“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506) 2-ci maddəsinə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı;”.
Maddə 2. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2020-ci il
№ 175-VIQD
|
Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 175-VIQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir
|
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında
ƏSASNAMƏ
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
|
Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 175-VIQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir
|
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanmışdır.
2.2. Xarici və daxili konturların arasında yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı hissədə qövs boyunca “SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ” sözləri yazılmışdır. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur.
2.3. Daxili çevrənin içərisində, sol tərəfdə üzəri Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun minalarla örtülmüş aypara, ayparanın daxili çevrəsinin əhatə etdiyi səthin üzərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emblemi həkk olunmuşdur. Emblemdən sol tərəfdə “2012”, sağ tərəfdə “2022” rəqəmləri yazılmışdır. Emblemdən aşağı hissədə “10 il” sözləri qeyd edilmişdir.
2.4. Bütün yazılar, rəqəmlər və emblem relyefli olaraq qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qoşa xətlərlə konturlanmış, diametri 30 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur.
3.2. Ulduzun aşağı hissəsində medalın seriyası və nömrəsi yazılmışdır.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü xara lentə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Xara lentin üzərində mərkəzdə 3 mm enində tünd göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq, 4,5 mm enində mavi, 2.5 mm enində tünd göy, 2 mm enində qızılı və 8 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.3. Xara lentin yuxarı hissəsinə üzəri üfüqi zolaqlarla işlənmiş 40 mm x 5,5 mm ölçülü bürünc lövhə bərkidilmişdir.
4.4. Xara lentin aşağı hissəsinə üzərində yuxarıdan aşağıya doğru kiçilən üfüqi zolaqlar təsvir olunmuş, 40 mm x 5 mm ölçülü bürünc lövhə bərkidilmişdir. Lövhənin mərkəzində, üfüqi zolaqların üzərində, sol və sağ tərəflərdən palıd çələngləri ilə əhatə olunmuş səkkizguşəli ulduz həkk olunmuşdur.
4.5. Üfüqi zolaqlar, səkkizguşəli ulduz və palıd çələngləri relyefli olaraq qabarıqdır.
4.6. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.