Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 6 aprel tarixli 102 nömrəli, “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 1 may tarixli 128 nömrəli, “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 196 nömrəli və “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 26 may tarixli 204 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.5-ci bəndinin, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının 5.2-ci bəndinin və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 470; 2017, № 10, maddə 1927, № 12 (II kitab), maddə 2477) ilə təsdiq edilmiş “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci, 3.1-ci və 4.2-ci bəndlərdən “və Turizm” sözləri çıxarılsın;
1.2. 3.2-ci bənddə “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
1.3. 3.6.1-ci yarımbənddən “milli mədəni irsə aid edilən kulinariya nümunələri,” və “və Turizm” sözləri çıxarılsın;
1.4. 3.6.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.6.3-cü yarımbənd əlavə edilsin:
“3.6.3. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqların ərazilərinə münasibətdə milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmış mühafizə müqavilələri, ərazidə aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, milli mədəni irsə aid edilən kulinariya nümunələri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 614; 2017, № 12 (II kitab), maddə 2477) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1-ci bənddən “və Turizm” sözləri çıxarılsın və həmin bəndə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və” sözlərindən əvvəl “tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (bundan sonra - Agentlik),” sözləri əlavə edilsin;
2.2. 3.2-ci bəndin ikinci-dördüncü cümlələri üçüncü-beşinci cümlələr hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin tabeliyindəki dövlət qoruqlarının ərazilərində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə Agentliyin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiya yaradılır.”;
2.3. 11.1-ci bəndə “Nazirlik,” sözündən sonra “tabeliyindəki dövlət qoruqlarının ərazilərində Agentlik,” sözləri əlavə edilsin;
2.4. 15.2-ci bəndə “Nazirliyə,” sözündən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının ərazilərində Agentliyə,” sözləri əlavə edilsin;
2.5. 15.3-cü bəndə (hər iki halda) ismin müvafiq hallarında “Nazirlik” sözündən sonra ismin müvafiq hallarında “, Agentlik” sözü əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 772; 2017, № 12 (II kitab), maddə 2477) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nın 1.2-ci, 1.3-cü, 2.1-ci, 2.3-cü, 3.1-ci, 3.3-cü və4.1-ci bəndlərində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 779; 2017, № 10, maddə 1885, № 12 (II kitab), maddə 2477) ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.4-cü, 1.8-ci, 2.5-ci, 3.3-cü, 7.1-ci, 7.2-ci, 7.3-cü, 8.1-ci, 8.2-ci, 9.1-ci və 9.2-ci bəndlərdə, 6.1-ci bəndin birinci cümləsində və 8.3.2-ci yarımbənddə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi,” sözləri ismin müvafiq hallarında “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;
4.2. 1.5-ci bəndin birinci və ikinci cümlələrindən “və Turizm” sözləri çıxarılsın.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 26 oktyabr 2020-ci il
№424