AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.11.2020
QEYDİYYAT NÖMRƏSİ
441
ADI
“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2020, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1385)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.11.2020

“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 426-VQD nömrəli Qanununun tətbiqi və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli 1188 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 4 noyabr 2020-ci il

№441


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 4 noyabr tarixli 441 nömrəli Qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi

QAYDASI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi mexanizmini müəyyən edir.

1.2. Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçirilir.

 

2. ƏSAS ANLAYIŞLAR

 

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. xaricdə yaşayan aztəminatlı azərbaycanlı - Qanunun 1-ci maddəsi ilə müəyyən olunmuş, ortaaylıq gəliri yaşadığı xarici ölkənin ortaaylıq əməkhaqqından az olan və həmin ölkədə 182 (yüz səksən iki) gündən çox müddətdə yaşayan azərbaycanlı;

2.1.2. xaricdə yaşayan aztəminatlı azərbaycanlılara göstərilən sosial yardım - onların sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş birdəfəlik pul yardımı.

 

3. SOSİAL YARDIM ALMAQ ÜÇÜN MÜRACİƏTƏ ƏSAS YARADAN HALLAR

 

3.1. Aşağıdakı hallarda xaricdə yaşayan aztəminatlı azərbaycanlılar Azərbaycan Respublikasından sosial yardım almaq hüququna malikdirlər:

3.1.1. qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda;

3.1.2. fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda;

3.1.3. vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.

 

4. SOSİAL YARDIM ALMAQ ÜÇÜN MÜRACİƏT

 

4.1. Sosial yardım almaq üçün müraciət edən şəxs “Elektron hökumət” portalında və ya Azərbaycan Diasporuna Dəstək Fondunun (bundan sonra - Fond) rəsmi internet səhifəsinin “Dövlət xidmətləri” bölməsində yerləşən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi ilə bağlı müraciətlərin qəbulu” elektron xidmətindən istifadə etməklə, müraciəti elektron formada həyata keçirir. Bunun üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:

4.1.1. sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxslər barədə təsdiqedici sənədlər;

4.1.2. yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənəd.

4.2. Elektron formada göndərilmiş müraciət dərhal qeydiyyata alınır və 1 (bir) iş günü müddətində müraciət edən şəxsin elektron poçt ünvanına və mobil telefonuna bu barədə məlumat göndərilir. Məlumatın göndərildiyi tarix sosial yardımın göstərilməsi üçün müraciət edilən gün sayılır.

4.3. Xaricdə yaşayan aztəminatlı azərbaycanlıların sosial yardım almaq üçün təqdim etdikləri xarici ölkənin dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərin həqiqiliyi apostil və ya leqallaşdırma qaydasında təsdiq olunmalıdır. Sənədlər xarici dildə tərtib edildikdə, onların Azərbaycan dilinə tərcüməsi də əlavə olunur.

 

5. SOSİAL YARDIMIN TƏYİN OLUNMASI VƏ YA TƏYİN OLUNMASINDAN İMTİNA EDİLMƏSİ

 

5.1. Sosial yardım almaq ilə bağlı müraciətlərə onların daxil olduğu gündən bu Qaydanın 3.1:1-ci yarımbəndində nəzərdə tutulmuş hallara dair 25 (iyirmi beş) iş günü, 3.1.2-çi yarımbəndində nəzərdə tutulmuş hallara dair 5 (beş) iş günü, 3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş hallara dair 3 (üç) iş günü müddətində Fond tərəfindən baxılır və müvafiq qərar qəbul edilir.

5.2. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

5.2.1. bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan sənədlərdə əks olunan məlumatlarda uyğunsuzluq aşkar edildikdə və ya göstərilən məlumatlar tam və ya düzgün olmadıqda;

5.2.2. şəxs yaşadığı ölkənin müvafiq dövlət orqanlarından sosial yardım aldıqda.

5.3. Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi hallarda yardımın məbləği və göstərilmə tarixi, təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildiyi hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın surəti həmin gün müraciət edən şəxsin əlaqə vasitələrinə göndərilir.

5.4. Sosial yardımın təyin olunması və ya sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

 

6. SOSİAL YARDIMIN ÖDƏNİLMƏSİ

 

6.1. Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində sosial yardımın ödənilməsi həyata keçirilir.

6.2. Sosial yardım bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində nəzərdə tutulan hallarda müraciət edən şəxsin bank hesabına, 3.1.3-cü yarımbəndində nəzərdə tutulan halda isə cənazənin Azərbaycan Respublikasına gətirilməsinə məsul olan qurumun hesabına köçürülmə yolu ilə ödənilir.

6.3. Sosial yardımın ödənilməsi gecikdirildikdə, müraciət edən şəxs bu barədə Fonda və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat verə bilər.

 

7. SOSİAL YARDIMIN YUXARI HƏDDİ

 

7.1. Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilir.

 

8. SOSİAL YARDIMIN GÖSTƏRİLMƏSİNƏ NƏZARƏT

 

8.1. Sosial yardımın göstərilməsinə nəzarət Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status