AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
19.04.2021
QEYDİYYAT NÖMRƏSİ
2584
ADI
“Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20.04.2021, Nəşr Nömrəsi: 81), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.04.2021, Nəşr nömrəsi: 4, Maddə nömrəsi: 355)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.04.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32202104192584
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.04.2021
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

“Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.

Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının (bundan sonra – Konsepsiya) hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

 

İşçi qrupun rəhbəri

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri [1]

 

İşçi qrupun üzvləri

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan İşçi qrup Konsepsiyanın layihəsi hazırlanarkən:

2.1. aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etsin;

2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Aidiyyəti dövlət orqanları (qurumları) Konsepsiyanın hazırlanmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2021-ci il

                  № 2584

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 may 2022-ci il tarixli 3293 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 iyun 2022-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 534)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 may 2022-ci il tarixli 3293 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 iyun 2022-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 534) ilə 1-ci hissədə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status