×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2020
QEYDİYYAT NÖMRƏSİ
516
ADI
“Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-12-2020, Nəşr Nömrəsi: 277), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2020, Nəşr nömrəsi: 12 (V kitab), Maddə nömrəsi: 1617)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.12.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202012300516
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.01.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1271-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 oktyabr tarixli 303 nömrəli Fərmanının 1.2-ci bəndinin və “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 25 iyun tarixli 140-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyul tarixli 1103 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 211; 2003, № 6, maddə 342; 2004, № 4, maddə 286; 2005, № 11, maddə 1076; 2006, № 5, maddə 463; 2009, № 4, maddə 282, № 10, maddə 846; 2010, № 11, maddə 1040; 2016, № 6, maddə 1198, № 9, maddə 1585; 2019, № 12, maddə 2064) ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.4-cü yarımbənd əlavə edilsin:

“1.2.4. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarına əsasən dövlət nəfinə verilən əmlaka;”.

2.2. 2.1-ci bəndin ikinci abzasından “, hökm və ya” və hər iki halda “hökmün və ya” sözləri çıxarılsın.

2.3. 3.1.5-3.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.5-3.5-ci yarımbənd əlavə edilsin:

“3.1.5-3.5. Azərbaycan Respublikasının Baş Prokurorluğu.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 30 dekabr 2020-ci il

                      № 516

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 186.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinin, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi müsadirə olunmuş əmlakın dövlət nəfinə verilməsi qaydasını müəyyən edir.

1.2. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əmlak (qanuni sahibinə qaytarılmalı olan əmlak istisna olmaqla) üzərində dövlətin mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsasdır.

1.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 525.4-cü maddəsinə uyğun olaraq xarici dövlətlərin məhkəmə qərarı əsasında müsadirə edilmiş əmlakın dövlət nəfinə keçən hissəsinin dövlət nəfinə verilməsi bu Qaydaya uyğun həyata keçirilir.

1.4. Bu Qayda gömrük sahəsində cinayət işləri üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsinə və vergi sahəsində cinayət işləri üzrə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışının təşkilinə şamil edilmir.

 

2. Xüsusi müsadirə edilmiş əmlakın uçotu, qiymətləndirilməsi və saxlanılması

 

2.1. Xüsusi müsadirə edilmiş əmlak barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra 5 (beş) gün ərzində onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini müvafiq ərazi üzrə icra məmuruna (icra qurumuna) göndərir və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) məlumat verir. Xüsusi müsadirə edilmiş əmlak daşınmaz əmlak olduqda, daşınmaz əmlakın dövlət reyestrindən və ya dövlət torpaq kadastrından çıxarılmış müvafiq sənədlər də icra məmuruna (icra qurumuna) göndərilir.

2.2. İcra məmuru məhkəmənin yekun qərarının surətini, qərarın icrası barədə göstərişi aldıqdan sonra dərhal əmlak siyahısında göstərilən əmlakın mövcudluğunu yoxlayır. İcra məmuru daşınar əmlakın ölkə sərhədlərindən kənara çıxarıldığını müəyyən etdikdə, müvafiq məhkəməyə dərhal məlumat verməlidir.

2.3. Xüsusi müsadirə edilən daşınar əmlak plomblanır və ya möhürlənir və bu barədə əmlak siyahısında qeydlər edilir. Daşınar əmlakın tamlığını təmin etmək üçün icra məmuru saxlanc müqaviləsi əsasında onu müvəqqəti saxlanca verir. Xüsusi müsadirə edilmiş daşınmaz əmlaka icra məmuru tərəfindən baxış keçirilir və onun tamlığı müəyyən edildikdən sonra giriş qapıları möhürlənir. Daşınmaz əmlakda yaşayış olduqda (yaşayış sahəsinə münasibətdə) sakinlərin çıxarılması təmin edilir.

2.4. Bu Qaydanın 2.3-cü bəndində qeyd olunan hərəkətlər edildikdən sonra icra məmuru qəbul etdiyi qərar əsasında 5 (beş) iş günü müddətində qiymətləndiricinin dəvət olunması ilə bağlı tədbirlər görür. Xüsusi müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlakın qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

2.5. Əmlakın qiymətləndirilməsinin keçirilməsi ilə bağlı xərclər, o cümlədən ekspertin əməyi (dəyəri 5000 manatdan yüksək olan əmlakın qiymətinin 1 faizindən çox olmamaqla) cinayət törətmiş şəxsin hesabına, bu mümkün olmadıqda isə xüsusi müsadirə edilmiş digər əmlakların satışından əldə edilən vəsaitlər hesabına ödənilir.

2.6. Hüquqi və fiziki şəxslər, həmçinin dövlət qurumları əmlakın qiymətləndirilməsi üçün şərait yaratmalıdırlar.

2.7. Qiymətləndirmənin nəticələrinə dair hesabatda həmin əmlakı eyniləşdirməyə imkan verən məlumatlar (dövlət qeydiyyatı barədə məlumatlar, identifikasiya kodu, nömrəsi, modeli, istehsal tarixi və s.) göstərilməlidir.

2.8. İcra məmuru xüsusi müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatı və bu Qaydanın 2.1-ci bəndində göstərilən sənədləri Maliyyə Nazirliyinə təqdim edir. Maliyyə Nazirliyi tərəfindən həmin əmlakın aidiyyəti üzrə təhvil götürülməsi barədə məktub aidiyyəti təşkilatlara göndərilir.

2.9. Xüsusi müsadirə edilməli əmlakın təhvil verilməsi tarixi icra məmuru tərəfindən Maliyyə Nazirliyinin yerli maliyyə orqanının və əmlakı təhvil alan aidiyyəti təşkilatın nümayəndələri ilə razılaşdırılır.

2.10. Xüsusi müsadirə edilməli əmlak saxlanıldığı yerdə icra məmuru tərəfindən Maliyyə Nazirliyinin yerli maliyyə orqanına, Maliyyə Nazirliyinin yerli maliyyə orqanı tərəfindən isə dərhal aidiyyəti təşkilatlara təyinatı üzrə “Qəbul-təhvil aktı” və “Qaimə-faktura” əsasında təhvil verilir. Əmlakın təhvil verilməsi icra məmurunun, Maliyyə Nazirliyinin yerli maliyyə orqanının, saxlayıcının və əmlakı təhvil alan aidiyyəti təşkilatın nümayəndələrinin iştirakı ilə tərtib edilən “Xüsusi müsadirə edilmiş əmlakın qəbul-təhvil aktı” ilə rəsmiləşdirilir. Akt 4 (dörd) nüsxədən ibarət tərtib olunur və əmlakın təhvil verilməsi prosesində iştirak edən şəxslərə təqdim edilir. Xüsusi müsadirə edilmiş əmlakın satış məqsədilə təhvil verilməsi halları istisna olmaqla, daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlakları təhvil alan təşkilatların hesabına və müraciəti əsasında onlar üzərində hüquqlar müvafiq qeydiyyat orqanları tərəfindən qeydiyyata alınır.

2.11. Xüsusi müsadirə edilmiş dövlət mülkiyyətinə keçən qiymətləndirilmiş əmlakın bu Qaydanın 2.10-cu bəndində göstərilmiş qaydada təhvil verilməsi mümkün olmadıqa, həmin əmlakın təhvil verilməsi prosesi 10 (on) gün müddətinə təxirə salınır.

2.12.       Maliyyə Nazirliyi xüsusi müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlak barədə məlumatları icmallaşdırır və onların əsasında həmin əmlakın uçotunun aparılmasını təşkil edir.

2.13.       Xüsusi müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlakın uçotunun aparılması Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydaya əsasən həyata keçirilir.

 

3. Xüsusi müsadirə edilmiş əmlakın aidiyyəti üzrə təhvil verilməsi, istifadəsi və satışı

 

3.1. Xüsusi müsadirə edilmiş əmlak aşağıdakı tələblərə uyğun olaraq aidiyyəti üzrə təhvil verilir:

3.1.1. tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, habelə dövlət əhəmiyyətli orden və medallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) ilə razılaşdırılmaqla, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada xüsusi ekspertizadan keçirildikdən sonra əvəzsiz olaraq dövlət muzeylərinə, kitabxanalarına, arxivlərinə, elmi və digər təşkilatlara verilir;

3.1.2. milli və xarici valyutada olan pul vəsaitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına mədaxil olunur;

3.1.3. dini təyinatlı əşyalar (bu Qaydanın 3.1.1-ci yarımbəndində göstərilənlər, habelə xam və emal edilmiş vəziyyətdə olan hər cür qiymətli metallar, qiymətli və yarımqiymətli daşlar və onlardan hazırlanmış bütün növ məmulatlar istisna olmaqla) əvəzsiz olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir;

3.1.4. dərman vasitələri əvəzsiz olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilir;

3.1.5. mobil telefon nömrələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilir; [1]

3.1.6. qanunvericiliklə dövriyyəsi qadağan edilən əmlak onun üzərində sərəncamvermə səlahiyyəti olan orqanlara təhvil verilir;

3.1.7. qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, onun dövriyyəsinə icazə verən orqanlara təhvil verilir;

3.1.8. bu Qaydanın 3.1.1-3.1.7-ci yarımbəndlərində əhatə olunmayan xüsusi müsadirə edilmiş əmlakın satışı Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac yolu ilə həyata keçirilir. Bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

3.2. Əmlak satışa qiymətləndirmənin nəticələrinə dair hesabatda göstərilən qiymətdə çıxarılır. Xüsusi müsadirə edilmiş əmlakın satışı üzrə keçirilən ilk iki hərracda əmlak satılmadıqda, üçüncü hərracda həmin əmlakın qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin qiymətinin 50 faizi həcmində aşağı salınır.

3.3.         Satılmayan əmlaklar üzrə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq dövlət orqanlarına (qurumlarına) onların əvəzsiz verilməsi barədə müraciət olunur. Dövlət orqanlarının (qurumlarının) tələbatına əsasən, həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət orqanları (qurumları) tərəfindən əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda, belə əmlakların emalı və ya təkrar emalı ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə bu Qaydanın 3.2-ci bəndi ilə müəyyən edilmiş ən aşağı qiymətin 50 faizindən az olmayan qiymətə satılır. Əmlak Məsələləri Dövlət Xidməti malların satışından əldə edilmiş vəsaiti dövlət büdcəsinə köçürməlidir. Əmlak satılmadığı hallarda, onların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə əvəzsiz verilməsini həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilir. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Əmlakların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə verilməsinə dair tələbat olmadığı hallarda onlar bu Qaydanın 3.5-cı bəndində nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir.

3.4. Hərracda satılmayan, üzərindəki etiketlər və ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələrinə əsasən yararsız olan əmlak, habelə üzərində etiket və ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələri olmayan, bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş qaydada əvəzsiz olaraq əldə edilməsinə dair tələb olmayan əmlaklar bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir.

3.5. Hərracda satılmayan, habelə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq müvafiq dövlət orqanları və aztəminatlı ailələr, o cümlədən qaçqınlar və məcburi köçkünlər tərəfindən əvəzsiz olaraq əldə edilməsinə dair tələb olmayan əmlakın məhv edilməsi və ya utilizasiya üçün bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq, utilizasiya təşkilatına təhvil verilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti aşağıdakı təşkilatların nümayəndələrindən ibarət komissiya təşkil edir:

3.5.1. Əmlak Məsələləri Dövlət Xidməti;

3.5.2. Maliyyə Nazirliyi;

3.5.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

3.5.4. Azərbaycan Respublikasının Baş Prokurorluğu.

3.6. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xüsusi müsadirə edilmiş əmlakın satışından əldə edilən vəsait həmin əmlakın saxlanılması, satışı xərcləri və qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 (üç) iş günü müddətində dövlət büdcəsinə köçürülür və bu barədə Maliyyə Nazirliyinə məlumat verilir.

3.7. Xüsusi müsadirə edilmiş əmlakın hərraclar vasitəsilə satışından daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

3.8. Məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əsasında xüsusi müsadirə edilməklə dövlət mülkiyyətinə keçirilmiş əmlakın, habelə həmin əmlakın satışından əldə edilmiş pul vəsaitinin bir hissəsinin cinayət işləri üzrə ibtidai istintaq aparmış hüquq mühafizə orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

 

4. Keçid müddəa

 

4.1. Bu Qaydanın 3.1.1-3.1.7-ci yarımbəndlərində əhatə olunmayan xüsusi müsadirə edilmiş əmlakın hərraca çıxarılması və hərracda satılması barədə təlimat müəyyən edilənədək həmin əmlakın hərraca çıxarılması və hərracda satılması müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə təlimata uyğun həyata keçirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 aprel 2022-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 381)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 aprel 2022-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 381) ilə “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nın 3.1.5-ci yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status