş Forma) təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur. Həmin hesabatın Birləşmiş Millətlər Təşkilatının Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırıq verilir.

1.7. Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya almış müəssisədə prekursorlardan zəhərlənmələr zamanı onların fiziki-kimyəvi xassələri və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla, görülməli tədbirlərlə bağlı məlumat lövhəsi olmalıdır.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. prekursorların alınması - prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslər tərəfindən tələbata uyğun olaraq prekursorların alınması;

2.1.2. prekursorların saxlanılması - prekursorların bu Qaydaların 4-cü hissəsi ilə müəyyən edilən tələblərə uyğun şəraitdə saxlanılması;

2.1.3. prekursorların satılması - prekursorların son istifadə və ya tədarük məqsədilə satışının həyata keçirilməsi;

2.1.4. prekursorların əldə edilməsi - prekursorların satış məqsədi olmadan son istifadə məqsədilə istehlakı;

2.1.5. prekursorların paylaşdırılması - prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslər tərəfindən prekursorlara tələbat nəzərə alınmaqla, elmi tədqiqat institutlarında, təhsil müəssisələrində (laboratoriyalarda), sənayedə, kənd təsərrüfatında və tibbi məqsədlərlə istifadə edilməsi üçün əvəzsiz (ödənişsiz) paylanılması;

2.1.6. prekursorların buraxılması - prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslər tərəfindən prekursorlara dair tələb olunan sənədlərin, buraxılan prekursorların qoşma sənədlə uyğunluğunun və qablaşdırmanın düzgünlüyünün yoxlanılaraq buraxılması;

2.1.7. prekursorların daşınması - fiziki-kimyəvi xassələri və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla, prekursorların müəyyən edilmiş saxlanılma şəraitinə əməl olunmaqla yerinin dəyişdirilməsi;

2.1.8. prekursorların göndərilməsi - fiziki-kimyəvi xassələri və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla, prekursorların bir ünvandan digər ünvana çatdırılması;

2.1.9. prekursorlardan istifadə edilməsi - təhsil müəssisələrində (laboratoriyalarda), elmi tədqiqat institutlarında, sənayedə, kənd təsərrüfatında və tibbi məqsədlərlə prekursorlardan istifadə edilməsi.

2.2. Bu Qaydalarda istifadə olunmuş digər anlayışlar “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

3. Prekursorların alınması, əldə edilməsi və onlardan istifadə edilməsi

 

3.1. Prekursorların alınması prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslər tərəfindən tələbata uyğun həyata keçirilir.

3.2. Prekursorların əldə edilməsi satış məqsədi olmadan istehlakçı tərəfindən son istifadə üçün təhvil alınmaqla həyata keçirilir.

3.3. Prekursorlardan elmi tədqiqat institutlarında, təhsil müəssisələrində (laboratoriyalarda), sənayedə, kənd təsərrüfatında və tibbi məqsədlərlə müəyyən edilmiş tələbat çərçivəsində istifadə edilir.

3.4. Prekursorların istifadəsi yanğın əlеyhinə, əməyin mühafizəsi və təhlükəsizlik tехnikası tələblərinə, sanitariya-gigiyena norma və qaydalarına, habelə onların fiziki-kimyəvi xassələri, toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla digər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

 

4. Prekursorların saxlanılması

 

4.1. Prekursorların saxlanılması üçün nəzərdə tutulan anbar sanitariya-gigiyena normalarına, yanğın əleyhinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinə uyğun olmalıdır.

4.2. Prekursorların saxlanılması üçün tələb olunan sənədlərə prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya, xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanılmış müqavilə, yol-nəqliyyat sənədləri, invoys-idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd, prekursorların illik tələbatı və ya illik tələbatın həcminin dəyişdirilməsi barədə qəbul edilmiş qərar və gömrük bəyannaməsi daxildir. [3]

4.3. Prekursorların saxlanılması üçün nəzərdə tutulan anbar xüsusi tikilmiş binada və ya istehsal təyinatlı binalarda (zirzəmi və yarımzirzəmi istisna olmaqla) yerləşə bilər.

4.4. Anbar ayrıca girişə, giriş meydançasına və məhsulun boşaldılması üçün əraziyə malik olmalıdır.

4.5. Anbar sahələri elektrik, mərkəzləşdirilmiş havalandırma sisteminə (anbarın optimal temperatur şəraitini və hava mübadiləsini təmin edən sistemə), yanğın əleyhinə mühafizə sisteminə, siqnalizasiya, dəmir qapı və metal barmaqlığa malik olmalıdır.

4.6. Müəssisə yerinə yetirilən funksiyalara müvafiq olaraq avadanlıq və inventara, kimyəvi maddələrin saxlanılması üçün stellajlara, altlıqlara, nazik tirlərə, havanın parametrlərinin qeydiyyatı üçün avadanlığa (termometr, hiqrometr), kimyəvi maddələrin - prekursorların hesabat sənədləşməsinin saxlanılması üçün bağlanılan metal şkaflara və ya seyflərə, geyinib-soyunma otağında üst və xüsusi geyimlərin, ayaqqabıların saxlanılması üçün şkaflara malik olmalıdır. Həmin müəssisədə çalışan işçilər işlədikləri işə uyğun olaraq qoruyucu və ya müvafiq iş ayaqqabıları, geyimləri ilə təmin edilməlidirlər.

4.7. Prekursorların dövriyyəsinə dair bütün sənədlər müəssisə tərəfindən bütövlüyü pozulmadan və təhlükəsiz şəraitdə 5 (beş) il müddətində saxlanılmalıdır.

4.8. Prekursorların saxlanılması üçün nəzərdə tutulmuş sahələrin (otaqların) divarları və döşəməsi hamar оlmaqla, özündə tоz saxlamayan və dеzinfеksiyaedici vasitələrin istifadəsi ilə nəmliyi təmizləmək üçün davamlı olan örtüyə malik оlmalıdır.

4.9. Prekursorların qorunması üçün stellajlar aşağıdakı şəkildə quraşdırılmalıdır:

4.9.1. çöl divarlara qədər məsafə 0,6-0,7 metrdən az olmamaqla;

4.9.2. tavana qədər məsafə 0,5 metrdən az olmamaqla;

4.9.3. döşəmədən məsafə 0,25 metrdən az olmamaqla;

4.9.4. stellajlar arasında keçidlər üçün məsafə 0,75 metrdən az olmamaqla.

4.10. Stellajlarda, şkaflarda, rəflərdə kimyəvi maddələrin saxlanılması müddəti və sayı göstərilməklə lövhə bərkidilir.

4.11. Anbarda bütün mallar hündürlüyü 14,5 sm-dən az olmayan stellajlarda, altlıqlarda yerləşdirilməlidir.

4.12. Prekursorlar istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş şərtlərə - hərarət, nəm və işıqlılıq rejiminə riayət olunmaqla onların fiziki-kimyəvi xassələri və toksikoloji xüsusiyyətləri, yararlılıq müddəti və ətraf mühitin müxtəlif amillərinin təsiri nəzərə alınmaqla ayrı saxlanılmalıdır. Qablaşdırılmanın keyfiyyəti yoxlanılmalıdır.

4.13. İşıqdan qorunmalı olan prekursorlar (Antranil turşusu, Erqotamin, Efedrin, Etil efiri, Erqometrin, Kalium permanqanat, Norefedrin, Psevdoefedrin, Piperidin, Metiletilketon (MEK) qaranlıq, quru otaqda və içi qara rəngə boyanmış kip qapıları olan şkafda və ya kip qapanmış yeşiklərdə saxlanılmalıdır.

4.14. Sudan qorunmalı olan prekursorlar (Fenilsirkə turşusu, Sulfat turşusu, Xlorid turşusu, N-asetilantranilt turşusu, İzosafrol, Lizergin turşusu, Piperonal, Sirkə turşusunun anhidridi, 1-Fenil- 2-propanon, Safrol, 3,4-metilendioksifenil-2-propanon) sərin, quru, qapalı yerdə və rütubəti keçirməyən materiallardan (şüşə, metal, alüminium) hazırlanmış hermetik bağlanılan tarada saxlanılmalıdır.

4.15. Partlayıcı və tezalışan prekursorların (Aseton, Toluol) saxlanılması üçün tələblər:

4.15.1. polad, alüminium, sinklənmiş çəlləklərdə və metal çənlərdə saxlanılmalı;

4.15.2. hermetik şüşə qablarda saxlanılmalı;

4.15.3. quru, birbaşa düşən günəş işığından, yağıntıdan və qrunt sularından qorunan, dəmir-beton örtüyə malik ayrı otaqlarda saxlanılmalı;

4.15.4. döşəməsi yerin girişindən içəriyə doğru mailliklə, çuxursuz və betonlanmış olmalıdır.

4.16. Prekursorların saxlanılması üçün ayrılmış yer texniki möhkəmlənmə üzrə aşağıdakı tələblərə uyğun olmalıdır:

4.16.1. prekursorların saxlanılması üçün otağın giriş qapısının qalınlığı ən azı 40 mm оlmaqla dəmirdən olmalı və ya hər iki tərəfdən dəmirlə üzlənilməlidir;

4.16.2. qapıların çərçivəsi polad hissədən hazırlanmalıdır;

4.16.3. daxildə barmaqlıqlı qapı metaldan, pəncərələrdə daхili barmaqlıqlar diamеtri ən azı 16 mm оlan pоlad çubuqdan hazırlanmalıdır. Çubuqlar hər bir kəsişmə nöqtəsində qaynaq olunmalı və ölçüsü 150х150 mm-dən çох оlmayaraq özəklər yaradılmalıdır;

4.16.4. müdafiənin ikinci sərhədinə, daxili qapılara, divarlara, tavana qoşulmuş qorunma siqnalizasiyasının olması vacibdir.

4.17. Prekursorların saxlanılması üçün yerlər mühafizə və təhlükə bildirən siqnalizasiya ilə təchiz edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələrinin və ya qanunvericiliklə bu fəaliyyət növü ilə məşğul olmağa lisenziyası olan qeyri-dövlət (özəl) mühafizə müəssisələrinin əməkdaşları tərəfindən qorunmalıdır.

4.18. Prekursorlar kiçik həcmdə (laboratoriyalarda və digər məqsədlər üçün istifadəsi az miqdarda nəzərdə tutulan müəssisələrdə) bağlanılan seyflərdə və qorunan yerlərdə saxlanılır. Prekursorların saxlanıldığı yerlərə girişə icazə yalnız müəssisə rəhbərinin əmri ilə bilavasitə həmin işdə çalışan şəxsə və ya şəxslərə verilir.

4.19. Prekursorların saxlanılması üçün nəzərdə tutulan otaqda su təchizatı, kran və kanalizasiya xətti olmalıdır.

4.20. Zədələnmiş qablaşdırmada olan sertifikatlaşdırılmamış, lazımi sənədləşməsi olmayan, yararsız hala düşmüş prekursorlar müvafiq qaydada məhv edilənədək xüsusi ayrılmış (karantin) zonada yerləşdirilməlidir.

4.21. Böyük həcmdə və çox sayda olması səbəbindən sеyflərdə saxlanılması qeyri-mümkün olan prekursorlar tamlığı pozulmamış (açılmamış) xüsusi nəqliyyat və daşınması üçün istifadə edilən qablaşdırmalarda (sisternlərdə, rezervuarlarda, çəlləklərdə və digər nəqliyyat qablaşdırmalarında) olmaqla, altlıqlar üzərində, stellajlarda, plomblanmış vaqonlarda, konteynerlərdə və ya sisternlərdə saxlanılmasına icazə verilir. Mühafizə olunan ərazi daxili və xarici işıqlandırılma ilə təmin olunmalıdır.

4.22. Pekursorların, eləcə də onlardan alınmış hazır məhsulların saxlanılması üçün yerlər (otaqlar və anbarlar) iş vaxtı bitdikdən sonra bağlanılmalı, möhürlənməli və ya plomblanmalıdır, açar, möhür və ya plomb isə yalnız müəssisənin rəhbərinin əmri ilə bilavasitə həmin işdə çalışan şəxsdə və ya şəxslərdə olmalıdır.

 

5. Prekursorların satılması, daşınması və göndərilməsi

 

5.1. Prekursorların satışı prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslər tərəfindən son istifadə və ya tədarük məqsədilə həyata keçirilir.

5.2. Prekursorların daşınması və göndərilməsi daşınma qaydalarına riayət edilməsi, onların tamlığının qorunması, saxlanılma şəraitinə əməl olunması, marşrut boyunca təhlükəsizliyin təmin edilməsi şərtilə, həmçinin fiziki-kimyəvi xassələri və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

5.3. Prekursorların avtomobil, hava, dəmir yolu və dəniz nəqliyyatı ilə daşınması müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 27 yanvar tarixli 10 nömrəli, “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 24 aprel tarixli 75 nömrəli, “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 20 noyabr tarixli 207 nömrəli və “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarları ilə təsdiq edilmiş qaydalarına uyğun olaraq tənzimlənir.

5.4. Prekursorların daşınması və göndərilməsi üçün marşrut boyunca prekursorların təhlükəsizliyi şərtlərini və ətraf təsirlərdən qorunmasını təmin edən nəqliyyat qablaşdırmasından istifadə olunur. Nəqliyyat qablaşdırmasının üzərində göndərənin və alıcının adı, ünvanı göstərilir.

5.5. Prekursorlar nəqliyyat vasitəsində daşınarkən, sürücüdən başqa yükü müşayiət edən ən azı 2 (iki) nəfər cavabdeh şəxs olmalıdır.

5.6. Prekursorlar yol vərəqəsinə və elektron qaimə-fakturaya əsasən daşınmalıdır.

5.7. Prekursorların daşınması və göndərilməsi yalnız sifarişin qəbulundan sonra həyata keçirilməlidir. Prekursorların saxlanc yerindən daşınması təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir.

5.8. Prekursorların daşınması və göndərilməsi ilə əlaqədar sənədlər məsul şəxsdə saxlanılmalı və ən azı aşağıdakı məlumatları özündə əks etdirməlidir:

5.8.1. göndərilmə tarixi;

5.8.2. müştərinin adı və ünvanı;

5.8.3. məhsulun təsviri (məsələn, adı, forması, sayı və s.);

5.8.4. daşınma və saxlanılma şəraiti.

5.9. Daşınma və göndərilmə ilə əlaqədar bütün qeydlər aparılmalıdır.

 

6. Prekursorların paylaşdırılması və buraxılması

 

6.1. Prekursorların paylaşdırılması və buraxılması onların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə bağlı fəaliyyət növünə lisenziya almış şəxslərin fəaliyyətinin illik miqdarlar çərçivəsində həyata keçirilməsinə istiqamətlənmişdir.

6.2. Prekursorların buraxılması işlərinin aparılması zamanı prekursorların yağıntılardan, aşağı və yüksək hərarətin təsirindən qorunması təmin olunmalıdır.

6.3. Prekursorlar müqavilə əsasında müəyyən edilmiş miqdara uyğun olaraq təhvil-təslim edilir.

6.4. Prekursorların paylaşdırılması zamanı müəssisə və təşkilatların onların fəaliyyətlərinin həyata keçirilməsi üçün tələb olunan illik miqdardan artıq olmayan həcmdə təmin edilməsi nəzərə alınmalıdır.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 yanvar 2023-cü il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17 yanvar 2023-cü il, “Xalq” qəzeti, 18 yanvar 2023-cü il, № 11)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 yanvar 2023-cü il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17 yanvar 2023-cü il, “Xalq” qəzeti, 18 yanvar 2023-cü il, № 11) ilə “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları”nın 1.4-cü bəndin ikinci cümləyə siyahısı sözündən sonra , onların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi, istifadə məqsədinə dair məlumat sözləri əlavə edilmişdir və altıncı cümlə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş prekursorların illik tələbatı barədə məlumat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim edilir.

 

[2] 14 yanvar 2023-cü il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17 yanvar 2023-cü il, “Xalq” qəzeti, 18 yanvar 2023-cü il, № 11) ilə “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları”nın 1.5-ci bəndin üçüncü cümləsində toplanılmış məlumat sözləri qəbul edilmiş qərar real vaxt rejimində sözləri ilə, təqdim edilir sözləri və prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 yanvar 2023-cü il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17 yanvar 2023-cü il, “Xalq” qəzeti, 18 yanvar 2023-cü il, № 11) ilə “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları”nın 4.2-ci bəndə sənəd sözündən sonra , prekursorların illik tələbatı və ya illik tələbatın həcminin dəyişdirilməsi barədə qəbul edilmiş qərar sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status