“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD və 175-VIQD nömrəli, 26 noyabr tarixli 204-VIQD nömrəli qanunları) 2-ci maddəsinə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı;”.
Maddə 2. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2020-ci il
№ 231-VIQD
|
Azərbaycan Respublikasının
2020-ci il 25 dekabr tarixli 231-VIQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir
|
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.
|
Azərbaycan Respublikasının
2020-ci il 25 dekabr tarixli 231-VIQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir
|
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra-medal) bürüncdən tökülmüş, diametri 38 mm olan qızılı rəngli səkkizguşəli ulduz formalı metal lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Səkkizguşəli ulduzun ön tərəfi qızılı rəngdə relyeflə haşiyələnmişdir, içi ağ rəngdədir. Ulduzun xarici guşələri arasındakı bucaqlarda qızılı rəngdə şüalar yerləşdirilmişdir. Mərkəzdə qırmızı fonda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi emblemindən ibarət kompozisiya təsvir olunmuşdur.
2.2. Kompozisiyanın yuxarı hissəsində qövs boyunca qara rəngdə basma üsulu ilə “AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ” sözləri qızılı rəngdə dekorativ lentin üzərində yazılmışdır. Kompozisiyanın aşağı hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun dekorativ lentin təsviri verilmişdir. Dekorativ lentin üzərində sol tərəfdə alt-alta qızılı rəngdə “2005” və “2020” rəqəmləri, sağ tərəfdə isə qızılı rəngdə dəfnə budağının üstündə içi ağ rəngdə olan “15 il” relyefli sözləri yazılmışdır.
2.3. Bütün rəqəmlər və elementlər relyeflidir.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir. Yuxarı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
3.2. Arxa tərəfin mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 15 illiyi” sözləri və həmin sözlərin altında “(2005-2020)” rəqəmləri həkk olunmuşdur. Arxa tərəfin aşağı hissəsində milli ornament təsvir olunmuşdur.
3.3. Bütün yazılar, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üst hissəsi 40 mm x 4 mm, alt hissəsi 40 mm x 6,5 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Alt hissədə olan qızılı rəngli metal lövhənin üzərində milli ornament həkk olunmuşdur.
4.2. Xara lent mərkəzdə eni 3 mm olan sarı, mərkəzdən kənarlara doğru isə ardıcıllıqla eni 2 mm olan qırmızı, 3 mm olan ağ, 10 mm olan qırmızı və 2 mm olan göy rəngli şaquli zolaqlara bölünmüşdür.
4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.