AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)
BÖLMƏLƏR (Fəsillər)
ÜMUMİ HİSSƏ
I.
CİNAYƏT QANUNU (1-2)
II.
CİNAYƏT HAQQINDA (3-8)
III.
CƏZA HAQQINDA (9-10)
IV.
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ (11-13)
V.
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ (14)
VI.
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR (15)
XÜSUSİ HİSSƏ
VII.
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR (16-17)
VIII.
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (18-22)
IX.
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR (23-24)
X.
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (25-30)
XI.
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (31-34)
XII.
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (35)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
FƏSİLLƏR (Maddələr)
I.
CİNAYƏT QANUNU
1.
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT QANUNUNUN VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ (1-9)
2.
CİNAYƏT QANUNUNUN QÜVVƏSİ (10-13)
II.
CİNAYƏT HAQQINDA
3.
CİNAYƏT ANLAYIŞI VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI (14-18)
4.
CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR (19-23)
5.
TƏQSİR (24-26)
6.
BAŞA ÇATMAYAN CİNAYƏT (27-30)
7.
CİNAYƏTDƏ İŞTİRAKÇILIQ (31-35)
8.
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR (36-40)
III.
CƏZA HAQQINDA
9.
CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ (41-57)
10.
CƏZANIN TƏYİN EDİLMƏSİ (58-71)
IV.
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
11.
CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ (72-75)
12.
CƏZADAN AZAD ETMƏ (76-80)
13.
AMNİSTİYA. ƏFV ETMƏ. MƏHKUMLUQ (81-83)
V.
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ
14.
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT MƏSULİYYƏTİNİN VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ (84-92)
VI.
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
15.
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR (93-99)
VII.
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CINAYƏTLƏR
16.
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR (100-113)
17.
MÜHARİBƏ CİNAYƏTLƏRİ (114-119)
VIII.
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
18.
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (120-143)
19.
ŞƏXSİYYƏTİN AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (144-148)
20.
ŞƏXSİYYƏTIN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (149-153)
21.
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (154-169)
22.
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (170-176)
IX.
İQTISADİ SAHƏDƏ CİNAYƏTLƏR
23.
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (177-189)
24.
İQTİSADI FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR (190-213)
X.
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
25.
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (214-233)
26.
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDӘLӘRİN QANUNSUZ DÖVRİYYӘSİ İLӘ ƏLAQƏDAR CİNAYӘTLӘR (234-241)
27.
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR (242-246)
28.
EKOLOJİ CİNAYƏTLƏR (247-261)
29.
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI QAYDALARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (262-270)
30.
KOMPÜTER İNFORMASİYASI SAHƏSİNDƏ CİNAYƏTLƏR (271-273)
XI.
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
31.
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (274-285)
32.
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (286-307)
33.
KORRUPSİYA CİNAYƏTLƏRİ VƏ QULLUQ MƏNAFEYİ ƏLEYHİNƏ OLAN DİGƏR CİNAYƏTLƏR (308-314)
34.
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (315-326)
XII.
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
35.
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (327-353)
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
[1]
ÜMUMİ HİSSƏ
1-ci fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT QANUNUNUN VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
Maddə 1. Azərbaycan Respublikasının cinayət qanunu
1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.
1.3. Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri
2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
2.2. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.
Maddə 3. Cinayət məsuliyyətinin əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Maddə 4. Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsipləri
Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.
Maddə 5. Qanunçuluq prinsipi
5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.
Maddə 6. Qanun qarşısında bərabərlik prinsipi
6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
6.2. Bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz.
[2]
Maddə 7. Təqsirə görə məsuliyyət prinsipi
7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 8. Ədalət prinsipi
8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 9. Humanizm prinsipi
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.
9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.
[3]
2-ci fəsil
Maddə 10. Cinayət qanununun zamana görə qüvvəsi
10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.
10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.
10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.
10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.
Maddə 11. Cinayət qanununun Azərbaycan Respublikası ərazisində törədilən cinayətlərə görə qüvvəsi
11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.
11.2. Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.
11.3. Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının Dövlət bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.
[4]
11.4. Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.5. Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Maddə 12. Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi
12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
12.1-1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törədikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
[5]
12.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
12.2-1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
12.3. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
[6]
12.4. Sülhməramlı hərbi birləşmələrin tərkibinə daxil olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsub hərbi hissələrin hərbi qulluqçuları Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri cinayətə görə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulmamışsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
12.5. Bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
[7]
Maddə 13. Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya)
[8]
13.1. Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir.
13.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər.
[9]
13.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər.
13.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir.
[10]
İKİNCİ BÖLMƏ
CİNAYƏT HAQQINDA
3-cü fəsil
CİNAYƏT ANLAYIŞI VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI
Maddə 14. Cinayət anlayışı
14.1. Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.
14.2. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.
Maddə 15. Cinayətlərin təsnifatı
15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.
[11]
15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
[12]
15.5. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.
[13]
Maddə 16. Cinayətlərin təkrar törədilməsi KMQ8 KMQ15.
16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.
16.2. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir.
16.3. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.
[14]
Maddə 17. Cinayətlərin məcmusu
17.1. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.
17.2. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.
17.3. Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir.
17.4. Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.
Maddə 18. Cinayətlərin residivi və onun növləri KMQ13
18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır:
18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda;
18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə.
[15]
18.3. Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır:
18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda;
[16]
18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə;
[17]
18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə.
[18]
18.4. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır:
[19]
18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər;
[20]
18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər;
18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar;
18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar.
[21]
KMQ21
18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir.
4-cü fəsil
CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR
Maddə 19. Cinayət məsuliyyətinin ümumi şərtləri
Bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 20. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi
20.1. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.
20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir.
20.3. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllənin 20.1 və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir.
[22]
Maddə 21. Anlaqsızlıq
21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. [23]
21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
21.3. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Maddə 22. Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxsin cinayət məsuliyyəti
22.1. Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.
22.2. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər.
Maddə 23. Sərxoş halda törədilmiş cinayətə görə məsuliyyət
Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoº halda cinayət törətmiº ºəxs cinayət məsuliyyətindən azad olunmur.
5-ci fəsil
Maddə 24. Təqsirin formaları
24.1. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır.
24.2. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.
Maddə 25. Cinayətin qəsdən törədilməsi
25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.
25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.
25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.
Maddə 26. Cinayətin ehtiyatsızlıqdan törədilməsi
26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.
26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.
26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.
6-cı fəsil
Maddə 27. Başa çatmış və başa çatmayan cinayət
27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur.
27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur.
27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.
Maddə 28. Cinayətə hazırlıq
28.1. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.
28.2. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur.
Maddə 29. Cinayət etməyə cəhd
Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
Maddə 30. Cinayət törətməkdən könüllü imtina etmə
30.1. Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.
30.2. Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.
30.3. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.
30.4. Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur.
30.5. Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.
7-ci fəsil
Maddə 31. İştirakçılıq
İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.
Maddə 32. İştirakçılığın növləri KMQ16
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.
32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.
32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.
32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.
32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.
[24]
Maddə 33. Cinayətin iştirakçılarının məsuliyyəti KMQ16
33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.
33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur.
33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 34. Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsiKMQ16
34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.3. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.
34.4. Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat) hesab olunur.
34.5. Cinayətkar birliyin (cinayətkar təşkilatın) məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar belə birliyin (təşkilatın) üzvü (üzvləri) tərəfindən, habelə cinayətkar birliyin (cinayətkar təşkilatın) tapşırığı ilə həmin birliyin üzvü (üzvləri) olmayan şəxs (şəxslər) tərəfindən törədilən cinayət, cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayət hesab olunur.
34.6. Mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş şəxs bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda onları yaratmağa və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi, bu şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət daşıyır. Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar.
34.7. Bu Məcəllənin Xüsusi hissəsinin maddələri ilə nəzərdə tutulmayan hallarda mütəşəkkil dəstənin yaradılması onun törədəcəyi cinayətə hazırlığa görə cinayət məsuliyyətinə səbəb olur.
34.8. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur.
Maddə 35. Ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi)
35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur.
35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.
8-ci fəsil
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR
Maddə 36. Zəruri müdafiə
36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.
36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
Maddə 37. Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması
37.1. Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır.
37.2. Cinayət törətmiş şəxsin tutulması üçün tətbiq edilən vasitələrin və üsulların törədilmiş əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın hallarına aşkar surətdə uyğun gəlməməsi və zərurət olmadan şəxsə açıq-aşkar həddən artıq zərər vurulması şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşmaq hesab olunur. Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
Maddə 38. Son zərurət
38.1. Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.
38.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
Maddə 39. Əsaslı risk
39.1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.
39.2. Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün deyildirsə və risk edən şəxs bu Məcəllə ilə qorunan obyektlərə zərər dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir.
39.3. Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi ilə müşayiət olunan risk əsaslı hesab edilmir.
Maddə 40. Əmrin və ya sərəncamın yerinə yetirilməsi
40.1. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs cinayət məsuliyyəti daşıyır.
40.2. Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur.
40.3. Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur.
ÜÇÜNCÜ BÖLMƏ
CƏZA HAQQINDA
9-cu fəsil
CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ
Maddə 41. Cəzanın anlayışı və məqsədi
41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Maddə 42. Cəzanın növləri
42.0. Cəzanın növləri aşağıdakılardır:
42.0.1. cərimə;
42.0.2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
42.0.3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
42.0.4. ictimai işlər;
42.0.5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə;
42.0.6. islah işləri;
42.0.7. hərbi xidmət üzrə məhdudlaşdırma;
42.0.8. əmlak müsadirəsi;
[25]
42.0.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
42.0.9-1. azadlığın məhdudlaşdırılması;
[26]
42.0.10. azadlığın məhdudlaşdırılması;
[27]
42.0.11. intizam xarakterli hərbi hissədə saxlama;
42.0.12. müəyyən müddətə azadlıqdan məhrum etmə;
42.0.13. ömürlük azadlıqdan məhrum etmə.
Maddə 43. Əsas və əlavə cəzalar
43.1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir. [28]
43.2. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir.
43.3. xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə , əmlak müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir.
[29]
Maddə 44. Cərimə
44.1. Cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.
44.2. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur.
[30]
44.3. Cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər.
44.4. Cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər.
[31]
Maddə 45. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə
45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.
45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
[32]
Maddə 46. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.
46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.
46.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
[33]
Maddə 47. İctimai işlər
47.1. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[34]
47.2. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.
[35]
47.2-1. Məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.
[36]
47.3. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş dörd saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
[37]
47.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:
47.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə;
[38]
47.4.2 hamilə qadınlara;
47.4.3 himayəsində üç yaşınadək uşağı olan qadınlara, habelə üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərə;
[39]
47.4.4 pensiya yaşına çatmış qadın və kişilərə;
47.4.5. hərbi qulluqçulara.
[40]
Maddə 48. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə
48.0. Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir:
[41]
48.0.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar;
48.0.2. digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında qərar.
Maddə 49. İslah işləri
49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir.
49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
49.3. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
[42]
49.4. İslah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir.
[43]
Maddə 50. Hərbi xidmət üzrə məhdudlaşdırma
50.1. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.
[44]
50.2. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
[45]
50.3. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz.
50.4. Hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur.
[46]
Maddə 51. Əmlak müsadirəsi
[47]
51.1. Əmlak müsadirəsi məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, cinayətin predmetlərinin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
[48]
51.2. Əmlak müsadirəsi yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin olunur.
51.3. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak müsadirə edilir.
Maddə 52. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.
[49]
52.1-1. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.
[50]
52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir:
52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə;
52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə;
52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə;
52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə;
52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə;
52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslərə;
[51]
52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə.
[52]
52.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin 52.1-52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir.
[53]
Maddə 52-1. Azadlığın məhdudlaşdırılması
[54]
52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.
52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;
52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.
52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər:
52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;
52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;
52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;
52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr.
52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir.
52-1.5. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
52-1.6. Azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir.
Maddə 53. Azadlığın məhdudlaşdırılması
53.1. Azadlığın məhdudlaşdırılması ittiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.
53.2. Azadlığın məhdudlaşdırılması:
53.2.1. məhkumluğu olmayan və qəsdən cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən üç ilədək müddətə;
53.2.2. ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən beş ilədək müddətə təyin edilir.
53.3. İctimai işlər və ya islah işləri azadlığın məhdudlaşdırılması ilə əvəz edildikdə bu cəza növü bir ildən az müddətə də təyin edilə bilər.
53.4. Azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxs cəzanın icrasından qərəzli boyun qaçırdıqda, azadlığın məhdudlaşdırılması onun təyin edildiyi müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur. Azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
53.5. Azadlığın məhdudlaşdırılması birinci və ikinci qrup əlillərə, hamilə qadınlara və ya səkkiz yaşınadək uşağı olan qadınlara, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə, qocalığa görə pensiya yaşına çatmış qadın və kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara təyin edilmir.
[55]
Maddə 54. İntizam xarakterli hərbi hissədə saxlama
54.1. Hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir.
54.2. Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
Maddə 55. Müəyyən müddətə azadlıqdan məhrum etmə
55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. [56]
55.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir.
[57]
55.3. İctimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə üç aydan az müddətə də təyin oluna bilər.
[58]
55.4. Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi iyirmi ildən, hökmlərin məcmusu üzrə isə iyirmi beş ildən artıq ola bilməz.
[59]
Maddə 56. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi
56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir:
56.1.1. ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində;
56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində;
56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində;
[60]
56.1.4. cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində;
56.1.5. ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün — həbsxanalarda.
56.2. Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər.
56.3. Cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir.
56.4. Cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər:
56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə;
56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı.
Maddə 57. Ömürlük azadlıqdan məhrum etmə
57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. [61]
57.2. Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.
57.3. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
57.4. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.
[62]
10-cu fəsil
Maddə 58. Cəzanın təyin edilməsinin ümumi əsasları
58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. [63]
58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir.
58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Maddə 59. Cəzanı yüngülləşdirən hallar
59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:
59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi;
59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;
59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi;
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;
59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi;
59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;
59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;
59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;
59.1.9. cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi;
[64]
59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi;
59.1.11. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması;
[65]
59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi;
59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması;
59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi.
59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
[66]
59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 60. Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi
60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
[67]
60.2. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir.
[68]
Maddə 61. Cəzanı ağırlaşdıran hallar
61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır:
61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi;
61.1.2. cinayətin ağır nəticələrə səbəb olması;
61.1.3. cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi;
61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə;
61.1.5. psixi pozuntulardan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin, habelə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb olunması;
61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi;
61.1.7. cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi;
[69]
61.1.8. cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına qarşı törədilməsi;
61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verməklə törədilməsi;
61.1.10. cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi;
61.1.11. cinayətin fövqəladə və ya hərbi vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi;
[70]
61.1.12. cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən və ya sənədlərindən istifadə etməklə törədilməsi;
61.1.13. cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi.
61.2. Cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.
61.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 62. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi
62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
Maddə 63. Başa çatmayan cinayətə görə cəza təyin edilməsi
63.1. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır.
63.2. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz.
63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
63.4. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir.
Maddə 64. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsi
64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.
64.2. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır.
Maddə 65. Residivə görə cəzanın təyin edilməsi
65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.
65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
[71]
65.3. Cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.
Maddə 66. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi
66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.
[72]
66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
[73]
66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.
66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. KMQ18
Maddə 67. Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi KMQ18
67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
67.2. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.
67.3. Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz.
[74]
67.4. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.
67.5. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
67.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə, yeni təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunur.
Maddə 68. Cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası
68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə:
68.1.1. intizam xarakterli hərbi hissədə saxlamanın bir günü;
68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü;
[75]
68.1.2. azadlığının məhdudlaşdırılmasının iki günü;
[76]
68.1.3. islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü;
[77]
68.1.4. ictimai işlərin səkkiz saatı bərabər tutulur.
68.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur.
[78]
68.3. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə:
68.3.1. islah işlərinin iki günü;
68.3.2. ictimai işlərin dörd saatı bərabər tutulur.
68.4. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin bir gününə ictimai işlərin iki saatı bərabər tutulur.
[79]
Maddə 69. Cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması
69.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır. [80]
69.2. Bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər.
69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
[81]
69.4. Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir.
[82]
Maddə 70. Şərti məhkum etmə
70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
[83]
70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.
70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər.
70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.
[84]
70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.
Maddə 71. Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması
71.1. Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, məhkumu tamamilə və ya qismən əlavə cəzadan da azad edə bilər. Şərti məhkum etmə ləğv edildikdə məhkumun əlavə cəzası olmadığı və ya o, əlavə cəzadan tamamilə azad edildiyi hallarda məhkəmə, həmçinin şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edir.
[85]
71.2. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.
71.3. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır.
[86]
71.4. Şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
[87]
71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu Məcəllənin 71.4-cü maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir.
[88]
DÖRDÜNCÜ BÖLMƏ
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
11-ci fəsil
CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ
Maddə 72. Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməKMQ
72.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. [89]
72.2. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.
[90]
Qeyd:
1. Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.
[91]
KMQ24
2. Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. KMQ25
3. Bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur.
[92]
Maddə 73. Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə
73.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
[93]
KMQ19
73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
[94]
KMQ19
73.3. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.
[95]
Maddə 73-1. Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə
[96]
73-1.1. Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
[97]
73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
[98]
73-1.3. Bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
[99]
Maddə 73-2. İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə
73-2.1. Bu Məcəllənin 209 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
[100]
73-2.2. Bu Məcəllənin 192, 192-1, 193, 195, 195-1, 196, 197, 198, 202-2, 203, 203-1.1, 205-2, 209.2.1, 209.3, 210, 211, 212 və 213-2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
[101]
Maddə 74. Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməKMQ12
Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
[102]
Maddə 74-1. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə
[103]
74-1.1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.
74-1.2. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında bu Məcəllənin 75.1-ci maddəsində göstərilən müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 75. Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməKM1 KMQ15.
75.1. Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;
75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;
[104]
75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;
[105]
75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.
75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
75.3. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
75.4. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz.
75.5. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.
[106]
12-ci fəsil
Maddə 76. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə
76.1. Məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
[107]
76.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər.
76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum:
76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını;
76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
[108]
76.3.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
[109]
76.3.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.
[110]
76.4. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz.
76.4-1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır.
[111]
76.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum:
76.6.1. cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər;
[112]
76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur);
[113]
76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
Maddə 77. Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə
77.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
77.2. Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
77.3. Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə bu Məcəllənin 42-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün bu Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər.
Maddə 78. Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə
78.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. [114]
78.2. Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.
78.3. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.
[115]
78.4. Bu Məcəllənin 78.1 və 78.2-ci maddələrində göstərilən şəxslər sağaldıqları halda, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçməmişdirsə, cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər.
Maddə 79. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması
[116]
79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. [117]
79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
[118]
79.3. Uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.
[119]
79.4. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
[120]
79.5. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
[121]
Maddə 80. İttiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə
80.1. Məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur:
80.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə;
80.1.2. az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə;
[122]
80.1.3. ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə;
[123]
80.1.4. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə.
80.2. Məhkum edilmiş şəxs cəzanı çəkməkdən boyun qaçırdıqda, icra müddətinin axımı dayanır. Bu halda icra müddətinin axımı həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
80.3. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində icra müddətinin tətbiq olunması məsələsini məhkəmə həll edir. Məhkəmə icra müddətini tətbiq etməyi mümkün saymadıqda, həmin cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir.
80.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.
[124]
Maddə 80-1. Zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə
[125]
Məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir.
13-cü fəsil
AMNİSTİYA. ƏFV ETMƏ. MƏHKUMLUQ
Maddə 81. Amnistiya
81.1. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
Maddə 82. Əfvetmə
82.1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
82.2. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
82.3. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər.
82.4. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Maddə 83. Məhkumluq
83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
83.1-1. Həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır. [126]
83.2. Barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir.
[127]
KM
83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur:
[128]
83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda;
[129]
83.3.1-1. cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə;
[130]
83.3.1-2. ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə;
83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
83.3.2-1. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə;
[131]
83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;
83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
[132]
83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
[133]
KMQ3
83.4-1. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.
[134]
83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
BEŞİNCİ BÖLMƏ
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ
14-cü fəsil
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT MƏSULİYYƏTİNİN VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ
Maddə 84. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti
84.1. Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.
84.2. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Maddə 85. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri
85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:
85.1.1. cərimə;
85.1.2. ictimai işlər;
85.1.3. islah işləri;
85.1.3-1. azadlığın məhdudlaşdırılması;
[135]
85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə.
85.2. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir.
[136]
85.3. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.
[137]
KMQ10
85.4. Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
[138]
KMQ10
85.4-1. Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.
[139]
85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:
[140]
85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;
85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində.
Maddə 86. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi
86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.
86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.
Maddə 87. Tərbiyəvi xarakterli məcburi tədbirlərin məzmunu
87.1. Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir.
87.2. Nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir.
87.3. Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak vəziyyəti və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınmaqla onun üzərinə qoyulur.
87.4. Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmamasını, günün müəyyən vaxtlarından sonra evdən kənarda olmamasını, müvafiq dövlət orqanının icazəsi olmadan başqa ərazilərə getməməsini nəzərdə tuta bilər. Yetkinlik yaşına çatmayana həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək vəzifəsi də müəyyən edilə bilər. Bu tədbirlərdən başqa asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də nəzərdə tuta bilər.
Maddə 88. Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etmə
88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
88.2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:
88.2.1. xəbərdarlıq;
88.2.2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək;
88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
88.2.4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.
88.3. Yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur.
88.4. Yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq yerinə yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir.
Maddə 89. Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.
89.2. Məhkəmə az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına çatmayanı yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində və ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail olmağı mümkün hesab edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına çatmayan göstərilən müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır.
[141]
89.3. Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən tədbirin tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən məhkəmə yetkinlik yaşına çatmayanın vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər.
[142]
Maddə 90. Yetkinlik yaşına çatmayanların şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi
90.0. İslah işlərinə, azadlığın məhdudlaşdırılmasına və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar: [143]
90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
90.0.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
90.0.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.
Maddə 90-1. Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi
[144]
90-1.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
90-1.2. Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
Maddə 91. Müddətin keçməsi
Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır.
Maddə 92. Məhkumluğun ödənilməsi müddətləri
[145]
92.0. Şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir:
92.0.1. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən altı ay;
92.0.2. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il;
92.0.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə.
Bölmə VI
[146]
CİNAYƏT-HÜQUQİ XARAKTERLİ DİGƏR TƏDBİRLƏR
15-ci fəsil
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
Maddə 93. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları
93.1. Məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:
[147]
93.1.1. Bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə;
93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə.
93.1-1. Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən:
[148]
93.1-1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;
93.1-1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;
93.1-1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir.
93.2. Bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.
[149]
93.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
93.4. Bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilir.
[150]
Maddə 93-1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
[151]
93-1.1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir.
93-1.2. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
93-1.3. Bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir.
[152]
93-1.4. Narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tam sağalması nəticəsində həmin tədbirlərin ləğv edilməsi zərurəti yarandıqda, yaxud davam etdirilməsinə ehtiyac olduqda həmin tədbirlərin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir.
93-1.5. Narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs bu tədbirin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ayda bir dəfədən az olmayaraq həkim-məsləhət komissiyasında baxışdan keçirilməlidir. Həmin tədbirlərin uzadılması və ya ləğv edilməsi məsələsinə ilk dəfə müalicənin başlandığı gündən altı ay keçdikdən sonra baxılır.
93-1.6. Məhkəmə bu Məcəllənin 93-1.4-cü maddəsində nəzərdə tutulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin tədbirləri tətbiq etmiş məhkəməyə göndərir.
93-1.7. Şəxs tibbi xarakterli məcburi tədbirlərdən yayındıqda həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyəti bu barədə həmin tədbirləri tətbiq etmiş məhkəməyə yazılı məlumat verir.
Maddə 94. Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi
[153]
Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.
Maddə 95. Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin növləri
[154]
95.0. Məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər: [155]
95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;
95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə.
Maddə 96. Məcburi ambulatoriya müşahidəsi altında olma və psixiatr tərəfindən müalicə edilmə
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
Maddə 97. Psixiatriya stasionarlarında məcburi müalicə olunma
97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər.
97.2. İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.3. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.4. Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər.
Maddə 98. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi
[156]
98.1. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəmə tərəfindən həyata keçirilir. [157]
98.2. Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ay müddətində bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi müalicənin müddətinin uzadılması haqqında məhkəməyə öz rəyini təqdim edir. Məcburi müalicənin ilk dəfə uzadılması müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir.
[158]
98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.
98.4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs barəsindəki materialları məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
Maddə 99. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması
[159]
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır.
Fəsil 15-1
[160]
Xüsusi müsadirə
Maddə 99-1. Xüsusi müsadirə
99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır:
[161]
99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla);
[162]
99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla);
[163]
99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi;
99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak.
99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
99-1.3. Cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir.
[164]
Maddə 99-2. Əmlakın dəyərinə görə xüsusi müsadirə
[165]
Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir.
[166]
Maddə 99-3. Cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsi
99-3.1. Müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.
99-3.2. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir.
[167]
Fəsil 15-2
Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər
Maddə 99-4. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının əsasları və şərtləri
99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi.
99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir.
99-4.3. Bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur.
[168]
99-4.4. Dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.
99-4.5. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir.
[169]
99-4.6. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda cinayət-hüquqi tədbirlər hüquqi şəxsin hüquqi varisinə təyin olunur. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır.
Maddə 99-5. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri
99-5.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-1-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq edilir.
[170]
99-5.3. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur.
99-5.4. Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:
[171]
99-5.4.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
99-5.4.2. cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
99-5.4.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
99-5.4.4. cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
99-5.4.5. cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər.
99-5.4.6. hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması.
99-5.5. Əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbir təyin olunarkən müvafiq olaraq bu Məcəllənin 99-6.3-cü və 99-7.2-ci maddələrində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət-hüquqi tədbir təyin edilə bilməz.
Maddə 99-6. Cərimə
99-6.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir.
99-6.2. Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur.
99-6.3. Hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə təyin edilir:
99-6.3.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - əlli min manatdan yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən iki mislinədək miqdarda;
99-6.3.2. az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda;
99-6.3.3. ağır cinayətlərə görə - yüz min manatdan yüz iyirmi beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən dörd mislinədək miqdarda;
99-6.3.4. xüsusilə ağır cinayətlərə görə - yüz iyirmi beş min manatdan yüz əlli min manatadək miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda.
99-6.4. Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz.
Maddə 99-7. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
99-7.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarətdir.
99-7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə bu Məcəllənin 99-5.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab edildikdə aşağıdakı müddətlərə təyin edilir:
[172]
99-7.2.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - bir ildən iki ilədək müddətə;
99-7.2.2. az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə;
99-7.2.3. ağır cinayətlərə görə - üç ildən dörd ilədək müddətə;
99-7.2.4. xüsusilə ağır cinayətlərə görə - dörd ildən beş ilədək müddətə.
Maddə 99-8. Hüquqi şəxsi ləğv etmə
99-8.1. Hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir.
99-8.2. Hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur.
99-8.3. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir.
99-8.4. Hüquqi şəxsi ləğv etmə siyasi partiyalara və həmkarlar ittifaqına, dövlət (bələdiyyə) müəssisələrinə və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə (bələdiyyəyə) məxsus olan hüquqi şəxslərə tətbiq edilmir.
Maddə 99-9. Hüquqi şəxsin cinayət-hüquqi tədbirlərin tətbiqindən azad edilməsi
Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs bu Məcəllənin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.
Maddə 99-10. Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət
99-10.1. Hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilir:
99-10.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən bir il keçdikdə;
99-10.1.2. az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən iki il keçdikdə;
99-10.1.3. ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən altı il keçdikdə;
99-10.1.4. xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən səkkiz il keçdikdə.
XÜSUSİ HİSSӘ
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
[173]
16-cı fəsil
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
[174]
Maddə 100. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[175]
100.2. Təcavüzkar müharibəni aparma—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[176]
Maddə 101. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[177]
101.2. Eyni əməllər mediadan istifadə etməklə və ya vəzifəli şəxs tərəfindən törədildikdə—
[178]
üç ilədək müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 102. Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin gərginləşməsi məqsədi ilə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 103. Soyqırım
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[179]
Maddə 104. Soyqırımın törədilməsinə təhrik etmə
Bu Məcəllənin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 105. Əhalini məhv etmə
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu fəslin 105—113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab edilir.
[180]
Maddə 106. Köləlik
106.1. Köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.2. Eyni əməllər yetkinlik yaşına çatmayana qarşı və ya şəxsi xarici ölkəyə daşımaq məqsədi ilə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.3. Kölə ticarəti, yəni şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və ya dəyişdirmək məqsədi ilə saxlama, onun barəsində sərəncam vermə, habelə kölə ticarəti və kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında cinsi azadlığa qəsd edən əməl—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 107. Əhalini deportasiya etmə və ya məcburi köçürmə
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 108. Cinsi zorakılıq
Şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətləri etmə—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 108-1. Məcburi hamiləlik
[181]
Hər hansı əhalinin etnik tərkibini dəyişdirmək məqsədi və ya beynəlxalq hüququn başqa ciddi pozuntuları ilə müşahidə olunan zorla hamilə edilmiş qadını qanunsuz azadlıqdan məhrum etmə -
on iki ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 109. Təqib
Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayәtlәrlә əlaqədar olduqda— [182]
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 110. İnsanları zorakılıqla yoxa çıxarma
Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etmə—
on ildən iyirmi müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[183]
Maddə 111. İrqi ayrıseçkilik (aparteid)
111.0. Hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə:
111.0.1. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin yaşamaq və azadlıq hüquqlarını inkar etmə, yəni irqi qrupa və ya qruplara mənsub olan şəxsləri öldürmə, onların sağlamlığına ağır zərər vurma və ya əqli qabiliyyətlərinə ciddi zərər vurma, işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza tətbiq etmə, yaxud özbaşınalıqla həbs və qanunsuz olaraq azadlıqdan məhrum etmə;
111.0.2. irqi qrupun və ya qrupların, bütövlükdə və ya qismən, fiziki məhvi ilə nəticələnə biləcək yaşayış şəraiti yaratma;
111.0.3. irqi qrupun və ya qrupların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında iştirakının qarşısını almaq, habelə qrupa və ya qruplara mənsub olan şəxslərin işləmək, həmkarlar təşkilatlarını yaratmaq, təhsil almaq, ölkədən getmək və ölkəyə qayıtmaq, vətəndaşlıq, hərəkət etmək və yaşayış yerini seçmək, fikir və söz azadlığı, toplaşmaq və birləşmək hüquqları daxil olmaqla əsas insan hüquq və azadlıqlarını inkar etməklə tam inkişafın qarşısını almaq məqsədilə hər hansı qanunverici və digər tədbiri həyata keçirmə;
111.0.4. düşərgə və qettoların yaradılması ilə əhalini irqi qruplara bölmək, irqi qruplar arasında qarışıq nikahları qadağan etmək, irqi qrupa və ya qruplara və ya onların üzvlərinə mənsub olan torpaq sahələrini onların razılığı olmadan almaq məqsədilə, qanunverici tədbirlər daxil olmaqla, hər hansı bir tədbiri həyata keçirmə;
111.0.5. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin əməyini istismar etmə;
111.0.6. aparteidə qarşı çıxan şəxsləri və təşkilatları, əsas hüquq və azadlıqlardan məhrum etmə vasitəsilə təqib etmə—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 112. Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə
Şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 113. İşgəncə
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə—
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17-ci fəsil
Maddə 114. Muzdluluq
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[184]
114.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə—
doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[185]
114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı—
beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[186]
Qeyd:
1. Bu fəsildə nəzərdə tutulmuş istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur.
2. Muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur.
Maddə 115. Müharibə qanunlarını və adətlərini pozma
115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.3. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxslərin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır .
115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır .
[187]
Maddə 116. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:
116.0.1. mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;
116.0.2. ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;
116.0.3. sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə;
[188]
116.0.4. hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmə;
116.0.5. yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə;
116.0.6. hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə;
116.0.7. müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə;
116.0.8. hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;
[189]
116.0.8-1. hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə;
116.0.8-2. mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə;
116.0.8-3. mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə.
[190]
116.0.9. müvəqqəti barışıq haqqında və ya həlak olanların və yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə sazişi pozma;
116.0.10. mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə;
116.0.11. hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;
116.0.12. dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə;
116.0.13. hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış, həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə;
116.0.14. işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə;
116.0.15. hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə;
116.0.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə;
116.0.17. zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə;
[191]
116.0.18. bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə, habelə prosessual hüquqlardan məhrum etmə—
on ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[192]
Qeyd: Bu Məcəllənin 116.0.8-1-116.0.8-3-cü maddələrində “mədəni sərvət” dedikdə, aşağıdakılar başa düşülür:
[193]
1. hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; həmçinin elmi kolleksiyalar və ya kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);
2. bu “Qeyd”in 1-ci bəndində göstərilmiş, əsas və həqiqi məqsədi daşınar mədəni sərvətlərin saxlanması və ya sərgilənməsi olan binalar (muzeylər, iri kitabxanalar, arxivlər, habelə həmin bənddə göstərilmiş daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);
3. bu “Qeyd”in 1-ci və 2-ci bəndlərində göstərilmiş mədəni sərvətlərin çox olduğu “mədəni sərvətlərin cəmləşdiyi mərkəz” adlandırılan mərkəzlər.
Maddə 117. Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə
117.1. Rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin qarşısının alınması məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
117.2. Döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Maddə 118. Hərbi soyğunçuluq
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) —
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 119. Müdafiə olunan nişanlardan sui-istifadə
119.1. Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə—
[194]
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
119.2. Ağ bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya onun sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
SƏKKİZİNCİ BÖLMƏ
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
18-ci fəsil
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 120. Qəsdən adam öldürmə
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—
doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[195]
120.2. Qəsdən:
120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;
120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə;
120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;
120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;
120.2.5. tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə;
120.2.6. başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;—
120.2.7. iki və ya daha çox şəxsi öldürmə;
120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə;
120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə;
120.2.10. təkrar adam öldürmə;
120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə;
[196]
120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[197]
Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.
Maddə 121. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi
Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[198]
Maddə 122. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə
122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[199]
122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 123. Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[200]
123.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[201]
Maddə 124. Ehtiyatsızlıqdan adam öldürmə
124.1. Ehtiyatsızlıqdan adam öldürmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[202]
124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 125. Özünü öldürmə həddinə çatdırma KMQ20
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[203]
Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma
126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
126.2. Eyni əməllər:
126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;
126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə;
126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə—
altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[204]
Maddə 127. Qəsdən sağlamlığa az ağır zərər vurma
127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma— [205]
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[206]
127.2. Eyni əməllər:
127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;
127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;
[207]
127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə;
[208]
127.2.4. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədildikdə;
bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[209]
Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma
Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— [210]
min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[211]
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
[212]
Maddə 129. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma
129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma—
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[213]
129.2. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma—
min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[214]
Maddə 130. Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma
[215]
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma—
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[216]
130.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma—
[217]
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[218]
Maddə 131. Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma
[219]
131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma—
[220]
yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[221]
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma—
min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[222]
Maddə 132. Döymə
[223]
Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə—
iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[224]
Maddə 133. Əzab vermə
[225]
133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[226]
133.2. Eyni əməllər:
133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə;
133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;
133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
133.2.5. zər&