“Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 aprel 2021-ci il
№ 112
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2021-ci il 26 aprel tarixli 112 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
|
Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair
QAYDALAR
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarının 3-cü hissəsinin icrası ilə əlaqədar hazırlanmışdır və valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqların (bundan sonra – uşaqlar) dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə (bundan sonra - müəssisələr) qəbulu, həmin müəssisələri tərk etməsi, müəssisələrdə uşaqlara xidmətin təşkili, həmçinin onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələləri müəyyən edir.
1.2. Müəssisələrdə uşaqların irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə görə ayrı-seçkiliyə yol verilmir.
2. Uşaqların müəssisələrə qəbulu və müəssisələri tərk etməsi
2.1. Müəssisələrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlar qəbul edilirlər.
2.2. Uşağın mənafeyinin tələb etdiyi hallar istisna olmaqla qardaş və bacıların ayrılmasına yol verilmir.
2.3. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən uşaqların müəssisələrə qəbul edilməsi üçün onların valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər uşağın yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət edirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
2.3.1. uşağın şəxsiyyətini təsdiq edən sənəd;
2.3.2. valideynin (qəyyumun, himayəçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
2.3.3. vəfat edən valideynin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti və ya bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı, valideynin (valideynlərin) xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
[1]
2.3.4. valideyn (valideynlər) valideynlik hüququndan məhrum edilmişdirsə və ya valideynlik hüquqları məhdudlaşdırılmışdırsa, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
2.3.5. valideynlər boşanmışdırlarsa, nikahın pozulması haqqında şəhadətnamənin surəti;
2.3.6. valideynlərdən birinin və ya hər ikisinin həbsdə olduğu təqdirdə məhkəmənin müvafiq qərarının surəti;
2.3.7. valideyn (valideynlər) əlilliyi olan şəxsdirsə, əlilliyini təsdiq edən sənədin surəti;
[2]
2.3.8. valideynin (valideynlərin) daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən sənəd və valideynlər vəfat etmişdirsə onların ölümündən sonra qalmış əmlakın saxlanılmasına cavabdehlik daşıyan şəxslər haqqında məlumat;
2.3.9. uşağın ailə başçısını itirməyə görə əmək pensiyası, sosial müavinət alması barədə məlumatı əks etdirən müvafiq sənəd, aliment ayrılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
2.3.10. yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə uşağın sağlamlığı haqqında tibbi arayış.
2.4. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verilir və ya göndərilir. Ərizəçi həmin çatışmazlıqlar barədə məlumatı aldığı gündən ən geci 7 (yeddi) iş günü müddətində aradan qaldırmalıdır. Şəxsə sosial xidmətin göstərilməməsinin onun həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradacağı hallarda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən qeyd olunan müddət gözlənilmədən şəxs dərhal müvəqqəti sosial xidmətə götürülür.
2.5. Müraciətə daxil olduqdan 10 (on) iş günü müddətində yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları və ya bələdiyyə tərəfindən baxılaraq, uşağın müəssisəyə qəbul edilməsi və ya bundan imtina olunması barədə qərar qəbul edilir.
2.6. Uşağın müəssisəyə qəbul edilməsi və ya bundan imtina olunması barədə qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). İmtina barədə qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlər ərizəçiyə qaytarılır.
2.7. Müəssisələrə qəbul ilboyu aparılır.
2.8. Aşağıdakı hallarda uşaq müəssisəni müvəqqəti olaraq tərk edir:
2.8.1. yaxın qohumlarından birinin (bundan sonra - şəxs) müəssisənin direktoruna uşağı qısa müddətə müvəqqəti (mütəmadi qaydada hər həftə sonlarında və ya bayram günlərində) öz ailəsinə götürmək barədə ərizə ilə müraciəti olduqda;
2.8.2. uşağın səhhətində onun müəssisədə saxlanılmasına maneə yaradan dəyişiklik baş verməsi ilə əlaqədar müvafiq müalicə-profilaktika müəssisəsinə göndərildikdə.
2.9. Uşağın müəssisəni müvəqqəti olaraq tərk etməsi müəssisənin direktorunun qərarı ilə rəsmiləşdirilir. Qərarda aşağıdakılar qeyd olunur:
2.9.1. uşağın soyadı, adı və yaşı;
2.9.2. şəxsin soyadı, adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, qeydiyyat və faktiki yaşayış ünvanı;
2.9.3. uşağın müəssisəni tərk etməsi vaxtı;
2.9.4. uşağın verilməsinin əsaslandırılması və səbəbləri.
2.10. Uşaq müəssisəni aşağıdakı hallarda daimi tərk edir:
2.10.1. qayğı başa çatdıqdan sonra valideynlərinə (digər qanuni nümayəndələrə) qaytarıldıqda;
2.10.2. övladlığa götürüldükdə;
2.10.3. 18 yaşı tamam olduqda (18 yaşınadək ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olub həmin müəssisələrdə əyani formada təhsil alan 18 yaşına çatmış şəxslərin təhsil aldıqları müəssisələrin yataqxanalarında yerləşdirilməsi mümkün olmadığı hallarda, həmin şəxslər bu təhsilini bitirdikdə).
2.11. Uşaq müəssisəni daimi tərk edərkən müddəti göstərilməklə, müəssisədə olması barədə arayışla birlikdə bu Qaydaların 3.1-ci bəndində qeyd edilən sənədlərlə də təmin edilir.
3. Müəssisələrdə xidmətin təşkili və uşaqların təminatı
3.1. Müəssisəyə qəbul edilən hər bir uşaq üçün bu Qaydaların 2.3-cü bəndində göstərilənlər də daxil olmaqla aşağıdakı məlumat və sənədlərin daxil olduğu şəxsi iş açılır:
3.1.1. doğumunun qeydiyyata alındığı yer;
3.1.2. ailə üzvlərinin sayı və tərkibi, valideyninin (valideynlərinin), qardaş və bacılarının yaşayış ünvanları, əlaqə telefonları;
3.1.3. valideynlərinin ölümündən sonra qalmış əmlakın siyahısı və bu əmlakı idarə etmək səlahiyyətinə malik şəxslər;
3.1.4. uşağın qeydiyyatda olduğu yaşayış yeri barədə sənədlər;
3.1.5. sağlamlıq tarixçəsi (peyvəndlər, keçirdiyi xəstəliklər, praktiki sağlamlıq və sağlamlıq imkanları);
3.1.6. təhsili ilə bağlı sənədlər, o cümlədən təhsil aldığı müəssisənin adı, ünvanı və telefon nömrəsi, hər 6 (altı) aydan bir uşağın təhsilə davamiyyəti haqqında yenilənmiş məlumat;
3.1.7. xüsusi təhsil nailiyyəti (fənnin növü, olimpiadanın tarixi və yeri), xüsusi idman nailiyyəti (idmanın növü, yarışmanın tarixi və yeri), üzv olduğu idman dərnəyi (dərnəyin ünvanı və uşağın üzv olduğu tarix);
3.1.8. təyin edilmiş aliment (məbləği, təyin edildiyi müddət, verilmə ardıcıllığı barədə hər 6 (altı) aydan bir yenilənmiş məlumat), ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyası və sosial müavinətlər (növlər üzrə ayrı-ayrılıqda), uşağın ailəsinə təyin edilmiş ünvanlı sosial yardım (məbləği və verilməsi müddəti) barədə;
3.1.9. 15 (on beş) və yuxarı yaşlı uşağın məşğulluq vəziyyəti (iş yeri, işə qəbul olunduğu və ya məşğulluq orqanında işsiz olaraq qeydiyyata alındığı tarix).
3.2. Müəssisədə uşaqlar üçün ailə mühitinə yaxın təhlükəsiz və psixoloji cəhətdən sabit, uşağın şəxsi keyfiyyətlərini, inkişafındakı xüsusiyyətləri nəzərə alan, ehtiyac və maraqlarını qarşılayan şərait yaradılır.
3.3. Uşaqların hüquqlarının bərpası məqsədilə müəssisənin təsisçisinə, tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə, aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanına maneəsiz müraciət etmək imkanı təmin edilir və həmin qurumlar tərəfindən müraciətlə əlaqədar araşdırmalar aparılır. Uşağın təhlükəsizliyini təmin etmək üçün onun hüquqlarının pozulması hallarının qeydiyyatı aparılır, onların səbəbləri təhlil olunur və gələcəkdə belə hüquqpozmaların qarşısının alınması üsullarına dair qərar qəbul edilir.
3.4. Uşaqda təhlükəsiz və əxlaq normalarına uyğun davranış bacarığı formalaşdırılır, uşaqla müəssisənin heyəti arasında qarşılıqlı etibar, inam və hörmət əsasında mühitin yaradılması təmin olunur.
3.5. Uşaqlar müəssisədə yaşadıqları müddətdə müvafiq yaşayış sahəsi və münasib yaşayış şəraiti ilə təmin edilirlər.
3.6. Müəssisədə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.
3.7. Müəssisədə hər bir uşaq üçün sosial xidmətin formasını, növünü, göstərilmə yerini və müddətini özündə əks etdirən sosial xidmətin göstərilməsinə dair fərdi plan hazırlamaqla aşağıdakı xidmətlər göstərilir:
3.7.1. uşağın səhhəti nəzərə alınmaqla, fərdi qida qəbul etmək tələbatı sosial işçi tərəfindən qiymətləndirildikdən sonra “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində vətəndaşların qida normaları”na uyğun olaraq minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verən qida məhsulları ilə təmin etmək;
[3]
3.7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən pozuntusu olan uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması”na uyğun olaraq uşaqları geyim, ayaqqabı və yataq dəstləri ilə təmin etmək;
3.7.3. ilkin tibbi yardımı təşkil etmək, tibbi məsləhətlər vermək, həmçinin ehtiyacı olan uşaqların müalicə-profilaktika müəssisələrinə yerləşdirilməsini təmin etmək;
3.7.4. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uşaqlara ərazi üzrə tibb müəssisəsi tərəfindən profilaktik peyvəndlər edilməsini təşkil etmək;
3.7.5. uşaqların təhsil hüququnu təmin etmək, onlara özünüifadə ehtiyaclarını qarşılamaq, uşaqlar üçün nəzərdə tutulmuş digər təhsil müəssisələrinə getmək imkanı yaratmaq və ev tapşırıqlarının yerinə yetirilməsində kömək göstərmək;
3.7.6. uşaqları müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, onların peşə meyillərini aşkar etmək və sadə əmək vərdişlərinə yiyələnmələrini təmin etmək;
3.7.7. uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili məqsədilə əyləncəli oyunlar, müsabiqələr keçirmək, yaradıcı insanlarla görüşlər təşkil etmək, onların ayda 2 dəfədən az olmayaraq ekskursiyalara, gəzintilərə, konsert və teatr tamaşalarına, muzeylərə aparılmasını, ölkənin flora və faunasının, tarixinin və mədəniyyət abidələrinin öyrənilməsini təmin etmək;
3.7.8. uşaqlar üçün bayram, istirahət, əlamətdar günlərin və tətillərin səmərəli təşkil olunmasını təmin etmək;
3.8. müəssisələrdə uşaqlar yaşlarına uyğun bədii ədəbiyyatla, dərs vəsaitləri, informasiya texnologiyaları, təhsilləri üçün zəruri olan və inkişaflarını, bacarıq və maraqlarını qarşılayan digər məktəb ləvazimatları, həmçinin oyuncaqlarla təmin olunurlar.
3.9. Müəssisədə olan uşağa təyin olunmuş əmək pensiyası, sosial müavinət, aliment və digər sosial ödənişlər uşağın adına açılmış bank hesabına (depozitə) köçürülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq, uşaq yalnız 14 yaşına çatdıqda bu bank hesabı (depozit) üzrə sərəncam verə bilər.
3.10. Uşağın formalaşmış şəxsiyyət kimi inkişaf etməsi ilə bağlı məsələlər həll edilərkən onun öz fikirlərini və münasibətini sərbəst şəkildə ifadə etməsi üçün şərait yaradılır.
3.11. Uşağın valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olması və onlar haqqında məlumatlar alması üçün ona müvafiq şərait yaradılır.
3.12. 14 yaşına çatmış uşaqlara şəxsi işləri ilə tanış olmaq imkanı yaradılır.
3.13. Uşaqların mümkün qədər müstəqil olması üçün müəssisədə özünəxidmət vərdişlərinin yaradılması, əmək fəaliyyətinə və ailə həyatına hazırlanması təmin edilir.
3.14. Müəssisələrdə uşaqlar tam dövlət təminatındadırlar və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qanunda nəzərdə tutulmuş bütün hüquq və imtiyazlardan istifadə edirlər.
4. Müəssisələrdə uşaqların yaşayış şəraitinə dair tələblər
4.1. Müəssisələr tərəfindən uşağın təhlükəsizliyi, rahatlığı və ehtiyacları təmin edilməlidir.
4.2. Müəssisələrdə uşaqlar sanitariya-gigiyena, yanğından mühafizə və digər tələblərə cavab verən təhlükəsiz şəraitdə yaşamalıdırlar.
4.3. Müəssisələr uşaq üçün müvafiq mebellə və avadanlıqla təchiz edilməlidir.
4.4. Müəssisələr işıqlı, mövsümdən asılı olaraq isti və ya sərin olmalı, ventilyasiyası, kommunal və kommunikasiya sistemi daim qənaətbəxş vəziyyətdə saxlanılmalıdır. Yataq otaqlarında təbii işığı və ventilyasiyanı təmin edən pəncərələr olmalıdır.
4.5. Müəssisədə kanalizasiya sisteminə qoşulmuş qızlar və oğlanlar üçün ayrıca tualet, isti və soyuq su, duş və ya vanna ilə təchiz edilmiş ayrıca vanna otaqları olmalıdır.
4.6. Müxtəlif cinsdən olan 5 yaşdan yuxarı uşaqlar aşağıdakı kateqoriyalara görə ayrı-ayrı yataq otaqlarında yerləşdirilməlidirlər:
4.6.1. 5 – 8 yaşlı uşaqlar;
4.6.2. 9 – 11 yaşlı uşaqlar;
4.6.3. 12 – 14 yaşlı uşaqlar;
4.6.4. 15 – 17 yaşlı uşaqlar.
4.7. Uşaqların yataq otağının digər otağa keçidi olmamalı və qapısı ümumi dəhlizə açılmalıdır.
4.8. İki uşağın eyni çarpayıda yatmasına, həmçinin 5 yaşından kiçik olan uşağın ikimərtəbəli çarpayının üst qatında yatmasına yol verilməməlidir.
4.9. Hər bir uşaq yaxşı vəziyyətdə olan, ən azı həftədə bir dəfə və ya çirkləndikdə təmiz yataq dəsti ilə təmin edilməlidir.
4.10. Şəxsi gigiyena məqsədilə uşaq gigiyenik vasitələrlə təmin edilməlidir.
4.11. Müəssisələrdə uşaqların təhlükəsizliyinə xələl gətirə bilən təhlükə mənbəyi olmamalı, bütövlükdə müəssisələrin ətrafında olan həyət, zirzəmi, mansarda (girişi açıq olan), çardaq, qaraj, üstü açıq quyu (hovuz) və ya anbar ərazisi uşaqların təhlükəsizliyi baxımından yoxlanılmalıdır.
4.12. Müəssisələrdə dərman preparatları, təmizlik ləvazimatları, həşəratlara qarşı vasitələr, yanacaq məhsulları, kəsici və digər təhlükəli alətlər uşaqların əli çatmayan yerlərdə və ya bağlı dolab və qutularda saxlanılmalıdır.
4.13. Müəssisələrdə istilik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunması təmin edilməlidir.
4.14. Müəssisələrdə məişət tullantıları müvafiq örtülü qablarda saxlanılmalı, uşaqların sağlamlığı üçün təhlükə və xoşagəlməz təsir yaratmamalıdır.
4.15. Müəssisələrdə tezalışan materiallar istilik avadanlıqlarına yaxın yerləşdirilməməli, nasaz vəziyyətdə olan naqillərdən və elektrik məişət avadanlıqlarından istifadə edilməməlidir.
4.16. Müəssisələrdə hər bir telefon aparatının yanında yanğından mühafizə xidmətinin və təcili tibbi yardım stansiyasının nömrələri, qəza hallarında əlaqə saxlamaq üçün məsul şəxsin, həmçinin yerləşdiyi inzibati ərazi vahidi üzrə qəyyumluq və himayə orqanının nümayəndəsinin əlaqə nömrələri olmalıdır.
4.17. Müəssisələrdə uşağın nəqliyyatın hərəkətinin gur olduğu küçəyə, magistral yola, su təsərrüfatı obyektləri və ya digər təhlükəli ərazilərə getməsinin qarşısını alan hasar, yaxud maneə olmalıdır.
4.18. Müəssisələrdə uşaqların təmin edildiyi oyuncaqlar texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalı, onların sağlamlığına təhlükə yaratmamalı, yaşı və inkişafı baxımından məqsədəuyğun olmalıdır.
4.19. Müəssisələr təhlükəsizlik xidməti ilə təmin olunur.
4.20. Müəssisələrdə yaşayan uşaqların adambaşına düşən yaşayış sahəsi 6 kvadratmetrdən az olmamalıdır.
5. Müəssisəyə qəbul edilmiş uşaqların hüquq və vəzifələri
5.1. Müəssisəyə qəbul edilmiş uşaqlar aşağıdakı hüquqlara malikdirlər:
5.1.1. müəssisədə xidmətin təşkili ilə əlaqədar öz hüquq və vəzifələri barədə məlumat almaq;
5.1.2. hüquq və təminatlarının təmin edilməsi ilə bağlı məsələlərə dair müəssisənin direktoruna və digər işçilərinə müraciət etmək;
5.1.3. sanitariya-gigiyena tələblərinə cavab verən şəraitlə, zəruri mebel və avadanlıqla, bu Qaydaların 3.7.1-ci və 3.7.2-ci yarımbəndlərinə uyğun olaraq ərzaq məhsulları, geyim, ayaqqabı, yataq dəstləri ilə təmin olunmaq;
5.1.4. mənafelərinə zidd olduğu hallar istisna olmaqla müəssisənin rabitə vasitələrindən maneəsiz istifadə etmək;
5.1.5. mənafelərinə zidd olduğu hallar istisna olmaqla müəssisə daxilində ailə üzvləri, digər yaxın qohumları və ya qanuni nümayəndələri ilə maneəsiz görüşmək;
5.1.6. dini ayinlərin icrası üçün ayrıca yerlə təmin olunmaq;
5.1.7. şəxsi xarakterli məlumatların konfidensiallığının təmin olunmasını tələb etmək.
5.2. Müəssisəyə qəbul edilmiş uşaqların vəzifələri aşağıdakılardır:
5.2.1. müəssisənin daxili intizam qaydalarına riayət etmək;
5.2.2. yaşayış sahəsinin yararlı vəziyyətdə saxlanılmasını təmin etmək;
5.2.3. yanğın təhlükəsizliyi, sanitariya-gigiyena və əksepidemik rejimin norma və qaydalarına riayət etmək.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
15 iyul 2022-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2022-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 819)
2.
21 sentyabr 2022-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1101)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15 iyul 2022-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2022-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 819) ilə “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın 2.3.3-cü yarımbəndindən “rayon (şəhər)” sözləri çıxarılmışdır.
[2]
21 sentyabr 2022-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1101) ilə “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ının 2.3.7-ci yarımbəndində “əlillik dərəcəsini” sözləri “əlilliyini” sözü ilə əvəz edilmişdir.
[3]
21 sentyabr 2022-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1101) ilə “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ının 3.7.1-ci yarımbəndində “, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “və əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.