×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Məcəllələr
QƏBUL EDİLDİYİ TARİX
11.07.2000
QEYDİYYAT NÖMRƏSİ
ADI
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.08.2000, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 583)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİ [1]

 

Ümumi hissə

 

I fəsil. Ümumi müddəalar [2]

 

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər

 

1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir.

1.3. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. [3]

 

Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi

 

2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir.

2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.

2.3. Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.

2.4. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz:

2.4.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar; [4]

2.4.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalar;

2.4.3. vergi öhdəliklərinin üstünlüyü haqqında müflisləşmə və iflas haqqında qanunvericilikdə nəzərdə tutulan müddəalar;

2.4.4. büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar;

2.4.5. vergilər üzrə dövlət təminatlarının verilməsi ilə bağlı müddəalar; [5]

2.4.6. hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar.

2.4.7. İxrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar. [6]

2.4.8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) haqqında nəzərdə tutulan müddəalar; [7]

2.4.9. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddəalar. [8]

2.4-1. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. [9]

2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

2.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur. [10]

2.7. Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. [11]

2.7-1. Ələt azad iqtisadi zonasında vergitutma və vergi nəzarəti, vergi azadolmaları və güzəştləri ilə bağlı məsələlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [12]

2.8. Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir. [13]

 

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları

 

3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır.

3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.

3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.

3.4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir.

3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

3.6. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.

Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.

Azərbaycan Respublikasına gətirilən mallar üçün həmin malların hansı ölkədən gətirilməsindən asılı olaraq bu Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun olaraq müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür. [14]

3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir.

3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.

3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin.

3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.

3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. [15]

3.12. Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir.

 

Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi

 

4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:

4.1.1. dövlət vergiləri;

4.1.2. muxtar respublika vergiləri;

4.1.3. yerli vergilər (bələdiyyə vergiləri).

4.2. Dövlət vergiləri dedikdə, bu Məcəllə ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.

4.3. Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında bu Məcəlləyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.

Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. [16]

4.5. Azərbaycan Respublikasında bu Məcəlləyə uyğun olaraq xüsusi və müvəqqəti vergi rejimləri tətbiq edilə bilər. [17]

Xüsusi vergi rejimi dedikdə, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.

Müvəqqəti vergi rejimi dedikdə, təbii fəlakətlərin, epidemiyaların, epizootiyaların, böyük ekoloji və başqa qəzaların, habelə qlobal iqtisadi mühitdə baş verən hadisələrin təsiri nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar bütün və ya bir qism sahibkarlıq subyektlərinə münasibətdə müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin müvəqqəti qaydası nəzərdə tutulur.

4.6. Bu Məcəllə ilə nəzərdə tutulmayan vergilərin müəyyən edilməsinə yol verilmir.

 

Maddə 5. Vergitutmanın formaları

 

5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur:

5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);

5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);

5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). [18]

 

Maddə 6. Dövlət vergiləri

 

6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir:

6.1.1. fiziki şəxslərin gəlir vergisi;

6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);

6.1.3. əlavə dəyər vergisi;

6.1.4. aksizlər;

6.1.5. hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; [19]

6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; [20]

6.1.7. yol vergisi;

6.1.8. mədən vergisi;

6.1.9. sadələşdirilmiş vergi; [21]

6.2. Bu Məcəllə ilə bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri müəyyən edilir.

6.3. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri bu Məcəllədə müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər.

 

Maddə 7. Muxtar respublika vergiləri

 

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan bu Məcəllənin 6.1-ci maddəsində (yol vergisi istisna olmaqla) sadalanan dövlət vergiləri aiddir. [22]

 

Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri)

 

8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: [23]

8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; [24]

8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; [25]

8.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; [26]

8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. [27]

 

Maddə 9. Vergilərin hesablanmasının və ödənilməsinin pul vahidi

 

Azərbaycan Respublikasının ərazisində vergilər Azərbaycan Respublikasının pul vahidi - manatla hesablanır və ödənilir.

 

Maddə 10. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları

 

10.0. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır:

10.0.1. bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər;

10.0.2. bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər;

10.0.3. Azərbaycan Respublikasının dövlət vergi orqanları;

10.0.4. Azərbaycan Respublikasının gömrük orqanları;

10.0.5. bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları;

10.0.6. bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər.

 

Maddə 11. Vergi anlayışı

 

Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. [28]

 

Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri

 

12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:

12.1.1. vergitutma obyekti;

12.1.2. vergitutma bazası;

12.1.3. vergi dövrü;

12.1.4. vergi dərəcəsi;

12.1.5. verginin hesablanması qaydası;

12.1.6. verginin ödənilməsi qaydası və müddəti.

12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər.

12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. [29]

12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

 

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

 

13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:

13.2.1. Şəxs - istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi. [30]

13.2.2. Hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.

13.2.3. Fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs. [31]

13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. [32]

13.2.5. Rezident:

13.2.5.1. aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:

    • təqvim ilində başa çatan hər hansı ardıcıl olan 12 aylıq dövr ərzində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; [33]
    • təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;.
    • bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
    • daimi yaşayış yeri;
    • həyati mənafelərinin mərkəzi;
    • adətən yaşadığı yer;
    • Azərbaycan Respublikasının vətəndaşlığı;

13.2.5.2. Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun;

13.2.5.3. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarəetmə yeri olan istənilən hüquqi şəxs. Bu maddədə hüquqi şəxsin idarəetmə yeri dedikdə, əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur. [34]

13.2.6. Qeyri-rezident:

13.2.6.1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;

13.2.6.2. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;

13.2.6.3. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;

13.2.6.4. Bu Məcəllənin 13.2.6.1-ci və 13.2.6.2-ci maddələri Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;

13.2.6.5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;

13.2.6.6. rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.

13.2.7. Vergi ödəyicisinin ailə üzvləri:

13.2.7.1. ər-arvadlar;

13.2.7.2. valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr; [35]

13.2.7.3. vərəsələr;

13.2.7.4. doğma (ögey) bacılar (qardaşlar);

13.2.7.5. bacı və qardaş övladları;

13.2.7.6. ər-arvadların bacıları, qardaşları və valideynləri;

13.2.7.7. bacıların ərləri və qardaşların arvadları;

13.2.7.8. valideynlərin bacıları (qardaşları);

13.2.7.9. qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.

13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su.

Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

13.2.9. Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.

13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. [36]

13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət.

ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. [37]

13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. [38]

 Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. [39]

13.2.13. Vergi ödəyicisinin, alıcının, sifarişçinin və ya hər hansı şəxsin adı - hüquqi şəxsin dövlət qeydiyatına alınmış adı, fiziki şəxsin adı, atasının adı və soyadı. [40]

13.2.14. Maliyyə xidmətləri:

13.2.14.1. kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi; [41]

13.2.14.2. müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar;

13.2.14.3. qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;

13.2.14.4. səhmlərin, istiqrazların, veksellərin və digər qiymətli kağızların, habelə çeklərin tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, sənədli qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir; [42]

13.2.14.5. törəmə maliyyə alətləri ilə əqdlərə və analoji sazişlərə aid əməliyyatlar; [43]

13.2.14.6. investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;

13.2.14.7. sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri. [44]

13.2.15. Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. [45]

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

13.2.16. Azərbaycan mənbəyindən gəlir:

13.2.16.1. Azərbaycan Respublikasında muzdlu işdən gəlir;

13.2.16.2. Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfindən təqdim edilməsindən gəlir;

13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir;

13.2.16.4. Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, o cümlədən belə daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) aid edilə bilən eyni cinsli, yaxud bənzər (oxşar) malların (işlərin, xidmətlərin) təqdim edilməsindən, habelə daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir;

13.2.16.5. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar:

        • vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən;
        • bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən;
        • xərclərin bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir;

13.2.16.6. rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir;

13.2.16.7. rezidentlərdən alınan faizlər şəklində gəlir;

13.2.16.8. rezident tərəfindən ödənilən pensiya;

13.2.16.9. Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmlakı olan şəxsdən alınan faizlər şəklində gəlir - həmin şəxsin bu faizlər üzrə borcu bu cür daimi nümayəndəlik və ya əmlakla bağlıdırsa;

13.2.16.10. Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir, yaxud bu Məcəllənin 13.2.23-cü maddəsində göstərilən və Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlakın təqdim edilməsindən gəlir;

13.2.16.11. Azərbaycan Respublikasında istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə edilən gəlir;

13.2.16.12. Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir;

13.2.16.13. aktivlərinin 50 faizindən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan ibarət olan müəssisənin səhmlərinin və ya iştirak payının təqdim edilməsindən gəlir;

13.2.16.14. rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim edilməsindən əldə etdiyi digər gəlirlər;

13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər. [46]

Aşağıdakı hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir:

1. alınmış borclar üzrə borcun əsas məbləği qaytarıldıqda (faizlər istisna olmaqla);

2. rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər aparıldıqda;

3. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsinə uyğun olaraq ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda;

4. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında xidmətlər alındıqda;

5. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə;

6. borc qiymətli kağızlarının əldə edilməsi ilə bağlı ödənişlər edildikdə;

7. Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə;

8. güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin rezidentlərinin əməkhaqqı və pensiyaları ödənildikdə;

9. səlahiyyətli dövlət orqanlarına rüsumlar və digər ödənişlər ödənildikdə, icazələrin və sertifikatların alınması ilə bağlı ödənişlər edildikdə.

10. qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə). [47]

13.2.16.15. idarəetmə, maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlir - bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə, yaxud o, həmin müəssisə və ya onun daimi nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə edilmişdirsə;

13.2.16.16. Azərbaycan Respublikasında riskin sığortası və ya təkrar sığortası haqqında müqavilə üzrə ödənilən gəlir;

13.2.16.17. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir;

13.2.16.17-1. mədəniyyət, incəsənət, teatr, kino, radio, televiziya, musiqi, rəssamlıq, idman, mühəndislik, memarlıq, arxitektura və elm sahələri üzrə Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı edilən ödənişlər. [48]

13.2.16.18. Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin əvvəlki maddələrində əhatə edilməyən digər gəlirlər. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır.

13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. [49]

13.2.18. Faizlər - borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə.

13.2.19. Xalis mənfəət - mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.

13.2.20. İştirakçı - səhmdar, payçı və ya müəssisənin mənfəətində digər iştirakçı.

13.2.21. Əmlak - hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri. [50]

13.2.22. Əmlakın qalıq dəyəri - müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri. [51]

13.2.23. Royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. [52]

13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri. [53]

13.2.25. Fyuçers - baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alqı-satqısı üzrə törəmə maliyyə alətidir. [54]

13.2.26. Opsion - qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə (satmağa) hüququ təsdiq edən sənəddir. [55]

13.2.27. Qeyri-kommersiya fəaliyyəti - məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.

13.2.28. Çıxarılmışdır. [56]

13.2.29. Malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.

13.2.30. Malların təkrar ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.

13.2.31. Malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi.

13.2.32. Malların təkrar idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin həmin malları idxal etməsi.

13.2.33. Azərbaycan Respublikası ərazisindən tranzit - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhəddindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma.

Beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. [57]

13.2.34. Muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır.

13.2.35. Xeyriyyəçilik fəaliyyəti - fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım) göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud bu Məcəllədə digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda kömək (yardım) göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır:

13.2.35.1. bu cür köməyi (yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;

13.2.35.2. bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;

13.2.35.3. bu cür kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə seçki kompaniyasında iştirak etmək üçün göstərilirsə.

13.2.36. Xeyriyyə təşkilatı - xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.

13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. [58]

13.2.38. Büdcə təşkilatı - büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.

13.2.39. Müəssisə - bu Məcəllənin məqsədləri üçün müəssisələr-sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir:

13.2.39.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər;

13.2.39.2. xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri;

13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri.

13.2.40. ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.

13.2.41. Kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.

            13.2.41-1. Publik hüquqi şəxs – “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş qurumdur. [59]

13.2.42. Qeyri-kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. [60]

13.2.43. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunları - idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar;

13.2.44. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru - idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs.

13.2.45. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı - idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyununun iştirakçıları ilə idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən şəxs; [61]

13.2.46. Üçüncü şəxs - vergi orqanı tərəfindən kameral və ya səyyar qaydada yoxlanılan, vergi ödəyicisinin fəaliyyətində malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bilavasitə əlaqəli olan rezident və ya qeyri-rezident şəxs;

13.2.47. Vergi riskləri - vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi nəticəsində vergi ödəyicisinin maliyyə itkilərinə məruz qalmasının mümkünlüyü;

13.2.48. Vergi risklərinin minimallaşdırılması - vergi ödəyicisinin vergi hesablamalarının tam və ya qismən yerinə yetirməsinə mənfi təsirlərin azaldılması və ya aradan qaldırılması;

13.2.49. Vergi partnyorluğu sazişi - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşması;

13.2.49-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar – gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən bu Məcəllənin 77-1-ci maddəsində nəzərdə tutulan sənəd; [62]

13.2.49-2. könüllü açıqlama – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi; [63]

13.2.50. İri vergi ödəyicisi - bu Məcəllənin məqsədləri üçün aşağıdakı meyarlardan ən azı birinə uyğun olan vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla): [64]

13.2.50.1. əvvəlki 3 ilin hər birində mülkiyyətində olan əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 2.500.000 manatdan və əvvəlki 3 il üzrə orta illik dövriyyəsi (ƏDV-siz) 1.250.000 manatdan çox olduqda;

13.2.50.2. son 3 vergi ili ərzində bu Məcəllə ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləği hər il üçün 500.000 manatdan çox olduqda;

13.2.50.3. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təbii inhisarçılara və ya bazarda hökmran mövqe tutan subyektlərə aid olunan vergi ödəyiciləri, o cümlədən onların Azərbaycan Respublikasının rezidenti olan törəmə təsərrüfat cəmiyyətləri.

13.2.51. Xüsusi vergi rejimli müəssisə - qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında və xüsusi iqtisadi zonalar haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən, vergitutma və vergi nəzarəti məsələlərində müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsi xüsusi qaydalarla müəyyən edilən vergi ödəyiciləri, habelə xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik və analoji nümayəndəlikləri, konsulluq idarələri və digər rəsmi nümayəndəlikləri; [65]

13.2.52. Sənaye parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;

13.2.53. Texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs; [66]

13.2.54. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti;

13.2.55. ticarət fəaliyyəti – istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti;

13.2.56. ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti;

13.2.57. tikinti-quraşdırma işlərinə başlama anı – tikintisinə icazə verilmiş tikinti obyektinin layihəsində, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan tələblərə riayət edilmiş barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsində nəzərdə tutulmuş tikinti obyektinin inşası üzrə bilavasitə tikinti-quraşdırma işlərinə başlama anı; [67]

13.2.58. investisiya təşviqi sənədi - investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq verilən, bu Məcəllənin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (bu Məcəllənin 67-2-ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir; [68]

13.2.59. Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum; [69]

13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi; [70]

13.2.61. kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi:

13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir;

13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir;

13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; [71]

13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; [72]

13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq; [73]

13.2.65. transfer qiyməti – bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymət; [74]

13.2.66. maliyyə institutu – bu Məcəllənin məqsədləri üçün aşağıdakı fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisi:

13.2.66.1. bank fəaliyyəti;

13.2.66.2. həyatın yığım sığortası və (və ya) annuitet sığortası fəaliyyəti;

13.2.66.3. depozitar fəaliyyəti – bu Məcəllənin məqsədlərinə uyğun olaraq, depozitar dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasını təşkil edən hüquqi şəxs nəzərdə tutulur. Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20%-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:

13.2.66.3.1. maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üç illik müddət;

13.2.66.3.2. müəssisənin fəaliyyət göstərdiyi müddət;

13.2.66.4. qiymətli kağızların (veksellər, depozitar qəbzi və sair), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti; [75]

13.2.66.5. investorların portfellərinin idarə edilməsi fəaliyyəti;

13.2.66.6. bu Məcəllənin 13.2.66.1 – 13.2.66.5-ci maddələrində qeyd olunmuş fəaliyyətlərdən hər hansı biri ilə məşğul olan şəxs tərəfindən idarə olunan hüquqi şəxsin həyata keçirdiyi fəaliyyət;

13.2.67. maliyyə institutlarında vergi monitorinqi – maliyyə institutları tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi işinə nəzarət tədbirləri;

13.2.68. elektron audit – vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması;

13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma;

13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat;

13.2.71. vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri;

13.2.72. elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə; [76]

13.2.73. iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer;

13.2.74. kapital – aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəri;

13.2.75. məcburi nişanlama – bu Məcəllənin 50-2.1-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər; [77]

13.2.76. aksiz markası – aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markası;

13.2.77. innovasiya fəaliyyəti – iqtisadi və ya sosial səmərə əldə etmək məqsədi ilə elmi-tədqiqat və təcrübə-konstruktor işləri və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyət;

13.2.78. KOB klaster şirkəti – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) KOB klaster şirkətinin şəhadətnaməsi verdiyi hüquqi şəxs;

13.2.79. KOB klasterinin iştirakçısı – KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxs;

13.2.80. startap – innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti;

13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; [78]

13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

13.2.83. transmilli şirkətlər qrupu – müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox müəssisənin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin daxil olduğu şirkətlər qrupu. Transmilli şirkətlər qrupuna daxil olan müəssisə dedikdə həmin müəssisə, həmin müəssisənin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəlikləri nəzərdə tutulur;

13.2.84. malların ixrac qeydi ilə satışı – malların ixrac edilməsi məqsədilə istehsalçılar tərəfindən ixracatçılara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satışı; [79]

13.2.85. nəzarət olunan xarici müəssisə - bu Məcəllənin 14-2.1-ci maddəsinin tələblərinə uyğun olan və vergitutma məqsədləri üçün qeyri-rezident müəssisə. [80]

 

Maddə 14. Bazar qiyməti

 

14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.

14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: [81]

14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; [82]

14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə;

14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; [83]

14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; [84]

14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; [85]

14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). [86]

14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin.

14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun.

14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. [87]

14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);

14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;

14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);

14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;

14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;

14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;

14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır.

14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır.

14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:

14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.

14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.

14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır.

14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır: [88]

14.6.5.1. alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda;

14.6.5.2. malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda.

14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.

14.7. Hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir.

14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

14.9. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir.

14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. [89]

 

Maddə 14-1. Transfer qiyməti [90]

 

14-1.1. Ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti aşağıdakı üsullardan biri əsasında müəyyənləşdirilir:

14-1.1.1. bu Məcəllənin 14.6.3.1-ci maddəsində göstərilən qaydada müəyyənləşdirilən sonrakı (təkrar) satış qiymətinə əsasən;

14-1.1.2. bu Məcəllənin 14.6.3.2-ci maddəsində göstərilən qaydada müəyyənləşdirilən dəyərin toplanması üsuluna əsasən;

14-1.1.3. rentabellilik üsuluna əsasən. Bu üsulla malların (işlərin, xidmətlərin) transfer qiyməti, əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin, onun ümumi xərclərində və ya gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisinin bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyat çərçivəsində formalaşan qiymət göstəricisi ilə müqayisəsi əsasında müəyyənləşdirilir;

14-1.1.4. mənfəətin bölgüsü üsuluna əsasən. Mənfəətin bölgüsü üsulu bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında bu maddəyə əsasən bölüşdürülməsidir. [91]

14-1.2.Transfer qiyməti əsas götürülməklə vergilər aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlardan hesablana bilər:

14-1.2.1. Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər, habelə həmin rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında; [92]

14-1.2.2. qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında; [93]

14-1.2.3. Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında;

14-1.2.4. bu Məcəllənin 14-1.2.1-14-1.2.3-cü maddələrində göstərilən hallar istisna olmaqla, Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə qeyri-rezident şəxslər arasında, bu şərtlə ki: [94]

14-1.2.4.1. şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya);

14-1.2.4.2. Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.

14-1.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında aparılan əməliyyatlar zamanı vergi ödəyicisinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlər eyni əməliyyat üçün bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az olduqda, vergilər transfer qiyməti ilə, yuxarı həddindən çox olduqda isə faktiki satış qiyməti ilə hesablanır.

14-1.4. Transfer qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir. [95]

14-1.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti eyni əməliyyat üçün bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan ən yüksək qiymətdən çoxdursa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilmişdirsə, həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə transfer qiyməti ilə aid edilir və vergilər yenidən hesablanır.

14-1.6. Transfer qiymətinin tətbiqi zamanı qiymətlərə təsir edə bilən amillər müəyyənləşdirilərkən bu Məcəllənin 14.6.1-ci maddəsinin müddəaları tətbiq edilir.

14-1.7. Vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) transfer qiymətinin bu Məcəllədə göstərilənlərdən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar təqdim etmək hüququ vardır.

14-1.8. Malların (işlərin, xidmətlərin) transfer qiymətləri müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq məlumatlardan istifadə edilir.

14-1.9. Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14-1.10. Qeyri-rezident şəxslərin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə mənfəətin (gəlirin) müəyyən edilməsi və həmin qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə münasibətdə vergilərin hesablanması bu maddəyə əsasən müəyyənləşdirilir. [96]

 

Maddə 14-2. Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi [97]

 

14-2.1. Vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti aşağıdakı hallarda Azərbaycan Respublikasında vergiyə cəlb olunur: [98]

14-2.1.1. Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə ; [99]

14-2.1.2. nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa və; [100]

14-2.1.3. xarici müəssisənin illik gəlirlərinin 30 faizindən çox olan hissəsi aşağıdakı gəlirlərdən ibarət olarsa:

14-2.1.3.1. maliyyə aktivlərindən əldə edilən faiz;

14-2.1.3.2. əqli mülkiyyətdən əldə edilən royalti;

14-2.1.3.3. səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlir;

14-2.1.3.4. maliyyə lizinqindən əldə edilən gəlirlər;

14-2.1.3.5. sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlirlər;

14-2.1.3.6. heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlir.

14-2.2. Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi qaydası, habelə nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. [101]

14-2.3. Bu maddəyə uyğun olaraq nəzarət olunan xarici müəssisənin mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb edilərkən eyni vergitutma obyektindən iki dəfə vergilərin hesablanmasına yol verilmir və həmin mənfəətdən ödənilən (tutulan) vergi məbləği nəzərə alınır.

14-2.4. Nəzarət olunan xarici müəssisədən əldə edilən aşağıdakı gəlirlər nəzarət olunan xarici müəssisənin vergitutulan gəlirlərinə aid edilmir:

14-2.4.1. nəzarət olunan xarici müəssisədən əldə edilən dividendlər;

14-2.4.2. rezident müəssisə nəzarət olunan xarici müəssisənin törəmə müəssisəsi olduqda, nəzarət olunan xarici müəssisənin ümumiləşdirilmiş (konsolidə edilmiş) mənfəətindən rezident müəssisəyə aid olan vergiyə cəlb olunan mənfəət;

14-2.4.3. nəzarət olunan xarici müəssisənin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi vasitəsilə əldə edilən, habelə Azərbaycan Respublikasında təsis etdiyi müəssisədən əldə olunan və Azərbaycan Respublikasında vergiyə cəlb olunmuş gəlirlər.

 

II fəsil. Vergi ödəyicisi. Vergi agenti

 

Maddə 15. Vergi ödəyicisinin hüquqları

 

15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:

15.1.1. vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq;

15.1.2. vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;

15.1.2-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi məqsədilə vergi orqanlarına ərizə ilə müraciət etmək; [102]

15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək; [103]

15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;

15.1.5. vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək;

15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq;

15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək;

15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək;

15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; [104]

15.1.10. qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya və (və ya) vergi sirrinin qorunmasını tələb etmək; [105]

15.1.11. vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qeyri-qanuni aktları (qərarları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin tam ödənilməsini, qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmək;

15.1.12. vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək;

15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. [106]

15.1.14. vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək.

15.1.15. bu Məcəllənin 16.1.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək; [107]

15.1.15-1. vergi risklərinin minimallaşdırılması məqsədi ilə "Vergi partnyorluğu sazişi" bağlamaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək; [108]

15.1.15-2. bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək; [109]

15.1.15-3. hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək; [110]

15.1.16. bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək. [111]

15.2. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir.

Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir.

Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir.

Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

15.3. Vergi ödəyicisi vergi münasibətlərində bilavasitə və bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, öz qanuni və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak edə bilər.

 

Maddə 16. Vergi ödəyicisinin vəzifələri

 

16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; [112]

16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;

16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; [113]

16.1.3-1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək; (Bu maddə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslərlə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir. [114]

16.1.4. vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatını, habelə bu Məcəllənin 14-1.2.1-14-1.2.3-cü maddələrində göstərilən şəxslər üzrə transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda və 14-1.2.4-cü maddədə göstərilən şəxslər üzrə həmin maddədə nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək; [115]

16.1.4-1. bu Məcəllənin 14-1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək; [116]

16.1.4-2. mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək. İstehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı olaraq təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək; [117]

16.1.4-3. bu Məcəllənin 14-2.2-ci maddəsində nəzərdə tutulan arayışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına təqdim etmək;

16.1.5. vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək;

16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; [118]

16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; [119]

16.1.7-1. bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; [120]

16.1.7-2. vergi orqanında uçotda olan sifarişçi tərəfindən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada fəaliyyət göstərən şəxslərin həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməklə işlərə cəlb edilməsini təmin etmək; [121]

16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: [122]

16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

16.1.8.4. qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; [123]

16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;

16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti; [124]

16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; [125]

16.1.10. istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; [126]

16.1.11. sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə, bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək; [127]

16.1.11-1. nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək; [128]

16.1.11-2. vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək; [129]

16.1.11-3. vergi orqanının tələbinə əsasən maliyyə institutlarında vergi monitorinqinin aparılması ilə bağlı vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda vergi orqanlarına və onların vəzifəli şəxslərinə təqdim etmək; [130]

16.1.11-4. maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini və bu Məcəllənin 76-1-ci maddəsinə uyğun olaraq maliyyə institutları tərəfindən təqdim edilməsi nəzərdə tutulan məlumatların əks olunduğu forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron hesabatların və vergi orqanının tələbi əsasında dəqiqləşdirilmiş elektron hesabatların təqdim edilməsini təmin etmək; [131]

16.1.11-5. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarının vəzifəli şəxslərinə əmlakın siyahıya alınmasına, həmin əmlakın məsul saxlamaya qoyulması üçün götürülməsinə zəruri şərait yaratmaq, habelə onların bu sahədə qanuni fəaliyyətlərinə maneçilik törətməmək;

16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicis i kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək: [132]

16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi;

16.1.11-6.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi; [133]

16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə; [134]

16.1.11-7. pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək; [135]

16.1.11-8. qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək;

16.1.11-9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların tələblərinə riayət etmək; [136]

16.1.11-10. vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək; [137]

16.1.11-11. neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına vermək: [138]

16.1.11-11.1. mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;

16.1.11-11.2. mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

16.1.11-11.3. mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə;

Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur. [139]

16.1.11-12. lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin, idman mərc oyunları operatoru tərəfindən idman mərc oyunu biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, lotereya biletlərinin və idman mərc oyunlarının satıcılarının haqları (mükafatları) haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada lotereya təşkilatçısının və idman mərc oyunları operatorunun malik olduqları müvafiq olaraq informasiya sistemi və mərkəzi mərc oyunu sistemi vasitəsilə gündəlik əsasla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməsini təmin etmək; [140]

16.1.12. bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələr. [141]

16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. [142]

16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. [143]

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. [144]

16.4. Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir. [145]

16.5. Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrində nəzərdə tutulan arayışlar vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən qüvvəsini itirir. [146]

16.6. Sığortaçılar və təkrarsığortaçılar tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə və fərdi sahibkarlara məxsus sığortalanmış (təkrarsığortalanmış) əsas vəsaitlər barədə məlumat rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.   [147]

16.7. Kart təşkilatları tərəfindən bu Məcəllənin 165.5-ci və 228-ci maddələrinə uyğun olaraq nağdsız qaydada aparılmış ödənişlər barədə məlumat ay bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. [148]

16.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: [149]

16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış;

16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər.

16.9. Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatı vergi orqanına təqdim edir. Bu maddə ilə müəyyən edilmiş hesabatın verilməsini şərtləndirən məbləğ həddi transmilli şirkətlər qrupunun maliyyə hesabatları əsasında müəyyən edilir.

16.10. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim edir. [150]

16.11. Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir:

16.11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə - elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;

16.11.2. xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi;

16.11.3. borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;

16.11.4. avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.

 

Maddə 17. Vergi agenti

 

17.1. Vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir.

17.2. Vergi agentinin, bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır.

17.3. Vergi agenti:

17.3.1. müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə;

17.3.2. vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa;

17.3.3. vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə;

17.3.4. vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə;

17.3.5. bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludur.

17.4. Vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

17.5. Vergi agenti birbaşa və ya dolayı yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə vergi agentinin bilavasitə və ya dolayısı ilə tabe olduğu şəxs bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

17.6. Bu Məcəllənin 149.1.3-1-ci maddəsinə uyğun olaraq təyin olunan vergi agenti təyin olunduqdan sonra 30 gün ərzində vergi orqanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edir. [151]

 

Maddə 18. Qarşılıqlı surətdə asılı olan şəxslər

 

18.1. Vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir.

18.2. Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır:

18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; [152]

18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir;

18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər;

18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər;

18.2.5. bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri.

18.3. Bu maddənin məqsədləri üçün bir şəxs digər şəxsə o halda nəzarət etmiş hesab olunur ki, həmin şəxs digər şəxsin fəaliyyətini məhdudlaşdırmaq və ya istiqamətləndirmək imkanına malikdir. [153]

 

Maddə 19. Daimi nümayəndəlik

 

19.1. Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.

19.2. Daimi nümayəndəlik, əsasən aşağıdakıları əhatə edir, amma bunlarla məhdudlaşdırılmır:

19.2.1. idarəetmə yerini;

19.2.2. bölməni;

19.2.3. kontoru;

19.2.4. filialı və agentliyi;

19.2.5. tikinti və təmir meydançaları, quraşdırma, montaj və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyəti göstərilməsini; [154]

19.2.6. təbii ehtiyatların kəşfiyyatı, işlənməsi və çıxarılması üzrə yerlər, istifadə olunan qurğular və ya meydançalar, qazma avadanlığı və ya gəmilər, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyəti göstərilməsini;

19.2.7. qeyri-rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı (yeri);

19.2.8. müxtəlif məsləhət xidməti üzrə yerlərini;

19.2.9. Azərbaycan Respublikası ərazisində digər sahibkarlıq növlərinin həyata keçirildiyi istənilən hər hansı iş yerlərini;

19.2.10. qeyri-rezident müəssisələrin və ya qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi funksiyalarını həyata keçirən, onların adından fəaliyyət göstərən, onlar üçün müştəri bazasının toplanması və müştərilərlə işin təşkilini həyata keçirən, onların adından müqavilələri hazırlamaq və ya bağlamaq səlahiyyətlərinə malik olan və adətən belə səlahiyyətləri həyata keçirən şəxsləri; [155]

19.2.11. malların istehsal və ya təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yeri.

19.2-1. Bu Məcəllənin 19.2.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti baş podratçı kimi qeyri-rezident şəxs həyata keçirdiyi halda, onun bu fəaliyyəti həyata keçirmək üçün cəlb etdiyi və qarşılıqlı surətdə asılı olduğu və (və ya) fəaliyyətinə nəzarəti həyata keçirdiyi digər subpodratçı şəxslərin bu işlər üçün göstərdiyi fəaliyyətin müddəti baş podratçının fəaliyyət müddətinə əlavə edilir. Bu maddənin müddəaları subpodratçı şəxslərin fəaliyyət müddəti 30 gündən artıq olduğu halda tətbiq edilir; [156]

19.3. Bu Məcəllənin 19.2-ci maddəsində müəyyən edilən müddəalardan fərqli olaraq, aşağıda göstərilən fəaliyyət növləri daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır:

19.3.1. qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsi;

19.3.2. qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanması;

19.3.3. qeyri-rezident müəssisəsinin yalnız özü üçün malların alınması və ya məlumatların toplanması;

19.3.4. qeyri-rezident müəssisəsinin özü üçün hər hansı digər hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsi;

19.3.5. bu Məcəllənin 19.3.1-19.3.4-cü maddələrində göstərilmiş hər hansı fəaliyyət növlərinin bir yerdə həyata keçirilməsi.

19.3-1. Qeyri-rezident şəxs və onunla qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən Azərbaycan Respublikasında bu Məcəllənin 19.3-cü maddəsində sadalanan fəaliyyət növlərinin hər hansı birinin birgə şəkildə həyata keçirilməsi sahibkarlıq məqsədləri daşıdığı və ya bu fəaliyyət növlərinin hər hansı biri üzrə əlaqəli şəkildə həyata keçirilməsinin nəticələri hazırlıq və ya yardımçı xarakter daşımadığı və (və ya) belə şəxslər tərəfindən həyata keçirilən fəaliyyətlər onların vahid biznes prosesinin tərkib hissəsi olaraq bir-birinə münasibətdə qarşılıqlı tamamlanma funksiyasını daşıdığı halda bu Məcəllənin 19.3-cü maddəsinin müddəaları tətbiq edilmir və həmin şəxslərin fəaliyyətinə daimi nümayəndəlik kimi baxılır. [157]

19.4. Bu maddənin məqsədləri üçün qeyri-rezident müəssisənin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmır, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlir bu Məcəllənin 125-ci və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir.

 

III fəsil. Dövlət vergi orqanları

 

Maddə 20. Dövlət vergi orqanları və onların təyinatı

 

20.1. Azərbaycan Respublikasında dövlət vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan ərazi vergi orqanları təşkil edir.

Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər. [158]

20.2. Vergi orqanları öz fəaliyyətini yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq müstəqil həyata keçirirlər.

Vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

20.3. Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar.

20.4. Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. [159]

20.5. Bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirir.

20.6. Bu Məcəllənin 20.5-ci maddəsində göstərilən orqanlar öz səlahiyyətləri daxilində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, digər qanunlara və onlara uyğun qəbul edilmiş qanunvericilik aktlarına əsasən fəaliyyət göstərirlər.

 

Maddə 21. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları

 

Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir.

 

Maddə 22. Vergi orqanları işçilərinin sosial müdafiəsi və bu orqanların maddi həvəsləndirmə və inkişaf fondu [160]

 

22.1. Vergi orqanlarının işçilərinin sosial müdafiəsinə dövlət təminat verir və onlar dövlət büdcəsinin vəsaiti hesabına icbari qaydada sığorta olunurlar. İcbari sığortanın qaydası və şərtləri qanunla müəyyən edilir.

Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına vəzifə maaşı ilə pensiyası arasındakı fərq ödənilir.

Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər, sonradan təqsirkar şəxsdən tutulmaqla, tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

22.2. Vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [161]

 

Maddə 22-1. Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar [162]

 

22-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədi ilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından əldə edilən vəsaitin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. [163]

22-1.2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. [164]

22-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 22-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına gəlirlərinin faktiki daxilolmalarının məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada proqnozlaşdırılan gəlirlərinin məbləğindən az olduqda, bu fərq əvvəlki il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu ilə təsdiq edilən dövlət büdcəsinin gəlirləri üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan vəsait (neft-qaz sahəsində fəaliyyət göstərən vergiödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalar, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin onların sərəncamında saxlanılan və istifadəsinə verilən hissəsi istisna olmaqla) hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. [165]

22-1.4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 15-21-ci maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. [166]

 

Maddə 23. Vergi orqanlarının hüquqları

 

23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:

23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; [167]

23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; [168]

23.1.2-1. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək; [169]

23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; [170]

23.1.3-1. malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə elektron əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirmək; [171]

23.1.3-2. bu Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən protokolla rəsmiləşdirmək;

23.1.4. vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək; [172]

23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;

23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə və ya məqsədli dövlət fondlarına ödənilməsini təmin etmək; [173]

23.1.6-1. səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək; [174]

23.1.7. Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək; [175]

23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; [176]

23.1.9. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək; [177]

23.1.10. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada binalara (yaşayış sahələri istisna olmaqla), qurğulara və torpaq sahələrinə daxil olmaq və baxış keçirtmək; [178]

23.1.11. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında mal alqısını həyata keçirtmək; [179]

23.1.12. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq;

23.1.13. aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq; [180]

23.1.13-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti həyata keçirmək; [181]

23.1.14. bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək;

23.1.15. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; [182]

23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; [183]

23.1.15-2. vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada "Vergi partnyorluğu sazişi" bağlamaq; [184]

23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;

23.1.15-4. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək; [185]

23.1.15-5. maliyyə institutlarında vergi monitorinqini aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq; [186]

23.1.16. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək.

23.2. Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər.

 

Maddə 24. Vergi orqanlarının vəzifələri

 

24.1. Vergi orqanları:

24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;

24.1.1-1. bu Məcəllənin 15.1.2-1-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etmiş vergi ödəyicilərinin həmin ərizədə göstərilən əməliyyatı ilə bağlı vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar qəbul etməyə; [187]

24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; [188]

24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;

24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; [189]

24.1.2-2. vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq; [190]

24.1.3. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə media ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə; [191]

24.1.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməyə;

24.1.4-1. vergi ödəyicisinin müraciəti əsasında hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, fаizlərə, maliyyə sanksiyalarına və inzibati cərimələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada üzləşmə aktını “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə təqdim etməyə; [192]

24.1.5. vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamağa, təhlil etməyə və qiymətləndirməyə, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə;

24.1.5-1. vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə; [193]

24.1.6. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının uçotunu aparmağa. Nəzarət-kassa aparatlarının elektron uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir; [194]

24.1.6-1. bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərə bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olmaq üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” verməyə; [195]

24.1.7. kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərməyə; [196]

24.1.7-1. bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmağa, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı ilə təchiz etməyə, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etməyə; [197]

24.0.7-2. bu Məcəllənin 165.4-cü maddəsinə uyğun olaraq ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmağa, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı ilə təchiz etməyə; [198]

24.1.8. bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi, kommersiya və bank sirrinin qorunması qaydalarına riayət etməyə və onu təmin etməyə; [199]

24.1.9. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə;

24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə;

24.1.11. tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirməyə;

24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.

24.2. Bu Məcəllə ilə nəzərdə tutulmuş dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar təqdim edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vergi ödəyicisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vergi ödəyicisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vergi ödəyicisi tərəfindən təmin edilir. [200]

 

Maddə 25. Dövlət gömrük orqanlarının vergitutma sahəsində hüquq və vəzifələri

 

Dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində bu Məcəllə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər.

 

Maddə 26. Vergi orqanlarının digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri

 

26.1. Vergi orqanları öz vəzifələrini mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər.

26.2. Vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar digər dövlət hakimiyyəti orqanları vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borcludurlar.

26.2-1. Vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərində (ehtiyatlarında) olan məlumatlar normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əldə edilir. [201]

26.3. Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanına verməlidir.

 

Maddə 27. Vergi orqanlarının vəzifəli şəxsləri

 

27.1. Vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar.

27.2. Vergi orqanlarının vəzifəli şəxsləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən azad olunur.

27.3. Vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər.

 

Maddə 28. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələri

 

28.1. Vergi orqanlarının vəzifəli şəxslərinə tutduğu vəzifəsinə, ixtisasına və iş stajına görə xüsusi rütbələr verilir.

28.2. Xüsusi rütbələrin verilməsi, həmin rütbələrdən məhrum edilməsi qaydası və xüsusi rütbələrlə bağlı digər məsələlər qanunvericiliklə müəyyən edilir.

28.3. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq xüsusi geyim forması və fərqlənmə nişanları vardır. Həmin geyim formasının və fərqlənmə nişanlarının nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Maddə 29. Mənafelərin toqquşması

 

29.0. Vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən aşağıdakı hallarda öz xidməti vəzifələrini vergi ödəyicilərinə münasibətdə həyata keçirmək yol verilməzdir:

29.0.1. vergi orqanlarının vəzifəli şəxsləri ilə vergi ödəyiciləri arasındakı münasibətlər ailə üzvlərinin münasibətləri olduqda;

29.0.2. vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya dolayısı ilə vergi ödəyicisində (onun fəaliyətində) maliyyə marağı olduqda.

 

Maddə 30. Kommersiya və (və ya) vergi sirri [202]

 

30.1. Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. [203]

30.2. Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: [204]

30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən;

30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və təsərrüfat subyektinin (obyektinin) uçot kodu haqqında; [205]

30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;

30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında.

30.2.5. vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borclar. [206]

30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). [207]

30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; [208]

30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında;

30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında.

30.3. Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. [209]

Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. [210]

30.4. Vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır.

Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər.

30.5. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

30.6. Bu Məcəllənin 30.1-ci maddəsində göstərilən vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq aşağıdakı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər:

30.6.1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə;

30.6.2. vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına;

30.6.3. ədalət mühakiməsinin həyata keçirilməsi məqsədi ilə müvafiq məhkəmələrə; [211]

30.6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq digər dövlətlərin müvafiq dövlət hakimiyyəti orqanlarına;

30.6.5. “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında, Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunlarından irəli gələn vəzifələrin icrası üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); [212]

30.6.6. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına;

30.6.7. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə maliyyə monitorinqi orqanına; [213]

30.6.8. büdcə sistemi haqqında qanunvericiliyin və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); [214]

30.6.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında ipoteka kreditləşməsi və sahibkarların aldıqları kreditlərə təminat verilməsi üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);

30.6.10. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi üçün kredit bürolarına;

30.6.11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatasına; [215]

30.6.12. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün notariuslara;

30.6.13. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi üçün icra məmurlarına; [216]

30.6.14. sahibkarlığın inkişafı üçün təqdim olunan investisiya layihələrinin ekspertizasının həyata keçirilməsi, həmin layihələrin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsi, habelə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyasının verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); [217]

30.6.15. “Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma); [218]

30.6.16. səlahiyyətlərinin icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma). [219]

30.6-1. Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər. [220]

30.7. Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları əks etdirən sənədləri həmin sənədləri onlara təqdim etmiş vergi orqanlarına qaytarmalıdırlar.

30.8. Vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər.

 

Maddə 31. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri

 

31.0. Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır:

31.0.1. bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək;

31.0.2. vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək;

31.0.3. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq.

 

IV fəsil. Vergi nəzarəti

 

Maddə 32. Vergi nəzarəti və onun formaları

 

32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.

32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. [221]

32.3. Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.

32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. [222]

 

Maddə 33. Vergi ödəyicilərinin uçotu

 

33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. [223]

Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. [224]

33.2. Bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. [225]

Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. [226]

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.

Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər. [227]

33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. [228]

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. [229]

33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. [230]

Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir.

Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. [231]

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. [232]

33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. [233]

33.6. Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda, təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən qərar qəbul edilir.

33.7. Bu Məcəllənin 33.7.1-ci maddəsində göstərilən vergi ödəyicilərinin mərkəzləşdirilmiş qaydada uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. [234]

33.7.1. Aşağıdakı vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınırlar: [235]

33.7.1.1. təbii inhisar subyektləri;

33.7.1.2. xüsusi vergi rejimli müəssisələr;

33.7.1.3. aşağıdakı tələblərdən birinə cavab verən vergi ödəyiciləri:

33.7.1.3.1. işçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan;

33.7.1.3.2. balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan.

33.7.2. Bu Məcəllənin 33.7.1-ci maddəsində göstərilən vergi ödəyicilərinə eyniləşdirmə nömrələrinin verilməsi bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

33.7.3. Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə, əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş qaydada uçota alınırlar.

33.7.4. Mərkəzləşdirilmiş qaydada uçota alınmış bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotu bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

33.7.5. Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra 15 gün müddətində mərkəzləşdirilmiş qaydada uçota alınmaq üçün müvafiq vergi orqanına müraciət etməyə borcludurlar.

33.7.6. Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması onların mərkəzləşdirilmiş qaydada uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən 15 gün müddətində həyata keçirilməlidir.

33.7.7. Bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il may ayının 15-dək qərar qəbul edilir.

33.7.8. Bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə aid edilən müəssisələrin mərkəzləşdirilmiş qaydada uçota alınması onların mərkəzləşdirilmiş qaydada uçota alınması barədə qərar qəbul edildiyi vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir.

33.7.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hər il iyun ayının 15-dək olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınmış və ya mərkəzləşdirilmiş uçotdan çıxarılmış bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış forma üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

33.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrə əsasən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə bu Məcəllənin 13.2.5.3-cü maddəsinə müvafiq olaraq idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin vergi orqanında uçota alınması aşağıdakı qaydada aparılır:

33.8.1. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan 30 gün müddətində, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarına əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər.

33.8.2. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması üçün verilən ərizə xarici hüquqi şəxs və ya onun müvəkkil etdiyi şəxs tərəfindən imzalanmalıdır.

33.8.3. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi orqanlarında uçota alınması üçün bu Məcəllənin 33.8-ci maddəsində göstərilənlərdən başqa digər sənəd və məlumatlar tələb olunmur.

33.8.4. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakılar əlavə edilməlidir:

33.8.4.1. xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və onun təsisçisi (təsisçiləri) olan xarici hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı yolla paya malik fiziki şəxslər barədə məlumatın da daxil olduğu ticarət reyestrindən çıxarış; [236]

33.8.4.2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı;

33.8.4.3. təsis sənədləri;

33.8.4.4. rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd;

33.8.4.5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);

33.8.4.6. bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

33.8.4.7. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.

33.8.5. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakılar əlavə edilməlidir:

33.8.5.1. qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və onun təsisçisi (təsisçiləri) olan xarici hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı yolla paya malik fiziki şəxslər barədə məlumatın da daxil olduğu ticarət reyestrindən çıxarış;

33.8.5.2. təsis sənədləri;

33.8.5.3. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);

33.8.5.4. hüquqi şəxsin rəhbərinin (təmsilçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

33.8.5.5. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.

33.8.6. bu Məcəllənin 33.8.4.1-33.8.4.4-cü, 33.8.5.1-ci və 33.8.5.2-ci maddələrində göstərilən sənədlər müvafiq icra hakimiyyəti orqanı və ya Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələri) tərəfindən leqallaşdırılır.

33.8.7. 33.8.4-cü və 33.8.5-ci maddələrdə göstərilən sənədlər Azərbaycan dilinə notariat qaydasında təsdiqlənən tərcümə ilə birgə ərizəyə əlavə edilir.

33.8.8. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:

33.8.8.1. xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə;

33.8.8.2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda.

33.8.9. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:

33.8.9.1. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyata alındığı (inkorporasiya) dövlətdə ləğv edildikdə;

33.8.9.2. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə. [237]

33.8-1. Rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [238]

33.9. Yerli (bələdiyyə) vergilərinin ödəyicilərinin uçotu bələdiyyələrin vergi xidməti orqanı tərəfindən aparılır. [239]

33.10. Vergi orqanı bu Məcəlləyə uyğun olaraq vergi ödəyicilərini uçota aldıqdan sonra 1 iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada məlumat verir. [240]

 

Maddə 34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları

 

34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir.

Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. [241]

Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. [242]

Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir.

Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. [243]

Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir.

Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [244]

34.2. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. [245]

Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

34.2-1. Vergi ödəyicisi tərəfindən şəhadətnamənin kağız daşıyıcıda da verilməsi ərizədə qeyd olunduğu halda müvafiq şəhadətnamə kağız daşıyıcıda da verilir. [246]

34.3. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. [247]

34.3-1. Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. [248]

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir.

34.4. Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.

Bu Məcəllənin 33.2-ci maddəsi ilə nəzərdə tutulan hallarda hüquqi şəxs həm özünün olduğu yer üzrə, həm də onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alındıqda, onun filialına, nümayəndəliyinə və ya digər təsərrüfat subyektinə (obyektinə) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilə bilər. [249]

34.5. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

34.6. Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir.

34.7. Vergi ödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər. [250]

34.7.1. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.

34.7.2. Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir. [251]

34.7.3. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

34.7.3.1. fəaliyyətinə xitam verildikdə;

34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; [252]

34.7.3.3. vəfat etdikdə.

34.7.4. Vergi ödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir. [253]

34.8. Uçot məlumatları əsasında müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicilərinin vahid dövlət reyestrini bu Məcəlləyə müvafiq olaraq aparır.

34.8.1. Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. Vahid dövlət reyestri kağız və (və ya) elektron yazıları formasında aparılmalıdır.

34.8.2. Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakılardan ibarətdir:

34.8.2.1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması;

34.8.2.2. ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması;

34.8.2.3. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması;

34.8.2.4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi.

34.8.3. Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicilərinin vahid dövlət reyestrinin məlumat bankının aparılmasını, onun bütövlüyünü və qorunmasını təmin edir, rəsmi sorğulara cavab olaraq bu Məcəllədə müəyyən edilmiş qaydada vahid dövlət reyestrindən çıxarışı (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) təqdim edir. [254]

34.9. Bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini təşkil edir.

34.10. Vergi ödəyicisi kimi uçota alınmayan vergi agenti olan təşkilatlar bu fəsildə nəzərdə tutulmuş qaydada olduqları yer üzrə vergi orqanlarında uçota alınırlar.

 

Maddə 35. Bankların, digər kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri [255]

 

35.1. Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Hesabın açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda bu maddədə müəyyən edilmiş müddətdə verilir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Vergi orqanı bu maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

35.2. Banklar, digər kredit təşkilatları və poçt rabitəsinin milli operatoru hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatı təqdim etdikdən sonra hesablar açırlar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla).

35.2-1. Banklar hüquqi və fiziki şəxslərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin edirlər.

35.3. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

35.4. Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda qalır, bildiriş adlanan digər hissəsini isə banklar, digər kredit təşkilatları və poçt rabitəsinin milli operatoru müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.

Vergi orqanı bank idarəsindən bu maddədə göstərilən bildirişi aldıqdan sonra bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətində həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

35.5. Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar.

35.6. Şəhadətnamə-dublikatın bildiriş hissəsi banklar, digər kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq banklar, digər kredit təşkilatları və poçt rabitəsinin milli operatoru ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə banklarda, digər kredit təşkilatlarından və poçt rabitəsinin milli operatorundan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir.

 

Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi [256]

 

36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.

36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. [257]

Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. [258]

Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur.

36.3-1. Vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər: