×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.12.2020
QEYDİYYAT NÖMRƏSİ
513
ADI
Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 29-12-2020, Nəşr Nömrəsi: 275), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2020, Nəşr nömrəsi: 12 (V kitab), Maddə nömrəsi: 1614)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202012280513
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.12.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarının optimallaşdırılması, səmərəliliyinin artırılması və bunlarla bağlı mərkəzləşdirilmiş idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Azərkontrakt” ASC) həvalə edilsin. Müəyyən edilsin ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir. [1]

2. Bu Qərarın 1-ci hissəsində qeyd olunmuş məqsədlər üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – SOCAR):

2.1. SOCAR və onun strukturuna daxil olan qurumlar (“Azneft” İstehsalat Birliyi) tərəfindən hasil edilən əmtəəlik qazın, hər il üçün təsdiq olunan Yanacaq-Enerji Balansına uyğun olaraq ixrac üçün nəzərdə tutulan qaz həcmləri istisna olmaqla, müvafiq alqı-satqı müqavilələri əsasında “Azərkontrakt” ASC-yə satılmasını təmin etsin;

2.2. SOCAR və onun strukturuna daxil olan qurumlar tərəfindən Azərbaycan Respublikasının daxilində fəaliyyət göstərən qaz hasilatçıları (müvafiq hasilatın pay bölgüsü haqqında və bu qəbildən olan digər sazişlərə əsasən fəaliyyət göstərən birgə müəssisələr, əməliyyat şirkətləri və podratçılar) ilə alıcı qismində tərəf olduqları qaz təchizatına dair müqavilələr üzrə hüquq və öhdəliklərin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;

2.3. SOCAR-ın daxili bazarın istehlakçıları və paylayıcıları (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) ilə olan qaz satışı müqavilələri üzrə hüquq və öhdəliklərinin həmin müqavilələrin şərtlərinə və tətbiq olunan qanunvericiliyə uyğun olaraq “Azərkontrakt” ASC-yə ötürülməsini təmin etsin;

2.4. dövləti təmsil edən qismində tərəf olduğu bütün hasilatın pay bölgüsü sazişləri və birgə müəssisələr üzrə SOCAR tərəfindən alınan, eləcə də SOCAR-a əvəzsiz verilən qaz həcmlərinin qəbulu, hazırlanması, saxlanması və təhvil-qəbul üzrə əməliyyatların həyata keçirilməsi üçün tətbiq olunan qanunvericiliyə uyğun olaraq SOCAR və ya onun strukturuna daxil olan qurumlar və “Azərkontrakt” ASC arasında müvafiq müqavilələrin bağlanılmasını təmin etsin;

2.5. ölkədaxili qaz istehsalçıları və istehlakçıları (paylayıcıları) arasında bu Qərarın 2.1-ci bəndi ilə müəyyən edilmiş qaz həcmlərinin hazırlanması, nəqli və saxlanması üzrə əməliyyatların həyata keçirilməsi üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada SOCAR-ın strukturuna daxil olan qurumla (Qaz İxrac İdarəsi) “Azərkontrakt” ASC arasında müvafiq xidmət müqavilələrinin imzalanmasını təmin etsin.

3. Müəyyən edilsin ki, bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulan müqavilələr üzrə hüquq və öhdəliklərin “Azərkontrakt” ASC-yə ötürülməsi həmin müqavilələr üzrə 2021-ci il 1 yanvar tarixinə yaranmış maliyyə tələblərinə və öhdəliklərinə şamil edilmir.

4. SOCAR və “Azərkontrakt” ASC-yə tapşırılsın ki, bu Qərarın 2-ci hissəsi ilə müəyyən olunmuş müqavilə münasibətlərinin 2021-ci il 1 yanvar tarixindən etibarən tətbiq olunmasını və bu Qərardan irəli gələn digər məsələlərin həll edilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SOCAR, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və “Azərkontrakt” ASC ilə birlikdə bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulan müqavilələr, habelə “Azərkontrakt” ASC tərəfindən ölkədaxili qaz təchizatı ilə əlaqədar imzalanacaq yeni müqavilələr üzrə ödəniş öhdəliklərinin müvafiq müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməsi üçün maliyyə mexanizmlərinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərkontrakt” ASC-nin təsis sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlaşdırılması və bu Qərardan irəli gələn vəzifələrin təsis sənədlərində müvafiq qaydada əks etdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktlarının bu Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 28 dekabr 2020-ci il

                      № 513


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 25 dekabr 2021-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 dekabr 2021-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284) ilə 1-ci hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status